SUSMAYAN QAN
YADDAŞI
Cəfər Cabbarlı adına Azərbaycan Teatr Muzeyində Xocalı İcra Hakimiyyəti nümayəndələrinin və ictimaiyyətin, Naxçıvanski adına hərbi məktəbinin kursantlarının da iştirak etdiyi Xocalı soyqırımına həsr olunan tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan muzeyin direktoru Nuridə Nurullayeva faciə barədə ətraflı danışaraq qeyd etdi ki, 1992–ci il fevralın 25–dən 26–na keçən gecə Xankəndidə yerləşdirilmiş 366–cı motoatıcı alayın zirehli texnikası və hərbçilərin köməyi ilə erməni silahlı dəstələri Xocalı şəhərini zəbt etdilər. Bu amansız təcavüzün nəticəsində 613 nəfər həlak oldu. Bunlardan 106 nəfəri qadın və qocalar, 63 nəfəri uşaq və gənclər idi. Bir gecədə 8 ailə tamamilə məhv edildi, 130 uşaq valideynlərindən birini, 25 uşaq isə hər iki valideynini itirdi, 487 nəfər yaralandı, 1275 nəfər əsir götürülərək ağlasığmaz zülmlərə, təhqir və həqarətlərə məruz qaldı, 150 nəfərin taleyi hələ də məlum deyil. Ermənilərin törətdikləri vəhşilik və amansızlıqlarının bənzəri yoxdur. “Dənizdən–dənizə Ermənistan” xülyası ilə zaman–zaman azərbaycanlılara və türklərə qarşı amansız terror, soyqırımı siyasəti həyata keçirən faşist xislətli ermənilərin törətdikləri bu kütləvi insan qırğını aktı Azərbaycanın dövlət müstəqilliyinə və ərazi bütövlüyünə qarşı çevrilmiş terror siyasətinin təzahürü olmaqla, yalnız Azərbaycanlılara qarşı deyil, bütövlükdə bəşəriyyət əleyhinə həyata keçirilən qəddar cinayətdir. Biz bu faciəni unutmamalıyıq, hər zaman mübarizəyə səfərbər olmalıyıq. Xüsusən gənclər tariximizin bu qan yaddaşını dərindən bilməlidirlər.
Anım mərasimində faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Xocalı soyqırımını əks etdirən videoçarx nümayiş olundu. 2 saylı musiqi məktəbinin müəllimi Rəna Xudiyeva, Qarabağ Veteranlar Şurasının sədri İlham Əliyev, ehtiyatda olan polkovnik Əzizağa Qənizadə çıxış edib bu soyqırımı beynəlxalq ictimaiyyətin qəbul etməsi üçün hər bir azərbaycanlının qətiyyətlə çalışmasının zəruriliyini bildirdilər. Təəssüf ki, bu sahədə beynəlxalq ictimaiyyət susqunluğunu davam etdirir. Heydər Əliyev Fondunun vitse–prezidenti Leyla Əliyevanın təşəbbüsü və təşkilatçılığı ilə həyata keçirilən “Xocalıya ədalət” kompaniyası çərçivəsində geniş tədbirlər keçirilir və təsiri də böyükdür. Artıq “Xocalı soyqırımı”nı qəbul edən dövlətlərin sayı da artır.
Mərasimdə R.Hüseynov
adına 49 saylı intellekt məktəb–liseyinin
şagirdlərinin ifasında Xocalıya həsr olunmuş şeirlər səsləndirildi. Bəli,
Xocalı bizim susmayan qan yaddaşımızdır. Bu,
xalqımızın ürəyində qaysaq
bağlamayan yara kimi daima bizi
qisasa səsləyəcək.
Mustafa KAMAL
Respublika.- 2013.- 24 fevral.- S. 8.