XOCALI QƏTLİAMI

 

Zamanzaman Azərbaycan xalqı ağır faciələrlə üzləşmiş, haqsızlıqlarla qarşılaşmışdır. Xalqımızın başına gətirilən belə faciələrdən biri də məhz Xocalı qətliamıdır. Xalqımız haradan biləydi ki, müdhiş Qanlı Yanvar gecəsindən sonra onu Xocalı soyqırımı kimi faciə gözləyir.

1992–ci il fevralın 25–dən 26–a keçən gecə Ermənistan Respublikasının silahlı birləşmələri, Dağlıq Qarabağdakı erməni yaraqlıları və keçmiş, uzun illər dünya ictimaiyyətinə “sülhsevər” ordu kimi təqdim edilən Sovet Ordusunun 366–cı motoatıcı alayı Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağın Xocalı şəhərini sakinləri ilə birlikdə məhv edərək insanlığa silinməz ləkə olan soyqırımı aktını törətdilər.

Cəmi bir neçə saat ərzində 613 nəfər dinc azərbaycanlı, o cümlədən 63 uşaq, 106 qadın, 70 qoca, yalnız azərbaycanlı olduğuna görə qəddarcasına, dözülməz işgəncə verilməklə öldürülmüş, 487 nəfərə ağır xəsarət yetirilmiş, 1275 sakin–köməksiz qocalar, uşaqlar, qadınlar girov götürülərək ağlasığmaz zülmə, təhqirlərə və həqarətə məruz qoyulmuşlar. Erməni hərbçiləri öldürdükləri insanların başlarının dərisini soymuş, müxtəlif əzalarını kəsmiş, körpə uşaqların gözlərini çıxarmış, hamilə qadınların qarınlarını yarmış, adamları diridiri torpağa basdırmış və ya yandırmışlar.

Azərbaycan xalqına qarşı misli görünməmiş bu soyqırımı, kütləvi və amansız qırğın aktı erməni qəsbkarlarının Azərbaycanın dövlət müstəqilliyini, ərazi bütövlüyünü hədəf almış məqsədyönlü irticaçı siyasətinin növbəti qanlı səhifəsi olmaqla, təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı irimiqyaslı cinayət idi. Lakin çox təəssüflər olsun ki, bu faciənin qarşısının alınması üçün respublikanın həmin dövrdəki rəhbərliyi tərəfindən, nəinki zəruri tədbirlər görülmədi, əksinə, faciə haqqında düzgün məlumatlar da ictimaiyyətə çatdırılmadı. Mən o zaman Qarabağ bölgəsində — Qubadlı rayon prokuroru vəzifəsində işləyirdim. Bu faciənin həqiqi miqyası barədə bir rayon prokuroru kimi mənim də məlumatım yox idi.

27 fevral 1992–ci ildə rəsmi mətbuatda “Xocalıda vəziyyət haqqında” Azərbaycan Respublikası Prezidenti Mətbuat xidmətinin məlumatı dərc edilmişdi. Xocalı yaşayış məntəqəsi yerlə–yeksan edildiyi, 613 nəfər dinc azərbaycanlı qəddarcasına qətlə yetirildiyi halda, məlumatda yalnız iki sakinin həlak olması göstərilmişdi(?!). Məlumatda daha sonra göstərilirdi ki, Xocalının erməni birləşmələri tərəfindən tutulması haqqında vahiməli şayiələr həqiqətə uyğun deyildir.

Hələ bu azmış kimi, fevralın 29–da MDB birləşmiş silahlı qüvvələri baş komandanı, aviasiya marşalı Yevgeni Şapoşnikovun Azərbaycan və Ermənistan respublikalarının rəhbərlərinə teleqramı da dərc edilmişdi. Mətbuat mərkəzinin məlumatından göründüyü kimi, teleqramda, o cümlədən qeyd edilirdi ki, “görülən müsbət tədbirlərə baxmayaraq, Dağlıq Qarabağ ətrafında vəziyyəti dinc yolla nizamlamağa doğru meyillər yoxdur. Məntiqə bax, Xocalı yaşayış məntəqəsinin yerlə–yeksan edilməsinə, günahsız insanların kütləvi surətdə qəddarcasına öldürülməsinə teleqramda görülən müsbət tədbir kimi qiymət verilirdi (?!).

Teleqramda daha sonra göstərilir ki, Baş komandan 366–cı motoatıcı polkunu Dağlıq Qarabağ ərazisindən çıxarmağı əmr etmişdir. Lakin artıq gec idi. 366–cı motoatıcı polk öz mənfur niyyətini həyata keçirmişdi.

Həmin vaxtdan artıq 21 il keçir və hamını belə bir haqlı sual düşündürür: bu faciənin qarşısını almaq mümkün idimi?!

Cavab isə birmənalıdır: Ölkəmizin həmin ağır vaxtlarında dahi şəxsiyyət Heydər Əliyev respublika rəhbərliyində olsaydı, nəinki Xocalı faciəsinin, hətta bundan əvvəl baş vermiş 20 Yanvar faciəsinin, həmçinin torpaqlarımızın 20 faizinin itirilməsi, bir sözlə, xalqımızın başına tarix boyu gətirilmiş digər faciələrin də, şübhəsiz ki, qarşısı alınmış olardı.

Ümummilli lider Heydər Əliyev haqlı olaraq müdrikcəsinə demişdir: “Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır”.

Xocalı faciəsi kimi kütləvi və aman

sız qırğın aktı Azərbaycanın dövlət müstəqilliyinə və ərazi bütövlüyünə qarşı çevrilmiş terror siyasətinin təzahürü olmaqla, təkcə azərbaycanlılara qarşı deyil, bütövlükdə insanlıq əleyhinə törədilmiş qəddar cinayət aktıdır. Erməni millətçiləri Xocalıda bu soyqırımı əməlini törədərkən doğma torpağını qəsbkarlara vermək istəməyən Azərbaycan xalqını qorxutmaq, onun mübarizə əzmini qırmaq və məhv etmək niyyəti güdmüşlər.

Erməni təcavüzü nəticəsində respublikamızın torpaqlarının 20 faizi işğal edilərək 900 yaşayış məntəqəsi zəbt edilmiş, 4366 sosial obyekt, 690 məktəb, 280 uşaq bağçası, 862 klub, 932 kitabxana, 1831 kino qurğusu, 855 məktəbəqədər müəssisə, 656 poliklinika, ambulatoriya, aptek və digər tibb müəssisəsi, xalqın ibadət yeri olan 10 məscid dağıdılmış, Ermənistandan qovulmuş soydaşlarımızın 380 kəndi ələ keçirilmişbütün var–dövləti orada qalmışdır. Bununla da respublikamıza təxminən 50 milyard ABŞ dollarından artıq məbləğində ziyan dəymişdir.

Kütləvi informasiya vasitələrində gedən məlumatlardan göründüyü kimi, ermənilər işğal edilmiş ərazilərdə kütləvi yanğınlar törədirlər. Bunların isə respublikamızın flora və faunasına, bir sözlə, ekoloji durumuna ciddi zərər vurmasını nəzərə alsaq, ölkəmizə vurulan ziyanın məbləği ilbəil, aybaay deyil, günbəgün artır. Ümumiyyətlə, bütün bunları nəzərə alsaq respublikamıza vurulmuş ziyanın məbləği 60 milyard ABŞ dollarından artıqdır.

Bu, işğalın yalnız maddi nəticəsidir. Bəs mənəvi zərər?!. Atalar demişkən: “Qılınc yarası sağalar, söz yarası sağalmaz”. Bu, doğrudan da belədir. Mənəvi ziyanı isə kompensasiya etmək qeyrimümkündür.

Ümummilli lider Heydər Əliyev 15 iyun 1993– ildə hakimiyyətə qayıtdıqdan sonra, ölkə başçısı kimi, bütün xarici səfərlərində dövlət rəsmiləri ilə, adamları ilə, ictimaiyyətin nümayəndələri ilə görüşlərində yorulmaq bilmədən xəritə ilə əyani surətdə Qarabağ həqiqətlərini onlara çatdırmış və beynəlxalq aləmdə Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi, bu ərazinin tarixən Azərbaycan torpaqları olması haqqında obyektiv fikrin formalaşdırılmasına çalışmışdır.

Ümummilli lider Heydər Əliyev demişdir: “Bizim əsas problemimiz Ermənistanın Azərbaycana təcavüzünü aradan qaldırmaq, işğal olunmuş torpaqlarımızı azad etmək, respublikanın ərazi bütövlüyünü təmin etməkdir”.

Xocalı faciəsi qondarma “Dağlıq Qarabağ problemi” ilə bilavasitə əlaqədardır, odur ki, bununla bağlı bir məqamı da qeyd etmək, xüsusilə yerinə düşər. Xalqımız bu problemin beynəlxalq hüquq normalarına müvafiq dinc yolla yaxın vaxtlarda ədalətli həllini səbirsizliklə gözləyir. Lakin Qarabağ probleminin dinc yolla həlli istisna olduğu halda, Silahlı qüvvələrimizin Ali Baş Komandanı, möhtərəm Prezidentimiz İlham Əliyevin dəfələrlə bəyan etdiyi kimi, torpaqlarımızın sülh yolu ilə azad olunması mümkün olmazsa, bu torpaqların müharibə yolu ilə geri qaytarılması xalqımızın təbii, ayrılmaz və konstitusion hüququdur.

Çox təəssüflər olsun ki, Xocalı qətliamından 21 il keçməsinə, hazırda 6 ölkə tərəfindən Xocalı soyqırımı tanınmasına baxmayaraq, bütövlükdə beynəlxalq ictimaiyyət tərəfindən bu soyqırımına lazımi qiymət verilməmiş və bunu törədən cinayətkarlar bu günə qədər öz layiqli cəzalarını almamışlar. İslam Əməkdaşlıq Təşkilatının (İBT) quruma üzv ölkələrin dövlət başçılarının iştirakı ilə bu ilin fevralın 6–7–də Misirin paytaxtı Qahirə şəhərində keçirilən XII sessiyası Xocalı faciəsini soyqırım aktı və insanlığa qarşı törədilmiş cinayət kimi tanımışdır.

Bu ağır matəm günlərində biz Xocalı soyqırımı qurbanlarının ailə üzvlərinə və yaxınlarına, bütün xalqımıza dərin hüznlə başsağlığı verir və Şəhidlərimizə “Allah rəhmət eləsin” – deyirik.

 

 

İlham Abbasov,

Ədliyyə Nazirliyi Ədliyyə

Akademiyasının prorektoru,

Hüquq üzrə fəlsəfə doktoru,

Baş ədliyyə müşaviri,

prokurorluğun fəxri işçisi.

 

Respublika.- 2013.- 21 fevral.- S. 5.