ƏRZAQ TƏHLÜKƏSİZLİYİ
DÖVLƏTİN AQRAR SİYASƏTİNİN
PRİORİTET İSTİQAMƏTİDİR
Ərzaq təhlükəsizliyi
ilk növbədə hər bir ölkənin milli ərzaq
müstəqilliyinə əsaslanır. Hər hansı bir
dövlətin siyasi suverenliyi hələ onun ərzaq
suverenliyinin təmin edilməsi demək deyildir. Ölkənin
milli ərzaq suverenliyi o deməkdir ki, baş verə biləcək
hər hansı fövqəladə vəziyyətlər
zamanı dövlət əhalini ərzaq və qida məhsulları
ilə təmin etmək məqsədilə xarici ölkələrə
üz tutmur. Yaranmış tələbatı xüsusi mənbələr
hesabına ödəmək iqtidarında olur və ölkənin
ərzaq böhranı yaşamasına imkan vermir.
Azərbaycan
Respublikasında əhalinin etibarlı ərzaq təminatı
dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərindəndir.
Hələ ötən əsrin 90–cı illərinin
ortalarında xalqımızın ümummilli lideri Heydər Əliyevin
təşəbbüsü ilə MDB məkanında analoqu
olmayan torpaq islahatları həyata keçirildi. Kənd təsərrüfatı
məhsulları istehsalçılarına yardım mexanizmi
formalaşdırıldı, beynəlxalq təşkilatlarla bu
sahədə əhəmiyyətli layihələrin icrasına
başlanıldı. 2001–ci ildə ölkə
başçısının sərəncamı ilə “Azərbaycan
Respublikasının ərzaq təhlükəsizliyi
Proqramı” təsdiq olundu, bu proqram çərçivəsində
görülmüş işlər nəticəsində
ölkədə kənd təsərrüfatı və ərzaq
məhsullarının artırılmasına nail olundu.
Hələ 1992–ci ildə Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda ölkəmizdə ilk dəfə olaraq ictimai təsərrüfatlarda islahatlara başlanıldı və yeni özəl təsərrüfat qurumları yaradıldı. Bu təcrübə sonralar respublikada aqrar islahatların aparılmasına hazırlıq dövründə nümunə rolunu oynadı və müxtəlif bölgələrdə kəndlilərin birləşdiyi kəndli (fermer) təsərrüfatlarının yaradılması ilə nəticələndi.
1995–1997–ci illərdə aqrar islahatı tənzimləyən bir çox qanun, fərman, sərəncam, qərar və digər normativ–hüquqi aktlar qəbul olundu. “Aqrar islahatların əsasları haqqında”, “Sovxoz və kolxozların islahatı haqqında” və “Torpaq islahatı haqqında” qanunlar aqrar islahatların hüquqi bazasının əsasını təşkil etdi. 18 fevral 1995–ci ildə qəbul olunmuş “Aqrar islahatların əsasları haqqında” qanun aqrar islahatın məqsəd və vəzifələrini, əsas istiqamət və prinsiplərini müəyyən etdi. Bu qanunla aqrar bölmədə yeni mülkiyyət münasibətlərinin formalaşdırılması və müxtəlif növlü təsərrüfat subyektlərinin yaradılmasının, eyni zamanda sahəyə dövlət himayəsinin istiqamətləri və aqrar bazarın dövlət tənzimlənməsinin hüquqi əsasları yaradıldı.
Qeyd olunmuş bu və ya digər sənədlər torpaq islahatlarını uğurla həyata keçirməyə şərait yaratdı və islahatın birinci mərhələsinin müsbət nəticələrlə yekunlaşmasını təmin etdi.
Bu prosesdə Azərbaycan Respublikası Prezidenti tərəfindən 11 fevral 2004–cü il tarixli fərmanla təsdiq olunmuş “Azərbaycan Respublikası regionlarının sosial–iqtisadi inkişafı Dövlət Proqramı (2004–2008–ci illər)”, 25 avqust 2008–ci il tarixli sərəncamı ilə təsdiq olunmuş “2008–2015–ci illərdə Azərbaycan respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”, 14 aprel 2009–cu il tarixli fərmanı ilə təsdiq olunan “Azərbaycan Respublikası regionlarının 2009–2013–cü illərdə sosial–iqtisadi inkişafı Dövlət Proqramı”nın və digər normativ–hüquqi sənədlərin tarixi əhəmiyyətini xüsusi olaraq qeyd etmək lazımdır.
Aqrar islahatların və sahəyə fasiləsiz dövlət dəstəyinin nəticəsində 2003–cü ilə nisbətən 2012–ci ildə kənd təsərrüfatı məhsulları istehsalında xeyli üstünlüklər əldə edilmişdir. Belə ki, taxıl istehsalı 36,2 faiz, o cümlədən buğda 19,4 faiz, kartof 25,9 faiz, tərəvəz 16,1 faiz, bostan məhsulları 20,0 faiz, meyvə 41,5 faiz, üzüm 2,3 dəfə artmışdır. Heyvandarlıq məhsulları istehsalı, iri və xırda buynuzlu heyvanların baş sayı çoxalmışdır. 2003–cü ilə nisbətən 2012–ci ildə ət istehsalı (kəsilmiş çəkidə) 50,9 faiz, süd 47,3 faiz, yun 30,6 faiz, yumurta 60,7 faiz, mal–qaranın baş sayı 19,7 faiz, qoyun və keçilər 17,6 faiz, quşların 36,2 faiz artmışdır.
Ölkə başçısı tərəfindən 2004–cü ildə yaradılmış və onun fəaliyyət dairəsinin ildən–ilə genişləndirilməsi nəticəsində “Aqrolizinq” ASC tərəfindən dövlət büdcəsindən və digər mənbələrdən, o cümlədən təkrar istifadədən yaranmış 119,49 milyon manat vəsait də nəzərə alınmaqla cəmi 493,32 milyon manat vəsaitdən 190,72 milyon manatlıq kənd təsərrüfatı texnikaları, 113,79 milyon manatlıq texnoloji avadanlıq, 114,55 milyon manatlıq mineral gübrələr, 22,86 milyon manatlıq damazlıq heyvanlar alınmış və 50,5 milyon manatlıq tikinti işləri aparılmışdır.
“Aqrolizinq” ASC tərəfindən aparılmış gündəlik məqsədyönlü tədbirlərin nəticəsi olaraq təkrar istifadədən yaranmış 119,49 milyon manat vəsait yenidən kənd təsərrüfatı texnikalarının və müxtəlif təyinatlı maşın və texnoloji avadanlıqların alınmasına yönəldilmişdir.
İstehsal olunmuş meyvə və digər məhsullarla əhalinin ilboyu təminatı məqsədilə sahibkarların sifarişi əsasında ümumi tutumu 54,8 min ton olan 39 ədəd soyuducu kamera quraşdırılmış və istifadəyə verilmişdir. Tərəvəz istehsalında xüsusi əhəmiyyətə malik ümumi sahəsi 27,2 hektar olan 14 ədəd istixana gətirilib quraşdırılmışdır. Xüsusi qeyd olunmalıdır ki, istixanalar əsasən əkin üçün istifadəyə yararsız torpaqlarda qurulur, məhsuldardır, 1 kvadratmetr sahədən 300–350 kq (hektardan 300–350 ton) məhsul alınır, məhsul heç bir xəstəliyə yoluxmur, hava şəraitindən asılı olmur. İldə bir neçə dəfə məhsul əldə olunur ki, bu da tərəvəz məhsulları ilə əhalinin ilboyu təmin olunmasında və daxili bazarda qiymətlərin tənzimlənməsində böyük rol oynayır.
Bununla yanaşı heyvandarlıq məhsullarının artırılmasında, heyvanların cins tərkibinin yaxşılaşdırılmasında “Aqrolizinq” ASC tərəfindən gətirilən, lizinq yolu ilə, güzəştlə məhsul istehsalçılarına satılan damazlıq düyələrin mühüm əhəmiyyəti olmuşdur. 2009–2012–ci illər ərzində respublikaya 6290 düyə gətirilmişdir.
Bu heyvanların hərəsindən ildə 4500–5000 kq süd sağılır və yerli heyvanlara nisbətən 3,0–3,5 dəfə artıq süd verir.
Kənd təsərrüfatının mexanikləşdirilməsi səviyyəsinin artırılmasında, texniki xidmətlərin göstərilməsində, məhsulun vaxtında və itkisiz yığılmasında “Aqrolizinq” ASC–nin rayon aqroservis filiallarının xüsusi rolu olmuşdur. Hazırda respublikada 54 aqroservis filialı fəaliyyət göstərir ki, onlardan da 34–nün müasir maddi–texniki bazası yaradılmış və tutumu 68 min ton olan 6 ədəd loqistik gübrə bazası tikilib istifadəyə verilmişdir.
2003–2012–ci illərdə dövlət əsaslı vəsait qoyuluşu hesabına Kənd Təsərrüfatı Nazirliynə 40,03 milyon manat büdcə vəsaiti ayrılmışdır. Ayrılmış vəsait hesabına 41 rayonda baytarlıq idarələrinin və diaqnostik kabinetlərin inzibati binaları, 57 sahə baytarlıq məntəqəsinin inzibati binaları, Bakı şəhərində Dövlət Baytarlıq Xidmətinin 3 mərtəbəli inzibati binası, Bioloji Kombinatın inzibati və laboratoriya binaları yenidən qurulub istifadəyə verilmişdir. Dövlət Fitosanitar Nəzarəti Xidmətinin, Aqrar Elm Mərkəzinin tabeliyində olan institut və digər təşkilatların inzibati və laboratoriya binalarında, Azərbaycan Dövlət Aqrar Universitetinin tədris korpuslarında təmir və yenidənqurma işləri görülmüşdür.
Kənd təsərrüfatı məhsulları istehsalçılarına 2007–2012–ci illər ərzində bir neçə istiqamətdə dövlət büdcəsinin vəsaiti hesabına 572,7 milyon manat, o cümlədən yanacaq və motor yağlarına, buğda və çəltik səpininə, mineral gübrələrin güzəştli satışına, 1–ci və 2–ci reproduksiyalı toxum və ting satışına, orijinal, superelit və elit toxumların satışına görə subsidiya ödənilmişdir.
Bununla yanaşı, 2007–2012–ci illər ərzində Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi tərəfindən dövlət büdcəsindən ayrılmış 48,0 milyon manat və qayıdış hesabına yaranmış 18,1 milyon manat vəsait hesabına 58 rayonda aqrar sektorda fəaliyyət göstərən 1737 sahibkara heyvandarlığın, bağçılığın, taxılçılığın, üzümçülüyün, quşçuluğun, arıçılığın, emalın və s. sahələrin inkişafı üçün 66,1 milyon manat güzəştli kreditlər verilmişdir və nəticədə 6232 yeni iş yerləri açılmışdır.
Aqrar sahənin inkişafı ilə əlaqədar imzalanmış bir sıra fərman və sərəncamlara, xüsusi ilə “2008–2015–ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” və “Azərbaycan Respublikası regionlarının sosial–iqtisadi inkişafı Dövlət Proqramı”nın (2009–2013–cü illər) müddəalarına uyğun kənd təsərrüfatı məhsulları istehsalçıları 2012–ci ildə məhsul istehsalının artırılması üçün mühüm tədbirlər həyata keçirmişlər. Belə ki, 2012–ci ilin məhsulu üçün 1647,1 min hektar sahədə (çoxillik əkmələrsiz) əkin aparılmışdır. Onun 1031,4 min hektarını və ya 62,6 faizini payızlıq və yazlıq dənli və dənli paxlalı bitkilər, 172,9 min hektarını və ya 10,5 faizini kartof, tərəvəz və bostan bitkiləri, 48,5 min hektarını və ya 2,9 faizini texniki (pambıq, tütün, şəkər çuğunduru, dən üçün günəbaxan və s.) bitkilər, 392,7 min hektarını və ya 23,9 faizini yem bitkiləri təşkil etmişdir.
Eyni zamanda, 2012–ci ildə mövcud 133,5 min hektar meyvə bağlarının, 16,3 min hektar üzümlüklərin və 0,87 min hektar çay plantasiyalarının becərilməsi həyata keçirilmişdir. Meyvə bağlarının 108,8 min hektarı, üzümlüklərin 12,4 min hektarı, çay sahələrinin isə 0,54 min hektarı bar verən sahələrin payına düşür.
Hesabat ilində əsas bitkiçilik məhsullarının istehsalında artım əldə edilmiş, vahid sahənin məhsuldarlığı yüksəlmişdir.
2012–ci ildə 1030,7 min hektar taxıl bitkilərinin məhsulu yığılmış, hər hektardan 27,2 sentner olmaqla cəmi 2802,2 min ton dənli və dənli paxlalı bitkilər məhsulu istehsal edilmişdir. Eyni zamanda 11,0 min hektar dən üçün günəbaxan sahəsindən 20,0 min ton və ya hər hektardan 18,2 sentner, 29,2 min hektar pambıq sahəsindən 56,9 min ton və ya hər hektardan 19,5 sentner, 66,0 min hektar kartof sahəsindən 968,5 min ton və ya hər hektardan 146,7 sentner, 76,8 min hektar tərəvəz sahəsindən örtülü və təkrar əkinlərin məhsulu da daxil olmaqla 1216,2 min ton və ya hər hektardan 150,3 sentner, 30,0 min hektar ərzaq üçün bostan bitkiləri sahəsindən 428,0 min ton və ya hər hektardan 142,7 sentner, 1,53 min hektar tütün sahəsindən 4,3 min ton və ya hər hektardan 27,9 sentner məhsul yığılmışdır. Bundan əlavə, meyvə bağlarından 810,0 min ton meyvə, üzüm bağlarından 150,9 min ton üzüm, çay plantasiyalarından 567,9 ton yaşıl çay yarpağı istehsal olunmuşdur.
2011–ci illə müqayisədə 2012–ci ildə 343,8 min ton taxıl, o cümlədən 206,4 min ton buğda, 1,4 min ton tərəvəz məhsulları, 30,0 min ton kartof, 44,2 min ton meyvə məhsulları, 13,9 min ton üzüm, 691 ton tütün yarpağı və 33,8 ton yaşıl çay yarpağı artıq istehsal edilmişdir.
Daxili istehsal hesabına adambaşına orta hesabla toxum, yem və təbii itki daxil edilmədən 146,7 kq ərzaq buğdası, 76,4 kq kartof, 167,9 kq tərəvəz və bostan, 82,7 kq meyvə və giləmeyvə məhsulları istehsal edilmişdir ki, bu da Nazirlər Kabinetinin 2005–ci il 23 iyun tarixli 118 nömrəli Qərarı ilə təsdiq olunmuş Azərbaycan Respublikasında minimum istehlak səbətinin tərkibində qeyd olunduğundan buğda üzrə 18,5 faiz az, kartof, tərəvəz–bostan və meyvə–giləmeyvələrin hər biri üzrə isə 1,7 dəfə çoxdur. Başqa sözlə, ərzaq buğdası istisna olmaqla əhalinin digər bitkiçilik məhsullarına olan illik istehlak tələbatının yerli istehsal hesabına ödənilməsi tam təmin edilmişdir. Əhalinin ərzaq buğdasına olan tələbatının tam ödənilməsində isə hələlik idxaldan asılılıq mövcud olsa da, Azərbaycanda taxıl həmişə xalqımızın milli sərvəti, taxılçılıq respublikanın aqrar–sənaye kompleksinin əsas ənənəvi iri sahələrindən biri sayılır.
2012–2020–ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı”nın Tədbirlər Planının icrası ilə əlaqədar regionlarda üzümçülüyün inkişaf etdirilməsində fermerlərə köməklik göstərmək məqsədilə Kənd Təsərrüfatı və İqtisadi İnkişaf Nazirliklərinin mütəxəssislərindən ibarət qruplar təşkil edilmiş və ənənəvi üzümçülük rayonlarında seminar–müşavirələr keçirilmişdir. Fermer və iş adamları ilə görüşlər zamanı yerlərdə mövcud üzüm bağlarının vəziyyəti araşdırılmış, yeni üzümlüklərin salınması imkanları təhlil edilmiş, sahənin əsas inkişaf istiqamətləri müəyyənləşdirilərək müxtəlif təklif layihələri hazırlanmış və müvafiq dövlət qurumlarına təqdim edilmişdir.
Hesabat ilində kənd təsərrüfatı bitkilərinin əkinində toxum və tinglərin əsasən yerli sortlarından istifadə edilmiş, mineral gübrələrdən və pestisidlərdən istifadəyə diqqət artırılmışdır.
Kənd Təsərrüfatı Nazirliyinin tabeçiliyində 3 Layihə Axtarış Kimyalaşdırma Stansiyası və 42 rayon Aqrokimya laboratoriyası fəaliyyət göstərir. Onlar 4534,9 min hektar kənd təsərrüfatına yararlı torpaq sahəsinə, o cümlədən 1684,3 min hektar əkin sahəsinə və 147 min hektara qədər çoxillik əkmələr sahəsinə aqrokimyəvi xidmət göstərirlər. 2012–ci ildə 6718 nəfər torpaq mülkiyyətçisinə məxsus əkin sahələrindən götürülmüş 10416 torpaq nümunəsində aqrokimyəvi analizlər aparılmaqla torpaqlarda qida maddələrinin miqdarı öyrənilmiş, onun əsasında proqnozlaşdırılan məhsuldarlığa görə gübrə norması hesablanmış və torpaq mülkiyyətçilərinə müvafiq tövsiyələr verilmişdir.
Ölkədə ərzaq təhlükəsizliyinin uğurlu həllində heyvandarlığın inkişafının müstəsna rolu vardır. Hazırda respublikada 2703,9 min baş mal–qara, o cümlədən1302,3 min baş inək və camış, 8651,2 min baş qoyun və keçi, 24 milyon baş quş vardır. Son 20 ildə mal–qara 56,2 faiz, inək və camışlar 76,4 faiz, qoyun və keçilər 76,5 faiz artmışdır.
Bu dövrdə ət istehsalı 95,3 faiz artaraq 275,1 min tona, süd istehsalı 2,0 dəfə artaraq 1719,6 min tona, yumurta istehsalı isə 51 faiz artaraq 226711 min ədədə çatmışdır. Əvvəlki illərdə olduğu kimi, 2012–ci ildə də heyvandarlıq məhsullarının istehsalı sahəsində vəziyyət stabil qalmaqda davam edir. Belə ki, 2011–ci ilə nisbətən 2012–ci ildə ət istehsalı 4,3 faiz, süd istehsalı 6 faiz artmışdır.
2011–ci ildə respublikada adambaşına 33 kq ət, 248 kq süd, 131 ədəd yumurta istehlak olunmuşdur. 2012–ci ildə kənd təsərrüfatının ümumi məhsulunda heyvandarlığın payı 49,3 faizə çatmışdır. Kənd təsərrüfatının tarixində heyvandarlıq sahəsində birinci dəfədir ki, belə yüksək göstəricilərə nail olunmuşdur.
Azərbaycanda
bəzi unikal heyvanlar da yetişdirilir. Burada yetişdirilən
camışlar, yerli zebular, qala qoyunları və keçilər
yüksək keyfiyyətli məhsul vermələri ilə fərqlənirlər.
Ölkəmizdə
269,6 min baş camış vardır. Xarici mühitin zərərli
təsirlərinə və xəstəliklərə
dözümlülüyü, yemə və saxlanılmağa
az tələbkar olması ilə fərqlənən
camışların südündə 8–12 faiz yağ olur.
Camış südündə yağın miqdarı inək
südünə nisbətən 2,2 dəfə artıqdır.
Əgər 1 kiloqram yağ 22 kiloqram inək südündən
əmələ gəlirsə, bunun üçün 10 kq
camış südü tələb olur. Camışın
qatığı və qaymağı ilə yanaşı onun əti
də bir çox xəstəliklərə qarşı dərman
kimi istifadə olunur.
Heyvandarlıq
məhsullarının istehsalı kənd təsərrüfatının
prioritet sahələrindən biridir.Bu sahəyə diqqət və
qayğı ildən–ilə artır. Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev
respublika əhalisinin heyvandarlıq məhsullarına olan tələbatının
daxili istehsal hesabına ödənilməsi vəzifəsini
qarşıya qoymuşdur. Bunun üçün heyvandarlıq
yeni texnologiyalar əsasında inkişaf etdirilməli, bu sahəyə
dünya ölkələrində mövcud olan innovasiyalar tətbiq
olunmalıdır.
Heyvandarlığın
inkişafında respublikamızın böyük potensial
imkanları aşkara çıxarılmışdır. Azərbaycanın
təbii–iqlim şəraitində mal–qaranın yüksək məhsuldarlığının
mümkün olmaması fikri tamamilə təkzib edilmişdir.
Mal–qaranın
cins tərkibini yaxşılaşdırmaq üçün səmərəli
tədbirlər həyata keçirilmiş, naxırların və
sürülərin tamamilə təzələnməsinin əsası
qoyulmuşdur.
Son illər
Azərbaycanda heyvandarlıq sahəsində ümumən
sanballı, nəzərə çarpan kəmiyyət və
keyfiyyət dəyişiklikləri əmələ gəlmişdir.
Lakin Kənd Təsərrüfatı Nazirliyi nailiyyətləri
layiqincə qiymətləndirməklə bərabər,
yaxşı başa düşür ki, ölkədə
heyvandarlığın vəziyyəti respublika rəhbərliyinin
yüksək tələblərinə cavab vermir, əhalinin tələbat
və ehtiyaclarından geri qalır.
Azərbaycan
aztorpaqlı bir ölkə olduğundan və adambaşına
0,19 hektar əkinə yararlı torpaq sahəsi
düşdüyündən heyvandarlığın ekstensiv
metodla inkişaf etməsi ciddi narahatlıq doğururdu. Azərbaycanda
hər il heyvanların baş sayının
artırılmasına ehtiyac yoxdur. Çünki mal–qaranın
yemlə təmin olunmasında ciddi çətinliklər
vardır. Respublikada optimal miqdarda heyvan saxlanılması tələb
olunur. Alimlər və mütəxəssislər belə hesab
edirlər ki, respublikada orta hesabla 1600 min baş mal–qara, o
cümlədən 800 min baş inək və
camışın saxlanılması məqsədəmüvafiqdir.
Lakin inək və camışların hər birindən ildə
orta hesabla 2500–3000 kq süd sağılmalı, hər bir
baş heyvan kökəldilərək, diri çəkisi
350–360 kq–a çatdırıldıqdan sonra kəsimə
göndərilməlidir.
Heyvandarlığı
daha da inkişaf etdirmək üçün ilk növbədə
hüquqi baza yaradılmışdır. “Damazlıq
heyvandarlıq haqqında” Azərbaycan Respublikasının
Qanunu hazırlandıqdan və qüvvəyə mindikdən
sonra, heyvandarlıqda damazlıq–seleksiya işləri xeyli
yaxşılaşmışdır. Regionların sosial–iqtisadi
inkişafı üzrə Dövlət Proqramında nəzərdə
tutulmuş tədbirlərə uyğun olaraq mal–qaranın cins
tərkibinin yaxşılaşdırılması istiqamətində
həyata keçirilən tədbirlər uğurla davam
etdirilir.
Son illərə
qədər heyvandarlıq ekstensiv yolla, yəni mal–qaranın
baş sayının artırılması hesabına
inkişaf edirdi. Hazırda heyvandarlığın intensiv
inkişaf etdirilməsi üçün tədbirlər
görülür. Kənd Təsərrüfatı Nazirliyi ət
istehsalının artırılması üçün
aşağıdakı tədbirləri həyata keçirir.
İlk növbədə iri mal–qara kökəltmə komplekslərinin
yaradılmasına başlanılmışdır.
Bu il Bərdə
rayonunun Mehdili kəndində 2000 başlıq mal–qara kökəltə
təsərrüfatı istifadəyə veriləcəkdir.
Burada ildə 400 ton ətin istehsal olunması
proqnozlaşdırılır.
Ağcabədi
rayonunun Qaravəlli kəndində Elxan Qəhrəmanovun 900
başlıq, Bərdə rayonunun Lənbəran kəndində
Elgiz və Elbrus Abbasovların 1000 başlıq mal–qara kökəltmə
təsərrüfatları fəaliyyət göstərir.
Son 2 ildə
Almaniya və Avstriyadan ətlik istiqamətli aberdin–anqus cinsindən
olan 25 baş heyvan gətirilib, Salyan, Göygöl, Ağdam,
Oğuz, Xızı və digər rayonlara verilmişdir. Bu
heyvanlar yerli heyvanlarla mələzləşdirilir və ət
istehsalının artımına ciddi təsir göstərirlər.
Bu
yaxınlarda Fransadan 500 doza yüksək ətlik istiqamətli
şarole cinsindən olan törədici heyvanların toxumu gətiriləcək
və Gədəbəy rayonunda ətlik maldarlığı
inkişaf etdirmək məqsədilə yerli heyvanlarda süni
mayalama aparılacaqdır.
Sahibkarlığa
Kömək Milli Fondunun vəsaiti hesabına respublikada hər
biri 1000 başlıq olmaq şərtilə 120 kökəltmə
meydançasının (təsərrüfatın)
yaradılması barədə 18 noyabr 2011–ci il tarixli 01/15–08–79
nömrəli məktubla Azərbaycan Respublikası Nazirlər
Kabinetinə təklif verilmişdir.
Cavan
heyvanların kəsilməsinin qarşısını almaq məqsədilə
kütləvi izahat işləri genişləndirilir.
Çünki, hər il yüz minlərlə dana və quzu
müvafiq olaraq 180–200 kq və 15–20 kq diri çəkidə kəsilir.
Cavan heyvanların kəsilməsi hesabına ölkədə
40 min tona yaxın ət itirilir.
Azərbaycanda
quşçuluq ildən–ilə inkişaf etdirilir. Son iki ildə
20–dən çox quşçuluq müəssisəsinə
Sahibkarlığa Kömək Milli Fondu tərəfindən
kredit verilmişdir. Bu təsərrüfatlarda damazlıq
yumurta istehsalına başlanılmışdır. Xarici
ölkələrdən damazlıq yumurta idxalının
qarşısının alınması üçün tədbirlər
görülür.
Ayrı–ayrı
rayonlarda quşçuluğun inkişafına böyük
diqqət yetirilir. Siyəzən rayonunda 543 ev təsərrüfatı
öz həyətyanı sahəsində 12–20 min baş broyler
olan quş damları tikib, quşçuluqla ciddi məşğul
olurlar. Təkcə bu rayonda 3000 min baş broyler yetişdirilir.
Bu, Ərzaq Təhlükəsizliyinə dair Dövlət
Proqramının yerinə yetirilməsinə siyəzənlilərin
verdikləri sanballı töhfədir.
Son vaxtlar
quş ətinin 2 manat 40 qəpiyə qədər düşməsi
o deməkdir ki, respublikada kifayət qədər quş əti
istehsal olunur. Əgər quşçuluğa marağı
daha da artırsaq, quş əti istehsalını 2020–ci ildə
100–120 min tona çatdırmaq mümkündür. Bu vəzifəni
yerinə yetirmək üçün birinci növbədə
xarici ölkələrdən idxal olunan quşçuluq məhsullarının
qarşısı alınmalıdır.
2015–ci ildə
kəsilmiş çəkidə ət istehsalının 340
min tona çatdırılması üçün tədbirlər
görülür.
Respublikada
süd istehsalının intensiv artırılması
qarşıda duran əsas vəzifələrdən biridir.
Süd
istehsalını artırmaq üçün respublikaya xarici
ölkələrdən damazlıq düyələr gətirilir.
Damazlıq heyvandarlığı inkişaf etdirmək məqsədilə
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin
sərəncamı ilə hər il dövlət büdcəsində
nəzərdə tutulmuş Azərbaycan Respublikası
Prezidentinin Ehtiyat Fondundan “Aqrolizinq” ASC–yə 5–10 milyon manat vəsait
ayrılır. Bu vəsait hesabına indiyədək
respublikaya 6290 baş damazlıq düyə alınıb gətirilmiş,
bu düyələr güzəştlə heyvandarlıq məhsulları
istehsalçılarına lizinqə verilmişdir.
Görülən tədbirlər və Kənd Təsərrüfatı
Nazirliyinin hazırladığı tövsiyələrin yerinə
yetirilməsi nəticəsində həmin heyvanlar artıb
10020 başa çatmışdır.
Lizinq yolu
ilə verilən damazlıq düyələr xüsusi qulluq tələb
edir. İdxal olunan damazlıq düyələrə nümunəvi
xidmətin göstərilməsi, ölkənin heyvandarlıq
mədəniyyətinə ciddi surətdə müsbət təsir
göstərir. 2013–cü ildə də bu iş yenə də
davam etdiriləcək və respublikaya 4 min baş damazlıq
düyə gətirilməsi proqnozlaşdırılır.
Yeri gəlmişkən
qeyd etmək lazımdır ki, respublikada olan mal–qaranın 80–85
faizi 10 başadək heyvan saxlayan sahibkarların xırda təsərrüfatlarında
cəmləşmişdir. Belə kiçik təsərrüfatlarda
yeni texnoloji prosesləri həyata keçirmək ağır əl
əməyi tələb edən işləri mexanikləşdirmək,
istehsalı intensiv qaydada aparmaq qeyri–mümkündür. Odur
ki, süd istehsalını intensiv artırmaq üçün
respublikada iri südçülük komplekslərinin
yaradılmasına başlanılmışdır.
2011–ci ildən
etibarən Ağdam rayonunun Əfətli kəndindəki “Qara
inək” kəndli (fermer) təsərrüfatında 450
başlıq, Ağcabədi rayonunun Ağabəyli kəndində
3 min başlıq, Kürdəmir rayonunun Atakişili kəndində
500 başlıq, Salyan rayonunun Kürqaraqaşlı kəndində
500 başlıq südçülük kompleksləri fəaliyyət
göstərməyə başlamışdır. Bu komplekslər
“Aqrolizinq” ASC vasitəsi ilə damazlıq düyələrlə
komplektləşdirilir.
Bu il
Ağdaş rayonunun Ərəbocağı kəndində 800
başlıq, Salyan rayonunun Qaraçala qəsəbəsində
2400 başlıq, Qəbələ rayonunda “Aqrokompleks” MMC–də
1000 başlıq, həmin rayonun Vəndam kəndində 500
başlıq südçülük kompleksləri istifadəyə
veriləcəkdir. Bu komplekslərin hamısı “Aqrolizinq” ASC
vasitəsi ilə gətiriləcək damazlıq düyələrin
hesabına komplektləşdiriləcəkdir.
Damazlıq
düyələrin saxlanıldığı
südçülük kompleksləri yüksək istehsal
göstəricilərinə nail olurlar. “Şəki Aqro
İndastris” MMC–də təqdirəlayiq iş təcrübəsi
vardır. Burada 1126 baş mal–qara, o cümlədən 540
baş inək yetişdirilir. Keçən il hər inəkdən
orta hesabla 5263 kq süd sağılmışdır. Burada inəklərin
hamısı süni yolla mayalandırılır. Hər 100
baş inəkdən 98 bala alınır. Süd
sağımı sexi fəaliyyət göstərir. Eyni vaxtda
32 inək sağılır. Keçən ilin iyun ayında bu
təsərrüfatda dövlət və özəl
damazlıq təsərrüfatları
başçılarının və damazlıq düyə
alan sahibkarların respublika seminar–müşavirəsi
keçirilmişdir.
Ölkəmizə
idxal olunan cins düyələr damazlıq seleksiya işlərinin
aparılmasında böyük rol oynayır. Lakin hər il
ölkəyə gətirilən az sayda— 700–3020 baş düyə
vasitəsi ilə respublikanın bütün kateqoriya təsərrüfatlarında
mövcud olan 2600 min baş mal–qaranın cins tərkibini
qısa müddətdə yaxşılaşdırmaq
mümkün olmayacaqdır. Ona görə də heyvanların
cins tərkibinin yaxşılaşdırılmasında
mühüm rol oynayan süni mayalamaya üstünlük
verilir. Bu sahədə respublikada iş
başlanmışdır.
Cənubi
Qafqazda ilk dəfə olaraq Azərbaycan Respublikasında
Süni Mayalama Mərkəzi yaradılmışdır. Burada
Avstriyadan, Almaniyadan və Rusiyadan alınıb gətirilmiş
21 baş törədici buğadan və kəldən yüksək
keyfiyyətli toxum istehsal olunur.
2004–cü
ildə cənab İlham Əliyevin sərəncamı ilə
yaranmış “Aqrolizinq” ASC kəndin müasir texnika ilə təminatında
və nəticə etibarı ilə Ərzaq Təhlükəsizliyinin
təminatında olduqca mühüm rol oynayır. 2005–2012–ci
illərdə bu ASC–nin xətti ilə ölkəyə 14450 ədəd
müxtəlif təyinatlı kənd təsərrüfatı
texnikası, o cümlədən 1035 kombayn, 4262 traktor, 184
ekskavator, 8969 digər kənd təsərrüfatı
texnikaları gətirilmişdir. Göstərilən dövrdə
39 ədəd yeni soyuducu kamera quraşdırılmış,
soyuducu ambarların tutumu 54,8 min tona, istixanaların sahəsi
27,2 hektara çatdırılmışdır. Göstərilən
dövrdə ölkəyə 315 min tondan artıq müxtəlif
mineral gübrələr gətirilmiş və fermerlərə
güzəştli qiymətlərlə
satılmışdır. “Aqrolizinq” ASC xətti ilə
2005–2012–ci illərdə 6290 baş cins damazlıq heyvanlar gətirilmişdir
ki, bu da ölkədə mal–qaranın cins tərkibinin
yaxşılaşdırılmasında mühüm rol
oynayır.
ASC–nin xətti
ilə ölkəyə yeni kənd təsərrüfatı
texnikaları, mineral gübrələr, cins damazlıq heyvanlar
gətirilməsi prosesi uğurla davam etdirilir. 11 fevral
2013–cü il tarixdə isə cənab İlham Əliyev “Azərbaycan
Respublikasında heyvandarlığın inkişafı ilə
bağlı əlavə tədbirlər haqqında” daha bir sərəncam
imzalayaraq Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan
“Aqrolizinq” ASC–yə 10 (on) milyon manat vəsait
ayrılmışdır. Bu isə şübhəsiz ki, ərzaq
təhlükəsizliyinin ölkədə uğurla təmin
edilməsinə yeni bir təminat verəcəkdir.
Kənd Təsərrüfatı
Nazirliyi yeni texnologiyalara üstünlük verir. Akademik Arif
Paşayevin prezidenti olduğu Zeytun Elm İstehsalat şirkəti
ilə birlikdə “ekoloji” kənd təsərrüfatı məhsullarının
qeyri–kimyəvi emalı və saxlanılması” layihəsi
üzərində işləyirik. Uğurlu nəticələr
var. Hazırda Oğuzda yerləşən Beytulla fermer təsərrüfatında
tətbiq olunur.
Son 10 ildə
aqrar sahədə məhsul istehsalında ciddi nailiyyətlər
əldə edilmiş, kənd təsərrüfatının
ümumi daxili məhsulu 2012–ci ildə 2003–cü ilə nisbətən
1,4 dəfə artmış, 2011–ci ilə nisbətən isə
bu artım 5,8 faiz təşkil etmişdir.
Ümumilikdə
isə 2003–2012–ci illərdə 30,4 milyard manatlıq kənd təsərrüfatı
məhsulu istehsal edilmişdir. Eyni zamanda, kənd təsərrüfatı
prioritet sahə kimi daim diqqət mərkəzində olmuş,
sahənin inkişafı üçün bütünlükdə
nazirlik sisteminə ayrılan vəsait 2003–cü il
üçün nəzərdə tutulmuş 8,5 manatdan dəfələrlə
artaraq 2012–ci ildə 253,3 milyon manata çatmışdır.
Ümumilikdə
isə Kənd Təsərrüfatı Nazirliyi sisteminə
ayrılan vəsait 2003–2012–ci illərdə 1,4 milyard manat
olmuş, həmin vəsaitin 1,3 milyard manatı bilavasitə məhsul
istehsalının artmasına yönəldilmişdir.
Bununla
yanaşı beynəlxalq maliyyə institutlarının
iştirakı ilə ölkənin kənd təsərrüfatında
10 layihə tətbiq edilmişdir. Bu layihələr çərçivəsində
2003–2012–ci illərdə 181,0 milyon ABŞ dolları istifadə
edilmişdir ki, bunun da 65,0 milyon dolları Azərbaycan dövlətinin
iştirak payı olmuşdur.
Kənd təsərrüfatında
əldə edilmiş bu nailiyyətlər dövlət
başçısı cənab İlham Əliyevin aqrar sahəyə
olan ardıcıl diqqət və qayğısı sayəsində
baş verir. Dövlət başçısı bu il
yanvarın 15–də Nazirlər Kabinetinin 2012–ci ilin sosial–iqtisadi
inkişafının yekunlarına və 2013–cü ildə
qarşıda duran vəzifələrə həsr olunmuş
iclasında da kənd təsərrüfatına olan diqqət
və qayğısını bəyan etmişdir. Dövlət
başçısı demişdir: “Ərzaq təhlükəsizliyi
məsələləri də daim diqqət mərkəzindədir.
Mən çox şadam ki, biz qarşıya qoyulmuş hədəfə
yaxınlaşırıq. Keçən dəfə
sahibkarlarla görüşdə qeyd etmişdim ki, indi biz
özümüzü əsas ərzaq malları ilə təmin
edirik. Amma əlbəttə, istərdim ki, biz
özümüzü 100 faiz təmin etmək səviyyəsinə
çataq”.
Bu il
fevralın 12–də Bakı Biznes Mərkəzində Prezident
İlham Əliyevin sədrliyi ilə “Azərbaycan
Respublikası regionlarının 2009–2013–cü illərdə
sosial–iqtisadi inkişafı Dövlət Proqramı”nın
icrasının dördüncü ilinin yekunlarına həsr
olunmuş konfransda da dövlət başçısı aqrar
sahədə qarşıda duran vəzifələrə ciddi
önəm vermişdir. Dövlət başçısı kənd
təsərrüfatında olan inkişafı qeyd etməklə
yanaşı bu sahədə mövcud nöqsanları və
qarşıda duran vəzifələri təhlil etmişdir.
Dövlət başçısı demişdir ki, hər bir
dövlət fermerləri dəstəkləyir, onlara
subsidiyalar verir. Biz də bunları edirik. Bu subsidiyalar və
kreditlər çoxşaxəlidir. İndiyə qədər
1,2 milyard manat güzəştli şərtlərlə kredit
verilmişdir ki, onun da 83 faizi bölgələrin aqrar sektoruna
yönəldilmişdir. Texnikaların alınması,
aqrolizinqlərin yaradılması, maldarlığın
inkişafı, dövlət xətti ilə damazlıq mal–qara
gətirilməsi və s. bizim təşəbbüsümüzdür.
Dünən növbəti sərəncam da
imzalanmışdır. Fermerlərə metodik qaydada tövsiyələr
verilir ki, nə qədər vəsaitə hansı işlər
görmək olar. “Amma əfsuslar olsun ki, biz bəzi hallarda bu
sahədə şəffaflığa nail ola bilmirik. Subsidiyalar
ya ünvana çatmır, ya kimsə onları mənimsəyir,
özünə götürür”.
Konfransda
cənab Prezidentin aqrar sahənin qarşısında
qoyduğu vəzifələr və onun tənqidi iradları Kənd
Təsərrüfatı Nazirliyi tərəfindən ciddi təhlil
olunaraq qarşıdakı illər üçün bir proqram
sənədi kimi qəbul edilmişdir. Kənd Təsərrüfatı
Nazirliyi subsidiyaların verilməsində və fermerlərə
çatdırılmasında şəffaflığa nail olmaq
üçün tədbirlər planı hazırlamaqdadır.
Mütəxəssislərin və fermerlərin təklifləri
öyrənilir. Rayon (şəhər) icra hakimiyyətləri
başçılarına ünvanlanmış məktubda
göstərilir ki, Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin sədrliyi ilə keçirilmiş “Azərbaycan
Respublikası regionlarının 2009–2013–cü illərdə
sosial–iqtisadi inkişafı Dövlət Proqramı”nın
icrasının dördüncü ilinin yekunlarına həsr
olunmuş konfransda ölkə başçısı kənd
təsərrüfatı məhsulları
istehsalçılarına subsidiyaların verilməsində
nöqsanlar olduğunu qeyd etmişdir. Subsidiyaların verilməsində
bəzən şəffaflığın təmin edilmədiyi,
verilən yardımların ünvanlara
çatmadığı, onların mənimsənildiyi, bəzi
hallarda istehsal sahələri həcminin
artırıldığı və icrası vacib olan digər
məsələlər barədə dövlət
başçısı öz irad və
tapşırıqlarını bildirmişdir.
Nazirliyin
məktubunda yardım və subsidiyaların ödənilməsi
barədə qərarın rayon komissiyalarının təqdim
etdiyi sənədlər əsasında verildiyini nəzərə
alaraq təqdim edilən ilkin sənədlərin
hazırlanması və subsidiyaların hesablanması
zamanı nöqsanlara yol verilməməsi,
istehsalçılara dövlət dəstəyinin göstərilməsində
şəffaflığın təmin edilməsi
üçün yerli orqanlardan ciddi tədbirlər
görülməsi xahiş olunur.
Nazirlik
aidiyyəti mərkəzi icra orqanlarından—Maliyyə,
İqtisadi İnkişaf, Vergilər nazirliklərindən,
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən
və digər qurumlardan xahiş edir ki, onlar rayonlarda (şəhərlərdə)
mövcud olan yerli qurumlarına bu barədə müvafiq
göstəriş verərək onların məsuliyyətlərini
artırsınlar.
Kənd Təsərrüfatı
Nazirliyi əmin edir ki, cənab Prezidentin
çıxışlarından irəli gələn vəzifələri,
irad və nöqsanları öz fəaliyyətində rəhbər
tutacaq, yerli icra hakimiyyətləri, aidi dövlət
qurumları ilə birlikdə bu məsələləri diqqət
mərkəzində saxlayacaq və problemlərin həll edilməsi,
aradan qaldırılması üçün səylə
çalışacaqdır.
ASLAN ASLANOV,
Kənd Təsərrüfatı
nazirinin
müavini.
Respublika.- 2013.- 20 fevral.- S. 4.