Rəşadət
ünvanı Stalinqrad: Stalinqrad uğrunda
döyüşdə qələbənin 70 illiyinə
Bu il
fevralın əvvəlində Volqoqrad şəhərində
Stalinqrad vuruşmasında qazanılmış qələbənin
70 illiyi münasibəti ilə təntənəli tədbirlər
keçirildi. Yubiley tədbirlərində ölkəmizi Azərbaycan
Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasının politologiya kafedrasının müəllimi,
Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr
Veteranları Şurasında gənclərin hərbi–vətənpərvərlik
tərbiyəsi üzrə daimi komissiyasının sədri,
siyasi elmlər üzrə fəlsəfə doktoru, ehtiyatda
olan polkovnik Cəlil Malik oğlu Xəlilov təmsil
etmişdi.
Cəlil
Xəlilov – Simferopol Ali Hərbi–Siyasi Məktəbin siyasi
fakültəsinin və Düşənbə Dövlət
Universitetinin hüquq fakültəsinin məzunudur. Sovet
İttifaqı dövründə dövlət sərhədinin
ən mürəkkəb sahəsində – Pamir
dağlarında, dəniz səviyyəsindən 4 min metr
yüksəklikdəki sərhəd dəstəsində xidmət
edib. Soydaşımız Şərq sərhəd dairəsində
ən yaxşı siyasi işçilərdən hesab edilirdi
və onun iş təcrübəsi zastavalarda geniş
yayılmışdı.
1987–ci ildə Azərbaycana qayıdan Cəlil Xəlilov respublikanın sərhəd qoşunları sistemində müxtəlif vəzifələrdə çalışıb. O, 2000–ci ildə şəxsi heyət ilə iş üzrə Azərbaycan Respublikası Sərhəd Qoşunları Komandanının müavini təyin edilib. Xidməti vəzifəsi ilə əlaqədar Almaniyada, Əfqanıstanda, İranda, Çində işgüzar səfərlərdə olub. Dörd il bu vəzifədə çalışdıqdan sonra AR Milli Təhlükəsizlik Nazirliyində şöbə rəisi təyin olunub. Ötən il istefaya çıxan Cəlil Xəlilov müəllimlik və tədqiqatçılıq fəaliyyəti ilə məşğul olur, kursantlar və əlavə təhsil alan rəhbər heyət üçün Milli təhlükəsizlik strategiyası kursunu tədris edir. “Milli düşüncə və milli təhlükəsizlik”, “Milli sərvət”, “Xalqa həsr olunmuş həyat” kitablarının müəllifidir.
Cəlil Xəlilovla müsahibəni oxucularımıza təqdim edirik:
– Cəlil müəllim, II Dünya müharibəsinin ibrət dərslərindən nəticə çıxarmaq həmin dəhşətli və amansız müharibə barədə həqiqətləri indiki və gələcək nəsillərə çatdırmaq olduqca vacibdir. Böyük Vətən müharibəsi tarixinin nəhəng döyüşlərinin cərgəsində – Moskvanın müdafiəsi, Qafqaz uğrunda döyüş, Kursk döyüşü, Dneprin keçilməsi kimi hadisələrin sırasında Stalinqrad uğrunda döyüş xüsusi yer tutur. Tədqiqatçıların təsdiq etdiyi kimi, əhatəsinə, gərginliyinə və sonuclarına görə bu vuruşmanın tarixdə bərabəri yoxdur. Sizin fikrinizcə, nə üçün Hitler və onun əlaltıları məhz Stalinqrada böyük diqqət yetirirdilər?
– Stalinqrad vuruşmasında qazanılan qələbə bütün dünyada geniş əks–səda doğurmuşdu. O zaman nəinki bütün Avropanın, elə bütün dünyanın nəzərləri Stalinqrada dikilmişdi. Burada, Volqa sahillərində, həmin dəhşətli və əzab dolu günlərdə, həftələrdə, aylarda təkcə dünyanın ilk çoxmillətli sosialist dövlətinin taleyi deyil, həm də faşist Almaniyasının işğal etdiyi və əsarət altına saldığı Avropa ölkələri xalqlarının taleyi həll olunurdu, Yer üzündə faşizmin yaşayacağı, yoxsa məhv olacağı kimi qlobal problem çözülürdü.
Keçmiş ittifaqın bütün xalqları, o cümlədən Azərbaycan əhalisi bir fikirlə – Stalinqradın qələbəsi barədə fikirlə yaşayırdı. Bütün dünya bu amansız savaşın, iki ideologiyanın bu barışmaz qarşıdurmasının gedişini gərginliklə izləyirdi. Buna görə də Volqoqrad şəhər İctimai palatasının sədri M.Xaritonovun yubiley təntənəsi günlərində təəssüf hissilə söylədiyi fikirlərə haqq qazandırmaya bilmirsən: “Kimsə Mamayev kurqanının brend olaraq köhnəldiyini və müharibəni xatırlamağın gərək olmadığını sübuta yetirməyə cəhd göstərəndə ürəyin sızlayır. Keçmişini xatırlamayan insanın gələcəyi heç vaxt olmayacaq”.
Məlum olduğu kimi, Stalinqrad Sovet İttifaqının mərkəzi bölgələrini Qafqaz və Orta Asiya ilə bağlayan “nəhəng kommunikasiya qovşağı” idi. Volqanın strateji əhəmiyyəti isə təkcə Qafqazdan neftin daşınmasında əsas nəqliyyat arteriyası olmaqla məhdudlaşmırdı. Məhz buna görə də Stalinqradın ələ keçirilməsi almanlara mühüm su və quru nəqliyyat kommunikasiyalarını kəsməyə imkan verərdi ki, bu da sovet sənayesinə hiss olunacaq ağır zərər vura bilərdi. Bundan başqa, şəhər Stalinin, yəni Hitlerin ideoloji düşməninin adını daşıyırdı və şəhərin ələ keçirilməsindəki qələbə çox uğurlu təbliğat gedişi ola bilərdi.
1942–ci il iyulun 30–da fürerin qərargahında general Yodl öz məruzəsində inamla bildirmişdi ki, Qafqazın taleyi Stalinqrad ətrafında həll ediləcək. Düşmənin bütün bu planlarını pozmaq, Volqa üzərindəki şəhəri müdafiə etmək məqsədi ilə Ali Baş Komandanın qərargahında marşal S.Timoşenko başda olmaqla Stalinqrad cəbhəsi yaradıldı. Stalinqrad istiqamətində general F.Paulüsün komandanlığı altında Vermaxtın 6–cı ordusu döyüşürdü.
Əlbəttə, düşmənin sovet qoşunlarına nisbətən üstünlükləri çox idi: döyüşçülərin sayına görə 1,7 dəfə, texnikada – 1,3 dəfə, təyyarələrin sayında isə 2 dəfədən çox üstünlük almanların tərəfində idi.
Müdafiə əməliyyatı 1942–ci il iyulun 17–də, Don çayının döngəsində 62–ci sovet ordusu Paulüsün 6–cı ordusunun avanqardı ilə döyüşə girdiyi zaman başlamışdı. Lakin artıq 11 gündən sonra, iyulun 28–də Ali Baş Komandan İ.Stalin daha çox “Geriyə bir addım yox!” kimi tanınan 227 –li məşhur əmrini verdi.
İ.Stalin bu əmrində Qızıl Orduya müraciət edərək, nəyin bahasına olursa–olsun, düşmənin hücumunu dayandırmağı tələb edirdi, qorxaqlıq edənlərə qarşı isə ən sərt tədbirlər nəzərdə tutulmuşdu. Əmrdə məsələ qəti qoyulmuşdu: “Geri çəkilməyə son qoymaq vaxtıdır! Geriyə bir addım da yox!”
Qızıl Ordunun bütün siyasi işçilərindən bu əmri hər bir döyüşçüyə çatdırmaq tələb edilirdi. Bununla belə, avqustun 23–də Stalinqrad alman aviasiyasının amansız, vəhşicəsinə bombardmanına məruz qaldı. Düşmənin təyyarələri yalnız bir gün ərzində 2 min dəfə havaya qalxdı, nəticədə şəhərin əksər məhəllələri başdan–başa xarabazara çevrildi, 40 min nəfərdən artıq dinc sakin həlak oldu.
Amansız Stalinqrad vuruşması 200 gün və gecə davam etdi. Bu dövrün yarısından çoxunu 1942–ci il iyulun 17–dən başlayaraq, Qızıl Ordu görünməmiş müdafiə döyüşləri apardı. Noyabrın 19–dan başlayaraq, Stalinqrad ətrafında sovet qoşunlarının tarixi əks–hücumu başladı. Bu əks–hücum Böyük Vətən müharibəsinin gedişində yeni mərhələnin başlanğıcından xəbər verirdi.
1942–ci ilin sonlarına yaxın almanların keçirdiyi “Qış fırtınası” və “İldırım zərbəsi” adlı iki əməliyyat məğlubiyyətlə nəticələndi. Sovet komandanlığının hazırladığı “Halqa” planı isə uğurla həyata keçirildi. 1943–cü il yanvarın 31–də, döyüş ərəfəsində Hitlerin feldmarşal rütbəsinə layiq bildiyi Paulüs müqavimət göstərməyin mənasızlığını tam anlayaraq, təslim olaraq əsir düşdü. Görünməmiş savaş 1943–cü il fevralın 2–də Sovet Ordusunun tam qələbəsi ilə başa çatdı. Stalinqrad ətrafındakı sarsıdıcı məğlubiyyət ilə əlaqədar Almaniyada üçgünlük matəm elan edilmişdi.
Vermaxtın Stalinqrad ətrafında güclü qruplaşmasına qarşı əks–hücum, mühasirə və darmadağın planını hazırlamış və rəşadətlə həyata keçirmiş sərkərdələrin arasında G.K.Jukov, A.M.Vasilyevski, K.K.Rokossovski, V.İ.Çuykov, F.İ.Tolbuxin, N.N.Voronov, M.İ.Şumilyov və başqaları da var idi. Stalinqrad uğrunda döyüşdə şücaət göstərənlərin sırasında azərbaycanlı sərkərdə, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general–mayoru Həzi Aslanovun da adını xüsusi vurğulamaq lazımdır. O, 1942–ci ilin yayında 55–ci əlahiddə tank alayının komandiri təyin edilmişdi. Həzi Aslanovun tankçıları yalnız Verxne–Kumsk qəsəbəsinin yaxınlığındakı amansız döyüşlərdə düşmənin 30 tankını, 26 topunu, 50 avtomobilini, 2 minədək əsgər və zabitini məhv etmişdilər. Buna görə də 22 dekabr 1942–ci il tarixli sərəncam ilə podpolkovnik Həzi Aslaonv Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü. “Krasnaya zvezda” qəzeti iki gündən sonra onun haqqında yazmışdı: “Hərb tarixi hələ Həzi Aslanov və onun döyüş dostları kimi rəşadətlə vuruşan döyüşçülər görməyib. Düşmən tankları və piyadası nə qədər qüvvətli olsa da, onlar qüdrətli, iradəli komandir, Sovet İtifaqı Qəhrəmanı Həzi Aslanovun rəhbərlik etdiyi hissə ilə müqayisəyə gəlməzlər”.
–
Stalinqrad dözdü, Stalinqrad qalib gəldi! Bu şad xəbəri
Stalinə kim çatdırdı?
– Ali
Baş Komandanlıq Qərargahının nümayəndəsi,
artilleriya marşalı və Don cəbhəsi
qoşunlarının komandanı, general–polkovnik Rokossovski
Stalinə teleqram yolladı. “0079/OP –li döyüş məlumatı”nda
bu sözlər yazılmışdı: “Don cəbhəsinin
qoşunları Sizin əmrinizi yerinə yetirərək,
2.II.43–cü il tarixində saat 16:00–da mühasirəyə
alınmış Stalinqradda düşmənin hərbi
qruplaşmasının darmadağın edilməsi və məhv
olunması ilə başa çatdırdı” 91 min nəfərdən
artıq hərbçi əsir alınıb, onların 2500 nəfərindən
çoxu zabit və 24 nəfəri general, bir nəfər isə
general–feldmarşal idi. Düşmənin tamam məhv
edilməsi ilə əlaqədar Stalinqrad şəhərində
və Stalinqrad rayonunda döyüş əməliyyatları
başa çatdırılmışdır. Qənimətlərin hesablanması davam etdirilir.
Bu qələbə
təkcə sovet sərkərdələrinin hərb məharətinin
sayəsində deyil, həm də hər qarşı torpaq, hər
sənaye obyekti, hər ev, hər döngə
uğrunda ölüm–dirim savaşına çıxan
Qızıl Ordu döyüşçülərinin və
Stalinqrad sakinlərinin şəksiz cəsarəti, mənəvi
gücü və fədakarlığı sayəsində əldə
edilmişdi.
Almaniyanın
“Berliner Borsen Saytunq” qəzeti hələ 1942–ci il
noyabrın 14–də yazırdı: “Stalinqrad ətrafında
baş verən dünya əhəmiyyətli mübarizə
genişmiqyaslı, qətiyyətli döyüşdə
özünü göstərir. Orada savaşan hər
kəs bu vuruşmanın dəhşətini ətraflı
bilirlər, lakin onun əhəmiyyətini tam dərk etməyə
və onun sonunu görməyə qabil deyillər”.
–
Stalinqrad üzərində qələbə Böyük Vətən
müharibəsinin və bütün İkinci Dünya
müharibəsinin gedişində köklü dəyişikliyin
başlanğıcını qoyan nəhəng hərbi–tarixi
hadisə oldu. Düşmənin SSRİ ərazisindən
kütləvi qovulması başladı. Hitlerin
dünyanı fəth etmək, mütləq hökmran olmaq
planları əbədiyyətə gömüldü. Volqa–Don sahillərində qələbə antihitler
koalisiyasının birləşməsinə, SSRİ–nin beynəlxalq
nüfuzunun artmasına kömək etdi. Stalinqrad zəfəri
Avropanın işğal edilmiş ölkələrində
antifaşist müqavimət hərəkatının və
bütün dünyada alman faşizminə qarşı
milli–azadlıq hərəkatının genişlənməsinə
böyük təkan verdi.
– Alman
tarixçisi Hans Umbrayt öz araşdırmasında
yazırdı: “Stalinqrad ətrafında fəlakətdən
sonra Almaniyanın SSRİ–yə qarşı müharibədə
hərbi məğlubiyyəti bütün dünyaya aşkar
göründü”. Bu müharibədə
dönüş mərhələsi deyilmi?
– Bu
vuruşmanın müharibənin bütün gedişində
nə qədər əhəmiyyətli olduğu antihitler
koalisiyası ölkələri rəhbərlərinin, XX əsrin
görkəmli dövlət və siyasi xadimlərinin deyimlərində
də öz əksini tapıb. Fransa Müqavimət hərəkatının
rəhbərlərindən biri, əfsanəvi general Şarl
de Qoll demişdi: “Mən Stalinqrad döyüşünə dəyər
verir və onun verdiyi dərsi qeyd etmək istəyirəm. Mən
döyüşən fransız xalqı adından qəhrəman
Stalinqrada – düşmən üzərində qələbələrimizin
rəmzinə atəşin salam göndərirəm”.
Böyük
Britaniya və Şimali İrlandiya Birləşmiş
Krallığının kralı VI Georq Stalinqrad müdafiəçiləri
barədə belə demişdi: “Stalinqradın inadlı
müqaviməti hadisələrin gedişini dəyişdi,
sivilizasiya və azadlıq düşmənləri arasında
qarışıqlıq toxumu səpən
dağrıdıcı zərbələrin müjdəçisi
oldu. Mənim və Britaniya imperiyası xalqlarının hiss
etdiyi dərin ehtiram duyğusunu çatdırmaq
üçün Stalinqrad şəhərinə təqdim etmək
şərəfinə nail olacağım fəxri
qılıncın hazırlanması barədə əmr
verdim. Mən ümid edirəm ki,
qarşıdakı xoşbəxt günlərdə bu bəxşiş
döyüşçü şəhərin öz
düşməninin güclü və inadkar hücumlarına
qarşı mübarizədə bərkimiş əyilməz
şücaətini xatırladacaq və bu qılınc təkcə
Britaniya imperiyası xalqlarının deyil, həm də
bütün sivilizasiyalı dünyanın heyranlıq rəmzi
olacaq”.
ABŞ
prezidenti Franklin Ruzvelt: “Birləşmiş Amerika
Ştatları xalqı adından bu fəxri fərmanı
Stalinqrad şəhərinə təqdim edərək, onun
şücaətli müdafiəçilərinə,1942–ci il sentyabrın 13–dən 1943–cü il
yanvarın 31–dək davam etmiş mühasirə zamanı
nümayiş etdirdikləri, əbədi olaraq bütün
azad insanların ruhuna ilham verəcək igidlik, ruh yüksəkliyinə
və fədakarlığa öz
heyranlığımızı bildiririk. Onların
şərəfli qələbəsi düşmənin
yürüş dalğasının qarşısını kəsdi
və təcavüzkar qüvvələrə qarşı
bizim müttəfiq qüvvələrimizin savaşında
dönüş nöqtəsi oldu”.
–
Stalinqrad ətrafında sovet qoşunlarının
alman–faşistləri darmadağın etməsinin böyük
dünya miqyaslı tarixi əhəmiyyətini və Qələbənin
70 illiyini nəzərə alaraq, həmin döyüşdə
keçmiş İttifaqın bütün xalqlarının
nümayəndələrinin iştirak etməsi ilə əlaqədar
MDB və Avropa ölkələrində elmi–praktik konfranslar,
mitinqlər, görüşlər və digər tədbirlərin
keçirilməsi qərara alınmışdı. 2012–ci ilin noyabrında Bakıda Respublika Müharibə,
Əmək və Silahlı Qüvvələr Veteranları
Şurasının Stalinqrad döyüşünə həsr
olunmuş elmi–praktik konfrans keçirildi. Həmin
konfrans barədə məlumat almaq istərdik.
– Konfrans
iştirakçıları Qəhrəman şəhər
Volqoqradın sakinlərinə müraciət ünvanladı.
Həmin müraciətdə deyilir: “Volqa üzərində qələbə
qardaş xalqların möhkəm dostluğu, onların
qarşısıalınmaz gücü və sıx həmrəyliyi
sayəsində əldə edilmişdi. Biz
böyük fəxrlə qeyd edirik ki, Stalinqrad uğrunda qəhrəmanlıq
döyüşündə Azərbaycanın minlərlə
oğlu–qızı fəal iştirak edib. Stalinqrad
müdafiəçilərinin arasında iki dəfə Sovet
İttifaqı Qəhrəmanı Həzi Aslanov, Sovet
İttifaqı Qəhrəmanları Xıdır Mustafayev, Bəkir
Mustafayev və bir çox başqa qəhrəmanların
adı xüsusi fəxrlə çəkilir. Amansız
döyüşlərdən və şəhərin azad edilməsindən
sonra isə onun bərpasına ilk yetişənlərin
arasında Azərbaycan vətəndaşları da var idi və
onlar bu işdə də öz fəal iştirak etməkləri
ilə seçildilər”. Mən bu
müraciətin çap olunduğu vərəqələri
özümlə Volqoqrada apardım və yubiley tədbirlərinin
iştirakçılarına payladım.
Hazırda Azərbaycan Stalinqrad vuruşmasının
iştirakçılarından cəmi 16 nəfər sağ
qalıb. Onlar bu gün də Stalinqrad müdafiəsinin həmin
faciə və həyəcan dolu günlərini göz
yaşları ilə xatırlayır, həm də fəxr
edirlər ki, əfsanəvi şəhərin qorunmasında
onların da payı var.
– Məncə,
bu yerdə Azərbaycanın 1941–1954–cü illər müharibəsində
qələbənin qazanılmasına verdiyi töhfəni
xatırlamağa dəyər. Müharibənin
qələbə ilə başa çatmasında ölkəmizin
xidmətlərini necə qiymətləndirirsiniz?
– Bizim bu
müharibədə itirdiyimiz canlı qüvvə barədə
söz açmadan marşal Q.K.Jukovun “əgər Bakı nefti
olmasaydı, “motorlar savaşı” SSRİ–nin qələbəsi
ilə başa çata bilməzdi” fikrini bir daha
xatırlamağımız lazımdır. Çünki
orduda istifadə edilən yanacağın 80 faizindən
çoxu bizim nadir tərkibi ilə seçilən yüksək
keyfiyyətli Bakı neftindən alınırdı. Bundan başqa, Bakının hərbi rejimə
keçmiş bir çox zavodlarında 60 növdən
artıq silah və döyüş sursatı, o cümlədən
“Katyuşa” üçün mərmilər istehsal edilirdi.
Hələ akademik Yusif Məmmədəliyevin
icad etdiyi və düşməni dəhşətə salan
yandırıcı qatışıqlı məşhur
“kokteyl!” Naməlum səbəblər
üzündən və adı bilinməyən kimsə nədənsə
onu “Molotov kokteyli” adlandırmışdı.
Azərbaycan xalqı qızıl, zinət əşyalarını
Müdafiə Fonduna təhvil verir, istiqrazlarını, şəxsi
vəsaitlərini həvəslə bu fondun hesabına
köçürürdülər. Çox qan itirmiş yaralı
döyüşçülər üçün nəzərdə
tutulan ərzaq, meyvə qurusu, təzə tərəvəz,
şəfalı Azərbaycan şərabı yüklənmiş
eşelonlar, şəxsi və kollektiv bağlamalar –
bütün bunlar Azərbaycanın Qələbə
uğrunda verdiyi töhfələrdir, həm də kifayət
qədər böyük payıdır!
Biz çox sülhsevər, xeyirxah, yaradıcı əməyi
hər cür çəkişmə və nifaqlardan
üstün tutan xalqıq. 1941–ci ildə isə
müharibə bizim həyatımızı alt–üst etdi.
İnsanlar çək–çevir etmədən
Vətənin müdafiəsinə qalxdılar, yüzlərlə
oğlan və qız könüllü olaraq orduya
yazıldı. Stalinqrad cəbhəsinə
yollanan sovet qoşunlarının tərkibində bizim həmvətənlərimiz
də var idi. Bombardmanlar,
partlayışlar, iliyə işləyən şaxta, hər
gün insanın tablaşa bilməyəcəyi gərginlik,
yaralıların qışqırıqları və iniltiləri,
itkilər – heç nə onları qorxuda, öz mövqelərindən
geri çəkə bilmədi. Qafqazlı azadlıqsevərliyi,
mənəvi möhkəmlik və rəşadət Stalinqrad
savaşının amansız günləri və ayları
boyunca onların sağ qalaraq qalib gəlməyinə kömək
etdi! Volqa uğrunda döyüşlərdə igidliklə həlak
olan azərbaycanlılar az olmayıb.
Stalinqrad uğrunda həlak olan bütün müdafiəçilərin
işıqlı xatirəsi qarşısında baş əyirik!
Sağ qalan və bizim ümumi tariximizin o dramatik səhifəsi
barədə həqiqəti çatdıranlara da öz
ehtiramımızı bildiririk!
Stalinqrad
uğrunda döyüşdə, ümumiyyətlə,
bütün müharibə boyunca xalqlar dostluğunun mənəvi
dəyər kimi üstünlüyü özünü
göstərdi, o zaman milli və dini etiqad
ayrılığına baxmayaraq, insanlar amansız düşmənə
qarşı qanlı savaşda qalib gəlmək
üçün, ümumbəşəri sərvəti qorumaq
üçün, öz gələcəyini müdafiə etmək
naminə birləşdilər: Biz birlikdə qalib gəldik!
– Zəhmət
olmasa, yubiley təntənələri barədə təəssüratlarınızı
bizimlə bölüşərdiniz.
– Bu əfsanəvi
şəhərdəki bayram tədbirlərinə, bir
çoxları kimi mən xeyli əvvəl gəlmişdim. Bizi Volqoqrad vilayəti qubernatoru Sergey Bojenovun göstərişi
ilə “Volqoqrad” mehmanxanasında yerləşdirdilər.
Mən “Hitlerin nəyin bahasına olursa–olsun,
tutmaq istədiyi” şəhəri, “Stalinin necə olursa–olsun təslim
etməmək əmri verdiyi” şəhəri gəzməyə
çıxdım. Volqa sahilində
salınmış, çoxdan öz yaralarını
sağaltmış bu şəhər öz gözəlliyi,
qeyri–adi aurası ilə məni heyran etdi, sanki burada onun
müdafiəçilərinin ruhu hakim idi. Küçələrdə gənclərin çox
olması, onların çöhrələrində təbəssümü
görmək, təbii ki, bizim qəlbimizə yaxın
veteranlarla qarşılaşmaq çox xoş idi.
Yanvarın
31–də mənə Beynəlxalq konfrans çərçivəsində
“Stalinqrad döyüşü: mənbələr və
tarixşünaslıq mövzusunda” bölmə iclasında
iştirak etmək təklif olundu. İclas M.Qorki adına Volqoqrad elmi kitabxanasında B.N.Yeltsin
adına Prezident Kitabxanası ilə birlikdə on–layn rejimdə
keçirildi. Mən müharibə veteranları – alay döyüşçüləri Bakı
seksiyasının sədr müavini, istefada olan I dərəcəli
kapitan A.Qritçenkonun müharibə barədə
yazdığı kitabları Volqoqrad kitabxanasına hədiyyə
etdim. Hədiyyə edilən kitabların
arasında “Stalinqradın tarixi hünəri” adlı
broşür də var idi.
Mənə də “Stalinqrad qələbəsi – 70!”
adlı xüsusi qəzet buraxılışını
bağışladılar. Həmin buraxılışda
artilleriyaçı V.Kovalyuxun insanı riqqətə gətirən
xatirəsini oxudum: “Noyabrın 18–də 64–cü ordunun
komandanı Şumilyov özü yanımıza gəldi. O, hər
taqıma baş çəkərək bu sözləri
deyirdi: “Balalarım! Mən sizə komandir kimi əmr verə
bilmirəm! Mən sizdən çox xahiş edirəm,
Stalinqradı müdafiə edək! Əgər biz indi geri
çəkilsək, düşməni Volqaya buraxmış
olacağıq, o bu yerləri tutacaq, 62–ci Ordu mühasirəyə
düşəcək və düşmən birbaş Qafqaza
soxulacaq! Mən sizdən öz balam kimi xahiş edirəm! Mən
sizinlə birlikdə olacağam! Əgər mən həlak
olsam, qoy məni sizinlə birlikdə bu torpaqda dəfn etsinlər!”. Hamı Ura! deyə bağırırdı Ertəsi gün
əks–hücum başladı”.
Stalinqrad qələbəsinin yubiley tədbirləri
fevralın 1–də Yeni Eksperimental Teatrın binasında
başladı.
Burada “Stalinqrad döyüşü xalqların
taleyində” adlı elmi–praktik konfrans keçirildi. Bu tədbirdə Rusiyanın 25 regionundan və
dünyanın 15 ölkəsindən alimlər və qonaqlar
iştirak edirdi. Konfransda Volqoqrad vilayətində
uşaq və gənclərin vətənpərvərlik tərbiyəsi
sisteminin innovasiyalı inkişaf strategiyası və Stalinqrad
döyüşünün qəhrəmanlıq ənənələri
əsasında yeni qaliblər nəslinin tərbiyə
konsepsiyası səsləndirildi və müzakirə edildi.
– Volqoqrad
gənclərini, Azərbaycan oğlan və qızları kimi
sağ qalmış Böyük Vətən müharibəsi
iştirakçılarının xatirələri ilə
videosüjet arxivinin yaradılması layihəsinə cəlb
etmək cəhdi baş tutubmu?
– Bəli.
Həm də bu, çox vacibdir, çünki
müharibə iştirakçılarından sağ
qalanların sayı təəssüf ki, azalmaqdadır. Onların xatirələrini tarix üçün
toplayıb saxlamaq gərəkdir.
Konfrans başa çatandan sonra, Stalinqrad
döyüşü veteranlarının şərəfinə
ziyafət verildi. Ziyafətdə MDB ölkələrindən
və Avropadan 70 nəfər veteran iştirak edirdi.
Qonaqları Volqoqrad vilayətinin qubernatoru Sergey Bojenov
salamladı. Respublikamızın adından mən
çıxış etdim və veteranları Stalinqrad
döyüşünün 70 illiyi münasibətilə təbrik
etdim, onlara Qafqaz uzunömürlülüyü arzuladım.
Sonra qubernatora A.Qritçenkonun 5 kitabını
təqdim etdim. Tədbir
iştirakçıları üçün təşkil
olunmuş konsertdə Volqoqradda yaşayan Azərbaycan
diasporunun gənc təmsilçiləri – azərbaycanlı
balaları mahnı və rəqslər ifa etdilər.
Fevralın
2–də, yəni Stalinqrad döyüşü başa
çatan gün, səhər saat 10–da Qəhrəmanlar
Xiyabanında təntənəli şəraitdə “Stalinqrad
müdafiəçiləri” abidəsinin
qarşısındakı Əbədi məşəlin
önünə əklil və çiçəklər
qoyuldu. Həlak olmuş döyüşçülər
meydanında hərbi bölmələrin, kazak
drujinalarının, kadet sinifləri və əfsanəvi 1 –li
postun qaravulçularının iştirak etdiyi mitinq və
parad keçirildi. Sonra Mamayev kurqanı
memorialında “Stalinqrad döyüşünün qəhrəmanlarına”
abidə–ansamblının Döyüş şöhrəti
zalında Əbədi məşəlin qarşısına əklil
və çiçək dəstələri qoyuldu. Buradaca, döyüşçü xatirə məzarlığında
“Əsgərlərin adını qaytarmalı” xatirə
lövhəsinin açılışı oldu. İki dəfə
Sovet İttifaqı qəhrəmanı, general
Həzi Aslanovun rəmzi xatirə lövhəsinin
qarşısına da əklil qoyuldu. Stalinqrad
uğrunda döyüşün
iştirakçılarının göz yaşlarını,
onların həyəcanını görmək insanı həyəcanlandırırdı.
Çünki məhz onlar bütün dünyaya car çəkdilər
ki, Stalinqrad, Sovet İttifaqı yenilməyəcək!
Elə həmin gün saat 16–da, yəni Stalinqrad
döyüşünün başa çatdığı dəqiqələrdə,
İdman Sarayında 5 minədək qonaq toplaşdı. Burada təntənəli
yığıncaq keçirildi, yığıncaqdan sonra,
bayram konserti başlayanadək ekranda Stalinqrad
döyüşü barədə filmlərdən fraqmentlər
nümayiş etdirildi, salonda müharibə illərinin
melodiyaları səsləndirildi. Bayram
konsertinə təşrif buyuran Rusiya Federasiyasının
Prezidenti Vladimir Putin müharibə veteranlarını səmimi
qəlbdən təbrik etdi, yubiley təntənələrində
iştirak edən qonaqları salamladı. Xatirə
tədbirləri axşam saat 6–da, qəhrəman şəhərin
üzərində, Mamayev kurqanında artilleriya aətşlərinin
açılması və bayram atəşşəfanlığı
ilə başa çatdı.
Ertəsi gün Azərbaycan diasporunun nümayəndələri
ilə görüşdüm. Bizim iqtisadiyyat və mədəqniyyətimiz,
Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi illərində
ölkədə baş verən müsbət dəyişikliklər
barədə, onun Azərbaycan ilə Rusiya arasında
dostluğun möhkəmləndirilməsinə yönəlmiş
müdrik xarici siyasəti barədə məruzə etdim.
Soydaşımız, bizim diasporun ləyaqətli təmsilçisi
Rəna Qasımova ilə görüşüm çox məhsuldar
oldu. O,
Sankt–Peterburq universitetinin tarix fakültəsini fərqlənmə
diplomu ilə bitirdikdən sonra ailəsi ilə Volqoqradda
yaşayır. Rəna xanım pedaqoji institutda,
müəllimlərin ixtisasartırma kurslarında dərs
deyir, Stalinqrad döyüşü haqqında namizədlik
dissertasiyası yazır.
Həmin gün Volqoqradda baş tutan bütün tədbirlər,
görüşlər öz dolğunluğu və səmimiliyi
ilə yaddaşıma həkk olundu. Bir daha əmin oldum ki, Tarixə
qayğıkeş münasibət, uşaq və yeniyetmələrin
belə nümunələr əsasında hərbi–vətənpərvərlik
tərbiyəsi, ən başlıcası, – xalqlar dostluğu
kimi əbədi, keçilməz, insana qüvvət və
dözüm bəxş edən bu hiss bizim hamımıza nə
qədər gərəkdir!
– Söhbətə
görə çox sağ olun!
Müsahibəni apardı: Ruqiyyə ƏLİYEVA.
Respublika.- 2013.- 28 fevral.- S. 10.