“Yeni
Daşkəsən” layihəsi gerçəkləşir
Hazırda
Daşkəsənin bütün kənd və
qəsəbələrində, əmək kollektivlərində,
eləcə də hər bir evdə yeni layihə barədə söhbətlər edilir, illərlə yığılıb
qalmış problemlərin necə həll edilməsilə
maraqlanırlar. Rayonun Dəstəfur
kəndinin ağsaqqalı Səməndər Həsənov
Daşkəsənin gələcəyi haqqında
danışaraq qeyd edir
ki, bu yeni
layihə düşüncəli, hərtərəfli ölçülüb–biçilmiş
şəkildə tərtib edilmiş
gözəl işdir. Layihəyə
görə rayonda bir
dənə də olsa həllini
tapmamış problem qalmayacaqdır. Bir vaxtlar çörək
qazanmaq ümidi ilə
uzaqlara, hətta xarici
ölkələrə üz tutan daşkəsənlilər yenidən öz evlərinə qayıdacaqlar. Bu, rayon rəhbərliyinin
sonsuz arzusu və qayəsidir.
Əhmədli, Mollahəsənli, Dardərə kənd sakinləri adından söhbətə qoşulan Nazim Cəfərov da həmyaşıdının sözünə qüvvət verərək deyir: “son iki il ərzində rayonumuzda xeyli işlər görülmüşdür. Rəhbərlik yeni Daşkəsən qurmaq niyyətindədir. Layihədə rayonun sosial–iqtisadi inkişafının bütün sahələri nəzərdə tutulmuşdur”.
Ziyalılar da ağsaqqalların fikrinə bunu da əlavə edirlər: “Yeni Daşkəsən” layihəsi rayon ictimaiyyətinə təqdim olunarkən belə bir fikir vurğulanmışdır ki, rayonun iqtisadiyyatı zəif, iqlimi və relyefi çox sərtdir. Bu ərazidə yeddi ay soyuq və şaxtalı havalar, çətin qış hökm sürür. Hava şəraiti tikinti–abadlıq işlərinin ardıcıl aparılmasına imkan vermir.
Bəs bu yeni layihədə hansı işlər nəzərdə tutulmuşdur? Bu sualın cavabı rayon icra hakimiyyətindən aldığımız sənəddə genişliyi ilə öz əksini tapmışdır. Hansı birini deyək. Qırx üç bənddən ibarət olan bu layihədə sanki rayon yenidən qurulur, tikilir və genişlənir. Elmi əsaslarla işlənib hazırlanaraq rayonun sosial–iqtisadi inkişafı, təbii iqlim şəraiti, kənd təsərrüfatının mövcud vəziyyətinin təhlili, ayrı–ayrı sahələrin —heyvandarlığın, arıçılığın, kartof istehsalı və toxumçuluğun, taxılçılığın, turizmin inkişaf dinamikası, yeni inzibati binaların, korpusların tikilməsi, su, qaz, işıq və yol məsələlərinin, ən əsası isə yeni iş yerlərinin açılıb işsizliyin aradan qaldırılması başlıca məqsəd kimi qarşıya qoyulmuşdur.
İnkişafa təkan verən fikirlərin fonunda rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyev 2012–ci ilin yekunları və qarşıda duran vəzifələrə həsr edilmiş yığıncaqda hesabat vermişdir. Məruzəçi öncə bizim başladığımız söhbətə öz konkret fikirini əlavə edərək bildirmişdir ki, “Yeni Daşkəsən” layihəsi ilə rayon ictimaiyyətinin, əlaqədar təşkilatların, müxtəlif nazirliklərin xəbərləri vardır. Bu, öz yerində. Yola saldığımız 2012–ci ildən söhbət açarkən fəxrlə deyə bilərəm, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu siyasətinin nəticələridir ki, 2012–ci ildə ölkəmizin dinamik inkişafı və sabitliyi təmin olunmuş, qarşıda duran bütün vəzifələr yüksək səviyyədə icra edilmişdir.
2012–ci ildə Çovdar qızıl zavodunun tikintisinə başlanılmış və hazırda tikintidə tamamlama işləri davam etdirilir. Həmin işlərin sürətləndirilməsi üçün rayon icra hakimiyyəti tərəfindən aidiyyəti yerlərə müraciət olunmuşdur. Zavodun istifadəyə verilməsi 400 nəfərdən artıq yeni iş yerlərinin açılmasına, əhalinin işlə təmin olunmasına imkan yaradacaqdır.
Daşkəsən rayonunda gənclər üçün Təlim və İstirahət Mərkəzinin, Quşçu qəsəbəsində 16 mənzilli yaşayış binasının tikintisinə başlanmış və hazırda tikinti işləri davam etdirilir.
Yeni dərs ilinə başlanması ərəfəsində Bayan kəndində və Daşkəsən qəsəbəsində 80 şagird yerlik yeni müasır məktəb binalarının tikintisi başa çatdırılaraq istifadəyə verilmişdir. Quşçu, Mollahəsənli, Muşavaq və Əmirvar–Əhmədli kəndlərində yeni məktəb binalarının tikintisi tamamlanmış, Əmirvar kəndində 360 şagird yerlik məktəb binasının və Daşkəsən şəhərində 5 nömrəli uşaq bağçasının əsaslı təmir işlərinə başlanılmış və hazırda həmin işlər davam etdirilir. 2013–cü ildə rayonda 26 ümumtəhsil məktəbinin tikintisi və əsaslı təmiri nəzərdə tutulmuşdur.
Daşkəsən şəhərində qəza vəziyyətində olan və sökülməsi nəzərdə tutulan binaların sakinləri üçün 2 mərtəbəli, 16 mənzilli yaşayış binasının və rayon Statistika idarəsinin yeni inzibati binasının tikintisi başa çatdırılır. Daşkəsən şəhəri Heydər Əliyev küçəsi 27, Nizami küçəsi 16, 17, 20 və 21 saylı çoxmərtəbəlı yaşayış binalarının şiferdən olan dam örtüyü metal kirəmitlə əvəz olunmuş, hazırda başqa binalarda da bu işlərin görülməsi davam etdirilir.
Şəhərin küçələrinə və yaşayış binalarının ətrafına 18 kvadratmetr asfalt örtüyü salınmış, şəhərin girəcəyindəki sahə və şəhərin küçələrindəki istinad divarları təmir edilmişdir. Şəhərin girəcək mərkəz hissəsindəki yolların darısqal, maşınların gediş–gəlişinə maneçilik törədən, qəzalı vəziyyət yaradan dözülməz olmasını, acınacaqlı şəraiti nəzərə alaraq müasir standartlara uyğun, yeni abadlıq işləri görülməsi üçün tikinti mütəxəssisləri tərəfindən arxitektura baxımından layihələndirmə aparılmışdır.
Yaşayış məntəqələrində abadlıq, quruculuq işləri davam etdirilir, rayonda səliqə–sahman yaradılır, vaxtaşırı olaraq iməciliklər keçirilir. Rayonda yaşayış binalarının, mənzillərin tikintisinin aparılması sahəsində aidiyyəti üzrə respublika tabeli qurumlar tərəfindən planlı tədbirlər görülüb tezliklə işə başlanılacaqdır.
Məruzəçi kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət qayğısından danışaraq qeyd etmişdir ki, istifadə olunmayan əkinəyararlı torpaqlardan 412,8 hektarı əkin dövriyyəsinə cəlb olunmuşdur. Rayonda 2 kartofçuluq, 2 taxılçılıq üzrə toxumçuluq təsərrüfatları, heyvandarlıq üzrə 1 və arıçılıq üzrə 1 damazlıq təsərrüfatları fəaliyyət göstərir. Toxumçuluq təsərrüfatlarında 95 ton kartof, 605 ton taxıl toxumu istehsal edilmişdir.
Keçən il Daşkəsən rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzınə ünvanlı sosial yardım almaq üçün müraciət edən 949 ailədən qanuna müvafiq 819 aztəminatlı ailəyə (3413 nəfər aılə üzvünə) ünvanlı dövlət sosial yardımı təyin olunmuşdur.
2012–ci il ərzində rayon telekommunikasiya qovşağı üzrə böyük işlər görülmüş, yeniliklər edilmişdir. Rayonun elə bir yaşayış məntəqəsi yoxdur ki, orada rabitə əlaqəsi olmasın.
Rayon Telekommunikasiya Qovşağının, Sukanal idarəsinin, 22 saylı Yol İstismar idarəsinin, rayon Elektrik Şəbəkəsinin ötən il ərzindəki fəaliyyətləri müsbət qiymətləndirilmişdir.
Ötən ildə rayon əhalisinə 101 mədəni–maarif müəssisəsi xidmət göstərmişdir. Fəaliyyət göstərən mədəniyyət evlərinin, klubların, kitabxanaların mövcud vəziyyətləri təhlil edilmiş, uyğunlaşdırılmış və yararsız binalarda yerləşdirilmələri nəzərə alınaraq 10 mədəniyyət evinin, 28 klub, 46 kitabxana binalarının tikintisi, 6 mədəniyyət evinin və 1 mərkəzi kitabxana binasının əsaslı təmiri 2014–2018–ci illər üçün yeni Dövlət Proqramına salınmışdır.
Yığıncaqda məruzə ətrafında
çıxışlarda iştirak edənlər
yeni layihə haqqında öz
fikirlərini bildirmiş, ötən il görülmüş
işlərdən söhbət açmışlar. Azərbaycan
Respublikası Prezidenti
Administrasiyasının məsul işçisi
Rüfət Əliyev iştirak və
çıxış etmişdir.
Qəhrəman Qurbanov
Respublika.- 2013.- 24 fevral.- S. 6.