ERMƏNİLƏRİN
AZƏRBAYCAN XALQINA QARŞI ƏRAZİ İDDİALARI,
SOYQIRIMLARI VƏ DEPORTASİYALAR
Dünyanın
fövqəlgüc dövlətlərinin himayəsi
altında olan “Şərq məsələsi”
və onun əsas tərkib hissəsi kimi “erməni məsələsi”nin
yaranmasından iki əsrdən artıq zaman keçsə də, siyasi–hərbi təzyiq
vasitəsi olaraq beynəlxalq münasibətlər sistemində öz
təsir gücünü saxlamaqda,
həm Türkiyə, həm də Azərbaycana yeni–yeni problemlər
doğurmaqdadır.
Hazırda
neoimperialist mövzuda
yazılan qərəzli yazılar və söylənilən riyakar fikirlər tarixi həqiqətlərə,
arxiv sənədlərinə deyil, müəyyən dairələrin
maraqlarına və zərərli ideologiyaların təbliğatına
əsaslanmışdır. Buna görə də “Şərq məsələsi”nin,
o cümlədən də “erməni məsələsi”nin
əsl mahiyyətini tarixi həqiqətlərə,
arxiv sənədlərinə əsasən
şərh etmək və beynəlxalq ictimaiyyətə
çatdırmaq Azərbaycan
tarixşünaslığının əsas vəzifələrindəndir.
Tarix elmləri doktoru
Ataxan Paşayevin “Ermənilərin
Azərbaycan xalqına qarşı ərazi iddiaları,
soyqırımları və deportasiyalar
(XIX–XX əsrlər)” adlı tədqiqatı bu
baxımdan çox əhəmiyyətlidir.
Kitab 20
ildən artıqdır ki, beynəlxalq
münasibətlər sisteminin gündəliyində
olan, lakin ikili standartlar və qərəzli
yanaşmalarla “tənzimləndirilməyə”
çalışılan Qarabağ probleminin, 20 Yanvar faciəsinin,
Xocalı soyqırımının, Azərbaycan ərazisinin
20 faizinin işğalının, bir milyondan artıq qaçqın–köçkün probleminin
əsl səbəblərini, bu hadisələr
zamanı törədilən vəhşilikləri, cinayətləri
ortaya qoymaqla
yanaşı, son Qarabağ
hadisələrinə qədər də Azərbaycana və azərbaycanlılara
qarşı törədilmiş soyqırım və
deportasiyaların real mənzərəsini
göstərmişdir.
Bu kitab “erməni məsələsi”lə
bağlı Azərbaycan həqiqətlərini yaymaq, Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin mahiyyətini
təhrif edənlərə elmi ədəbiyyat
və arxiv sənədlərindən
istifadə etməklə tutarlı cavab
vermək baxımından təqdirəlayiqdir.
Mövzunun aktuallığını nəzərə
alaraq əsəri oxuculara
təqdim edirik.
Allahşükür QURBANOV,
“Respublika”.
(əvvəli 12, 13, 15, 16, 17, 19,
20, 21, 22 və 23 fevral tarixli saylarımızda)
Mayaları
yalan, hiylə və məkrlə yoğrulmuş ermənilər
öz niyyətlərini həyata keçirmək
üçün daha sərfəli yol tapdılar.
Dağlıq Qarabağ məsələsini arxa plana keçirərək,
xaricdən “vətənlərinə” qayıdan erməniləri
qəbul etmək və yerləşdirmək işini ön
plana keçirirlər. Guya xaricdən vətənlərinə
qayıdan erməniləri yerləşdirmək
üçün Ermənistan SSR–də torpaq azlıq edir. Azərbaycanın
Kür–Araz ovalığının pambıq əkilən
rayonlarında isə işçi qüvvəsi
çatışmır. Ermənistandakı azərbaycanlı
əhalinin Kür–Araz ovlağına köçürülməsi
bütün bu problemləri asanlıqla həll edər. Əlbəttə,
İ.Stalin rejimi zamanı bu cür arqumentlərlə əsaslandırılmış
təklifin qarşısında etiraz etmək çətin
idi. Görünür ki, digər tərəfdən ermənilər
M.C.Bağırovu da bu tədbirin Azərbaycan
üçün də xeyirli olacağına inandıra
bilmişlər. Yoxsa M.C.Bağırov həmin məsələ
ilə bu cür asanlıqla razılaşa bilməzdi.
Respublika Dövlət Siyasi Partiyalar Arxivində bu məsələ
ilə bağlı Azərbaycan və Ermənistan K(b)P mərkəzi
komitələrinin birinci katibləri M.C.Bağırov və
Q.Harutyunovun 1947–ci il dekabr ayında birgə imzaladıqları
və İ.Stalinə ünvalanmış məktubun surəti
qorunub saxlanılır. Göstərilən məktubda azərbaycanlıların
Ermənistan SSR–dən köçürülməsi təklifinin
səbəbləri əsaslandırılaraq bununla
bağlı əməli təkliflər də irəli
sürülür. Ermənistan SSR–dəki azərbaycanlı əhali
Azərbaycan SSR–in pambıq əkilən rayonlarına
köçürülsün, onların yerinə isə xaricdən
gələn ermənilər yerləşdirilsin.
d)
1948 – 1953–cü illərdə azərbaycanlıların Ermənistan
SSR–dən deportasiyası.
Bu müraciətə cavab olaraq 1947–ci il dekabr ayının 23–də “Ermənistan SSR–dən kolxozçuların və digər azərbaycanlı əhalinin Azərbaycan SSR–in Kür–Araz ovalığına köçürülməsi haqqında” SSRİ Nazirlər Soveti İ.Stalinin imzası ilə qərar qəbul edir. Bu qərar Azərbaycan və azərbaycanlılara qarşı arxadan vurulan zərbə, açıq deportasiya siyasəti idi. Heç bir girişsiz, izahsız yalnız birdən–birə onun qərar hissəsindən başlayan bu sənəd məzmunundan da göründüyü kimi, çox tələsik hazırlanmışdır. 1948–ci il mart ayının 10–da SSRİ Nazirlər Soveti həmin qərara əlavə olaraq ikinci bir qərar qəbul edir. Özü də köçürmə ilə əlaqədar tədbirlər planı ikinci qərarda daha ətraflı şərh olunurdu.
SSRİ Nazirlər Soveti özünün 1947–ci il 23 dekabr tarixli qərarında göstərirdi ki, 1948–1950–ci illərdə “könüllülük prinsipləri əsasında” “Ermənistan SSR–də yaşayan 100 min kolxozçu və digər azərbaycanlı əhali Azərbaycan SSR–in Kür–Araz ovalığına köçürülsün. 1948–ci ildə 10 min nəfərin, 1949–cu ildə 40 min nəfərin və 1950–ci ildə 50 min nəfərin köçürülməsi nəzərdə tutulurdu. Hər iki Qərarda köçürülmənin şərtləri, bu işdə iştirak edəcək təşkilatların vəzifələri dəqiq müəyyənləşdirilmişdi.
Bu qərarın belə təcili hazırlanmasının mahiyyətini onun axırıncı 11–ci maddəsi açıqlayır. Burada oxuyuruq: “Ermənistan SSR Nazirlər Sovetinə icazə verilsin ki, azərbaycanlı əhalinin Azərbaycan SSR–in Kür–Araz ovalığına köçürülməsi ilə əlaqədar onların boşaltdıqları tikililəri və yaşayış evlərini xaricdən Ermənistan SSR–ə gələn erməniləri yerləşdirmək üçün istifadə etsinlər”.
1948–ci il mart ayının 10–da SSRİ Nazirlər Sovetinin İ.Stalinin imzası ilə “Ermənistan SSR–dən kolxozçuların və digər azərbaycanlı əhalinin Azərbaycan SSR–nin Kür–Araz ovlağına köçürülməsi ilə əlaqədar tədbirlər haqqında” qəbul etdiyi ikinci qərarda göstərilirdi ki, o, “SSRİ Nazirlər Sovetinin 1947–ci il 23 dekabr tarixli qərarına əlavədir”. 1948–ci il 10 mart tarixli qərarda artıq köçürmə ilə əlaqədar konkret tədbirlərdən ətraflı bəhs olunurdu. Burada qeyd edilirdi ki, Ermənistan SSR–dən Kür–Araz ovalığına köçən kolxozçular özləri ilə əsas istehsal vasitələrini, kənd təsərrüfatı maşınlarını, avadanlığı, canlı və mexaniki qoşqu qüvvələrini, bütün növdən olan ev heyvanlarını və quşları, arı ailələrini, nəqliyyat vasitələrini və başqa əşyaları da apara bilərlər.
Qərarda Ermənistan SSR və Azərbaycan SSR nazirlər sovetlərinə tapşırılırdı ki, bir ay müddətində Ermənistanda Kür–Araz ovalığına köçürüləcək kolxozlar, kolxozçular və digər azərbaycanlı əhalinin Ermənistanda qoyduğu köçürülə bilməyən əmlakın ödənilməsi qaydaları müəyyənləşdirilsin. Bu respublikaların nazirlər sovetlərinə köçürülən əhaliyə öz əmlaklarını satmaqda kömək etmək tapşırılırdı.
Qərarda Azərbaycan SSR Nazirlər Sovetinin köçürülən kolxoz təsərrüfatları və əhalinin yerləşdirilməsi şöbəsinin Azərbaycan SSR Nazirlər Soveti yanında Köçürmə İdarəsinə çevrilməsi məqsədəuyğun hesab edilirdi.
SSRİ Nazirlər Sovetinin qərarlarından irəli gələn vəzifələri yerinə yetirmək məqsədilə Azərbaycan SSR Nazirlər Soveti 1948–ci il fevralın 2–də və aprelin 14–də xüsusi qərarlar qəbul edir.
1948–ci 2 fevral tarixli gizli qərarda həmin il Ermənistan SSR–dən köçürüləcək 10 min nəfər əhalini 1948–ci ildə qəbul etmək və yerləşdirmək məsələlərindən şərh edilirdi.
Həmin qərarda Dövlət Plan Komitəsinə, ayrı–ayrı nazirlik və respublika təşkilatlarına, rayon icraiyyə komitələrinə köçürülmə ilə əlaqədar xüsusi tədbirlər planı işləyib hazırlayaraq baxılmaq üçün Nazirlər Sovetinə təqdim etmək tapşırılırdı.
1948–ci il martın 19–da Azərbaycan K(b)PMK–nın bürosunda da SSRİ Nazirlər Sovetinin yuxarıda göstərilən qərarlarından irəli gələn vəzifələri geniş müzakirə edərək onun yerinə yetirilməsi üçün 10 gün müddətində köçürmə ilə əlaqədar tədbirlər planını hazırlayaraq təsdiq üçün Nazirlər Sovetinə və Azərbaycan K(b)P MK–nın katibi H.Həsənova isə Ermənistan SSR–dən köçürüləcək azərbaycanlı əhali və onları Azərbaycan SSR–də qəbul edəcək kolxozlar və rayonların əhalisi arasında siyasi–tərbiyə və izahat işləri aparmaq üçün tədbirlər planını on gün müddətində hazırlayaraq mərkəzi komitənin bürosuna təqdim etməyi tapşırır. Habelə büro Ermənistan SSR–dən azər–baycanlı əhalinin köçürülməsinin vaxtı və qaydalarını Ermənistan SSR rəhbərləri ilə razılaşdırmaq məqsədilə Azərbaycan SSR Nazirlər Sovetinin sədri T.Quliyevin və Mərkəzi Komitənin katibi H.Seyidovun Ermənistan SSR–ə ezamiyyəsini də qərara alır.
Azərbaycan SSR Nazirlər Sovetinin 1948–ci il 14 aprel tarixli qərarında isə SSRİ Nazirlər Sovetinin yuxarıda göstərilən qərarlarından irəli gələn vəzifələr geniş izah edilir, bunların yerinə yetirilməsi üçün respublikanın ayrı–ayrı təşkilatları qarşı–sında duran vəzifələr dəqiqləşdirilir.
Nazirlər Soveti bu qərarla 100 min azərbaycanlı əhalini Ermənistan SSR–dən Azərbaycan SSR–in Kür–Araz ovalığına köçürülməsi işini növbəti üç il üçün Azərbaycan SSR–in ən vacib xalq təsərrüfatı vəzifəsi elan edir. Bu iş təkcə Köçürmə İdarəsinin deyil, eləcədə bütün nazirlik, idarə, təşkilat və müəssisələrin, şəhər və rayon icraiyyə komitələri rəhbərlərinin bir nömrəli vəzifəsi hesab olunur.
Azərbaycan K(b)P MK isə 1948–ci il aprel ayının 13–də “Ermənistan SSR–dən kolxozçu və digər azərbaycanlı əhalinin Azərbaycan SSR–ə köçürülməsi ilə əlaqədar kütləvi izahat işləri haqqında” xüsusi qərar qəbul edir.
Xalqımız üçün ən ağır tale yüklü bu məsələ haqqında MK–nın qərarında deyilirdi: “…. Azərbaycan K(b)P MK–nın xahişi ilə qəbul edilmiş”, SSRİ Nazirlər Sovetinin 1947–ci il 23 dekabr tarixli qərarı “çox böyük siyasi əhəmiyyətə malik olan sənəddir və Azərbaycan SSR–in və Azərbaycan xalqının gələcək mədəni–iqtisadi inkişafı və yüksəlişinə partiya, hökumət və şəxsən Stalin yoldaşın göstərdiyi qayğının əyani təzahürüdür”.
Azərbaycan K(b)P–nın qəbul etdiyi bu qərarda SSRİ Nazirlər Sovetinin göstərilən qərarının “siyasi əhəmiyyətini izah etmək məqsədilə” Respublikanın partiya, sovet və ictimai təşkilatları qarşısında duran vəzifələr maddə–maddə sadalanır, nəzərdə tutulmuş güzəştlərin izahına xüsusi diqqət yetirilirdi. Bu məqsədlə “rəhbər partiya, Sovet işçilərinin, ən yaxşı mühazirəçi və təbliğatçıların kütləvi izahat işləri aparmaq üçün” Ermənistan SSR–ə göndərilməsi nəzərdə tutulmuşdu.186 Bu qərarda təşviqat kampaniyasında ədəbiyyat və incəsənət xadimlərinin iştirakına da xüsusi diqqət verilirdi.
Köçürülmə işinin təşkilinə 1948–ci ildə Ermənistan SSR–dən azərbaycanlıların köçürüləcəyi rayonların siyahılarının tərtibi işindən başlanılmışdır. Bu məqsəd üçün 1948–ci ilin yanvarında Azərbaycan SSR Nazirlər Soveti və Azərbaycan K(b)P MK–nın nümayəndələri Ermənistan SSR–ə ezam olunurlar. Onların qarşısında Ermənistan SSR Nazirlər Soveti ilə birgə köçürmə ilə əlaqədar vahid tədbirlər planı işləyib hazırlamaq, eyni zamanda Ermənistandan köçürüləcək azərbaycanlılar arasında köçürmənin şərtləri, ediləcək güzəştlər haqqında da ətraflı izahat işləri aparmaq vəzifəsi qoyulurdu.
Azərbaycan K(b)P MK bürosunun qərarı ilə 1948–ci ilin martında Azərbaycan SSR Nazirlər Sovetinin sədri T.Quliyev və Azərbaycan K(b)P MK–nın katibi H.Seyidov Ermənistana gedirlər. Onlar Ermənistan SSR rəhbərləri ilə birlikdə azərbaycanlılar yaşayan rayonları gəzərək kolxozçular arasında köçürmənin qaydaları və şərtləri haqqında izahat işləri aparırlar. Azərbaycan SSR Nazirlər Sovetinin 1948–ci il 13 may tarixli qərarında həmin ildə Ermənistan SSR–in İrəvan şəhərindən, habelə Basarkeçər, Vedi, Artaşad, Noyenberyan, Oktenberyan, Zəngibasar və başqa rayonlarından Azərbaycana 2.757 təsərrüfatın (12.171 nəfərin) köçürülməsi planlaşdırılırdı. Onlardan 6.215 nəfərini Kür–Araz ovlağında, qalan 5.962 nəfərini isə Azərbaycanın digər rayonlarında yerləşdirmək nəzərdə tutulurdu.
1948–ci il iyulun 9–da Respublika Nazirlər Sovetinin sədri T.Quliyev SSRİ Nazirlər Soveti sədrinin müavini V.M.Molotova məktubunda Kür–Araz ovalığında 1948–ci ildə köçürülməsi nəzərdə tutulmuş azərbaycanlı əhalini yerləşdirmək üçün yaşayış binalarının olmamasını nəzərə alaraq onların bir hissəsini respublikanın başqa rayonlarında yerləşdirməyə razılıq verməyi xahiş edir. Həm də göstərir ki, köçürülən əhalinin bir hissəsi Ermənistanın dağ rayonlarından olduğu üçün onlar Kür–Araz ovalığındakı iqlim şəraitinə çətin alışa bilir, bu isə onların səhhətinə çox pis təsir edərdi. Təəssüflər olsun ki, SSRİ Nazirlər Soveti bu xahişə müsbət cavab vermir. Nəticədə isə güclə Kür–Araz ovalığına deportasiya olunmuş minlərlə azərbaycanlı ailəsi buradakı sərt və isti iqlim şəraitinə davam gətirə bilməyərək məhv olurdu.
(davamı
növbəti saylarımızda)
Respublika.- 2013.- 24 fevral.- S. 7.