Bəşəriyyətə
qarşı tarixi cinayət
İyirminci yüzilliyin ən
ağır müsibətlərindən biri
olan Xocalı faciəsi bəşər
tarixində analoqu olmayan
dəhşətli soyqırımdır. Erməni cəlladları
tərəfindən törədilən Xocalı
soyqırımı nəinki azərbaycanlılara, həm də
bütün bəşər
övladına qarşı ağla gətirilməsi
mümkün olmayan ən
qanlı cinayət aksiyası idi. Bu faciə erməni millətçilərinin qeyri–insaniliyini, vəhşiliyini
bütün dünyaya
bir daha sübut etdi. Onların iç üzünü bütün cılpaqlığı ilə
göstərdi. Bu, bizim
qan yaddaşımıza yazılan bir faciə, silinməz tariximizdir.
Həmin dəhşətləri gözü
ilə görmüş, o
anları yaşamış Xocalı Rayon İcra Hakimiyyətinin başçısı
Şahmar Usubov bu faciənin düşünülmüş
və planlaşdırılmış qətliam olması
haqqında ətraflı söhbət açdı:
—Xocalı
faciəsi Azərbaycan xalqının qan yaddaşına həkk
olan acı bir kədər, dərin bir
üzüntüdür. Ulu öndərin 1993–cü ilin iyun
ayının 15–də yenidən hakimiyyətə
qayıdışından sonra Xocalı soyqırımına
hüquqi–siyasi qiymət verildi. Xocalı faciəsinin Azərbaycan
xalqının qan yaddaşı olduğunu dəfələrlə
bəyan edən ümummilli liderimiz Heydər Əliyev hadisələrə
beynəlxalq müstəvidə əsl hüquqi–siyasi qiymət
verilməsinin zəruriliyini vurğulamış, Xocalı
soyqırımının dünya ictimaiyyətinə
çatdırılmasına xüsusi səy göstərmişdir.
Azərbaycanın
ümummilli lideri Heydər Əliyev bu faciənin mahiyyəti
barədə deyib: “Bütövlükdə Azərbaycan
xalqına qarşı yönəldilmiş Xocalı
soyqırımı öz ağlasığmaz qəddarlığı
və qeyri–insani cəza üsulları ilə bəşər
tarixində bir vəhşilik aktıdır. Bu soyqırım,
eyni zamanda, bütün bəşəriyyətə
qarşı tarixi bir cinayətdir”.
Azərbaycan
xalqının tarixində qürur duyulacaq hadisələr
çoxdur. Xocalı həm də Vətən torpağı
uğrunda onun övladlarının qəhrəmanlıq
mübarizəsinin şanlı səhifəsidir.
Ermənistanın XX əsrin sonlarında apardığı qatı millətçilik siyasəti onların azərbaycanlılara qarşı sözün əsl mənasında düşmənçilik və nifrət ruhunda kökləndiklərini bir daha sübuta yetirdi. Məhz həmin dövrdə Azərbaycandakı hakimiyyət böhranından istifadə edən Ermənistanın quldur dəstələri sovet imperiyasının silahlı alayının dəstəyi ilə Dağlığ Qarabağ və ona bitişik bir sıra bölgələrimizdə genişmiqyaslı hücum əməliyyatları apararaq torpaqlarımızın böyük bir hissəsini zəbt etdilər. Bir milyondan artıq soydaşımız qaçqın düşdü. Ölkə iqtisadiyyatına güclü ziyan dəydi. Bu zərərin miqdarı isə milyardlarla ölçülür.
Bu qeyri–bərabər müharibənin ən dəhşətlisi isə erməni silahlı dəstələrinin Xocalıda milli etnik mənsubiyyətinə görə azərbaycanlılara qarşı 1992–ci il fevralın 26–da törətdikləri Xocalı soyqırımı idi.
Şəhərə hücum zamanı 7 min nəfərlik əhalidən burada yalnız 3 minə yaxın insan qalmışdı, çünki 4 aydan artıq çəkən blokada qaldığı müddətdə sakinlərin xeyli hissəsi çıxmağa müvafiq olmuşdu.
XX əsrin sonlarında erməni quldurlarının törətdikləri Xocalı soyqırımı öz ağırlığına görə Xatın, Lidisa və Sonçmi kimi dəhşətli faciələrlə bir sırada dayanır. Cinayətkar erməni qoşunlarının vəhşiliyi nəticəsində Xocalı əhalisindən 613 nəfər öldürülmüş, 487 nəfər şikəst olmuş, 1275 nəfər dinc sakin–qoca, uşaq, qadın əsir götürülərək ağlasığmaz işgəncələr, təhqir və həqarətlərə məruz qalmışdır. 155 nəfərin taleyi isə hələ də məlum deyildir.
Faciəni xalqımızın böyük dərdi, kədəri, qəmi adlandırmış Heydər Əliyev eyni zamanda Azərbaycanın əsrlər boyu keçdiyi mübarizə, milli azadlıq yolunu şanlı, uğurlu yol kimi dəyərləndirmişdir. Prezident Heydər Əliyevin “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” 25 fevral 1997–ci il tarixli Sərəncamı ilə hər il fevral ayının 26–da saat 17:00–da Azərbaycan Respublikasının ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi tətbiq olunur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən ardıcıl tədbirlər nəticəsində bu gün bir sıra Avropa ölkələri Xocalı soyqırımı ilə bağlı həqiqətlərlə tanış olur.
Dövlət başçısı Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasını səfirliklərimiz və diaspor təşkilatlarımız qarşısında vacib məsələ kimi müəyyənləşdirmişdir. Bu istiqamətdə Heydər Əliyev Fondunun xidmətləri də xüsusi qeyd olunmalıdır. Məhz Heydər Əliyev Fondunun rəhbəri, YUNESKO və İSESKO–nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüsü ilə bir sıra ölkələrin paytaxtlarında Xocalı soyqırmı ilə bağlı silsilə tədbirlər keçirilib.
Ötən il Xocalı soyqırımının 20–ci ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə keçirilən ümumxalq yürüşünü Azərbaycanın Xocalı soyqırımı ilə bağlı beynəlxalq səviyyədə hüquqi–siyasi qiymət verilməsi istiqamətində çox mühüm tədbirlərdən hesab etmək olar. Bu aksiya bir daha göstərdi ki, Azərbaycan xalqı cinayətkarların cəzasız qalmasına laqeyd qalmaycaqdır.
Paytaxtın Azadlıq meydanından başlayan, 85 mindən çox insanın iştirak etdiyi ümumxalq yürüşü Xocalı faciəsi qurbanlarının xatirəsini ehtiramla yad etmək və erməni faşistləri tərəfindən insanlığa qarşı törədilmiş bu vəhşi cinayəti bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırmaq məqsədi daşıyırdı.
Biz də bu tədbirlərdən kənarda qalmırıq. Faciənin dəhşətlərini əks etdirən bukletlər toplayır, video–filmlər hazırlayır, onların dünya ictimaiyyətinə çatdırılmasına çalışırıq. Bu materiallar həmçinin ölkəmizin təhsil müəssisələrində də yayılır və onlardan tədris zamanı geniş istifadə olunur. Çünki yeni gələn nəsil bu həqiqətləri bilməli, onun təkrarlanmaması üçün ayıq–sayıq böyüməlidir.
Mən 2011–ci ildə nəşr olunmuş “Xocalı: daş yaddaşım, qan yaddaşım” adlı kitabı xüsusi qeyd etmək istəyirəm. Kitabda Dağlıq Qarabağ regionunun Xocalı rayonunun qısa tarixi, siyasi, coğrafi mövqeyi, iqtisadiyyatı, mədəni abidələri, o cümlədən arxeoloji və etnoqrafik məlumatları, həmçinin Ermənistanın və separatçıların 366–cı alayının iştirakı ilə Xocalı şəhərinin əhalisinə qarşı həyata keçirdiyi soyqırım siyasəti öz əksini tapmışdır.
Bu soyqırıma dünya birliyi siyasi–hüquqi qiymət verməli və cinayətdə əli olan hərbi cinayətkarların Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən ittiham olmasına nail olmalıyıq. Heç bir cinayət, xüsusilə də insanlığa qarşı törədilmiş cinayət cəzasız qalmamalıdır.
Nurəngiz ADİLQIZI
Respublika.- 2013.- 26 fevral.- S. 7.