ƏKRƏM ƏYLİSLİNİN
“DAŞ YUXULAR” ROMANI MİLLİ XƏYANƏT FAKTIDIR
Məlum olduğu kimi, Rusiyanın paytaxtı Moskva şəhərində nəşr olunan “Drujba narodov” (“Xalqlar dostluğu”) jurnalının 2012–ci ilin dekabrında çıxan son nömrəsində yazıçı Əkrəm Əylislinin “Daş yuxular” roman–rekviyemi, daha doğrusu, müəllifin milli xəyanət duyğuları üzərində köklənmiş cızmaqarası çap olunmuşdur. Artıq bir müddətdir ki, bu üzdəniraq yazı cəmiyyətin müxtəlif təbəqələrinin — ictimai–siyasi qurum liderlərinin, tanınmış ziyalıların, sadə vətəndaşların, bir sözlə geniş oxucu auditoriyasının ciddi müzakirə obyektinə çevrilmiş, bütövlükdə ictimaiyyətin haqlı qəzəbinə və nifrətinə səbəb olmuşdur. Vaxtilə ayrı–ayrı roman, povest və hekayələri ilə oxucuların rəğbətini qazanmış 75 yaşlı müəllifın Ermənistan – Azərbaycan münaqişəsi mövzusuna həsr etdiyi “Daş yuxular” əsəri ermənilərin haqsız mövqeyini müdafiə etdiyinə görə ölkəmizdə kəskin tənqidlə qarşılanmış, Əkrəm Əylisli haqqı və ədaləti hər şeydən üstün tutan insanların lənətinə tuş gəlmişdir.
Bəri başdan deyək ki, özlərinin şəxsi və qrup mənafelərini mənsub olduqları millətin və dövlətin mənafeyindən yüksəkdə tutaraq erməniyə “dayı” deyən, başqa sözlə, Əkrəm Əylislini birbaşa və ya dolayısı ilə müdafiə edən, “demokratiya carçısı” cildinə girən bəzi əkrəmpərəst və ya ermənipərəst şəxsləri çıxmaq şərti ilə əsər haqqında ictimai rəy yekdildir: “Daş yuxular” erməni diqtəsi, erməni düşüncəsi, erməni təfəkkürü, erməni təxəyyülü ilə yazılmışdır. Bu yazı bütünlüklə birbaşa Azərbaycanın milli–mənəvi, o cümiədən mədəni, dini, əxlaqi dəyərlərinə qarşı çevrilmişdir. Əkrəm Əylislinin qələmə aldığı bu üzdəniraq yazı birmənalı şəkildə ermənilərin mənafeyinə xidmət göstərir və onlardan ötrü göydəndüşmə bir fürsətdir.
Yaxından tanıyanların təsdiqlədiyinə və son təlatümlü illərin müşahidələrinə görə, Əkrəm Əylisli zaman–zaman gündəmdə qalmağı və özü barədə qalmaqal yaratmağı xoşlayan bir yazıçıdır. Amma onun öz ağlasığmaz iddialarını məhz Azərbaycan – Ermənistan münaqişəsi müstəvisində, üstəlik də özünə çox doğma saydığı ermənilərə yarınmaqla həyata keçirməsini heç cür başa düşmək mümkün deyil. “Xalq yazıçısı” titulunu daşımış bir şəxsin milli məsələlərə bu dərəcədə barmaqarası, daha doğrusu, birtərəfli yanaşması, erməni dostlarının rəğbətini qazanmaq üçün “Biz Bakıda, Sumqayıtda baş verən olaylara bəşəri dəyərlərə hörmət nöqteyi–nəzərindən münasibətimizi özümüz bildirməliyik”, — söyləməsi qətiyyən qəbuledilməzdir. İndi biz Əkrəm Əylislidən soruşuruq ki, 1989–1990–cı illərdə Bakıda və Sumqayıtda baş verən hadisələri qatı cinayətkar Qriqoryan başda olmaqla erməni quldur dəstələri təşkil etməmişdimi? Bu cinayət faktlarla sübuta yetirilməmişdirmi? Doğrudanmı, fil qulağında daş yuxusunda yatan yazıçı bütün bunlardan xəbərsizdir?!. Necə deyərlər, inanan daşa dönsün!..
Əkrəm Əylisli etiraf edir ki, “Daş yuxular” 2006–2007–ci illərdə yazılmışdır. Bəs bu “əsərin” məhz indiki dövrdə, Qanlı Yanvar və Xocalı faciələrinin ildönümü ərəfəsində Azərbaycandan kənarda – Rusiyada nüfuzlu bir jurnalda dərc olunaraq yayılması, onun əslində bu gün regionda gedən proseslərin ovqatına uyğun olaraq sifarişlə tirajlanmasına dəlalət etmirmi?!.
Diqqət yetirin, Əkrəm Əylisli sevimli ədəbi qəhrəmanının dili ilə nə deyir: “Doktoru daha çox şəhərin müsəlman sakinlərinin ermənilərə qəddar münasibəti dəhşətə gətirirdi, çünki, o, belə bir qəddar münasibəti ermənilər tərəfdən görməmişdi”.
Bunlar “Daş yuxular” adlı romanda Azərbaycan
yazıçısı (?!) Əkrəm Əylislinin
qələmə aldığı qəlb göynədən
ifadələrdir. Əsər Azərbaycan
dilində tam olaraq kütləvi şəkildə hələ
nəşr olunmasa da, artıq ermənipərəst
mövqeyinə görə qınağa (çarmıxa yox!)
çəkilən Əkrəm Əylisli heç kefini belə
pozmadan ona yönəlmiş haqlı ittihamları əsassız
sayır, xalqdan üzr istəmək əvəzinə
yaxın zamanlarda əsərin Azərbaycan versiyasının
işıq üzü görəcəyini də söyləyir.
Qoynunda
yaşadığı Azərbaycan adlı Vətənin ərazisinin
20 faizindən çoxunun düşmən tapdağı
altında inləməyindən, 1 milyondan çox
qaçqının–köçkünün ağır həyatından,
torpaqları qabardan şəhid məzarlarından, hələ
də əsirlikdə qalan ana–bacılarımızdan, itkin
düşmüş oğullarımızdan xəbəri
olmayan, əksinə, erməni qardaş–bacılarına yas
saxlayan bir yazıçının yuxuda gördüklərini
mənfur “Daş yuxular” yazısına köçürməsi
çoxlu cavabsız suallar doğurur:
Ümumiyyətlə,
ingilis bayrağı kimi gah elə, gah da belə əsən bu
şıltaq, ərköyün Əkrəm Əylisli kimdir?!. Ermənilərin Azərbaycana
ərazi iddialarını yenə də özünün
yaratdığı bədii obrazların dili ilə təsdiq
edən, Azərbaycanın bütün tarixi keçmişini
təhrif edən Əkrəm Əylisli görəsən
heç xəcalət çəkirmi? Mənfur
ermənilərin 250 mindən çox azərbaycanlını
Qərbi Azərbaycandakı dədə–baba yurdlarından
çıxarması, ana Qarabağdan azərbaycanlıları
didərgin salması Əkrəm Əylislinin daş yuxusuna
girmirmi görəsən? Onu boya–başa
çatdırmış bir xalqa xəyanət edən bir
insanı görəsən Allah bağışlayarmı?..
Maraqlıdır,
necə ola bilər ki, millətçi ermənilərə
bəraət qazandıran Əkrəm Əylisli birdən–birə
müstəqillikdən sonrakı yaradıcılığmda
Ermənistandan, Qarabağdan zorla didərgin
düşmüş soydaşlarımızı həqarətlə
təhqir etməyə, erməniləri sevməyə
başlamışdır?
Torpaqları erməni işğalı altında olan bir
məmləkətdə yaşadığını unutmuş
Əkrəm Əylisli ona hansı meyarlarla qiymət verilməsini
gözləyir? Bu torpağın çörəyi, suyu,
havası ilə bəslənən, lakin millətinə
düşmən olanlara məhəbbət izhar edən, öz
millətini aşağılayan və utanmadan öz nifrətini
dünyaya faş edən ziyalıya nə ad vermək olar?
Belə yerdə deyirlər: “Utanmasan oynamağa nə var ki?”
Birmənalı
şəkildə bu qənaətə gəlmək olar ki, Əkrəm
Əylisli yazıçı peşəkarlığından
sui–istifadə etmiş, bədii cəhətdən
aşağı səviyyəli bir əsər qələmə
almış, öz üzdəniraq romanında tarixi
faktları ermənilərin xeyrinə saxtalaşdırmağa
çalışmış, Azərbaycan vətəndaşı
kimi öz mövqeyini heç cür unuda bilmədiyi erməni
sevgisinə qurban vermişdir. Bununla da o, indiyə
qədərki bütün yaradıcılığının
üstündən heç bir zaman pozulmayacaq qara bir xətt
çəkmişdir.
Başabəla əsərin qəhrəmanı Saday
Sadıqlının dili ilə desək, Əkrəm Əylislinin
ruhu ermənilərlə bir yerdədir. Ona görə
də bu qəhrəman öz ruhunu erməni kilsəsində
tapır, Eçmiədzində xristianlığı qəbul
edərək tövbə etmək istəyir.
Əkrəm Əylislinin saxta mülahizəsinə
görə, azərbaycanlılar bu torpaqlara gəlmədirlər,
ermənilər isə aborigendirlər. Azərbaycanlılar gəlib
erməniləri qətlə yetirdiklərinə görə
böyük bir günaha batıblar, ona görə də
Tanrının lənətinə tuş gəliblər…
Göründüyü
kimi, sərsəm fikirlərdir!.. Yalnız
xəstə təxəyyülə malik olan bir
yazıçı mənsub olduğu xalqa qarşı belə
böhtan ata bilər… Həqiqətin
fövqündə dayanmalı olan yazıçı Əkrəm
Əylisli birmənalı olaraq ermənilərin tərəfində
durmuş, azərbaycanlıları təhqir edərək
aşağılamış, hətta soydaşlarımıza
köməyə gələn türk ordusuna həqarətlə
qara yaxmaqdan belə çəkinməmişdir. Sual
yaranır: Əkrəm heç olmasa doğulduğu Əylis
kəndində uyuyan türk əsgərlərinin ruhu
qarşısında özünü günahkar sayırmı?!.
Təəssüf doğuran cəhətlərdən biri
də budur ki, müəllif öz cızmaqarasında
yaratdığı müxtəlif obrazlar vasitəsilə Azərbaycanın
azadlığı və müstəqilliyi uğrunda
mübarizə aparmış bir çox tarixi şəxsiyyətləri
ələ salmış, onları ağılsızcasına təhqir
etmiş, ünvanlarına ağlasığmaz ifadələr
işlətmişdir. Qəribədir, Əkrəm Əylisli məşhur
türk övladlarına bu boyda nifrətini indiyə qədər
necə gizlədə bilirmiş?!.
Bu gün yəqinliklə demək olar ki, Azərbaycan
xalqını, Vətən torpağı uğrunda
canını qurban vermiş şəhidlərimizin ruhunu təhqir
etməklə qürurlanan erməni–daşnak ideoloqları
özlərinə qardaş saydıqları Əkrəm Əylisliyə
ən yüksək mükafat verməyə belə
hazırdırlar. İnformasiya agentliklərinin yazdığına görə,
Azərbaycan cəmiyyətinin qınaq obyektinə
çevrilmiş Əkrəm Əylisinin müdafiəsinə
qalxan, onu erməni xalqının əzabkeşi kimi qələmə
verən erməni ideoloqları Əkrəm Əylislinin “Akram
Aqulisçi” adını öz yazdığı kitabla
qazandığını bildirərək, onu erməni mətbuatının
səhifələrində artıq belə adlandırmağa
başlamışlar. Məsələn, daşnak
ideoloqlarından biri olan Levon Melik–Şahnazaryan deyir: “Əkrəm
Əylisli dövrün ən talantlı, istedadlı və
humanist yazıçılarından biridir. Əkrəm
həmişə Azərbaycan və erməni xalqlarını
barışdırmağa cəhd göstərmiş bir
ziyalıdır. Ən əsası isə
odur ki, Əkrəm Əylisli Azərbaycanın Ermənistana
qarşı olan ərazi iddialarından əl çəkməsinin
vacib olduğunu başa düşən bir şəxsdir.
Ona görə də yazıçıya “Akram
Aqulisçi” adı halaldır”.
Buna
görə də ürəkdən gələn erməni
sevgisinə qapanaraq azərbaycanlıları təhqir etdiyinə
etiraz əlaməti olaraq Əkrəm Əylisli ilə
bağlı bir sıra təkliflər vermək istəyirik:
1) Biz
ziyalılar adından tələb edirik ki, “Daş yuxular”
adlı əsəri çürük ideologiya üzərində
qurulan, zaman–zaman milli mənliyi paslanan, milli–mənəvi dəyərlərimizə
xəyanət edən, işğalçı ermənilərin
dəyirmanına su tökən Əkrəm Əylisli
aşağıladığı Azərbaycan xalqından
üzr istəməlidir;
2) Layiq
olmadığı “Şöhrət” və “İstiqlal” ordenləri,
eləcə də digər dövlət və hökumət təltiflərinin
hamısı Əkrəm Əylislidən geri
alınmalıdır;
3) Əkrəm
Əylisliyə məxsus olan bütün ədəbi mətnlər
dərslik və dərs vəsaitlərindən
çıxarılmalı, bütün ali
və orta məktəblərin təhsil işçiləri,
xüsusilə dil və ədəbiyyat müəllimləri
belə dönük bir yazıçının həyat və
yaradıcılığının tədrisindən imtina etməli,
kitabxanalarda Əkrəm Əylislinin əsərləri təbliğ
olunmamalı, oxucular şəxsi kitabxanalarını Əkrəm
Əylislinin kitablarından təmizləməlidir. Fikrimizcə,
xalqa dönük çıxmış nankor bir
yazıçının əsərlərinin təbliği gənc
nəslin milli–mənəvi vətənpərvərlik ruhunda tərbiyə
olunmasına mənfi təsir göstərə bilər;
Fikrimizcə, Azərbaycan torpaqlarına erməni təcavüzünün
hələ də başa çatmadığı bir dövrdə
şər–böhtanla dolu belə səviyyəsiz bir roman
yazmaq xalqa xəyanətdən başqa bir şey deyil. Bütövlükdə Əkrəm
Əylislinin “Daş yuxular” romanı milli xəyanət
faktıdır və buna heç cür haqq qazandırmaq olmaz!..
Bir
neçə il əvvəl türk
yazıçısı Orxan Pamuk öz xalqına qarşı
cəmi bir cümlə yazmışdı, nəticədə
Türkiyədə soydaşlarının üzünə baxa
bilmədi, baş götürüb ölkədən getməyə
məcbur oldu.
Bizdə isə həqiqət budur ki, erməni mətbuatının
əlində bayraq etdiyi Azərbaycan yazıçısı Əkrəm
Əylisli öz xalqına qarşı hərzə–hədyan
dolu böyük bir roman yazmış və onu xarici ölkədə
yad dildə çap etdirərək yaymışdır. Bu bədnam “Daş yuxular”
romanı hələ uzun müddət çirkin erməni təbliğatının
silahı rolunu oynayacaq, ağır daş olub haqq–ədalət
axtaranların başına düşəcək…
P.S. Bu
müraciəti hazırlayıb imzalayarkən Prezident İlham
Əliyevin Əkrəm Əylislinin (Əkrəm Nəcəf
oğlu Naibovun) Azərbaycan Respublikasının “Xalq
yazıçısı” fəxri adından və Azərbaycan
Respublikası Prezidentinin fərdi təqaüdündən məhrum
edilməsi barədə sərəncamlar imzalamasını
eşitdik. Dövlət
başçısının atdığı bu addımı
çox yüksək qiymətləndirir və onu ürəkdən
dəstəkləyirik. Sərəncamda deyilir: “Azərbaycan
Respublikasının müstəqillik illərində dövlət
mükafatlarına layiq görülmüş Əkrəm Əylisli
(Əkrəm Nəcəf oğlu Naibov) xalqın ona göstərdiyi
yüksək etimaddan sui–istifadə edərək son əsərində
Azərbaycanm tarixi ilə bağlı gerçəklikləri
Azərbaycan yazıçısı adına
yaraşmayan şəkildə təhrif etmişdir. Azərbaycan
xalqının antihumanist obrazını
formalaşdırmağa cəhd göstərən, onu
ümumbəşəri dəyərlər sisteminə zidd əməllərdə
əsassız günahlandıran müəllifin
xalqımızın ruhuna yad tərzdə yazdığı bu
əsərdə Ermənistan–Azərbaycan Dağlıq
Qarabağ münaqişəsinin mahiyyəti
saxtalaşdırılaraq, uzaq və yaxın tarixi
keçmişimizə qara yaxılmış, münaqişə
nəticəsində doğma yurdlarından didərgin
düşən bir milyondan çox soydaşımızın
mənliyi təhqir edilmişdir”.
Doğru
sözə nə deyəsən! Fikrimizcə, bu sərəncamlar
Azərbaycanın çörəyini yeyən, suyunu içən,
torpağında gəzən, odunda qızınan, fəqət
yolunu azan digər nankorlar üçün də ibrət dərsi
olacaqdır!..
Əkrəm
Əylislinin “Daş yuxular” romanından hiddətlənən
ziyalılar adından:
Abuzər XƏLƏFOV,
Əməkdar elm xadimi, tarix elmləri
doktoru, professor.
Bayram ALLAHVERDİYEV,
tarix elmləri doktoru, professor.
Bakı Dövlət Universitetinin
dosentləri—
Knyaz ASLAN, Azad QURBANOV,
Elçin ƏHMƏDOV, Nadir İSMAYILOV,
Nailə MEHRƏLİYEVA, Şəhla
QULİYEVA,
Vüsalə MUSALI.
Fəlsəfə doktorları— Pərviz
KAZIMİ,
Qafar ATAYEV, Ələmdar CABBARLI,
Nigar İSMAYILOVA.
Respublika.- 2013.- 21
fevral.- S. 7.