Yasamal: müsbət
dinamika davam edir
Paytaxtın mərkəzində yerləşən və geniş əraziyə malik olan Bakının Yasamal rayonunda son illər inkişaf tempi sürətləndirilmiş, sosial–iqtisadi sferada uğurlar qazanılmış, abadlıq və quruculuq işləri vüsət almış, insanların həyat tərzi maksimum səviyyəyə qaldırılmışdır. Bir sözlə, rayon coşqun inkişaf, sürətli yüksəliş yolundadır.
Ötən il Azərbaycanda geniş vüsət alan sosial–iqtisadi inkişaf, aparılan quruculuq və abadlıq işləri Yasamal rayonunda da yüksək templə davam etdirilmiş, rayon bu inkişaf prosesinə öz layiqli töhfələrini vermişdir. Qazanılan hər bir nailiyyətə dövlət başçısının göstərdiyi böyük diqqət və qayğı sayəsində nail olunub. Ölkə Prezidentinin birbaşa təşəbbüsü və himayəsi sayəsində son illər rayonda mühüm obyektlərin inşası uğurla başa çatdırılıb. Çoxsaylı səhiyyə və təhsil müəssisələri, yollar, yol ötürücüləri, piyada keçidləri, parklar, infrastruktur obyektləri, dünya standartlarına cavab verən otellər, yeni inzibati binalar istifadəyə verilmişdir. Görülmüş bütün işlər rayon sakinlərində dövlətə inamı, Prezidentimizə etimadı daha da artırmışdır. Ümummilli lider Heydər Əliyevin siyasi kursunun alternativi olmadığını bir daha təsdiq etmişdir.
Rayonun sosial–iqtisadi həyatında son illər əldə olunan sürətli inkişaf 2012–ci ildə də davam etdirilib. Həm sosial, həm də iqtisadi sahələrdə yeni nailiyyətlər qazanılıb. Belə ki, ötən ilin yekunlarına əsasən rayon üzrə sənaye məhsulunun ümumi həcmi 198,5 milyon manat, nəqliyyat sektorunda xidmətlərin həcmi 1 milyard 577 milyon manat olmuşdur. Rabitə xidmətlərinin həcmi 184 milyon manat, ümumi investisiyadan tikinti–quraşdırma işləri 570 milyon manat təşkil etmişdir. Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə müvafiq olaraq 123,7 və 129,3 faiz deməkdir.
Pərakəndə əmtəə dövriyyəsi 792 milyon manat, əhaliyə göstərilən pullu xidmətlər 635 milyon manat olmuşdur ki, bu da 2011–ci illə müqayisədə 103,7 faiz və 121,8 faiz təşkil edir. Orta aylıq əmək haqqı 6,9 faiz artaraq, 488,5 manat olmuşdur.
2012–ci il ərzində rayonda 4179 yeni iş yeri açılmışdır ki, onlardan 421–i yeni yaradılmış müəssisə və təşkilatlarda, 1139–u mövcud və bərpa olunmuş müəssisələrdə, 2619–u isə fiziki şəxslərdən ibarət olmuşdur.
Yasamal rayonu Bakının mərkəzi rayonlarından
biridir. Azərbaycan
Respublikasının bir çox nazirlikləri, nüfuzlu ali təhsil
ocaqları, başda təhsilimizin flaqmanı, son illər
ölkəmizdə elm və təhsilin inkişafında
çox böyük uğurlar əldə etmiş olan
Bakı Dövlət Universiteti, Azərbaycan Milli Elmlər
Akademiyasının bir çox aparıcı elmi–tədqiqat
institutları, özünün dinamik inkişafı, nümunəvi
nizam–intizamı ilə fərqlənən Bakı metropoliten
idarəsi və sairə rayonda yerləşir. Bir
çox istirahət və gəzinti parkları, tarixi şəxsiyyətlərin
abidələri bu rayonun ərazisindədir. Rayon son illərdə çox inkişaf etmişdir.
Prezident İlham Əliyevin diqqət və
qayğısı sayəsində son illərdə
genişmiqyaslı abadlıq–quruculuq işləri rayonda da
öz əksini tapıb.
Ölkə başçısı rayonda aparılan
işlərə xüsusi əhəmiyyət verib, mütəmadi
olaraq aparılan işlərin gedişi ilə maraqlanıb,
açılış mərasimlərində şəxsən
iştirak edib.
Təkcə ötən il cənab
İlham Əliyev 9 dəfə rayonda olmuşdur.
“2011–2013–cü
illərdə Bakı şəhəri və onun qəsəbələrinin
sosial–iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icra olunması rayonun yol təsərrüfatı,
abadlıq və yaşıllaşdırma, təhsil, səhiyyə
sahələrində öz müsbət nəticələrini
göstərməkdədir.
Dövlət Proqramında rayonun problemləri ilə əlaqədar
53 bəndin 25–i tamamilə icra olunmuş, 14 bəndi icra
olunmaqdadır.
Qalan tədbirlərin icrası isə bu ilə
nəzərdə tutulmuşdur.
Hesabat ili ərzində rayon icra hakimiyyəti tərəfindən
İnşaatçılar prospektində sahəsi 3500
kvadratmetr olan ərazidə yeni park salınmışdır. Ulu öndər Heydər Əliyevin anadan
olmasının 89–cu ildönümündə istifadəyə
verilən bu parkın açılışını ölkə
başçısı həyata keçirmişdir.
2012–ci ildə rayonun Mikayıl Müşfiq küçəsi
boyunca Mətbuat prospektindən “Kempinski–Badamdar otelinə qədər
olan ərazidə genişmiqyaslı abadlıq işləri
görülmüşdür. Mətbuat prospekti
501–ci məhəllədə 3000 kvadratmetr sahədə yeni
yaşıllıq zolağı və istirahət parkı
salınmışdır.
Hesabat
ilində 5 yaşayış məhəlləsində–Mətbuat
prospekti 29, Şərifzadə küçəsi 75A,
Talıblı küçəsi 32, H.Cavid prospekti 91 və
Şəfahət Mehdiyev 97 və 94 saylı evlərin
qarşısındakı məhəllələrdə
genişmiqyaslı abadlıq işləri aparılaraq
nümunəvi həyətlər yaradılmışdır. Sonuncu məhəllədə uşaqların asudə
vaxtının səmərəli keçirilməsi məqsədilə
mini futbol meydançası tikilib istifadəyə
verilmişdir. Rayon ərazisində 6
yaşayış binasının fasadında yenidənqurma və
bərpa işləri görülmüşdür.
Hesabat
ilində 180 yaşayış binasında 16100 kvadratmetr
müxtəlif örtüklü dam örtüyü, 57
yaşayış binasında 3510 poqonmetr aşağı
paylayıcı istilik xətləri dəyişdirilmişdir. İl ərzində 432000 kubmetr məişət,
40320 kubmetr isə süpürüntü və digər
tullantılar Balaxanı zibilxanasına daşınaraq zərərsizləşdirilmişdir.
Ötən il ərzində magistral yollara
456000 kvadratmetr məhəllədaxili yollara isə 115000
kvadratmetr asfalt örtüyü salınmışdır.
Rayonun Zərdabi, Şərifzadə küçələri
tamamilə yenidən qurulmuş, müasir
işıqlandırma sistemi tətbiq edilmişdir. 24 ədəd müxtəlif təyinatlı
qeyri–qanuni tikili, 6 ünvanda zəbt olunmuş torpaq sahəsi ətrafına
çəkilmiş hasarlar sökülmüşdür.
Rayon
sakinlərinə göstərilən xidmət səviyyəsinin
yaxşılaşdırılması və onların ucuz və
keyfiyyətli kənd təsərrüfatı məhsulları
ilə təmin edilməsi, yerli sahibkarlığın dəstəklənməsi
və süni qiymət artımının
qarşısının alınması məqsədilə təşkil
edilən yarmarkanın fəaliyyət göstərdiyi sahədə
rayon icra hakimiyyəti tərəfindən 8000 kvadratmetr sahəyə
asfalt örtüyü salınmış, 500 kvadratmetr
hörgü işi görülmüş, 1500 kvadratmetr sahədə
rəngləmə işləri aparılmış, 100 ədəd
satış piştaxtası quraşdırılaraq nümunəvi
yarmarka yaradılmışdır. 5 kənd rayonlarının
sahibkarlarının təhkim olunduğu bu satış
yarmarkasına hər həftənin şənbə və
bazar günləri 60–75 ton kənd təsərrüfatı məhsulları
satışa çıxarılır ki, bu məhsulların
satış qiymətləri bazar qiymətlərindən 20–25
faiz az olur.
Əvvəlki illərdə olduğu kimi, hesabat ilində
də rayon əhalisinin sosial müdafiəyə ehtiyacı
olan təbəqələrinə göstərilən xidmət
daim diqqət mərkəzində olmuşdur. Sosial
yardıma ehtiyacı olan insanların müəyyənləşdirilməsi,
yoxsulluq həddində yaşayan ailələrə
ünvanlı sosial yardımların tətbiqi sahəsində
müəyyən işlər görülmüşdür.
Ünvanlı dövlət sosial yardımı “Dövlət
Proqramı” çərçivəsində rayon əhalisinə
Sosial Müdafiə Mərkəzi tərəfindən 17290 nəfər
ailə üzvü olmaqla 4673 ailəyə Ünvanlı sosial
yardım verilmişdir. Sosial xidmətdə olan
320 tənha və kimsəsizin problemlərinin həlli,
müxtəlif formada onlara maddi və mənəvi
yardımların göstərilməsi təmin olunmuşdur.
Mərkəz tərəfindən 16 nəfərə
sanator–kurort müalicəsi üçün göndərişlər
verilmiş, 48 nəfər əlil isə Nabran istirahət mərkəzinə
göndərilmişdir. 19 nəfərə
pulsuz avtomobillər verilmişdir. 325 nəfər
Böyük Vətən müharibəsi, 20 Yanvar və
Qarabağ müharibəsi əlilləri Prezident təqaüdü
alır.
Hesabat dövründə rayon əhalisinin və müəssisələrin
elektrik enerjisi, qaz, istilik, içməli su təminatının
daha da yaxşılaşdırılması məqsədilə
məqsədyönlü işlər
görülmüşdür.
Qaz təchizatı
sahəsində Cənubi Sovet meydanı, N.Nərimanov prospekti,
Əbilov, M.Fətəli, B.Məcidov, Z.Əhmədbəyov,
X.Mustafayev küçələrində qaz kəmərlərinin
uzun müddət istismarda olması və yeni çoxmərtəbəli
binaların inşası nəticəsində vətəndaşların
qaza olan tələbatının tam ödənilməməsi
səbəbindən qaz kəmərlərində əsaslı
təmir işlərinə ehtiyac yaranmışdır.
İstilik təchizatı üzrə rayon ərazisində
174 yaşayış binası istiliklə təmin olunmur,
onlardan 4 bina üçün hazırda qazanxananın əsaslı
təmiri aparılır. 62 bina üçün istilik mənbəyi
olmadığına görə qazanxanaların tikintisinə
ehtiyac var. Digər binalarda isə yararsız vəziyyətə
düşmüş aşağı paylayıcı, binadaxili
və məhəllədaxili sistemlərdə əsaslı təmir
işləri aparılmalıdır.
Azərbaycan
Respublikası Prezidentinin sərəncamı ilə təsdiq
edilmiş “2011–2013–cü illərdə Bakı şəhərinin
və onun qəsəbələrinin sosial–iqtisadi
inkişafının Dövlət Proqramı”na əsasən
Yasamal rayonunda 11 məktəbin, 21 məktəbəqədər
uşaq müəssisəsinin əsaslı təmiri, yenidən
qurulması və Yeni Yasamal yaşayış massivində məktəbəqədər
uşaq müəssisəsinin tikintisi nəzərdə
tutulmuşdur.
Rayonun ümumtəhsil məktəblərinin pedaqoji
kollektivləri təhsilin məzmununun yeniləşdirilməsi,
keyfiyyətcə yaxşılaşdırılması, gənc
nəslin bir şəxsiyyət kimi
formalaşdırılması istiqamətində müəyyən
işlər görmüşlər. Bu, özünü 2011/2012–ci il Tələbə Qəbulu üzrə
Dövlət Komissiyasının yekunlarında göstərmişdir.
Bakı şəhəri üzrə Təhsil İdarəsinin
tabelyində olan 21 tam orta məktəbin şagirdlərinin ali
təhsil müəssisələrinə qəbul göstəriciləri
49,2 faiz təşkil etmişdir. Rayonun 7 məktəbinin (60, 308, 52, 20, 175, 158, 167
N–li) qəbul göstəriciləri şəhər göstəricisindən
yüksək olmuşdur. Şəhər
üzrə göstərici 52 faiz təşkil etmişdir.
Digər 14 məktəbin göstəriciləri
25 faizdən 46 faizədək olmuşdur. 600–dən
çox bilik balı toplayanların
sayı 20 nəfərdir.
Təhsilin keyfiyyətinə təsir göstərən əsas
amillərdən biri şagirdlərin dərsə davamiyyət
göstəricisidir. Rayonda yerləşən Bakı şəhəri
üzrə Təhsil İdarəsinin 21 ümumtəhsil müəssisəsində
29 noyabr tarixdən 22 dekabr 2012–ci il tarixədək
9–10–11–ci sinif şagirdlərinin dərsə davamiyyəti
yoxlanılmış və təhlil edilmişdir. Təhlil
zamanı 9–cu siniflərdə dərsə davamiyyətin 82
faiz, 10–cu siniflərdə 72,6 faiz, 11–ci siniflərdə
isə 67 faiz olması müəyyən edilmişdir. Bu rəqəmlərdən görünür ki,
üzürsüz səbəbdən dərs buraxmış
şagirdlər arasında 10–11–ci sinif şagirdlərinin
xüsusi çəkisi yüksəkdir. Bu
da bəzi məktəb rəhbərliyinin, onun müavinlərinin,
xüsusən də ünsiyyətdə olduqları sinif rəhbərlərinin
bu işə lazımi diqqət göstərməməsi nəticəsində
əmələ gəlmişdir. Yoxlama
göstərmişdir ki, müəllimlər dərsə davam
etməyən, dərsdən yayınan şagirdlərin dərsdə
olub–olmamaları barədə heç də hər zaman sinif
jurnallarında qeydlər aparmırlar. Uzun
müddət dərsə davam etməyənlərlə,
onların valideynləri ilə izahat işi aparılmır.
Onların dərsə qayıtmaları
üçün görülən tədbirlər lazımi nəticəni
verməmişdir.
Ümumtəhsil məktəblərinin rəhbərləri,
pedaqoji kollektivləri səbəbləri
araşdırmalı, təhsilin səviyyəsinin yüksəldilməsi
istiqamətində təsirli tədbirlər görməlidirlər.
Rayon icra hakimiyyəti rayonun müalicə–profilaktika
müəssisələri ilə birgə rayon əhalisinin
sağlamlığını daim diqqət mərkəzində
saxlamışdır. Güzəştli əhali qrupuna pulsuz dərman
preparatlarının verilməsi istiqamətində rayonun
müalicə–profilaktika müəssisələri tərəfindən
müəyyən işlər görülmüşdür.
Lakin aparılan təhlillər göstərmişdir
ki, bəzi xəstəliklərin dinamikası əvvəlki
illərlə müqayisədə artmışdır. Məsələn, rayon qeydiyyatında aktiv formalı
vərəm xəstələrinin sayı 2011–ci ildə 258 nəfər
olmuşdursa, bu rəqəm 2012–ci ildə 264–ə
çatmışdır. 2011–ci illə
müqayisədə 2012–ci ildə şəkərli diabet xəstələrinin
sayı 550 nəfər, qan və qanyaradıcı orqan xəstələri
isə 6 nəfər artmışdır. Bu
və digər xəstəliklərin artma tendensiyası
şura iclaslarında, yekun hesabatlarında müzakirə
olunsa da, görülən işlər kifayət etməmişdir.
Rayonun müalicə–profilaktika müəssisələri
ilə birgə bir daha bu xəstəliklərin
artmasını təhlil etməli və tibbi xidmətin
yaxşılaşdırılması, xəstəliklərin
profilaktikası məqsədilə yeni tədbirlər işlənib
hazırlanmalıdır.
Səhiyyə müəssisələrinin maddi–texniki
bazalarının möhkəmləndirilməsi istiqamətində
də xeyli işlər görülür.
13 saylı uşaq poliklinikasında əsaslı təmir
işləri isə başa
çatdırılmışdır.
Təhsil və səhiyyə müəssisələrinin
istiliklə təchizatı məsələləri də nəzarətdə
olmuşdur. Bu məqsədlə istilik qazanxanalarının əsaslı
təmiri, modernləşdirilməsi, yeni istilik mənbələrinin
yaradılması kimi işlərin görülməsi də
Dövlət Proqramında xüsusi yer tutmuşdur.
Hesabat ili ərzində Azərbaycan Respublikası
Prezidentinin sərəncamı ilə 2012–ci ilin “İdman ili”
elan edilməsi ilə bağlı rayonda bu işin yüksək
səviyyədə təşkili məqsədilə rayon icra
hakimiyyəti başçısının müvafiq sərəncamı
imzalanmış və tədbirlər Planı təsdiq
edilmişdir. Tədbirlər planına əsasən
rayonda bir sıra idman yarışları keçirilmişdir.
Bu sırada ulu öndər Heydər Əliyevin
anadan olmasının 89–cu ildönümünə həsr
olunmuş oğlanlar və qızlar arasında mini futbol,
voleybol və basketbol yarışlarını göstərmək
olar. Aidiyyəti idman təşkilatları
ilə birgə yeniyetmə və gənclər arasında
sambo turniri, “İdman və sağlamlıq mövzusunda” rəsm
müsabiqəsi keçirilmişdir. “İdman ili”nin yekunu ilə əlaqədar 22 noyabr 2012–ci il
tarixdə rayon icra hakimiyyətində ictimaiyyətin
iştirakı ilə toplantı keçirilmiş, əldə
olunan uğurlardan və qarşıda duran vəzifələrdən
danışılmışdır. Bir qrup
idmançıya fəxri fərmanlar, qiymətli hədiyyələr
verilmişdir.
Avropa Olimpiya Komitəsinin Baş Məclisində birinci
Avropa Olimpiya oyunlarının Bakıda keçirilməsi
haqqında qərarı bütün Azərbaycan xalqı kimi
Yasamal rayon əhalisinin, onun idman ictimaiyyətinin, böyük
sevincinə səbəb olmuşdur.
Hesabat
ilində gənclərin ordu sıralarına
çağırışı ilə əlaqədar rayon Səfərbərlik
və Hərbi Xidmətə Çağırış
üzrə Dövlət Xidmətinin rayon İdarəsi
yaxşı işləmiş, Azərbaycan Respublikası
Prezidentinin sərəncamlarına və Nazirlər Kabinetinin qərarlarına
müvafiq qaydada əməl edilmişdir. Bütün
çağırışlarda müsbət nəticə əldə
edilmişdir.
Hesabat dövründə rayon bələdiyyəsi də
rayonun sosial–iqtisadi inkişafında, yerli məsələlərin
həllində və abadlıq–quruculuq işlərində fəal
iştirak etmişdir. Belə ki, rayon icra hakimiyyəti ilə Yasamal Bələdiyyəsinin
fəaliyyətinin Koordinasiya Şurası və bələdiyyənin
illik iş planına uyğun olaraq yerli məsələlərin
həlli və abadlıq–quruculuq üzrə bir sıra işlər
görülmüşdür.
Ümumilikdə
2012–ci il ərzində Yasamal Rayon İcra Hakimiyyətinə
2837 ərizə şikayət və təklif daxil olub (2011–ci
ildə 3225 müraciət). Vətəndaşlardan daxil
olmuş 2743 müraciətdən 2687 müraciətə
baxılaraq 717 müraciət müsbət, 268–i qismən həll
olunmuş, 920–nə müvafiq izahat verilmiş, 81 müraciət
tabeli təşkilatlara göndərilmiş, 573 müraciət
isə əsassız hesab edilmişdir. Vətəndaşlardan
daxil olmuş müraciətlər əsasən mənzil, təmir–tikinti,
sahibkarlığın inkişafı, təhsil sahəsi ilə
əlaqədar olmuşdur. Ötən il
ərzində vətəndaşların qəbulu və
müraciətləri ilə iş məsələləri
icra hakimiyyəti başçısı aparatında müxtəlif
müşavirələrdə 21 dəfə müzakirə edilmişdir.
Vətəndaşların qəbulu əvvəlki illərdə
olduğu kimi təsdiq olunmuş cədvələ əsasən
aparılmışdır.
2012–ci ildə icra hakimiyyəti
başçısının aparatında 3167 vətəndaş
qəbul edilmişdir. İcra hakimiyyəti başçısının qəbulunda
ötən il ərzində 410 nəfər
olmuşdur. Qəbul zamanı vətəndaşların
müraciətləri əsasən mənzil məsələsi,
evlərin təmiri, abadlıq işlərinin
aparılması, kommunal problemlərin həllinə köməklik
göstərilməsi ilə əlaqədar olmuşdur.
Ümumiyyətlə, 2012–ci ildə Yasamal rayonunun
sosial–iqtisadi inkişafı və genişmiqyaslı
abadlıq–quruculuq işlərinin aparılması, əhaliyə
göstərilən kommunal məişət xidmətlərinin
səviyyəsinin daha da yaxşılaşdırılması
istiqamətində əhəmiyyətli işlər
görülmüşdür.
Görülmüş işlərlə yanaşı,
qarşıda daha mühüm vəzifələr durur.
Azərbaycan Respublikasının Prezidentinin ümummilli
lider Heydər Əliyevin 90 illik yubileyinin qeyd edilməsi
haqqında sərəncamını əldə rəhbər
tutaraq rayon icra hakimiyyəti silsilə tədbirlər
planını təsdiq etmişdir. Tədbirlər
planına əsasən Heydər Əliyevin 90 illik yubileyinin
rayonda yüksək səviyyədə qeyd edilməsi təmin
olunacaqdır. Belə ki, şəhərin şimal hissəsindən
rayona girişdə 1,3 hektar ərazinin abadlıq, quruculuq
işlərinin aparılması və yaşıllıq sahəsinin
salınması, Akim Abbasov küçəsi ev 1, Yeni Yasamal
yaşayış massivi ev 54, Zahid Xəlilov küçəsi
570–ci məhəllədə nümunəvi həyətlərin
yaradılması və mövcud nümunəvi həyətlərin
bərpası, “2011–2013–cü illərdə Bakı şəhərinin
və onun qəsəbələrinin sosial–iqtisadi
inkişafı Dövlət Proqramı”na əsasən rayonun
53, 153, 158, 167 N–li tam orta məktəblərin, 38, 68, 79, 93, 98
nömrəli məktəbəqədər uşaq müəssisələrinin
əsaslı təmiri, 99 N–li körpələr evi–uşaq
bağçası üçün əlavə korpusun
tikintisi işlərinin gedişini nəzarətdə saxlamaq və
vaxtında iştifadəyə verilməsinə nail
olunacaqdır.
Yeni
Yasamal yaşayış massivində yeni uşaq
bağçasının tikintisi, şəhər, uşaq
poliklinikalarının və təcili tibbi yardım xidmətlərinin
köməkçi yardım stansiyasının tikintisi, idman
kompleksinin tikintisi, istirahət parkının yenidənqurulması
və bərpası, 19 saylı şəhər
poliklinikasının əsaslı təmiri, rayon əhalisinin
fasiləsiz içməli su ilə istiliklə təchiz
olunmayan 174 yaşayış binasının istiliklə təmin
olunmasına nail olunacaq və istilik mənbəyi olmayan 62
yaşayış binası üçün qazanxanaların tikintisi
başa çatdırılacaqdır.
12 fevral
2013–cü il tarixdə Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə
“Azərbaycan Respublikası regionlarının 2009–2013–cü
illərdə sosial–iqtisadi inkişafı Dövlət
Proqramı”nın icrasının dördüncü ilinin
yekunlarına həsr olunmuş konfrans keçirilmişdir. Konfransda həyatımızın bütün sahələrində
olan inkişaf, əldə edilən uğurlar qeyd edilməklə
yanaşı, dövlət məmurlarının,
qulluqçularının vətəndaşlara qayğı
göstərilməsi, onlarla təmasda olmaq, istəklərini
dinləmək kimi vəzifələrini unutmaları
qabarıq şəkildə qeyd olunmuşdur. Həmçinin möhtərəm Prezidentimiz tərəfindən
kəskin şəkildə qeyd edildiyi kimi, bəzi vəzifəli
şəxslər bundan nəticə çıxarmır,
öz fəaliyyətlərində cəmiyyətin, vətəndaşların
maraq və mənafelərini lazımi şəkildə nəzərə
almırlar və insanları narazı salırlar.
Ayrı–ayrı hallarda məmurların
övladlarının özlərini pis aparması,
insanları alçaltması, təhqir etməsi, valideynlərinə
arxalanması, qanunlara məhəl qoymamaları, ictimaiyyətə
açıq hörmətsizlik etməsi, şübhəsiz
ki, cəmiyyət arasında ciddi narazılığa səbəb
olur. Sahibkarları rayon səviyyəli problemlərin həllinə
cəlb etməklə, onların vəsaitlərinin istifadə
edib sonradan onu qaytarmamaqla çox böyük
haqsızlığa yol verilir. Sahibkarlar təbəqəsinə
lazımi dəstək vermirlər, hətta bəzən
onları incidirlər, maneçilik törədirlər, əlavə
haqq tələb edirlər.
Azərbaycan Respublikasının Prezidenti öz
çıxışı ilə hər bir vətəndaşın
yanında olduğunu, bütün baş verən neqativ
hallardan xəbərdar olduğunu və haqqı tapdalanan vətəndaşı
məmur özbaşınalığından
qoruyacağını bir daha xatırlatdı və bu cür
hallara yol verən vəzifəli şəxslərə son xəbərdarlığını
çatdırdı. Qoyduğu tələblər ən
aşağı dövlət qulluqçusundan tutmuş ən
yuxarı dövlət məmurunadək hamıya aiddir, ciddi
göstərişdir, tələbdir.
Cənab Prezident konkret olaraq göstərdi ki, dövlət
qulluqçusu ən nümunəvi davranışa malik
olmalı, ən təvazökar insan olmalıdır. Vətəndaşlara
diqqətsizlik, qayğısızlıq hallarına birdəfəlik
son qoyulmalıdır.
Mərkəzi
və yerli icra hakimiyyəti, hüquq–mühafizə
orqanları tərəfindən əhalinin haqlı
narazılığına səbəb olan,
sahibkarlığın inkişafına süni əngəl
yaradan, tikinti, nəqliyyat, ticarət, iaşə, təhsil, səhiyyə,
sosial müdafiə və sair sahələrdə neqativ faktlar,
rüşvətxorluq, korrupsiya halları vətəndaşların
qəbulu, müraciətlərinə baxılması zamanı
yol verilən nöqsanlar aradan qaldırılmalıdır.
Cənab İlham Əliyevin dəfələrlə
vurğuladığı kimi, bizim hər birimizin
başlıca vəzifəsi vətəndaşlarımıza
layiqli və vicdanlı xidmət göstərməkdir. Yasamal rayonunda
fəaliyyət məhz bu prinsip əsasında qurulacaqdır.
Əminliklə
qeyd etmək olar ki, 2013–cü ildə Yasamal rayonunda uğurlar
estafeti davam etdiriləcək, iqtisadi göstərişlər
artacaq, rayon öz liderlik mövqeyini qoruyub saxlayacaq və
Prezident İlham Əliyev tərəfindən qarşıya
qoyulan vəzifələr uğurla icra olunacaqdır.
Qədir ASLAN
Respublika.- 2013.- 21 fevral.- S. 2.