Şirvan: iqtisadi
irəliləyişlər insan amilinə xidmət edir
Bu günlərdə
Şirvan şəhərində 2012–ci ildə ictimai–siyasi və
sosial–iqtisadi sahələrdə görülmüş işlər
və qarşıda duran vəzifələr barədə
şəhər icra hakimiyyətinin başçısı Mərdan
Camalovun hesabat–məruzəsi dinlənildi. Məruzəçi
ilk öncə yola saldığımız 2012–ci ildə
ölkə başçımız cənab İlham Əliyevin
məqsədyönlü daxili və xarici siyasəti sayəsində
əldə olunmuş uğurlardan ətraflı
danışdı. İcra başçısı göstərdi
ki, Prezidentin bölgələrə müntəzəm səfərləri
dövlət siyasətini yerlərdə həyata
keçirilməsinə effektiv nəzarət mexanizmin tərkib
hissəsi, şəxsi idarəçilik nümunəsidir. Cənab
Prezident 2012–ci ildə onlarla yeni müəssisənin
açılışı və təməlinin
qoyulmasında iştirak etmişdir. Respublikamızda
qazanılan və bütün sahələri əhatə edən
uğurlarda Şirvan şəhər sakinlərinin də
payı vardır.
Şirvan
Şəhər İcra Hakimiyyəti 2012–ci ildə “Yerli icra
hakimiyyətləri haqqında Əsasnamə”nin tələblərinə
uyğun olaraq təşkilati, ictimai–siyasi və ideoloji sahədə
öz fəaliyyətini Azərbaycan Respublikası
qanunlarına, Prezident İlham Əliyevin fərman və sərəncamlarına,
Nazirlər Kabinetinin qərarlarına və icra hakimiyyətinin
iş planına əsasən qurmuşdur. İcra hakimiyyəti
dövlət səviyyəsində vətəndaşların
sosial rifah halının yüksəldilməsinə dair qəbul
olunmuş normativ–hüquqi sənədlərlə
bağlı tədbirlər planı hazırlamış,
onların yerinə yetirilməsi istiqamətində
ardıcıl tədbirlər görülmüş, əldə
olunan uğurlar barədə əhalinin bütün zümrələrinə
ətraflı məlumatlar verilmişdir.
Yola
saldığımız 2012–ci ildə Şirvan şəhərinin
sosial–iqtisadi inkişafında mühüm nəticələr əldə
edilmiş, bir sıra məhsul növlərinin istehsalı sahəsində
əsaslı dönüş yaradılmışdır. Nəticədə
əhalinin sosial rifah halı daha da
yaxşılaşmışdır. Hesabat ilində Şirvan
şəhəri üzrə iqtisadiyyatın əsas sahələrində
istehsal olunmuş məhsul və xidmətlərin həcmi 348
milyon manat təşkil etmişdir ki, bu da 2011–ci illə
müqayisədə sabit qiymətlərlə 5,2 faiz
çoxdur. Sənaye sahələrində istehsal olunmuş məhsulun
32,6 faizi dövlət, 67,4 faizi qeyri–dövlət müəssisə
və təşkilatları tərəfindən istehsal
edilmişdir. Hesabat dövründə şəhərdə
333 min ton neft, 10 milyon kubmetr qaz, 2,6 milyard kilovat–saat elektrik
enerjisi istehsal edilmişdir. 2012–ci ildə tikinti müəssisələri
tərəfindən yerinə yetirilmiş tikinti işlərinin
həcmi 28,4 milyon manat olmuşdur ki, bu da 2011–ci illə
müqayisədə 70,0 faiz çoxdur.
Bütün
maliyyə mənbələri hesabına əsas kapitala yönəldilən
investisiyalar 24,4 milyon manat həcmində olmuşdur ki, bu da
2011–ci illə müqayisədə 28,7 faiz çoxdur. Avtomobil
nəqliyyatı sahəsində fəaliyyət göstərən
hüquqi və fiziki şəxslər tərəfindən əvvəlki
illə müqayisədə 8,9 faiz çox yük, 9,2 faiz
çox sərnişin daşınmışdır.
Əhaliyə,
müəssisə və təşkilatlara faktiki qiymətlərlə
820 min manat və ya 2011–ci illə müqayisədə 7,1 faiz
çox rabitə xidməti göstərilmişdir. Poçt
xidmətləri əvvəlki ilə nisbətən 3,9 faiz
çox olmuşdur. Hesabat ilində pərakəndə əmtəə
dövriyyəsi əvvəlki illə müqayisədə 12,4
faiz artaraq 140,0 milyon manat təşkil etmişdir.
Şəhərdə
bir işçiyə hesablanmış orta aylıq əmək
haqqı 348,3 manat olmaqla 2011–ci illə müqayisədə 3,6
faiz artmışdır. İl ərzində şəhər əhalisinə
göstərilən iaşə xidmətlərinin həcmi
2011–ci ilə nisbətən 6,1 faiz artaraq 4,3 milyon manat təşkil
etmişdir. Əhaliyə göstərilən pullu xidmətlərin
həcmi xeyli artaraq əvvəlki illə müqayisədə
4,5 faiz çox olmuşdur.
“Azərbaycan
Respublikası regionlarının 2009–2013–cü illərdə
sosial–iqtisadi inkişafı Dövlət Proqramı”nın
icrası istiqamətində həmişə olduğu kimi
Şirvan şəhərində bir sıra əhəmiyyətli
tədbirlərin həyata keçirilməsi təmin
edilmişdir. Prezident İlham Əliyev tərəfindən 24
dekabr 2007–ci ildə təməli qoyulmuş 780 MVT
gücündə “Cənub” ES–nin istifadəyə verilməsi
üçün son sazlama və tamamlama işləri gedir.
Müdafiə Sənayesinin tabeliyində olan “Telemexanika” və “Araz” zavodlarında genişmiqyaslı tədbirlər həyata keçirilmiş, görülən işlər cənab Prezident İlham Əliyev tərəfindən yüksək qiymətləndirilmiş, bu işləri daha da sürətləndirmək üçün öz dəyərli tövsiyələrini vermişdir.
2012–ci ildə məhəllədaxili yollara 10 kilometrdən artıq asfalt örtük salınmışdır. Dövlət Proqramı çərçivəsində əhalinin təbii qazla təminatını yaxşılaşdırmaq məqsədi ilə çox böyük işlər görülmüşdür. Uzun illər qaz təminatı çox zəif olan bəzi yaşayış massivlərinə yeni qaz xətləri çəkilmiş, şəhər əhalisinin böyük əksəriyyəti normal qazla təmin olunmuşdur. Şəhər əhalisinin qazla təminatı sahəsində çox böyük işlər görülməsinə baxmayaraq təəssüflə qeyd etməliyəm ki, ötən ilin noyabr ayında bir mənzildə su qızdırıcısının işlək vəziyyətdə nəzarətsiz qalması və digər mənzildə qaz xəttinin açıq qalması səbəbindən partlayış baş vermiş, nəticədə 3 nəfər dünyasını dəyişmiş, 1 nəfər yaralanmışdır. Bu dəhşətli faciədir. Bütün aidiyyəti qurumlara bu barədə ciddi xəbərdarlıq edilmiş, əhalinin maarifləndirmə işi gücləndirilmişdir. Hazırda bu istiqamətdə işlər davam etdirilir.
Təhsilin keyfiyyətinin yüksəldilməsi, istedadlı şagirdlərin yetişdirilməsi diqqət mərkəzində saxlanılmışdır. 2012–ci ildə 481 nəfər şagird ali məktəblərə sənəd vermiş, onlardan 280 nəfər məzun ali məktəblərə qəbul olumuşdur. 7 nəfər məzun müxtəlif xarici dövlətlərin ali məktəblərinə qəbul olunmuşdur. Ali məktəblərə qəbul imtahanlarında 17 nəfər 600–dən artıq bal toplamışdır. 2011–2012–ci tədris ilinin yekununa görə şəhərin 2 və 4 saylı tam orta məktəbləri “İlin ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi olmuşlar. 07 sentyabr 2012–ci il tarixdə şəhər İcra Hakimiyyətində 600–dən yuxarı bal toplayan məzunlarla, onların valideynləri və müəllim kollektivi ilə görüş keçirilmiş, tələbə adını qazanmış məzunlara pul mükafatı və qiymətli hədiyyələr təqdim edilmişdir.
Dövlət Proqramına uyğun 1 saylı körpələr evi–uşaq bağçasında və 12 saylı orta məktəbdə bərpa–gücləndirmə, əsaslı təmir işləri başa çatdırılmışdır. Dünya Bankının ayırdığı vəsait hesabına 16 saylı tam orta məktəbdə əsaslı təmir, Bayramlı qəsəbəsində isə 480 şagird yerlik yeni məktəb binasının tikintisi başa çatdırılmışdır.
Məruzəçi göstərdi ki, təhsildə qazanılan uğurlara baxmayaraq, hələ də bu sahədə nöqsanların tam aradan qaldırılmasına nail ola bilməmişik. Qeyd etməliyəm ki, yuxarı sinif şagirdlərinin dərsə davamiyyəti bu gün bizi qane etmir. Ümumtəhsil məktəblərində yuxarı sinif şagirdləri arasında dərsə davamiyyətin monitorinqi aparılan zaman müəyyən edilmişdir ki, şagirdlərin sonuncu dərslərə davamiyyəti aşağıdır. Əlbəttə, bu məsələ şəhər icra hakimiyyətində ciddi müzakirə olunmuş, aidiyyəti rəhbər işçilərə bu nöqsanın qısa müddətdə aradan qaldırılması üçün tapşırıqlar verilmişdir. Təhsil müəssisələrinin maddi–texniki bazasının yaxşılaşdırılması üçün hələ görüləsi işlər çoxdur. Şəhərin 13, 20, 21 saylı tam orta məktəblərinin əsaslı təmir olunmasına və “Bağ evləri” yaşayış massivində yaşayan əhalinin çoxluğunu və uşaqların magistral avtomobil yolundan keçərək məktəbə getmək üçün böyük məsafə qət etmələrini nəzərə alaraq həmin ərazidə yeni məktəb binasının tikintisinə kəskin ehtiyac vardır. Eyni zamanda şəhərdə ən azı 4 yeni uşaq bağçasının tikintisi vacib məsələlərdən biridir. Bu və digər problemlər barədə müvafiq instansiyalara şəhər İcra Hakimiyyəti tərəfindən dəfələrlə rəsmi müraciətlər edilmişdir.
Səhiyyə Nazirliyi tərəfindən Dövlət Proqramına uyğun şəhər poliklinikası, Uşaq Birləşmiş Xəstəxanasının anesteziologiya, reanimatologiya, urologiya, terapiya şöbələri, məhkəmə tibbi ekspertizasının binası əsaslı təmir edilmişdir. Şəhər Mərkəzi Xəstəxanasının vəsaiti hesabına Təxirəsalınmaz Təcili Tibbi Yardım Stansiyası, vərəm şöbəsi təmir edilmiş, xəstəxananın ərazisi abadlaşdırılmışdır. İl ərzində xəstəxanaya 18745 xəstə daxil olmuş, imtiyazlı xəstələrə 204 min manat dəyərində pulsuz dərmanlar verilmişdir. Görülmüş işlərə baxmayaraq hələ ki, bu sahədə nöqsanlar da az deyildir. Şəhər Doğum evində ana və uşaqlar arasında xəstələnmə, sağlam uşaqların doğulması üçün zəruri şəraitin yaradılmasına, maddi–texniki bazanın gücləndirilməsinə baxmayaraq doğuşa qədərki qulluq və doğuş zamanı ilkin tibbi yardımın vəziyyəti tələb olunan səviyyədə deyildir. 01 aprel 2010–cu ildə təməli cənab Prezident tərəfindən qoyulan Olimpiya İdman Kompleksində tikinti işləri davam etdirilir və bu ilin birinci yarısında kompleksin istifadəyə verilməsi nəzərdə tutulur.
Görülən işlərlə yanaşı Dövlət Proqramında nəzərdə tutulan bəzi həlli vacib tədbirlərin icrası gecikdirilir. Yüngül və yeyinti sənayesinin inkişaf etdirilməsi məsələsi 2009–2012–ci illərdə bilavasitə Sənaye və Energetika, Kənd Təsərrüfatı Nazirliklərinə həvalə edilmişdir. Şəhər İcra Hakimiyyəti öz növbəsində şəhərin Bayramlı qəsəbəsində kifayət qədər ixtisaslaşmış işçi qüvvəsi olduğunu əsas gətirərək qəsəbədə toxuculuq fabrikinin və ya hər hansı yüngül sənaye yönümlü bir müəssisənin yaradılması təklifi ilə dəfələrlə hər iki nazirliyə müraciət etmişdir. Eləcə də Dövlət Proqramında 2010–2013–cü illərdə Şirvan şəhərində sosial təyinatlı ictimai binaların istilik təchizatının yaxşılaşdırılması üçün mövcud olan qazanxanaların modernləşdirilməsi, qaz, su və elektrik xətlərinin çəkilişi, məhəllədaxili və binadaxili istilik sistemlərinin bərpası “Azəristiliktəchizat” ASC–yə həvalə edilmişdir. Şirvan Şəhər İcra Hakimiyyəti tərəfindən şəhərdə ilk növbədə istilik təchizatının bərpası zəruri olan sosial obyektlərin siyahısı təxminən iki il bundan əvvəl “Azəristiliktəchizat” ASC–yə göndərilmişdir. Təəssüf ki, hələ bir nəticə yoxdur.
Tikintisi ARDNŞ tərəfindən aparılan 7200 yerlik şəhər stadionunun tikintisi 2008–ci ildən naməlum səbəblərdən dayandırılmışdır. Şəhər icra hakimiyyəti ARDNŞ–in rəhbərliyinə dəfələrlə stadionun tikintisinin başa çatdırılması xahişi ilə müraciət ünvanlamış, lakin hələlik heç bir nəticə əldə edilməmişdir.
Aztəminatlı ailələrə 2,2 milyon manat həcmində vəsait ödənilmişdir ki, bunun da 1,5 milyon manatı ünvanlı sosial yardımın ödənilməsi ilə bağlı olmuşdur. 1229 ailənin 4704 üzvünə ünvanlı sosial yardım ödənilmişdir.
Əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması cənab Prezidentin daim diqqət mərkəzində olmuşdur. Hər il ənənəvi olaraq əmək haqlarının və pensiyaların bir neçə dəfə qaldırılması, bir neçə gün bundan əvvəl bütün növ əmək pensiyalarının sığorta hissəsinin artırılması barədə cənab Prezidentin imzaladığı fərman bunu bir daha sübut edir.
Son 4 ildə şəhərdə 4279 iş yeri açılmışdır ki, onlardan 2779–u daimi iş yerləridir.
2012–ci ildə Şirvan şəhərində qarşıya qoyulmuş məsələlərin həlli istiqamətində uğurlu addımlar atılmış, tikinti–quraşdırma, abadlıq və yenidənqurma işlərinin həcmi genişləndirilmişdir.
Heydər Əliyev prospektində
Daxili İşlər Nazirliyinin sifarişi ilə Baş
Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin Regional Mərkəzinin
müasir memarlıq üslubunda 2 mərtəbəli inzibati
binası, Regional Qeydiyyat İmtahan Texniki Baxış Bölməsinin
maliyyə məntəqəsi istifadəyə verilmişdir.
Şirvan memarlıq məktəbinin ənənələrini
özündə əks etdirən “Xalq Bank” ASC–nin bank
filialının tikintisi artıq tamamlanmaq üzrədir. Şirvan Regional Refleks və
Toksikologiya və Karantin Ekspertiza laboratoriyasının tikintisi
davam edir.
“Gənclər
evi”nin tikintisi sürətlə davam
etdirilir. Hazırda 2–ci mərtəbənin
betonlama işləri aparılır. Bayramlı
qəsəbəsinin Sabir küçəsində yerləşən
fiziki aşınma nəticəsində yaşayış
üçün yararsız vəziyyətə
düşmüş və bu səbəbdən də müvəqqəti
olaraq məktəblərdə yerləşdirilmiş 12 ailə
üçün 2 mərtəbəli evin tikintisinə
hazırlıq işi başa
çatdırılmışdır.
Regional Vergi İdarəsi üçün binanın təməli
qoyulmuş, hal–hazırda tikinti işləri davam etdirilir.
Şəhərin
giriş hissəsində ümumi sahəsi 1,3
hektar, hündürlüyü 76 metr olan əzəmətli
Bayraq Meydanının və istirahət parkının tikintisi
başa çatdırılmışdır. Salyan dairəsi
adlanan ərazidə Çin Xalq Respublikasından gətirilmiş
gözoxşayan, ən müasir işıqlı fontan, ulu
öndər Heydər Əliyevin abidəsi yerləşən
meydanın davamı olan sahədə işıqlı və
musiqili 2 ədəd fontan quraşdırılıb sakinlərin
istifadəsinə verilmişdir. Ulu öndər
Heydər Əliyev abidəsi önündəki 8000 kvadratmetr
sahədə aşınmış tamet tavalar yeni, ən
müasir dekorativ tamet tavalarla əvəz edilmişdir. F.Eynullayev küçəsində uzunluğu 530 metr
və Leytenant İbrahimov küçəsində uzunluğu
280 metr olan piyada yolu tamet tavalarla yenidən qurulmuşdur.
Leytenant İbrahimov küçəsi ilə F.Eynullayev
küçələri arasından keçən dəmir
yolundan keçmək üçün 4 ədəd yeni
keçid tikilib istifadəyə verilmiş, 1 keçidin
tikintisi tamamlanmaq üzrədir.
Şəhərdə gedən geniş miqyaslı
abadlıq–quruculuq işlərində şəhər Bələdiyyəsi
də yaxından iştirak etmişdir.
Kür və
Araz çaylarının daşması nəticəsində
baş vermiş təbii fəlakətlə əlaqədar qəzalı
vəziyyətə düşmüş, yaşayış
üçün yararsız olan evlərin əvəzinə 23
bir mərtəbəli fərdi yaşayış evi
tikilmiş, hal–hazırda FHN tərəfindən 6 ədəd
fərdi yaşayış evinin inşasına
başlanılmış və hazırda tikinti işləri
davam etdirilir. Qəzalı vəziyyətdə
olan barak tipli evlərin sakinləri üçün 1 ədəd
20 mənzilli yaşayış binasının tikilməsi nəzərdə
tutulmuşdur. 2012–ci ildə 192 nəfər
şəhər əhalisinə ümumilikdə 293700 manat məbləğində
kompensasiya ödənilmişdir.
2012–ci il ərzində yaşıllıq sahələrinin
artırılması, gül–çiçək
kollarının, ağacların əkilməsi,
suvarılması, aqrotexniki qaydada qulluq göstərilməsi
yüksək səviyyədə yerinə yetirilmişdir. ümumilikdə ötən il 4 min ədədə
yaxın ağac, 8 min ədəddən artıq müxtəlif
gül kolları əkilmişdir. İl ərzində
yaşayış massivlərində 3 nümunəvi məhəllə
salınmış, uşaq əyləncə və idman
qurğuları, monolit konstruksiyalı günlük və
oturacaqlar quraşdırılmış, sakinlərin istirahəti
üçün hər cür şərait yaradılmışdır.
Xeyir–şər mərasimlərinin keçirilməsi
üçün 3 bina tikilmiş və hər cür ləvazimatlarla
təchiz edilmişdir. İctimai
yaşayış binalarında 8100 kvadratmetr yararsız dam
örtüyü əsaslı təmir edilmişdir.
Şəhərin inzibati ərazi vahidinə 2 qəsəbə
daxildir. Hər iki qəsəbənin əhalisinin
işıq, qaz, texniki su təminatı normaldır. Qəsəbələrdə tam orta məktəb,
ATS, poçt, həkim ambulatoriyası, Bayramlı qəsəbəsində
1 uşaq bağçası, Hacıqəhrəmanlıda bu
yaxınlarda quraşdırılmış bankomat sakinlərə
xidmət göstərir.
2012–ci ildə şəhər icra hakimiyyətinə vətəndaşlardan
ümumilikdə 958 müraciət daxil olmuşdur. Dövlət
orqanlarından və digər qurumlardan baxılmaq
üçün 543 müraciət daxil olmuşdur. İl ərzində keçirilən 41 səyyari qəbulda
1055 nəfər iştirak etmişdir. 2012–ci ildə
İcra Hakimiyyəti Başçısı aparatında
ümumilikdə 1257 nəfər, o cümlədən İcra
Hakimiyyətinin Başçısı tərəfindən 482
nəfər vətəndaş qəbul edilmişdir.
İcra
hakimiyyətinin başçısı 2013–cü ildə şəhərdə
aparılacaq abadlıq–quruculuq miqyası, əhalinin məşğulluğunun
təmin olunması, təhsil, səhiyyə, mədəniyyət
sahəsində, gənclərin asudə vaxtının təşkili
istiqamətində, dövlət idarəçiliyində ən
yeni informasiya–kommunikasiya texnologiyalarının tətbiqi sahəsində
görüləcək işlər barədə
yığıncaq iştirakçılarına ətraflı
məlumat verdi. Əminliklə
vurğuladı ki, şirvanlılar qarşıdan gələn
Prezident seçkilərində də öz sözlərini deyəcək,
seçkilərdə həmişə olduğu kimi yüksək
fəallıq nümayiş etdirəcəklər.
Yığıncaqda Prezident Administrasiyasının məsul
işçisi Əlibaba Əliyev və Milli Məclisin
deputatı Azay Quliyev çıxış edib 2012–ci ildə
Şirvan şəhərində həyata keçirilmiş
sosial–iqtisadi tədbirləri yüksək qiymətləndirməklə
yanaşı, qarşıda duran mühüm vəzifələrdən
danışdılar.
Tofiq Hüseyn
Respublika.- 2013.- 20 fevral.- S. 7.