Qobustan: hərtərəfli inkişafa və müasirliyə gedən yol
Bu günlərdə Qobustan rayonunda 2012–ci ilin yekunlarına və
qarşıda duran vəzifələrə
həsr olunmuş geniş
yığıncaq keçirilmişdir. Mərasim
iştirakçıları əvvəlcə ulu
öndərimiz Heydər Əliyevin abidəsini ziyarət etmiş, onun abidəsi
önünə tər çiçəklər qoyaraq hörmət və ehtiramlarını
bildirmişlər. Sonra icra
hakimiyyətinin geniş zalında Qobustan Rayon İcra Hakimiyyətinin başçısı
Adil Məmmədov hesabat
məruzəsi ilə çıxış etmişdir.
Natiq vurğulamışdır ki, respublikamızın hər yerində olduğu kimi 2012–ci il Qobustan rayonunda da uğurlu il kimi yadda qalmışdır. “Azərbaycan Respublikası regionlarının 2009–2013–cü illərdə sosial–iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası rayonumuzda da uğurla davam etdirilmişdir. Ötən dövr ərzində kənd təsərrüfatı məhsullarının istehsalının və emalının inkişafının dəstəklənməsinin davam etdirilməsi istiqamətində 4564 ton gübrə rayon fermerlərinə güzəştli şərtlərlə verilmişdir. Qobustan şəhərində 10 min tonluq tutumu olan taxıl saxlama anbarının tikintisi başa çatdırılmış, hazırda üzümçülüyün inkişafı ilə əlaqədar müvafiq tədbirlər hazırlanır.
Qobustan şəhərində 105 min başlıq Quşçuluq fabriki tikilmişdir. Bu il rayon üzrə 28657 ha sahədən 38726 ton buğda, 18884 ton arpa olmaqla ümumilikdə 57610 ton və ya adambaşına 1,4 ton taxıl istehsal edilmişdir. Bu da əvvəlki ildəkindən 42,5 faiz çoxdur. O cümlədən, 38726 ton buğda istehsal edilmişdir ki, bu da əvvəlki ildən 49,9 faiz çoxdur. Bu isə rayonumuzun tarixində ən yüksək göstəricidir. 2013–cü ilin məhsulu üçün 18847 ha buğda, 7921 ha arpa olmaqla 26786 ha sahədə taxıl əkilmişdir.
Aqroservis xidmətlərinin və yeni texnikalarla təchizatın yaxşılaşdırılması məqsədilə rayonun Təklə kəndində “Aqrolizinq” Səhmdar Cəmiyyətinin Qobustan “Aqroservis” filialı üçün inzibati və anbar binalarının tikintisi tamamlanmaq üzrədir. 2012–ci ildə rayona 5 ədəd taxılbiçən kombayn, 10 ədəd şum traktoru, 15 ədəd otbiçən, 12 ədəd dırmıq, 2 ədəd toxumsəpən, 2 ədəd çiləyici aparat alınmışdır. Bölgə Təcrübə Stansiyası üçün müasir anbar və talvarların tikintisi davam etdirilir.
Qobustan şəhərində baytarlıq və diaqnostika mərkəzi, Bədəlli kəndində isə baytarlıq məntəqəsi tikilib istifadəyə verilmişdir.
Rayonda hesabat dövrü ərzində 5259,9 ton ət, 16885 ton süd, 7,2 milyon ədəd yumurta, 340,4 ton yun istehsal edilmişdir ki, bu da müvafiq olaraq ət istehsalı üzrə 2,9 faiz, süd istehsalı üzrə 12,2 faiz, yumurta istehsalı üzrə 2,6 faiz, yun istehsalı üzrə isə 0,9 faiz artım deməkdir.
Azərbaycan Prezidentinin tapşırığına əsasən 2007–ci ildə ayrılmış 1,5 milyon manat vəsait hesabına Heydər Əliyev prospekti əsaslı təmir edilmiş, 2011–ci ildə ayrılmış 2,0 milyon və 2012–ci ildə ayrılmış 5,3 milyon manat vəsait hesabına isə ümumi uzunluğu 23 kilometr olan 6 kəndi rayon mərkəzi ilə birləşdirən və 13 mindən artıq sakinin istifadə etdiyi Qobustan–Xilmilli avtomobil yolu əsaslı təmir olunmuşdur, son tamamlama işləri aparılır. Qobustan–Təklə Mirzəbaba yolunun 4,9 kilometri, Ərəbşalbaş kəndində gedən 3 kilometr yol asfaltlanmışdır. Qobustan şəhərində 5 kilometr 150 metr yola asfalt örtüyü çəkilmiş, bu sahədə işlər davam etdirilir.
Ötən dövr ərzində görülmüş işlər nəticəsində ümumi məhsul buraxılışı 2003–cü illə müqayisədə 2012–ci ildə 6 dəfə artaraq 101,8 milyon manata, sənaye məhsulunun həcmi 3,7 dəfə artaraq 1008,5 min manata və kənd təsərrüfatında ümumi məhsul istehsalı 3,3 dəfə artaraq 44,8 miloyn manata çatmışdır.
Ümumi məhsul buraxılışı 2011–ci ilə nisbətən 2012–ci ildə 36,7 faiz, o cümlədən sənaye məhsulunun həcmi 38,8 faiz, kənd təsərrüfatında ümumi məhsul istehsalı 18,7 faiz artmışdır.
Qobustan şəhərində Statistika idarəsi üçün yeni inzibati bina, Göydərə kəndində 80 şagird yerlik, Cəmcəmli kəndində 180 şagird yerlik məktəb binaları, Yekəxana kəndində poçt binası tikilmiş, şəhər 3 saylı uşaq bağçası əsaslı təmir edilərək istifadəyə verilmişdir. Şəhidlər xiyabanı, “Acıdərə” adlanan sahədə Türk şəhidliyi üçün park və abidə kompleksi, daxili imkanlar hesabına rayonun Sündü, Ərəbşahverdi və Poladlı kəndlərində “Xeyir–Şər” evləri tikilərək əhalinin istifadəsinə verilmiş, Cəyirli kəndində 640 şagird yerlik tam orta məktəbinin bərpa və gücləndirilməsi işləri davam etdirilmişdir. Artıq bu tədris ilində məktəbdə daxili işlər tamamlanaraq müəllim və şagirdlərin istifadəsinə verilmişdir.
Qobustan şəhərində İdman Kompleksinin, Gənclər Evinin, Telekommunikasiya Qovşağının, Poçt şöbəsinin, Sündü kəndində 40 yerlik uşaq bağçasının, Cəyirli kəndində ümumi orta məktəb üçün 180 şagird yerlik yeni məktəb binasının, Cəmcəmli, Yekəxana, Xilmilli, Şıxzahırlı nümayəndəlikləri üçün müasir inzibati binaların tikintisi aparılır. Ərəbşalbaş kəndi üzrə nümayəndəliyin inzibati binası əsaslı təmir edilmişdir.
Qobustan şəhərinin giriş hissəsində müasir üslubda hasar çəkilir, yaşıllıqların salınması hazırlıq işləri görülür. Cəngi kəndi ərazisində olan hasarın 200 metrdən artıq hissəsi üzlənmiş, bütün hasar boyu müasir işıqlandırma sisteminin quraşdırılması başa çatmaq üzrədir. Şəhərin “Son” adlanan hissəsinə asfalt örtüyü vurulmuşdur. Rayonun Cəmcəmli, Cəyirli, Çelov, Təklə, Sündü, Təklə Mirzəbaba, Ərəbşalbaş, Dərəkənd kəndlərinin girişində göstəricilər müasir memarlıq üslubu ilə tikilmiş Xilmilli, Nabur, Ərəbqədim, Poladlı və Bədəlli kəndlərində isə həmin iş davam etdirilir.
Rayonda yaşıllaşdırma işləri də davam etdirilir. 2011–ci ildən başlayaraq rayonda 14000 dək ağac və 5000–dən artıq qızılgül kolu əkilmişdir. Kəndlərin daxilindəki yaşıllaşdırmadan əlavə, Sündü kəndində 600, Cəmcəmli kəndində 400, Xilmilli kəndində 320, Təklə Mirzəbaba kəndində 270 ağac yol kənarına əkilmiş, müvafiq qulluq və qoruma işləri təmin edilmişdir.
Hesabat dövründə rayon üzrə əhalinin pul gəlirləri 10,4 faiz artaraq 61090,7 min manat təşkil etmişdir. Adambaşına pul gəlirləri isə 8,6 faiz artmışdır. Eyni zamanda əhalinin orta aylıq əmək haqqı 10,6 faiz artmışdır.
2003–cü ildən 2012–ci ilədək rayonda 2813–ü daimi olmaqla 11363 yeni iş yeri açılmışdır. 2012–ci ildə həyata keçirilmiş tədbirlər nəticəsində rayonda 2237 yeni iş yeri yaradılmışdır ki, bunlardan 782–si daimi iş yerləridir. Bu ötən ilin müvafiq dövrünə nisbətən ümumi iş yerləri üzrə 562, daimi iş yerləri üzrə isə 544 iş yeri çoxdur.
Sahibkarlığın inkişaf etdirilməsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi iqtisadi siyasətin əsas istiqamətlərindəndir. Rayonumuzun sahibkarları da daim dövlət dəstəyi ilə əhatə olunmuşdur. Belə ki, 2004–2012–ci illərdə Sahibkarlığa Kömək Milli Fondundan 89 sahibkara 1,8 milyon manat güzəştli kredit ayrılmışdır. 2011–ci ildə 26 sahibkara güzəştli kredit verildiyi halda, 2012–ci ildə 34 sahibkara güzəştli kredit verilmişdir.
Rayonda əhalinin sosial müdafiəsi məsələləri də daim diqqət mərkəzindədir. Hazırda rayonda 1571 nəfərə sosial müavinət, 288 ailəyə ünvanlı dövlət sosial yardımı verilir ki, bu da ümumi ailələrin 3,5 faizini təşkil edir. 2011–ci illə müqayisədə 2012–ci ildə orta hesabla bir ailəyə düşən yardımın məbləği 16,6 faiz artmışdır.
Möhtərəm Prezidentimizin əlil və şəhid ailələrinə göstərdiyi diqqət və qayğı nəticəsində son illər Qobustan rayonunda 2 şəhid ailəsi və 26 müharibə əlili mənzillə təmin olunmuşdur.
Rayonda 4947 nəfər pensiya alır ki, onların da pensiyaları vaxtlı–vaxtında çatdırılır. 2012–ci ilin sonuna ödənilməmiş pensiya qalmamışdır.
Rayonda infrastruktur layihələri uğurla həyata keçirilir. Qobustan şəhəri, Cəyirli, Çelov, Təklə, Təklə Mirzəbaba, Çuxanlı kəndlərində qaz xətlərində cari təmir işləri aparılmışdır.
Xilmilli kəndinin qazlaşdırılması üçün “Azəriqaz” İB tərəfindən ayrılmış 8425.9 poqonmetr daxili xətt çəkilərək 541 ədəd qaz sayğacı abonentlərin mənzillərində quraşdırılmış, daşıyıcı və paylayıcı kəmərlərdə pnevmatik sınaqlar keçirilmiş, Xilmilli kəndinə təbii qazın verilişi təmin edilmişdir. Şəhərin “Yeni Massiv” yaşayış sahəsi qazlaşdırılaraq 72 abonentin mənzilinə təbii qaz verilmişdir.
Rayonun qazlaşmamış Poladlı, Yekəxana, Təsi, Sədəfli, Üzümçü, Bədəlli kəndlərinin qazlaşdırılması üçün layihə–smeta sənədlərinin hazırlanması işlərinə, Bədəlli kəndinin isə daxili qaz kəmərlərinin çəkilişinə başlanmışdır.
Ötən il bizim üçün mühüm bir tədbirlə də yaddaqalan olmuşdur, Qobustan şəhərinə çəkilmiş yeni su xətti istifadəyə verilmiş, ilkin olaraq sutkada rayona əlavə 300 ton suyun verilməsi təmin edilmişdir.
Hazırda Qobustan şəhəri, Bədəlli, Sədəfli, Cəmcəmli və Təsi kəndlərinin əhalisi içməli su ilə təmin olunur. Lakin Qobustan şəhəri və Cəmcəmli kəndində paylayıcı şəbəkənin qurulması, layihənin qısa müddətdə başa çatdırılaraq Ərəbqədim, Göydərə, Dərəkənd kəndlərinin də içməli su ilə təminatı qarşımızda duran ən ümdə məsələlərdəndir.
İl ərzində əhaliyə və digər təşkilatlara Qobustan Sukanal idarəsi tərəfindən 60284,5 manat dəyərində içməli su satılmış və ödəniş 88,2 faiz təmin edilmişdir.
Son illərdə rayonda 2040 şagird yerlik 11, o cümlədən Heydər Əliyev Fondunun dəstəyi ilə 620 şagird yerlik 4 məktəb binası inşa edilmişdir. 624 şagird yerlik Cəyirli kənd tam orta məktəbinin bərpa gücləndirilməsi və 180 şagird yerlik Cəyirli kənd ümumi orta məktəbinin inşası davam etdirilir, 220 şagird yerlik Ərəbqədim tam orta məktəbinin bərpa gücləndirilməsi, 180 şagird yerlik Çuxanlı kənd tam orta məktəbi üçün yeni binanın tikintisi üçün layihə–smeta sənədləri hazırlanır. Qobustan şəhərində 1 və 2 saylı, Təklə Mirzəbaba, Yekəxana, Sündü, Şıxzahırlı, Ərəbşalbaş, Təsi kəndlərində yeni məktəb binalarının tikilməsinə ciddi ehtiyac vardır.
Qobustan Rayonu İcra Hakimiyyəti başçısının 2012–ci ildə 35 səyyar qəbulu keçirilmiş və səyyar qəbullar bütün rayon ərazisini əhatə etmişdir. Bir çox kəndlərdə təkrar səyyar qəbullar keçirilmişdir.
Qəbullar zamanı əhali tərəfindən qaldırılmış təkliflərdən 23–ü tam, 15–i qismən icra edilmiş, 3–nün icrasına başlanılmış, 6–sının icrası davam edir, 6–sı ilə əlaqədar izahat verilib, 52–si ilə bağlı aidiyyəti orqanlar qarşısında məsələ qaldırılmış, 6–sının icrasının gələcəkdə həll edilməsi nəzarətdə saxlanılmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə” ilə müəyyən olunmuş vəzifələrin icrası ilə əlaqədar İcra hakimiyyətinin və ərazi nümayəndəliklərinin yeni strukturu təsdiq edilmiş, təhsili olmayan işçilər ali təhsilli, gənc kadrlarla əvəz edilmişdir ki, bu da öz müsbət nəticələrini göstərir.
Dövlət idarəçiliyində informasiya–kommunikasiya texnologiyalarının tətbiqi, operativ idarəetmə mərkəzlərinin yaradılması ilə bağlı rayonumuzda bir sıra işlər görülmüşdür. İcra hakimiyyətinin saytı yenidən hazırlanmış, operativ idarəetmə üçün lazım olan bütün avadanlıqlar alınmışdır. Artıq Cəyirli, Xilmilli, Təklə və Qobustan şəhəri ilə videomüşavirələrin keçirilməsi üçün şərait yaradılmışdır. Tezliklə daha 6 kəndlə bu əlaqələr qurulacaqdır.
Natiq daha sonra qeyd etdi ki, 2012–ci ildə görülmüş işlər, əldə edilmiş uğurlar bizə deməyə əsas verir ki, 2013–cü ildə daha yaxşı işləyərək möhtərəm Prezidentimizin qarşımıza qoyduğu vəzifələri layiqincə yerinə yetirməklə rayonumuzun bütün problemlərinin —yaşayış məntəqələrinin təbii qazla təmin olunması, əhalinin keyfiyyətli və fasiləsiz elektrik enerjisi və içməli su ilə təminatı, yol infrastrukturunun yaxşılaşdırılması, təhsil, səhiyyə və mədəniyyət obyektlərinin tikintisi, aqrar sahənin daha da inkişaf etdirilməsi, əhalinin sosial rifah halının daha da yaxşılaşdırılmasına nail olaq.
Bütün rayon ictimaiyyəti adından möhtərəm Prezidentimizi əmin edirik ki, onun qarşımıza qoyduğu qlobal məsələlər rayonumuzda da çox yüksək keyfiyyətlə və vaxtında həyata keçiriləcək, bu yolda bütün səy və bacarıqlarımızı səfərbər edəcəyik.
Sonra məruzə ətrafında müzakirələr oldu. Olduqca işgüzar şəraitdə keçən yığıncaqda Azərbaycan Respublikası Prezident Administrasiyasının məsul işçisi Niyaz Əliyev çıxış edərək qarşıda duran vəzifələrdən söhbət açdı.
Sonda yığıncaq iştirakçıları adından ölkə Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olundu.
İlham PƏNAHOV
Respublika.- 2013.- 23 fevral.- S. 6.