XOCALI FACİƏSİ XALQIMIZIN QAN YADDAŞIDIR

 

Azərbaycan xalqının tarixinə qanlı sətirlərlə həkk olunmuş hadisələrdən biri Xocalı faciəsidir. Bəşəriyyət tarixində ən qanlı cinayətlərdən biri kimi yaddaşlarda silinməz izlər salmış Xocalı faciəsini damarlarında azərbaycanlı qanı axan hər bir Vətən övladı heç vaxt unutmayacaqdır. Xocalı faciəsi bizim qan yaddaşımızdır.

Xalqımızın tarixində bu cür qanlı hadisələr, məhrumiyyətlər çox olmuşdur. Amma Xocalı müsibəti onların içərisində xüsusi yeri tutur. Xalqımızın həmin günlərdə keçirdiyi iztirabların canlı şahidiyəm. Elə bir dövr idi ki, adi məktəblidən tutmuş respublikanın görkəmli ziyalılarına kimi hamı həyəcanlı idi, faciənin təsirindən şok halına düşmüşdü. Ən ağrılı cəhət o idi ki, ölkəyə rəhbərlik edənlər bu faciə ilə bağlı ortaya konkret mövqe qoya bilməyərək xalqın sorğularına qənaətləndirici cavab verməmişdilər. 1992–ci il fevralın 25–dən 26–na keçən gecə amansız qatil güllələrindən yüzlərlə günahsız insan qurban getdi, xeyli adam müxtəlif dərəcədə xəsarət aldı.

Xocalı 1992–ci il yanvarın 28–də rayon statusu almışdı. Rayon mərkəzi Xocalı isə 7 minlik əhalisinə görə Dağlıq Qarabağın ikinci mühüm şəhəri olmaqla, strateji taktiki cəhətdən mühüm əhəmiyyətə malik idi. 1991–ci ildən başlayaraq şəhərdə geniş miqyasda tikinti işləri aparılırdı, digər qonşu yaşayış məntəqələrindən Ermənistanın özündən didərgin düşmüş soydaşlarımızın böyük bir qismi burada yerləşdirilirdi. Bir sözlə, Xocalıya, onun infrastrukturunun inkişaf etdirilməsinə böyük diqqət yetirilirdi. Bunu isə erməni yaraqlıları yaxşı görürdülər, onlar tez–tez yerli sakinləri məcburi köçkünləri hədələyir, şəhərdən çıxmağı tələb edirdilər.

Ermənilər Xocalıda soyqırımı törətdilər. Yaxşı ki belə ağır zamanda Xocalının sərkərdəsiz, ordusuz qalmış mərd oğulları vardı onlar son ana qədər şəhərin müdafiəsində durdular. Ancaq düşmən güclü idi, təpədəndırnağa qədər silahlanmış, şəxsi heyətinə əsasən ermənilərin keçmiş Sovet Ordusunun zabitlərinin başçılıq etdiyi 366–cı alayın bölmələri Xocalını yerlə–yeksan etdilər, dinc əhalini qana boyadılar. Ermənilər 366–cı alayın köməyilə qanlı faciə törədərək əslində soyqırım aktını həyata keçirtmişdilər.

Sonralar məlum oldu ki, Xocalı müsibətini törədənlərin başında Ermənistanın indiki rəhbərləri, o cümlədən Serj Sarkisyan dururmuş. Ən qəribəsi odur ki, bu adam dövlət rəhbərinə yaraşmayan bir təşəxxüslə həmin hadisədə şəxsən iştirak etdiyini etiraf etmişdir. Deməli bütün baş verənlər əvvəlcədən düşünülmüş planlar imiş, erməni cəlladları növbəti dəfə əllərini qana batırmaq üçün məqam axtarırmışlar.

Mən o zaman hadisələrin canlı şahidi olmuş neçə–neçə insanla bu barədə söhbət etmişəm. Xocalının müdafiəsi o zamankı respublika rəhbərliyini qətiyyən narahat etmirdi. Ermənilərin niyyətlərini yaxşı bilən Xocalı camaatı bəzi müdafiə tədbirlərini görürdülər. Lakin bu bir faktdır ki, erməni qüvvələri həm sayca, həm hərbi texnika silah–sursat sarıdan üstün idilər. Şəhər müasir toplardan, ağır texnikadan atəşə tutulur, arasıkəsilməz həmlələrə məruz qalırdı. Mərkəzdə isə hakimiyyət davası gedirdi, iqtidardakı qüvvələr ən əvvəl öz hakimiyyətlərini qoruyub saxlamaq hayında idilər, Xocalının taleyi başlı–başına buraxılmışdı. Xocalıdan əvvəl Dağlıq Qarabağda bütöv kəndlər yandırılıb yerlə–yeksan edilirdi, dinc vətəndaşlar qətlə yetirilirdi. Bakıdan isə səs gəlmirdi, lazımi təcili tədbirlər görülmürdü. O müdhiş günlərdə Əlif Hacıyev kimi qəhrəman oğulların təkidlərinə baxmayaraq, müdafiə nazirliyinin bir nəfər nümayəndəsi belə şəhərə gəlməmişdi. Şəhərdə hələ 3 min nəfər əhalinin qaldığı yaxşı məlum olsa da, onları çıxarmaqdan ötrü buraya bircə vertolyot da göndərilməmişdi. Bu isə ermənilərin öz bədnam niyyətlərini daha rahat reallaşdırmalarına münbit şərait yaradırdı. Xocalılar yalnız öz məhdud qüvvələri ilə müdafiə olunurdular. Şəhərin müdafiəsində yalnız ov tüfəngləri avtomatlarla silahlanmış yerli özünümüdafiə dəstələri, az sayda milis nəfərləri dayanmışdılar.

Xocalı faciəsindən 21 il keçir. Bu müddətdə Azərbaycan xalqı öz tarixi–milli ənənələrinə, günahsız qurbanların xatirəsinə sadiq olduğunu bütün dünyaya nümayiş etdirmişdir. Bu tarixi məqamda qədər ağır hüzn kədər içində olsaq da, əminik ki, xalqımız üçün həmin o ağır məqamda onun fədakar oğlu, dahi rəhbərimiz Heydər Əliyev hakimiyyətdə olsaydı, Xocalı faciəsi kimi müdhiş bir hadisə baş verməyəcəkdi. Ulu öndərimiz hakimiyyətə qayıtdıqdan sonra faciəyə hüquqi–siyasi qiymət verilməsinə nail oldu, əsil həqiqətlər öz yerini tapdı. Ulu öndərimizin layiqli davamçısı cənab İlham Əliyev Xocalı faciəsinin xatirəsinin əziz tutulması, onların ailələrinin övladlarının təsginliyi üçün çox görür.

İnanırıq ki, beynəlxalq qurumlar vaxtında qətiyyət nümayiş etdirsəydilər, müəyyən olunmuş sanksiyalar tətbiq edilsəydi, problemlərin həlli bu qədər uzanmazdı. Beynəlxalq hüquq normaları yetərincə işləsəydi, haqq işimiz çoxdan qələbə çalardı. Bizim güzəştlər limitimiz çoxdan bitib, verdiyimiz şəhidlərin qanını hələ unutmamışıq. Qurbanlarımız çox böyükdür, daha bağışlamalı heç nəyimiz yoxdur. Torpaqdan heç vaxt pay olmur, əgər ermənilər sülh şərtlərimizlə razılaşmasalar, səngərlərə atılmalıyıq. Respublikamızın bütövlüyünü bərpa etməyə qadir olan ordumuz, bu ordunu təmin edəcək iqtisadiyyatımız var. İnanırıq ki, bu sözü deyəcəyik! Elə deyəcəyik ki, düşmənlərimiz nəticə çıxaracaqlar, bir daha üstümüzə gəlməyəcəklər.

Ədalət əvvəl–axır öz yerini tutacaq, qanlı cinayətlərin günahkarları hökmən tarixin məhkəməsi qarşısında cavab verəcəklər. Məlum olduğu kimi, son günlərdə Xocalı soyqırımının tanınması məqsədilə Evin ünvanına imza toplanması kampaniyası başa çatmışdır. Haqq–ədalətin müdafiəçisi təminatçısı kimi çıxış edən ABŞ hakimiyyəti bu barədə öz sözünü deyəcəkdir.

Xocalı faciəsi sadəcə olaraq tarixə çevrilməmişdir, bu tarixçəni hər dəfə vərəqlədikcə sanki yaralarımızın qaysağı qopur, qəlbimiz göynəyir. Amma bir təsəllimiz var ki, xalqımız o zaman da sınmadı, əyilmədi.

 

 

Sabir MUSTAFAEV

 

Respublika.- 2013.- 23 fevral.- S. 7.