XX əsrin ən dəhşətli soyqırımı

 

Bəşər tarixinin ən qanlı səhifələrindən olan Xocalı soyqırımından 21 il ötür. 1992–ci il fevral ayının 25–dən 26–na keçən gecə Xocalı şəhərində erməni silahlı birləşmələrinin keçmiş sovet ordusunun 366–cı motoatıcı alayı ilə birgə törətdiyi cinayət istər Qarabağ müharibəsi, istərsə də dünya müharibələri tarixində dəhşətli nəticələrinə görə analoqu olmayan hadisələrdəndir. Xankəndidə yerləşdirilmiş, şəxsi heyətində erməni zabitlərinin də olduğu bu alayın çoxsaylı ağır texnikası üç istiqamətdən şəhərə yeridilmiş, Xocalıdakı yaşayış evləri və şəhərin sosial infrastrukturu dağıdılmış və yandırılmışdır. Vahimə içərisində şəhəri tərk etmək məcburiyyətində qalan dinc əhalinin bir hissəsi Naxçıvanik kəndi yaxınlığında erməni silahlıları ilə qarşılaşmış və qətlə yetirilmişlər. Qadınlar, qocalar, əlillər, uşaqlar xüsusi amansızlıqla öldürülmüş, soyqırımı törədənlər Xocalı sakinlərini diridiri yandırmış, başlarının dərisini soymuş, gözlərini çıxarmışlar. Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdikləri Xocalı soyqırımında adları bəlli olan 613 nəfərin, o cümlədən 106 qadının, 63 azyaşlı uşağın, 70 qocanın həyatına son qoyulmuş, 487 nəfər şikəst olmuş, 1275 dinc sakin əsir götürülmüş, 150 nəfər itkin düşmüşdür.

Bu soyqırım aktı nəticəsində bəzi ailələr bütövlüklə məhv edilmiş, mülki əhali görünməmiş vəhşiliklə qətlə yetirilmiş, əsir götürülənlərə amansız işgəncələr verilmişdir.

Xocalı soyqırımı zamanı yol verilmiş

cinayət əməllərinin qabaqcadan düşünülmüş qaydada, milli əlamətinə görə insanların tamamilə və ya qismən məhv edilməsi niyyəti ilə törədilməsi beynəlxalq və dövlətdaxili hüquqa əsasən məhz genosid olduğunu sübut edir. Bu vəhşilik və vandalizm aktı Xatın və Sonqmi faciələri kimi qiymətləndirilməli, insanlığa qarşı törədilən qanlı cinayət öz layiqli qiymətini almalıdır.

Vurğulamaq lazımdır ki, ümummilli liderimiz Heydər Əliyev Xocalı soyqırımının əsl mahiyyətini açıqlamış, 1994– ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına hüquqisiyasi qiymət vermişdir. Heydər Əliyev bildirmişdir ki, Xocalı soyqırımı iki yüz ildən çox müddətdə davakar erməni millətçiləri tərəfindən xalqımıza qarşı aparılan etnik təmizləmə və soyqırımı siyasətinin qanlı səhifəsidir.

Prezident İlham Əliyev Avropa Şurasında ilk dəfə olaraq Ermənistanın təcavüzkar tərəf kimi tanınmasına nail olmuş, bu dövlətin Dağlıq Qarabağı və Azərbaycanın daha 7 rayonunu işğal altında saxlaması faktı AŞPA–nın rəsmi sənədlərində öz əksini tapmışdır. ATƏT–in Minsk qrupunun münaqişənin sülh yolu ilə həlli istiqamətində vasitəçi kimi uzun illər fəaliyyəti hələlik bir nəticə verməmişdir.

Hazırda Xocalı soyqırımı dünyanın bir sıra dövlətlərinin parlamentlərində müzakirəyə çıxarılır, nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən Ermənistan təcavüzkar dövlət kimi tanınır, işğal edilmiş Azərbaycan ərazilərinin geri qaytarılması, ərazi bütövlüyünün bərpa olunması tələb edilir.

Xocalı soyqırımı xalqımızın qan yaddaşına yazılmış səhifədir. Ağlasığmaz qəddarlıqla törədilən Xocalı soyqırımı bütövlükdə Azərbaycan xalqına yönəldilən erməni siyasətinin davamıdır. Xocalı soyqırımı erməni daşnaklarının iyirminci əsrdə bəşəriyyətə qarşı yönəlmiş ən ağır tarixi cinayət əməlidir. Lakin təəssüf ki, bu vandalizm aktına beynəlxalq səviyyədə hələ də hüquqi qiymət verilməmişdir.

Xalqımız əmindir ki, dövlətimizin yürütdüyü uğurlu siyasət sayəsində bu tarixi ədalətsizliyə tezliklə son qoyulacaq, xocalılılar doğma atababa yurdlarına dönəcəklər.

 

 

Tamerlan İSMAYILOV,

Nəsimi rayonundakı 20 saylı

poliklinikanın baş həkimi,

əməkdar həkim.

 

Respublika.- 2013.- 23 fevral.- S. 7.