| Şairə sədaqət,
dosta sədaqət
Ruzigar tək dəyişsə də hey zaman, –
Borcumuzdur, unutmayaq bircə an
Qəlbimizdə izi qalan kəsləri, –
Özü gedən, sözü qalan kəsləri!..
“Yarım
əsrlik yol” adlı kitabı vərəqləyirdim və mənə
elə gəlirdi ki, təkcə ədəbiyyatımızın
təbliğində özünəməxsus yeri olan qocaman “Ədəbiyyat
qəzeti”ni (Ədəbiyyat və incəsənət), həm
də ömrünün əlli ilini bu qəzetə həsr eləmiş
hörmətli şairimiz, füzulişünas alim Ayaz Vəfalının
ömür kitabını vərəqləyirəm.
Böyük yazıçımız Mirzə İbrahimov
şairin yaradıcılığını təhlil edərkən:
“Dərin çaylar sakit axar” demişdi. Doğrudan da, ədəbiyyata
hay–küysüz gələn, dərin çaylar kimi öz məcrasında
aramla axa–axa, öz şair ürəyinin kövrək nəğməsini
oxuyan şair poeziyaya vəfalı olduğunu sübut elədi,
sözə sadiq qaldı. Ayaz müəllimin ədəbi
ensiklopediyanı xatırladan bu sanballı kitabında əlli
ildə yazdığı və ilk dəfə qəzet səhifələrində
dərc olunmuş məqalə və müsahibələrinin,
həmçinin şeir, poema və tərcümələrinin
bir qismi yer almışdır.
Kitabda
unudulmaz şairimiz Şəkər Aslana həsr olunmuş
“Şairə sədaqət, dosta sədaqət” məqaləsi
isə məni elə kövrəltdi ki, ürəyimdə
acı bir nisgil qövr elədi. Şəkər müəllimin
nurlu siması dilsiz heykəl kimi gözümün
önündə canlandı. Sadə, səliqə–sahmanlı
geyimi, mülayim xasiyyəti, mədəni rəftarı ilə
ilk andan həmsöhbətində özünə dərin rəğbət
hissi oyadan bu şairin arxaya daranmış, tək–tük dən
düşən qara, qıvrım saçları, mənalı
iri ala gözləri vardı. O, danışanda
sözünü kəsməyə adamın ürəyi gəlmirdi–ipək
kimi yumşaq səsi vardı. Bu şirinlik onun şeirlərinə
də hopmuşdu. Gözlərinin dərinliyindən boylanan
nisgilin səbəbini onu tanımamışdan qabaq şeirlərindən
duymuşdum–atası müharibədən
qayıtmamışdı, dörd–beş yaşından
atasızlığın acısını dadmışdı.
Qırx
il bundan əvvəl onun mənə yazdığı məktubları
xatırladım. Qəribədir, özgə vaxt nəyisə
axtarsaydım, açmadığım qovluq qalmazdı.
İlk əl atdığım qovluqdan Şəkər müəllimin
1964–cü ildə “Azərnəşr”in buraxdığı
“Bahar yağışı” kitabını və məktublarından
birini tapdım. Xatirələr çözələndi… Məktubdakı
tanış sətirləri oxuyanda isə elə bildim ki, yenidən
onun doğma, mehriban səsini eşidirəm.
“12.
X. 72.
Əziz
Etibar!
Gəldim,
sənin məktubunu mənə verdilər. Səmimi sözlər
üçün sağ ol! O şeirləri jurnalda görənə
qədər sevirdim. İndi onların zəif sətirləri
gözümü deşir. Peredelkinoda keçirdiyim bir ayda
çox şey öyrəndim. Y. Kozlovski, E. Əsədov, A.
Mejirovla söhbət zamanı öz zəifliyimi bir daha duydum.
Ç. Aytmatovla bir stolda otururduq. Müsahibələr müddətində
qarşımda geniş üfüqləri görürdüm.
Mən həmişə Lənkərandan uzaqda onu daha aydın
görürəm. Yenə də belə oldu. Moskvada Rusiya
şeirləri yazmaq istəyirdim. Ancaq olmadı. Yenə Lənkəran
araya girdi. Lənkəran balıqçıları haqqında
“Qaya” adlı poema yazdım. Məlum olduğu kimi, bu, həmin
mövzuda ikinci poemamdır. Çalışmışam ki, təkrara
yol verməyim. Fikir vermisinizmi, sahildə bir nöqtəyə
min dəfə dalğa vurur. Ancaq bu dalğaların heç
biri təkrar olmayır…
Bəzi
təzə şeirlər yazmışam. “Sovetski pisatel” nəşriyyatı
üçün şeirlərimi hazırlayıram.
Təzə
şeirlərindən bizə göndər, yaxın tələbə
dostlarına salam söylə!
Böyük
hörmətlə
Şəkər
Aslanov”.
Bu məktub
onun “Azərbaycan” jurnalında çıxan şeirləri barədə
yazdığım məktuba cavab idi. Onda mən M.F.Axundzadə
adına Rus dili və Ədəbiyyatı İnstitutunun ikinci
kursunda oxuyurdum və Dərnəgüldəki yataqxanada
qalırdım. Dörd nəfər idik: gəncəli Əsgər,
şamaxılı Rüsxət, lənkəranlı
Hacıbaba və mən. 1970–ci ilin sentyabrında eyni otağa
düşdüyümüz və tanış olduğumuz ilk
andan ucaboy, yaraşıqlı, həlimxasiyyət, həmyaşıdım
Hacıbaba Əbilovla ünsiyyət bağladıq. Sən demə
o, artıq məni tanıyırmış. “Ulduz”
jurnalının 1969–cu il 10–cu nömrəsində şair Nəbi
Xəzrinin təqdimatıyla şeirlərim çap
olunmuşdu və o vaxtdan mərkəzi mətbuat səhifələrində
ara–sıra imzam görünürdü. Qəzetlərdə isə
Hacıbabanın xəbərlərinə rast gəlirdim.
Ədəbiyyatdan,
poeziyadan söhbət düşəndə Hacı həmişə
Şəkər müəllimi xatırlayırdı. Deyirdi
ki, səni Lənkərana aparacağam, görərsən necə
gözəl yerdir. Şəkər müəllimlə də
tanış olarsan, özünə demişəm. Hacı məndən
xəbərsiz artıq “Nəğmələr…insanlar” adlı
şerimi “Leninçi”də çap etdirmişdi. O zaman Şəkər
Aslan qəzetin redaktoru idi.
Mən
dostum Hacıbabanın təklifi ilə Lənkərana, onun
ata–baba ocağına qonaq getmişdim. Orada Şəkər
Aslanla şəxsən tanış oldum. Biz bir gün Xəzərin
sahilində gəzişəndə Hacıbaba mənə dedi:
“Şəkər müəllim imkan tapan kimi yarım saat da
olsa bura gəlir”.
…Günəş
qüruba enməkdə idi. Qış günəşinin
qıpqırmızı şüaları dənizin
yaşılımtıl–maviyə çalan səthində
oynaşır, qəribə bir mənzərə
yaradırdı. Şəkər müəllimin əzbər
bildiyim “Mənim şəhərim” şerini xatırladım:
Burdadır
ən gözəli
Bağçanın
da, bağın da,
Lənkəran
bir gözəldir
Bəzənir
Xəzər adlı
Güzgünün
qabağında!..
Şəkər
müəllim gəldi. Sahildə gəzə–gəzə xeyli
söhbətləşdik: ədəbiyyatdan, ədəbi
prosesdən, son vaxtlar çıxan kitablardan söz
açdıq. O, elə sakit və təmkinlə
danışırdı ki, sanki
pıçıldayırdı. Kiçik, birmərtəbəli
evlər dənizin beşaddımlığında elə bil
çiyin–çiyinə verib cərgə ilə
düzülmüşdü. Dalğalar dayanmadan sahilə
çırpılır, ləpələnib geri
qayıdırdı. Hələ bu, dənizin sakit vaxtı idi.
Səsi pəncərələrə dəyib çiliklənirdi.
Bir də: “Şəkər müəllim, – dedim, – bu evlərdə
doğulub–böyüyənlər ömrü boyu bu səsi
eşitməli olurlar. Qəribə deyilmi?” Gözəl
duymusan, artıq bir şerin hazırdır, – dedi, – bax, yazarsan
ha! Sahildə hündürboylu qoca bir kişi dayanıb diqqətlə
dənizə baxırdı. Şəkər müəllim
kişinin uzun illər gəmi kapitanı işlədiyini,
sonra balıqçı olduğunu, bir sözlə,
ömrünü dənizdə keçirdiyini
danışdı. Ernest Heminqueyin “Qoca və dəniz” hekayəsi
yadıma düşdü. Sanki yazıçı xəyalən
bu qocanı və onun üzündəki dərin
qırışları görüb təsvir etmişdi.
Kişi Şəkər müəllimi görüb yaxına gəldi.
Görüşdülər, bir–birinin əhvalını
soruşdular. Düşündüm ki, şübhəsiz, onun
balıqçıların həyatından bəhs edən
“Qaya” poeması da belə isti münasibətin nəticəsidir
(Sonralar “Dəniz laylası” və “Dənizli talelər”
adlı iki uzun şeir yazdım. Birincisi ixtisarla “Ulduz”
jurnalında, ikincisi isə “Leninçi”nin 18 mart 1972–ci il
tarixli şənbə nömrəsində çap olundu.
Başlığı Şəkər müəllim dəyişib
“Qoca baxır dənizə” qoymuşdu).
… Gün
batdı. Elə bil sahilə qəriblik çökdü.
Şəkər müəllim hər ikimizin qoluna girib: “Məhəmmədhüseyn
müəllim indi gəlmiş olar. Ağsaqqalı gözlətməyək”,
– dedi. Getdik. Keçən sözdü, deyəsən, restoran
idi. Bizi görən kimi, hörmətlə kiçik bir
otağa apardılar. Stolun arxasında dolu bədənli,
artıq saçları çallaşmış gülərüzlü
bir kişi əyləşmişdi. Bu, “Dağlar oğlu” və
“Qulplu qızıllar” kimi romanların müəllifi Məhəmmədhüseyn
Əliyev idi. Ayağa qalxıb elə səmimi
görüşdü ki, sanki şəxsən mənimlə
yüz ildir tanış imiş. Yanında oturtdu.
Görünür, Şəkər müəllim “qonaq” barədə
ona qabaqcadan nəsə deyibmiş. Yerbəyer olduq. Söhbət
yenə də ədəbiyyatdan, ədəbi mühitdən
gedirdi. İndi ağsaqqal danışır, biz dinləyirdik.
Hərdən Şəkər müəllim özünəməxsus
təmkinlə müdaxilə edirdi.
Gecə
yarıdan keçmiş ayrıldıq. O gecə Lənkərandan
aldığım ilk təəssüratın təsiri
altında “Qış səhəri” adlı lirik bir reportaj
yazdım və bu yazı hələ mən orada olanda–cümə
axşamı, qəzetin 3 fevral 1972–ci il tarixli nömrəsində
çap olundu. Şənbə günü Şəkər
müəllimlə vidalaşdıq. Lənkəranda
keçirdiyim altı gün ömrümə yazıldı və
yaddaşımda şirin bir xatirə kimi qaldı.
***
Şəkər
Aslanla ikinci dəfə noyabrın axırlarında Bakıda
görüşdüm. Gələcəyi günü,
saatı və yeri bilirdim – Hacıya yazdığı məktublarının
birində bildirmişdi. Həmin gün Hacı yox idi, təcili
Lənkərana getmişdi. Mən Şəkər Aslanla
görüşə tək getməli oldum. O, vaxtında gəlmişdi.
Yazıçılar Birliyinə doğru getdik. Şəkər
Aslan dedi: “Gedək, dostum Səyavuş Məmmədzadə ilə
bir balaca işim var. Səni də tanış eləyim, yaxşı
insandır”. Səyavuş müəllim, bir otaqda tək
oturmuşdu. İçəri girdik. Hiss etdim ki, S.Məmmədzadə
ilə Ş.Aslanın çox isti dostluq münasibətləri
var”.
Necə
oldusa Şəkər müəllim söhbət əsnasında
Peredelkinonu xatırladı. Ç.Aytmatovu yada saldı:
–
“İnanın, onunla söhbətdən adam doymaq bilmirdi.
Çox böyük şəxsiyyətdir. Kökə
bağlı, xalqını sevən, onunla qürur duyan, əsl
qırğız oğludur. Dəryadır, dərya. Mənə
xüsusilə o ləzzət verirdi ki Aytmatov danışanda
rus yazıçılarının ağzı açıla
qalırdı. Ona çox diqqət yetirir, hətta
sözünü kəsməyə belə cürət etmirdilər…”.
Mən
burada istedadlı şair Əliağa Kürçaylı ilə
də tanış oldum.
Sağollaşıb
çıxdıq. Binanın qabağında Şəkər
müəllim dedi ki, indi mənimlə gedirsən, bir tikə
çörək kəsirik, sonra mən bir qohumuma dəyməliyəm.
Mən onunla razılaşmadım, üzrxahlıq edib
ayrıldım. Şəkər Aslan ayrılanda gülərüzlə
dedi: “Qələmdən bərk yapış ha, sənə
inanıram. Əlaqə saxla. Lənkəranı da yaddan
çıxarma!”.
Mənsə
əlaqə saxlaya bilmədim. İnstitutu bitirib rayona getdim, Bakıya qayıtdım. “Kommunist”,
“Xalq qəzeti”, “AzərTAc”, “Respublika” qəzetində işlədim.
Uzun müddətdir ki, dostlarımla görüşməyə
imkan tapmadım.
İtirdiyim o dostlarımla bir
anlıq görüşə
indi bir ömrümü girov qoyardım.
İndi haqq dünyasında olan üç dostumla—üç gözəl
insanla bağlı kövrək xatirələrimi
oyadan “Yarım əsrlik yol” kitabının müəllifinə
minnətdaram. Əks halda bu xatirələr
ürəyimin dərin
qatlarında daşlaşıb
mənimlə bu dünyadan köçəcəkdi…
və bundan kimsənin xəbəri olmayacaqdı…
Etibar ETİBARLI,
şair.
Respublika.- 2013.- 28 fevral.- S. 15.