ERMƏNİLƏRİN
AZƏRBAYCAN XALQINA QARŞI ƏRAZİ İDDİALARI,
SOYQIRIMLARI VƏ DEPORTASİYALAR
Dünyanın
fövqəlgüc dövlətlərinin himayəsi
altında olan “Şərq məsələsi”
və onun əsas tərkib hissəsi kimi “erməni məsələsi”nin
yaranmasından iki əsrdən artıq zaman keçsə də, siyasi–hərbi təzyiq
vasitəsi olaraq beynəlxalq münasibətlər sistemində öz
təsir gücünü saxlamaqda,
həm Türkiyə, həm də Azərbaycana yeni–yeni problemlər
doğurmaqdadır.
Hazırda
neoimperialist mövzuda
yazılan qərəzli yazılar və söylənilən riyakar fikirlər tarixi həqiqətlərə,
arxiv sənədlərinə deyil, müəyyən dairələrin
maraqlarına və zərərli ideologiyaların təbliğatına
əsaslanmışdır. Buna görə də “Şərq məsələsi”nin,
o cümlədən də “erməni məsələsi”nin
əsl mahiyyətini tarixi həqiqətlərə,
arxiv sənədlərinə əsasən
şərh etmək və beynəlxalq ictimaiyyətə
çatdırmaq Azərbaycan
tarixşünaslığının əsas vəzifələrindəndir.
Tarix elmləri doktoru
Ataxan Paşayevin “Ermənilərin
Azərbaycan xalqına qarşı ərazi iddiaları,
soyqırımları və deportasiyalar
(XIX–XX əsrlər)” adlı tədqiqatı bu
baxımdan çox əhəmiyyətlidir.
Kitab 20
ildən artıqdır ki, beynəlxalq
münasibətlər sisteminin gündəliyində
olan, lakin ikili standartlar və qərəzli
yanaşmalarla “tənzimləndirilməyə”
çalışılan Qarabağ probleminin, 20 Yanvar faciəsinin,
Xocalı soyqırımının, Azərbaycan ərazisinin
20 faizinin işğalının, bir milyondan artıq qaçqın–köçkün probleminin
əsl səbəblərini, bu hadisələr
zamanı törədilən vəhşilikləri, cinayətləri
ortaya qoymaqla
yanaşı, son Qarabağ
hadisələrinə qədər də Azərbaycana və azərbaycanlılara
qarşı törədilmiş soyqırım və
deportasiyaların real mənzərəsini
göstərmişdir.
Bu kitab “erməni
məsələsi”lə bağlı Azərbaycan həqiqətlərini
yaymaq, Ermənistan–Azərbaycan
Dağlıq Qarabağ münaqişəsinin
mahiyyətini təhrif edənlərə elmi
ədəbiyyat və arxiv sənədlərindən
istifadə etməklə tutarlı cavab
vermək baxımından təqdirəlayiqdir.
Mövzunun aktuallığını nəzərə
alaraq əsəri oxuculara
təqdim edirik.
Allahşükür QURBANOV,
“Respublika”.
(əvvəli 12, 13, 15, 16, 17, 19, 20 və 21 fevral tarixli
saylarımızda)
***
ERMƏNİLƏRİN SOVET HAKİMİYYƏTİ İLLƏRİNDƏ AZƏRBAYCAN
TORPAQLARI HESABINA ÖZ
ƏRAZİLƏRİNİ GENİŞLƏNDİRMƏSİ VƏ AZƏRBAYCANLILARIN HƏMİN
ƏRAZİLƏRDƏN DEPORTASİYASI
(1920–1990–cı illər)
a) Ermənistan sovetləşdikdən sonra ərazi məsələləri barədə erməni sovet rəhbərlərinin strategiyası.
1920–ci il aprelin 27–də XI Ordu tərəfindən yenidən işğal edildikdən sonra Azərbaycanda Sovet hakimiyyəti qurulmasına baxmayaraq, Azərbaycandan ayrı düşmüş Zəngəzur, Naxçıvan və Şərur–Dərələyəzdə yenə də qeyri–müəyyən vəziyyət hökm sürürdü. Bu ərazilərə böyük iddiaları olan daşnak Ermənistanı, bütün vasitələrdən istifadə edərək bu əraziləri öz əllərində saxlayırdılar. 1920–ci ilin yayında əzəli Azərbaycan torpaqları olan keçmiş Zəngəzur, Naxçıvan və Şərur–Dərələyəz torpaqları uğrunda Sovet Rusiyası ilə daşnak Ermənistanı arasında hərbi əməliyyatlar getdiyi bir vaxtda onların arasında siyasi və diplomatik danışıqlar da davam etdirilirdi. Bu danışıqlarda Azərbaycanın iştirakı olmadan onun torpaqlarının Ermənistana verilməsi məsələsi də müzakirə olunurdu.
Bununla bağlı N.Nərimanov V.Leninə məktubunda yazırdı: “Dəhşətli vəziyyət yaranmışdı. Mərkəz Gürcüstan və Ermənistanın müstəqilliyini, Azərbaycanın isə istiqlaliyyətini tanımış, lakin eyni zamanda həmin mərkəz Azərbaycanın tamamilə mübahisəsiz ərazilərini Ermənistana verir…”.
Onu da qeyd edək ki, İ.Stalinin 1920–ci il noyabrın 9–da Bakıda Az.K(b)PMK və Bakı komitəsinin birləşmiş plenumundakı çıxışında bu məsələyə münasibəti çox şeylərdən xəbər verirdi. Öz çıxışında o deyir, əgər Zəngəzur və Naxçıvanın kimə məxsus olduğunu bilmək istəyirsinizsə, onları Ermənistanın indiki hökumətinə vermək olmaz, yalnız orada Sovet hakimiyyəti yarandıqdan sonra vermək olar. Azərbaycana münasibətdə isə o, deyir: “Mən Azərbaycanın müstəqilliyinin tərəfdarı deyiləm. Kommunistlərin bir hissəsinin digərlərindən müstəqilliyi ola bilməz”.
Bu, İ.Stalinin deyil, V.Lenin başda olmaqla bolşeviklər partiyasının Azərbaycana qarşı tutduğu mövqe idi. Bu siyasətin bariz ifadəsi kimi 1920–ci il noyabrın 29–da Ermənistanda Sovet hakimiyyəti qurulduğu günün səhəri noyabrın 30–da Az. K(b)P MK–nın siyasi və təşkilat bürosunun bu münasibətlə keçirdiyi birgə iclasında qəbul edilmiş qərarda deyilirdi: “Sovet Azərbay–canı ilə Sovet Ermənistanı arasında heç bir sərhəd mövcud deyil”. Zəngəzur və Naxçıvan Ermənistana keçir. Qarabağın dağlıq hissəsinə isə öz müqəddəratını təyin etmək hüququ verilir. Bu qərarın elanı N.Nərimanova tapşırılır.
Dekabrın 1–də Ermənistanda Sovet hakimiyyəti qurulması münasibətilə keçirilən Bakı Sovetinin təntənəli iclasında N.Nərimanov tərəfindən həmin qərar elan edildikdən sonra S.Orconikidze bu bəyanatı: “Bəşəriyyət tarixində analoqu olmayan mühüm əhəmiyyətli tarixi akt” adlandırır.
S.Orconikidze dekabrın 2–də Azərbaycan torpaqlarının Ermənistana “bağışlanması” barədə məlumatı V.Lenin və İ.Stalinə çatdırır. Həmin gün Rusiya Federasiyası ilə Sovet Ermənistanı arasında bağlanmış müqavilədə Sovet Rusiyası həmin ərazilərin Ermənistanın əraziləri olduğunu “mübahisəsiz tanıyır”. Dekabrın 30–da isə İ.Stalin “əzab və müsibətlər çəkmiş” erməni xalqına göndərdiyi təbrik teleqramında Sovet Azərbaycanı “mübahisəli vilayətlərdən könüllü olaraq əl çəkir və Zəngəzurun, Naxçıvanın və Dağlıq Qarabağın Sovet Ermənistanına verilməsini elan edir”. Bütün bu təkzibolunmaz faktlar təsdiq edir ki, bu məsələlər Moskvada həm de–fakto, həm də deyure həll olunmuşdu.
Yalnız Naxçıvan əhalisinin qətiyyətli etirazı və Türkiyənin bu məsələdə tutduğu qətiyyətli mövqe ermənilərin Naxçıvana yiyələnmək arzularını gözlərində qoyur, sonralar onlar buna bir neçə dəfə cəhd etsələr də arzularına çata bilmirlər.
b) Yuxarı Qarabağa münasibət məsələləri.
Əlbəttə, belə bir əlverişli imkan əldə etmiş ermənilər bütün vasitələrdən istifadə edərək əsrlərlə arzusunda olduqları Dağlıq Qarabağı imkan var ikən tez bir zamanda ələ keçirməyə çalışırlar. Görünür, ermənilər tam əmin idilər ki, Dağlıq Qarabağ da Zəngəzur kimi tez bir zamanda Ermənistan SSR–ə birləşdiriləcək. Ona görə də 1921–ci ilin iyununda Ermənistan SSR Xalq Komissarlar Soveti A.Mravyanı Ermənistan SSR–in nümayəndəsi kimi Dağlıq Qarabağa müvəkkil təyin edir. Bu məsələ Azərbaycanda böyük narazılıq doğurur. Həmin il iyulun 4–də RK(b) MK–ın üzvü İ.Stalinin iştirakı ilə keçirilmiş RK(b)P Qafqaz bürosunun axşam iclasında Dağlıq Qarabağ ilə əlaqədar məsələyə baxılır. Dağlıq Qarabağı Azərbaycan SSR tərkibində saxlamaq, yaxud Ermənistan SSR–ə verilməsi məsələsi uzun müzakirədən sonra səsə qoyulur. Bu iclasda Azərbaycandan N.Nərimanov və S.Kirov iştirak edirdi. Məsələ səsə qoyulduqda 3 nəfər Dağlıq Qarabağın Azərbaycan SSR tərkibində qalması, 4 nəfər isə Ermənistan SSR–ə verilməsi lehinə səs verirlər. Onun Ermənistan SSR–ə verilməsi lehinə Azərbaycanın şəriksiz sahibi S.Kirov da səs verir. Bu məsələnin Dağlıq Qarabağın həm azərbaycanlı, həm də erməni əhalisi arasında rəy sorğusu keçirməyin lehinə 2 nəfər, əleyhinə isə 5 nəfər (o cümlədən də S.Kirov) səs verirlər. Beləliklə, Qafqaz bürosunun iyunun 4–də keçirilən iclasında Dağlıq Qarabağın Ermənistan SSR–ə verilməsi və bu məqsəd üçün rəy sorğusunun yalnız erməni əhalisi arasında keçirilməsi haqqında qərar qəbul olunur.
Belə olduqda N.Nərimanov Qarabağın Azərbaycan üçün həyati əhəmiyyətini, Azərbaycanın əzəli torpaqları olduğunu nəzərə alaraq həmin məsələnin sonuncu həllini RK(b)PMK–nın müzakirəsinə təqdim etmək barədə məsələ qaldırır və büro tərəfindən son qərarın qəbulunun RK(b)PMK–na təqdim edilməsi barədə qərar qəbul olunur.
Lakin hər hansı səbəbdənsə ertəsi gün iyulun 5–də S.Orconikidze və A.Nazaretyan Qarabağ barəsində keçən gün baxılmış məsələyə yenidən baxılmasını təklif edirlər. Məsələnin ətraflı müzakirəsindən sonra aşağıdakı məzmunda yeni qərar qəbul edilir: “Müsəlmanlar (azərbaycanlılar – A.P.) və ermənilər arasında milli sülhün vacibliyi mövqeyindən çıxış edərək, Yuxarı və Aşağı Qarabağın iqtisadi əlaqələrini, onun bütün sahələrdə Azərbaycanla daimi əlaqəsini nəzərə alaraq Dağlıq Qarabağı Azərbaycan SSR hüdudlarında saxlayaraq ona muxtar vilayətin tərkibinə daxil olan Şuşa şəhəri mərkəz olmaqla geniş Vilayət Muxtariyyəti hüququ verilsin”. Bu qərarın lehinə 4 nəfər səs verir, 3 nəfər bitərəf qalır.
Dağlıq Qarabağa muxtariyyət verilməsi məsələsi həm Güney Qafqazın və həm də Azərbaycan SSR–in partiya və Sovet hakimiyyəti orqanlarında uzun müddət gündəmdə qalır. Belə ki, 1923–cü il iyulun 7–də Dağlıq Qarabağın erməni hissəsi Azərbaycan SSR–in tərkib hissəsi kimi Xankəndi mərkəz olmaqla muxtar vilayət yaratmaq barədə “Dağlıq Qarabağda Muxtar Vilayətin yaradılması haqqında” Azərbaycan MİK–i dekret verdikdən sonra da bu məsələ uzun müddət müzakirə mövzusu olaraq qalır. Bu məsələlər barədə də çoxlu arxiv sənəd və materialları qorunub saxlanılır.
Nəticədə Azərbaycanın dilbər guşəsi olan Yuxarı Qarabağda muxtariyyət adı altında yeni bir erməni qurumu meydana gəldi. “Böyük Ermənistan” yaratmaq azarına tutulmuş ermənilər Azərbaycan hökumətinin DQMV üçün lazım olan bütün məsələlərdə güzəştə getməsinə baxmayaraq, yenə də razı qalmırlar. Ermənistanla birləşmək ideyasını daim diqqətdə saxlayır və gizli şəkildə öz təbliğatlarını davam etdirirdilər. Təsadüfi deyil ki, zaman–zaman ermənilər Dağlıq Qarabağın Ermənistan SSR–lə birləşdirilməsi məsələsini qaldırır, onu yaddan çıxmağa qoymurdular.
c) Sovet Ermənistanının Azərbaycana qarşı ərazi iddiaları və azərbaycanlıların öz ərazilərindən müxtəlif bəhanələrlə deportasiya edilməsi.
1918–1920–ci illərdə “Daşnaksütyun” partiyasının Ermənistanda hakimiyyəti dövründə erməni silahlı qüvvələri və quldur dəstələri tərəfindən bu ərazilərdə yaşayan azərbaycanlılara qarşı törədilən vəhşiliklər nəticəsində o zamankı Ermənistan Respublikası ərazisində 1000–ə yaxın azərbaycanlı kəndi viran qoyulmuş, orada yaşayan 570 min nəfər azərbaycanlıdan 1920–ci ilin noyabrına qədər yalnız 12 min nəfər qalmışdı. Ermənistanda Sovet hakimiyyəti qurulduqdan sonra 1921–1922–ci illərdə 100 mindən yuxarı azərbaycanlı öz ata–baba yurduna qayıda bilmişdi.
Ermənistanda Sovet hakimiyyəti qurulduqdan sonra Zəngəzuru ələ keçirən, Dağlıq Qarabağa muxtariyyət statusu verdirməyə nail olan Ermənistan bolşevik rəhbərliyi Azərbaycan torpaqlarını ələ keçirmək planlarından yenə də əl çəkməmişlər.
Ümumiyyətlə, 70 illik Sovet hakimiyyəti dövründə Ermənistan SSR bir tərəfdən Azərbaycan torpaqları hesabına öz ərazilərini qarış–qarış genişləndirmiş, digər tərəfdən isə bütün vasitələrdən istifadə edərək tutduqları həmin ərazilərdən azərbaycanlıları öz ata–baba yurdlarından sıxışdırıb çıxarmaqla yalnız ermənilərdən ibarət “Türksüz Ermənistan!” yaratmaq siyasətinə xidmət etmişdir.
Azərbaycan torpaqlarının Ermənistana
verilməsində Mərkəzlə yanaşı, rəhbərlikdə
əksəriyyətin erməni və gürcülərdən
ibarət olduğu Zaqafqaziya
Federasiyasının da xüsusi
rolu olmuşdu. Məhz
Dağlıq Qarabağa muxtariyyət statusu verən Zakfederasiya
gələcəkdə bu torpaqların Ermənistana
birləşdirilməsi yolunda hərəkətləri
üçün ermənilərə geniş imkanlar
yaratmışdı.
(davamı növbəti
saylarımızda)
Respublika.- 2013.- 22 fevral.- S. 6.