Şəhidlərimizin qanı yerdə qalmayacaqdır

 

Azərbaycan dövləti erməni şovinistlərinin azərbaycanlılara qarşı törətdiyi cinayətlər, o cümlədən Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırımı kimi tanınması üçün məqsədyönlü və ardıcıl fəaliyyət göstərir. Məqsəd tarixi ədalətin bərpasına nail olmaq, cinayətkarları ifşa etmək və onları dünya ictimaiyyətinin mühakiməsinə verməkdir. Xocalı şəhərində törədilmiş vəhşiliyin dünya ictimaiyyətinin diqqətinə çatdırılması üçün hər bir azərbaycanlı üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməlidir.

Xocalıda soyqırımı aktının baş verdiyini istintaq materialları da tam təsdiqləyib. İstintaqla müəyyən edilib ki, 25 fevral 1992–ci il tarixdə saat 22 radələrində Ermənistandan Azərbaycan Respublikası ərazisinə qanunsuz keçirilmiş silahlı qüvvələr, habelə Dağlıq Qarabağın millətçi ermənilərindən təşkil olunmuş hərbi birləşmələr keçmiş SSRİ Müdafiə Nazirliyinin 366–cı motoatıcı alayının komandir heyəti və hərbi texnikası ilə birgə Xocalı şəhərinə hücuma keçib. Hücumda 366–cı alayın komandiri Zaviqarov Yuri Yureviçmayor Ohanyan Seyran Muşeqoviçin komandanlığı altında alayın 2–ci batalyonu, Nabokix Yevgeni Aleksandroviçin komandanlığı altında 3– batalyonu, həmçinin 1–ci batalyonun qərargah rəisi Çitçiyan Valeriy İsaakoviç, habelə alayda xidmət edən 50–dən çox erməni və digər zabit və praporşiklər iştirak ediblər. Eyni zamanda, hücum zamanı 90–dan çox tank, piyadaların döyüş maşınları, toplar, D–30 qaubitsası və digər müasir hərbi texnikadan istifadə olunub.

366–cı alayın hərbi qulluqçularının və digər şəxslərin Xocalı soyqırımında iştirakı tam sübuta yetirilib, onların Azərbaycan Respublikası Cinayət Məcəlləsinin soyqırımına görə məsuliyyəti nəzərdə tutan CM–in 107–ci (əhalini deportasiya etmə və ya köçürtmə), 113– (işgəncə), 115.4– (müharibə qanunlarını və adətlərini pozma), 116.0.17–ci (zorlama, cinsi köləlik, məcburi fahişəlik, məcburi sterilizasiya, məcburi hamiləlik, habelə cinsi zorakılıqla əlaqədar başqa hərəkətlər etmə) maddələri ilə nəzərdə tutulan cinayəti etməkdə təqsirləndirilən şəxs kimi cəlb olunmaları barədə qərarlar çıxarılıb. Həmin şəxslər barəsində məhkəmələr tərəfindən həbs qətimkan tədbiri şeçilib və beynəlxalq axtarışların həyata keçiriliməsi üçün müvafiq sənədlər İnterpolun Azərbaycan Respublikası Milli Bürosuna göndərilib.

Ümummilli lider Heydər Əliyevin 1993– ildə siyasi hakimiyyətə qayıdışından sonra Xocalı faciəsi özünün əsl siyasihüquqi qiymətini aldı, soyqırımı haqqında həqiqətlərin dünya dövlətlərinə və beynəlxalq ictimaiyyətə çatdırılması üçün təsirli tədbirlər görüldü. Ulu öndər Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 26 mart 1998–ci il tarixli fərmanında bu faciənin dəqiq siyasi qiyməti verilir: “1992–ci ilin fevralında ermənilər Xocalı şəhərinin əhalisinə misli görünməyən divan tutdu. Tariximizə Xocalı soyqırımı kimi həkk olunan bu qanlı faciə minlərlə azərbaycanlının məhv edilməsi, əsir alınması, şəhərin yerlə–yeksan ediməsi ilə qurtardı”.

Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev ilk gündən “Biz müdafiədə deyil, hücumda olmalıyıq” —deyərək bədnam erməni lobbisinə qarşı effektiv əks–hücumun təşkilini mühüm vəzifələrdən biri kimi müəyyənləşdirmişdir. Ölkə başçısı Xocalı soyqırımı ilə bağlı bildirmişdir:”Azərbaycan dövləti erməni faşistlərinin törətdiyi Xocalı faciəsi haqqındakı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və beynəlxalq aləmdə soyqırımı kimi tanıdılması istiqamətində məqsədyönlü və sistemli aparır. Son illərdə “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində soydaşlarımızı təmsil edən çoxsaylı vətəndaş cəmiyyəti institutları, gənclər təşkilatları və diaspor qurumları bu sahədə hakimiyyət strukturları ilə birgə səmərəli fəaliyyət göstərirlər.

Prezident İlham Əliyev Xocalı soyqırımının 21–ci ildönümü ilə əlaqədar Azərbaycan xalqına müraciətində bildirmişdir: “Xocalı soyqırımını törətməkdə düşmənin məqsədi Azərbaycan xalqını sarsıtmaq, suverenlik və ərazi bütövlüyü uğrunda mübarizədən çəkindirmək və torpaqlarımızı zorla ələ keçirmək olsa da, bu ağır faciə xalqımızı daha da mətinləşdirmiş, qəhrəman oğul və qızlarımızı müqəddəs Vətən və milli dövlətçiliymiz naminə qətiyyətli və mütəşəkkil mübarizəyə səfərbər etmişdir. Bu ümummilli hüzn günündə bir daha Xocalı faciəsinin günahsız qurbanlarının əziz xatirəsini ehtiramla yad edir, bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Sizi əmin etmək istəyirəm ki, Xocalı soyqırımını həyata keçirənlər gectez ədalət məhkəməsi qarşısında cavab verərək layiqli cəzalarını alacaq, şəhidlərimizin qanı yerdə qalmayacaqdır”.

Azərbaycan dövləti və cəmiyyəti öz inkişafında quruculuq və yüksəliş dövrünü yaşayır. Ölkəmiz iqtisadi inkişaf templərinə görə dünyada lider mövqeyə malikdir. Azərbaycan regional və beynəlxalq enerjikommunikasiya layihələrinin əsas iştirakçısı və təşəbbüsçüsüdür. Dövlətimizin iqtisadi və hərbi qüdrəti, beynəlxalq nüfuzu gündən–günə artır. Bir sıra beynəlxalq təşkilatlar, nüfuzlu dövlətlərin rəhbərləri, parlamentləri Ermənistanı işğalçı dövlət kimi tanıyır, onu Azərbaycan ərazilərini azad etməyə çağırır. Bu istiqamətdə aparılan işlər daha böyük nəticələrin əldə ediləcəyinə əminlik yaradır.

 

 

Mətanət FƏRZƏLİYEVA,

Azərbaycan Müəllimlər İnstitutunun

Ağcabədi filialının direktor əvəzi.

 

Respublika.- 2013.- 26 fevral.- S. 7.