Dilimizi sevək və sevdirək
Dilin çox mürəkkəb və sirli hadisə olması hamıya bəllidir. İnsanı digər canlılardan fərqləndirən əsas amil dildir. Dilçilik yarandığı gündən dilçilər dilin mahiyyətini və dünyanın dil mənzərəsini açmağa çalışmışlar. Araşdırmalar göstərir ki, dilin yaranması müxtəlif mülahizələrə əsaslanır. Bəziləri dil səriştəsini anadangəlmə hesab edir, bəziləri isə bunun koqnitiv fəaliyyətin nəticəsi olduğunu iddia edirlər.
Hər bir kəs öyrəndiyi dildə danışır. Amma təbii ki, hamı danışdığı dilin mahiyyətini anlamır. Dildən istifadə edən hər bir kəs öz dilinin nə olduğunu başa sala bilər, amma dilin nə olduğunu izah edə bilməz.
Dilin mahiyyətinın öyrənilməsi ilə dilçilik məşğul olur. Dilçilıyin əsas məqsədi ilk növbədə “Dil nədir?” sualına cavab verməkdir. Bu zaman qarşıda iki məqsəd durur: 1) umumi insan fəaliyyətinin nəticəsi olan dil; 2) konkret tarixi, sosial və coğrafi şəraitdə formalaşmış dil.
İnsan dilləri müxtəlif və rəngarəngdir, amma tam fərqli deyil. Tədqiqatlar sübut edir ki, onlara məxsus olan ümumi cəhətlər də mövcuddur və dillər bir neçə fonemdən ibarətdir. Onlar da distinktiv əlamətlərlə təsvir edilə bilir, bütün dillərdə 2 cür üzvlənmə var, onlar da fərqləndirməyə xidmət edən fonemlərdən və məna daşıyan vahidlərdən, yəni morfemlərdən ibarətdir və bütün dillər ixtiyari işarələrdən ibarətdir. Həmçinin bütün dillərdə sintaktik qaydalar sonu məlum elementlərdən sonsuz cümlələr yaratmağa imkan verir, bütün dillər sintaqmatik–paradiqmatik oxlara əsaslanır və s.
Göründüyü kimi, dillər arasında oxşar cəhətlər də mövcuddur. Dilçilərin dilə verdikləri tərifdən də dilin mahiyyətini anlamaq olar. Məsələn, tanınmış dilçi V.fon Humboldt dili erqon deyil, energeia, F.de Sossür isə dili işarələr sistemi kimi müəyyən edir. E.Sepir isə dil haqqında belə yazır: “Dil xüsusi düzəlmiş simvollar sistemi vasitəsilə fikirlərin, emosiyaların və arzuların ifadəsi üçün sırf mənanı ifadə edən qeyri–instinktiv vasitədir”. R.Holl dili ixtiyari tələffüz olunan və eşidilən simvolların istifadəsilə insanların qarşılıqlı əlaqələrini təmin edən institut kimi tədqiq etməyi məsləhət görür. N.Xomski isə yazır ki, dil deyəndə elə cümlələr çoxluğu başa düşülür ki onlardan hər birinin son uzunluğu var və onlar sonu məlum elementlərdən düzəlir.
Azərbaycan dilçiləri də dilçilik sahəsində yorulmadan fəaliyyət göstərirlər. Uzun və şərəfli yol keçən Azərbaycan dilçiliyi hazırda yüksək səviyyədədir. Azərbaycan alimləri Azərbaycan dilçiliyini həm ölkəmizdə, həm də xaricdə layiqincə təmsil edirlər. Onların əldə etdikləri uğuru və inkişafı akademik A.Axundov belə dəvərləndirir: “Azərbaycanda dilçilik elmi hazırda elə bir səviyyəyə gəlib çatmışdır ki, yerli kadrlar yalnız Azərbaycan dilini deyil, müxtəlif mənşəyə mənsub olan dilləri də öz tədqiqat planlarına daxil etmişlər.
Məqsədimiz dilin necə yaranması, yaxud onun haqqında söylənilən fikirləri təhlil etmək deyil. Dilin nə cür yaranmasından asılı olmayaraq hər bir insan dünyaya gəldiyi gündən gözünü açdığı ölkəni öz vətəni, həmin anda eşitdiyi dili isə ana dili hesab edir. Bu yerdə ulu öndər Heydər Əliyevin “Ana dili” haqqında bir kəlamını xatırlamaq yerinə düşər: “Azərbaycan xalqının dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir.”
Dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitədir. Hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır. Ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında və digər hallarda mühüm rol oynayır.
Azərbaycanda yaşayan, bu torpaqda boya–başa çatan hər bir ziyalı ana dili haqqında öz sözünü deməyə çalışır və bununla da vətən qarşısında borcunu müəyyən mənada yerinə yetirir.
Azərbaycanın şair və
yazıçıları “Ana dili” ni öz
əsərlərində kifayət qədər vəsf etmiş və onun
haqqında artıq kəlama çevrilən fikirlər
söyləmişlər. Misal üçün, böyük
şairimiz B.Vahabzadənin “Ana dili” şeirinə
müraciət edək:
Bu dil bizim ruhumuz, eşqimiz, canımızdır,
Bu dil bir–birimizlə
əhdi–peymanımızdır.
Bu dil tanıtmış bizə bu dünyada
hər şeyi,
Bu dil əcdadımızın
bizə miras ver
diyi
Qiymətli xəzinədir… onu
gözlərimiz tək
Qoruyub, nəsillərə
biz də hədiyyə
verək.
Hazırda ana dilimizin təmizliyini
qorumaq, müasir elmi konsepsiyalar baxımından tədqiq etmək ziyalıların borcudur. Heydər Əliyevin
bu barədə tövsiyəsini xatırlayaq:
“Hər bir xalq öz dili
ilə yaranır. Ancaq xalqın dilini yaşatmaq, inkişaf etdirmək və dünya mədəniyyəti
səviyyəsinə qaldırmaq
xalqın qabaqcıl adamlarının, elm, bilik
xadimlərinin fəaliyyəti
nəticəsində mümkün
olur.”
Doğrudur, dilimizin təmizliyinin
qorunmasında, onun dünya dilləri arasında layiqli yerini tutmasında, tanınmasında çox
iş görülür.
Dilimizin qorunması respublika rəhbərliyinin də daim diqqət mərkəzindədir. “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında”
Azərbaycan Respublikası
Prezidentinin fərmanı,
eyni zamanda “Azərbaycan Respublikasında
dövlət dili haqqında Azərbaycan Respublıkasının Qanunu”nun
qüvvəyə minməsi
haqqında fərman verilməsini və s. qeyd etmək olar. Amma bunlara baxmayaraq bəzi məsələləri
də nəzərdən
qaçırmamalıyıq:
Yaxşı olardı ki, xarici dövlətlərin
rəsmi və iş adamları ölkəmizdə fəaliyyətdə
olarkən yazılı
və şifahi ünsiyyət ana dilimizdə aparılsın.Vəzifəsindən
asılı olmayaraq hər bir şəxs
rəsmi görüşlərdə
və ziyafətlərdə
təmiz Azərbaycan dilində danışmalıdır.
Rəsmi sənədlərin ana dilində yazılması tarixi əhəmiyyət daşıyır və hər bir səlahiyyətli
şəxs bu məsələdə məsuliyyət
daşıdığını bilməlidir.
Qəzet, jurnal, radio və televiziya kanalları dilimizin saflığı və təmizliyi üçün çalışmalı,
Azərbaycan ədəbi
dil normasından kənara çıxmamalıdır.
Dilimizin işlənməsində narahatçılıq
doğuran məsələlərdən
biri də dialektlərin və məhəlli danışıq
tərzinin qarşısının
alınmasıdır. Vəzifə borcunu yerinə yetirərkən hər bir Azərbaycan vətəndaşı ədəbi
dil normasına əməl etməlidir.
Narahatlıq doğuran məsələlərdən
biri də reklam bazarında dilimizə qarşı olan laqeydlikdir. Ərzaq və
malların üz qabığındakı yazılara
xüsusi diqqət verilməli, yad adlardan istifadə olunmamalıdır.
“Dilimizi sevək və sevdirək”! Amalımız bu olsa hörmət qazanar, gələcək nəsillərə örnək
olarıq!
Sahilə MUSTAFAYEVA,
Azərbaycan Dillər Universitetinin
baş müəllimi.
Respublika.- 2013.- 21 fevral.- S. 6.