AZƏRBAYCAN
ENERJİ TƏHLÜKƏSİZLİYİ SAHƏSİNDƏ
AVROPA ÜÇÜN ƏVƏZOLUNMAZ TƏRƏFDAŞA
ÇEVRİLİB
Azərbaycanın
iqtisadi qüdrətinin artmasında neft və qaz kimi təbii sərvətlərimizin, ondan ölkəmizin və xalqımızın
mənafeyinə uyğun düzgün
istifadə olunması mühüm rol oynayır. Ulu öndərimiz Heydər Əliyevin müdrikcəsinə
və uzaqgörənliklə işləyib
hazırladığı, mərhələ–mərhələ
reallaşdırdığı milli neft strategiyası ötən əsrin
doxsanıncı illərinin ortalarından başlayaraq
Azərbaycanın uzunmüddətli uğurlu
inkişaf epoxasının təməlini qoyub. Milli neft strategiyası, enerji
siyasəti qloballaşan dünyanın tələbinə
uyğun olaraq son illər ölkəmizdə daha
intensiv aparılır və öz gözəl bəhrəsini verir. Son illər ərzində
Azərbaycanın enerji potensialının
gücləndirilməsi istiqamətində sözün
həqiqi mənasında çox böyük addımlar atılıb,
genişmiqyaslı işlər görülüb.
Yalnız 2012–ci ildə ölkəmizin enerji potensialı 50 faizdən çox
artıb və bu proses
davam edir. “Azərbaycan Respublikası regionlarının
2009–2013–cü illərdə sosial–iqtisadi
inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin
yekunlarına həsr olunmuş
konfransdakı yekun nitqində prezident İlham Əliyev
Azərbaycan dövlətinin çox düşünülmüş inkişaf strategiyasının olduğunu
önə çəkərək deyib:
“Azərbaycan tərəfindən nəqliyyat və enerji sahələrində irəli sürülmüş təşəbbüslər
və layihələr nəinki bizim
maraqlarımızı və bölgə maraqlarını, qitə
maraqlarını təmin edir və edəcəkdir.
Azərbaycan artıq bu sahələr
üzrə əvəzolunmaz tərəfdaşa çevrilibdir. Deyə bilərəm ki, Avropa ölkələrinin
bəzilərinin enerji balansında Azərbaycan
neftinin payı 30–40 faizə
çatır. Beləliklə, artıq biz
neft resurslarımızla bəzi ölkələrin
enerji təhlükəsizliyini təmin edirik. Bizim təşəbbüsümüzlə
başlanan TANAP layihəsi isə Azərbaycan
qazının müxtəlif ölkələrə nəql
olunmasını təmin edəcəkdir. Beləliklə, Azərbaycan
qaz sahəsində də enerji
təhlükəsizliyi məsələlərinin həlli
işində əvəzolunmaz tərəfdaşa çevriləcəkdir”.
Qlobal enerji təhlükəsizliyi bu gün dünyanı düşündürən və narahat edən strateji məsələdir. Enerji siyasəti indi dünya, xüsusən də Qərb üçün daha vacib rol oynayır. Bu da təbiidir. Xüsusən də Avropa İttifaqına daxil olan ölkələrin enerjiyə olan təlabatının daxili ehtyatlarından 15–17 dəfə çox olduğunu nəzərə alsaq, problemin yaxın illərdə daha da ciddiləşəcəyi şəksizdir. Ekspertlərin qənaətinə görə, 2020–2030–cu illərdə enerji daşıyıcılarının 80–90 faizi Avropa İttifaqına məhz kənardan daxil olacaqdır ki, bu da Qərb üçün potensial təhlükə deməkdir. Hazırda enerji təhlükəsizliyi məsələləri nəinki enerji resurslarını istehlak edən, eləcə də onları hasil edən ölkələrdə geniş müzakirə mövzusudur. Təsadüfi deyil ki, Qərb özünün enerji təhlükəsizliyinin təmin edilməsi yönümündə yollar axtarır və ardıcıl addımlar atır, Xəzər dənizi hövzəsi ölkələri, xüsusən də təbii sərvətlərlə zəngin olan Azərbaycanla daha geniş və sıx əməkdaşlığa strateji əhəmiyyət verir.
Göründüyü kimi, enerji təhlükəsizliyinin təminatı baxımından Azərbaycan dünya ölkələri üçün çox önəmli və strateji tərəfdaşdır. Bu gün Azərbaycan neftlə yanaşı, həm də qaz ixrac edən ölkə kimi tanınır. Gürcüstan və Türkiyə ilə yanaşı, Azərbaycan qazı indi Rusiya və Yunanıstana da ixrac edilir və bu ölkələrin coğrafiyası genişlənməkdədir. Bakı–Tbilisi–Ceyhan neft kəmərinin tam gücü ilə işləməsi, Bakı–Tbilisi–Ərzurum qaz kəmərinin istismara verilməsi və yeni layihələrin gündəmə gəlməsi Azərbaycanın mövqelərini daha da gücləndirib. Burada çox böyük təbii qaz ehtiyatlarına malik “Şahdəniz” yatağının əhəmiyyəti xüsusi vurğulanmalıdır. Dövlətimizin başçısı bu yatağın əhəmiyyəti ilə bağlı bildirib ki, “Şahdəniz” üzrə kontraktın imzalanması “Azəri–Çıraq–Günəşli” kontraktının imzalanmasından iki il sonra baş vermişdir. O vaxt Azərbaycanın qaz potensialı haqqında dünyada heç bir məlumat yox idi. Çünki sovet dövründə bizim qaz imkanlarımız araşdırılmamışdı. Geoloqlarımız, mütəxəssislərimiz, əlbəttə, bilirdilər ki, bizim zəngin qaz ehtiyatlarımız vardır. Amma heç vaxt Azərbaycan xarici investorlar tərəfindən qaz ölkəsi kimi maraq doğurmurdu. Ancaq “Şahdəniz” qaz yatağının kəşfindən sonra, – bu yataq dünya miqyasında ən böyük yataqlardan biridir, – əlbəttə ki, bu sahəyə diqqət daha da çox olmuşdur. Beləliklə, düzgün strategiyanın icra edilməsi nəticəsində dəhlizin açılması, Bakı–Tbilisi–Ceyhan neft kəmərinin tikilməsi nəticəsində biz artıq pəncərədən başlayaraq böyük qapı açdıq. Azərbaycanı beynəlxalq enerji ailəsinə daxil etdirə bildik. Həm siyasi, həm iqtisadi baxımdan böyük uğurlar əldə edə bilmişik.
İqtisadiyyatımız gücləndikcə və sənaye potensialımız artdıqca, Azərbaycanın bundan sonrakı uzun illər ərzində də dayanıqlı enerji mənbələri ilə təmin edilməsi məsələləri ön plana çıxır. Buna isə həqiqətən də, böyük ehtiyac vardır. Son illər ərzində Azərbaycan öz enerji təhlükəsizliyini tam şəkildə təmin etməyə və ixrac üçün əlavə potensialın yaradılması kimi məqsədlərə artıq nail ola bilib. Bu gün Azərbaycan qonşu ölkələrə nəinki öz neftini, qazını, neft məhsullarını, eyni zamanda elektrik enerjisini də ixrac edir. Beləliklə, ölkəmiz həm əlavə mənfəət əldə edir, eyni zamanda, Azərbaycanın bu bölgədə önəmi, əhəmiyyəti böyük dərəcədə artır.
Ötən il Azərbaycanın təşəbbüsü və iştirakı ilə TANAP layihəsinin reallaşması olduqca mühüm tarixi hadisə sayıla bilər. Bu layihə ölkəmizin iqtisadi qüdrətinin və dünyadakı siyasi nüfuzunun artmasında önəmli rola malikdir. Prezident İlham Əliyev bu layihənin tarixi rolundan danışaraq deyib: “TANAP layihəsi bizə imkan verəcəkdir ki, Azərbaycan zəngin qaz resurslarını dünya bazarlarına böyük həcmdə nəql etsin. Hesab edirəm ki, TANAP layihəsi son illər ərzində nəinki ölkəmizdə, regionda, Avropa qitəsində enerji təhlükəsizliyi ilə bağlı olan məsələlər arasında ən böyük addımdır. TANAP layihəsinin təşəbbüskarı da Azərbaycan olmuşdur. Əminəm ki, TANAP layihəsini Azərbaycan öz tərəfdaşları ilə vaxtında icra edəcək və beləliklə, Avropanın enerji xəritəsi böyük dərəcədə dəyişdiriləcəkdir”.
Belə dünya miqyaslı, Qərb üçün həyati əhəmiyyət daşıyan nəhəng layihələrin məhz Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata vəsiqə alması ölkəmizin siyasi və iqtisadi qüdrətinin təsdiqidir. Azərbaycan artıq regional çərçivədən çıxaraq dünyada söz sahibinə çevrilib. Bəşəri proseslərə təsir etmək mexanizmləri əldə edib. Təbii ki, bu bizə həm iqtisadi dividendlər gətirəcək, həm də siyasi mövqelərimizi əhəmiyyətli dərəcədə möhkəmləndirəcəkdir. Azərbaycan artıq Avropanın enerji təhlükəsizliyi üçün çox önəmli ölkəyə çevrilib.
Proqnozlar təsdiqləyir ki, Xəzərin Azərbaycan sektorundakı karbohidrogen ehtiyatlarının həcmi ölkəmizin
daxili təlabatı və ixrac
əməliyyatları üçün hələ
bir əsrlik dövrə kifayət edəcəkdir.
Təsadüfi deyil ki,
Azərbaycan hazırda nəinki özünün,
eləcə də dünyanın enerji təhlükəsizliyi
məsələlərinə öz layiqli töhfəsini verir.
Dünya
ölkələri, xüsusən də Qərb enerji təhlükəsizliyi kimi
ciddi problemin həllində
Azərbaycanla daha sıx əməkdaşlıq
qurmaqda marağını açıq
şəkildə ortaya qoyub.
İndi söhbət məhz Azərbaycanın
fəal iştirakı ilə Xəzər–Qara dəniz–Aralıq–Baltik
dənizləri və Avropa
İttifaqı regionunda enerji
əməkdaşlığının geniş
formatı haqqında gedir. Dövlətimizin
başçısı cənab İlham Əliyev
Bakı–Supsa, Odessa–Brodi–Plotsk–Qdansk, QGİ, Nabukko layihələrinin və gələcəkdə
həyata keçirilməsi nəzərdə tutulan
digər proqramların əhəmiyyətindən
danışarkən xüsusi
vurğulayıb: “Onların hamısının bu gün yeganə mənbəyi
var: Xəzər dənizi və daha dəqiq desək, Azərbaycan”.
Xəlil CABBAROV
Respublika.- 2013.- 22 fevral.- S. 1.