Xocalı soyqırımı insanlığa qarşı dəhşətli cinayətdir

 

1992–ci il fevralın 25–dən 26–na keçən gecə Azərbaycan xalqının tarixinə Xocalı faciəsi kimi daxil olmuşdur. Ermənistan silahlı qüvvələri bütün beynəlxalq hüquq normalarına zidd olaraq keçmiş Sovet ordusunun Xankəndi şəhərində yerləşən 366–cı alayının şəxsi heyətinin iştirakı ilə Xocalıya hücum edərək azərbaycanlılara qarşı soyqırım aktı törətmişlər.

Bu hərbi təcavüz zamanı Xocalı ağır hərbi texnikadan şiddətli atəşlər nəticəsində darmadağın edilmiş, dinc sakinlərə amansızcasına divan tutulmuşdur. Bir neçə saat ərzində 613 soydaşımız, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla qətlə yetirilmiş, meyitlər üzərində təhqiredici hərəkətlərə yol verilmişdir. Həmin kütləvi qırğın həyata keçirilərkən 8 ailənin həyatına son qoyulmuş, 25 uşaq hər iki valideynindən, 130 uşaq isə valideynlərinin birindən məhrum edilmiş, 487 dinc Xocalı sakini ağır yaralanmış və 1275 nəfər girov götürülmüş, onların da 150 nəfərinin taleyi indiyədək məlum deyil.

Ermənilərin törətdiyi Xocalı soyqırımı insanlığa qarşı dəhşətli cinayətdir. Həmin vaxtdan bizi 21 il ayırır. Sağ qalan Xocalı sakinləri respublikamızın ayrı–ayrı guşələrində məskunlaşmışlar. Onlar dövlət qayğısı ilə əhatə olunsalar da, həmişə yurd eşqi ilə yaşayırlar. Xocalılılar əmindirlər ki, haqq–ədalət zəfər çalacaq, Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyəti sayəsində işğal olunmuş yurd yerlərimiz düşmən tapdağından azad olunacaq, köç karvanları geriyə, Xocalıya, qəribsəmiş yurd yerlərinə qayıdacaqdır.

Ölkəmizin hər yerində olduğu kimi, Xocalı soyqırımının 21–ci ildönümü ilə bağlı məktəbimizdə də geniş hazırlıq işləri aparılır. Vurğulamaq lazımdır ki, soyqırımla bağlı geniş tədbirlər planı hazırlanmışdır. O dəhşətli günləri xatırlayan müxtəlif rəsm əsərləri hazırlanır. Şeir müsabiqəsi keçiriləcəkdir, divar qəzetlərinin çıxarılması nəzərdə tutulmuşdur. Fotostendlərdə ermənilərin xalqımıza qarşı törətdikləri vəhşiliklər, xocalılıların fevralın 25–dən 26–na keçən gecə üzləşdikləri qəddarlıq, zülm və işgəncə tam təfsilatı ilə əks olunur.

Bundan əlavə, Xocalı soyqırımının 21–ci ildönümü ilə bağlı şagirdlər tərəfindən ədəbi–bədii kompozisiya nümayiş etdiriləcək, anım mərasiminə qonaqlar da dəvət olunacaqdır.

Şagirdlərin Xocalı soyqırımı ilə bağlı zəngin məlumatları var. Bu işdə məktəbimizin müəllimlərindən Məhbubə Nəbiyeva, Gülzadə Rzayeva, Şölə Zərgərova, Sevil Xəlilova, Fəridə Qəmbərova, Mənzurə Bağırova və başqalarının zəhməti danılmazdır.

 

 

Nazilə MƏMMƏDOVA,

Nərimanov rayonundakı 45

nömrəli məktəbin direktoru.

 

Respublika.- 2013.- 24 fevral.- S. 8.