İnnovasiya sahəsindəki uğurlar
inkişafın təzahürüdür
Müasir dövrdə bütün
dünyada mütərəqqi
texnologiyaların rolu artır, iqtisadi artımın xarakteri
dəyişir, ictimai tərəqqi
anlayışı və onun meyarları
barədə yeni baxışlar meydana çıxır, bazarların qloballaşması
prosesi baş verir. Belə şəraitdə
müstəqil Azərbaycan dövləti dünya
iqtisadiyyatının strategiyasına uyğun
olaraq özünün
innovasiya siyasətini uğurla
həyata keçirir. Ölkəmizdə
həyata keçirilən innovasiya siyasəti
respublikamızda mövcud olan
dayanıqlı və davamlı iqtisadi
inkişafın və rəqabətliliyinin daha
da
möhkəmləndirilməsini təmin etmək üçün dünyada
mövcud olan ən yeni ideyaların, elmi biliklərin,
texnologiya və məhsulların
iqtisadiyyatın müxtəlif istehsal sahələrinə,
habelə ümumiyyətlə, ölkəmizin idarəetmə
sisteminə tətbiq edilməsinə yönəlib. Ölkəmizin
inkişafı üçün olduqca əhəmiyyətli rola malik olan
bu mühüm prosesdə
dövlət tərəfindən elmi–texniki tərəqqinin yenilikləri nəzərə
alınır, müasir elmi
tədqiqatların aparılmasına diqqət
artırılır. Təsadüfi deyil ki, Azərbaycanın son
illər artan maliyyə imkanları ölkə
rəhbərliyi tərəfindən innovasiya
texnologiyalarının inkişafına xidmət edən təhsil
və elm sahələrinə diqqətin
artırılması ilə müşahidə olunur.
Maraqlı məqamlardan biri də bundan ibarətdir ki, Azərbaycanda innovasiya siyasəti istehsalata və sosial sahəyə elmi–texniki tərəqqinin nailiyyətlərini tətbiq etmək üçün investisiya fəaliyyətinin bir forması kimi həyata keçirilir. Belə ki, bura uzunmüddətli elmi–texniki proqramların həyata keçirilməsi, iqtisadiyyatın strukturunun təkmilləşdirilməsi məqsədi ilə məhsuldar qüvvələrdə keyfiyyət dəyişiklikləri etmək üçün fundamental tədqiqatların maliyyələşdirilməsi, texnika və texnologiyanın prinsipcə yeni, qənaətcil növlərinin işlənib hazırlanması, buraxılması, yayılması və tətbiqi daxildir. Bu sahədə ölkədə görülən işlərə toxunan Azərbaycan Prezidenti cənab İlham Əliyev demişdir: “Bildiyiniz kimi, ümumiyyətlə, yeni texnologiyaların, informasiya–kommunikasiya texnologiyalarının tətbiqi Azərbaycanda geniş vüsət almışdır. Biz bu sahədə bölgədə birinci yerlərdəyik. Ümumiyyətlə, dünya miqyasında reytinq siyahılarında qabaqcıl yerlərdəyik”.
Hazırda dünyanın əksər ölkələrində bilik və bacarıq daşıyıcılarının əsas hissəsinin say effekti keyfiyyətlə əvəzlənir, qabaqcıl ideyalar meydana çıxır. İnkişaf etmiş ölkələrdə texnoloji zonalar formasında reallaşan bu ideya ətrafında ən yaxşı informasiya texnologiyaları resursları cəmləşib və istənilən ölkənin yeni inkişaf mərhələsinə çıxması üçün iqtisadi yüksəlişdə aparıcı qüvvə rolunda çıxış edir. Respublikamızda da bu istiqamətdə mühüm tədbirlər uğurla həyata keçirilir.
Azərbaycanda Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin yaradılması ölkə başçısı cənab İlham Əliyevin bu sahəyə nə qədər önəm verdiyini əks etdirir. Bu Agentliyin yaradılmasının əsas mahiyyəti vətəndaşlara dövlət qurumları tərəfindən göstərilən xidmətlərin daha keyfiyyətli və rahat şəkildə, habelə müasir innovasiyaları tətbiq etməklə həyata keçirilməsindən ibarətdir. Şübhəsiz, bütün bunların reallaşdırılması dövlət idarəçiliyində yeni mərhələdir və yüksək peşə vərdişlərinə yiyələnmiş gənc kadrların yetişməsinə də böyük təkan verəcəkdir. Ölkə başçısı qeyd etmişdir: “İKT sahəsində Azərbaycan, doğrudan da, son illər ərzində böyük uğurlar əldə edibdir. Bu, həm biznes, həm zəka, intellekt sahəsidir. Eyni zamanda, innovasiya və şəffaflığa təkan verən, xidmət göstərən bir sahədir. Biz bu imkanlardan daha da geniş şəkildə istifadə etməliyik. Elektron xidmətlərin sayı artmalıdır və bu sahədə görülən işlər davam etdiriləcəkdir. İctimai nəzarət daha da güclü şəkildə təşkil edilməlidir. Şəffaflıq maksimum dərəcədə təmin edilməlidir”.
Artıq respublikamızda texnoparkların yaradılması üçün dövlət tərəfindən bütün şərait formalaşdırılmışdır və informasiya–kommunikasiya sahəsində qəbul olunmuş mühüm qanunlar və aparılan dövlət siyasəti bu istiqamətdə həyata keçirilməsi zəruri olan islahatların sürətinə, heç şübhəsiz, böyük təkan vermiş olacaqdır. “Elektron imza və elektron sənəd haqqında”, “Elektron ticarət haqqında”, “İnformasiya əldə etmək haqqında” və “Telekommunikasiya haqqında”, “Poçt rabitəsi haqqında” kimi mühüm qanunlar, “Azərbaycan Respublikasında telekommunikasiya sahəsinə dair siyasət planı”, “Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya” buna misal ola bilər.
Azərbaycanda innovasiya siyasəti çərçivəsində həyata keçirilən tədbirlərin və reallaşdırılan proqramların əsas məqsədi respublikamızın sosial–iqtisadi inkişafı ölkə üçün alimlərinin potensialından, elmin nailiyyətlərindən istifadə etməklə elmlə iqtisadiyyatın vəhdətini təmin etmək, elmi ideyaların, işləmələrin istehsalatda tətbiqinin təşkili yollarını müəyyənləşdirməkdir.
Ölkəmizdə bir çox mütərəqqi layihələrin, məsələn “Neftli–qazlı yataqlardakı süxurların məhsuldarlıq səviyyəsinin proqnozu”, “Yeni külək elektrik qurğusu”, “İnnovasiya sahibkarlığının inkişaf etdirilməsində fərdi elektron–kommersiya texnologiyalarının tətbiqi sisteminin təkmilləşdirilməsi və həmin sahədə müvafiq təlim kurslarının, konsaltinq xidmətlərinin həyata keçirilməsi”, “Azərbaycan fermerlərinə kömək: kənd təsərrüfatı bitkilərində xəstəliklərin molekulyar diaqnostikası, torpaqda və məhsulda radionuklid tərkibinin tədqiqi” və bu kimi bir çox digər layihələrin işlənib hazırlanması və həyata keçirilməsinin ölkəmizin hərtərəfli inkişafında xüsusi əhəmiyyəti vardır. Reallaşdırılan tədbirlər çərçivəsində regional innovasiya zonasının yaradılması, ilk növbədə, kiçik və orta innovasion sahibkarlıq üçün texnoparkların yaradılmasını, elektron avadanlıq və proqram təminatının istehsalı və ixracatı üzrə regional bazanın yaradılması da nəzərdə tutulur. Bütün bunlarla yanaşı, yerli və xarici şirkətlərin informasiya texnologiyaları avadanlıqları istehsalı üçün yeni müəssisələrin yaradılması, habelə rabitə xidmətləri çeşidlərinin artırılması da xüsusi maraq kəsb edir.
Layihələrin həyata keçirilməsi istiqamətində Azərbaycan dünyanın inkişaf etmiş ölkələrin və nüfuzlu şirkətlərin təcrübəsindən da yararlanır. Xüsusi ilə qeyd edilməlidir ki, layihələrin tətbiqində təkcə Azərbaycan bazarı deyil, region dövlətlərinin informasiya–kommunikasiya texnologiyaları bölmələri də nəzərə alınır. Yaxın illərdə Azərbaycanda bu bazarın satış dövriyyəsinin əhəmiyyətli dərəcədə artırılması, istehsal məhsullarının Türkiyə, Qazaxıstan, Gürcüstan, Özbəkistan, İran və digər dövlətlərə ixracı nəzərdə tutulur. Hesablamalara görə, bu regionda İKT–nin dövriyyəsi təqribən 75 milyard dollar təşkil edir. Azərbaycan hətta bir neçə ildən sonra həmin texnologiyaların bazarını bir qədər də genişləndirməklə, dövriyyəni 200 milyard dollara çatdırmağı planlaşdırır.
Regional innovasiya zonalarının gəlir gətirməsi təxminən 2015–2018–ci illərə təsadüf edəcəkdir. Nəzərdə tutulan layihələr həyata keçiriləndən sonra artıq 2015–ci ildən başlayaraq İKT sektorundan əldə edilən gəlirlər neft gəlirlərini üstələyə bilər.
Ümumiyyətlə, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına əsasən dövlətin hədəfi İKT–nin illik artımını təxminən 18–20 faiz ətrafında saxlamaqla, qarşıdakı səkkiz ildə sektorun gəlirlərini 8–9 milyard ABŞ dollarına çatdırmaqdır. Buna əsasən, rəqabət mühitinin yaxşılaşdırılması, sektora fiskal və monetar güzəştlər, ixrac potensialının artırılmasına yönəlmiş siyasət, regional İKT resurslarının, yüksək texnoloji məhsul və xidmətlərin yaradılması, güclü insan kapitalına əsaslanan innovativ sahibkarlığın inkişafı hesabına nail olunması planlaşdırılır.
Tam əminliklə söyləmək olar ki, Azərbaycanın ilk telekommunikasiya peykinin istehsal olunması və müvəffəqiyyətlə orbitə çıxarılması böyük tarixi hadisə olması ilə yanaşı, innovasiya və yeni texnologiyaların inkişaf etdirilməsi və tətbiqi sahəsində respublikamızda görülən işlərin ciddiliyinin və geniş perspektivlərə malik olmasının təzahürüdür.
Peykin uğurla orbitə çıxarılması ilə əlaqədar Azərbaycan xalqını təbrik edən Prezident İlham Əliyev demişdir: “Bu, doğurdan da, tarixi bir gündür, böyük nailiyyətdir, dövlətimizin böyük qələbəsidir. Bu hadisə onu göstərir ki, müstəqil Azərbaycan dövləti sürətlə, hərtərəfli inkişaf edir və biz artıq kosmik klubun üzvüyük… Hər bir ölkənin uğurlu, dayanıqlı inkişafı üçün informasiya–kommunikasiya texnologiyaları sahəsi həlledici rol oynayacaqdır. Mən buna əminəm. Mən çox şadam ki, biz bu istiqamətdə bütün işləri planlı, məqsədyönlü şəkildə apardıq. Bütün addımları atırıq ki, ölkəmiz daha da güclənsin, Azərbaycan daha da müasir dövlətə çevrilsin…”.
Emin QASIMOV
Respublika.- 2013.- 23 fevral.- S. 1.