Xocalı
soyqırımını unutmayaq
Türk dünyası
dünyası Xocalı soyqırımını
unutdurmamalı və hər zaman onun beynəlxalq hüquq
nöqteyi–nəzərindən ədalətlə dəyərləndirilməsini
gündəmdə saxlamalıdır.
Həmin faciənin
ideoloqlarının, təşkilatçı və
icraçılarının layiq olduqları cəzanı
almaları sabahkı sülh üçün çox vacib
şərtdir. Bu soyqırım erməni şovinistləri tərəfindən
müəyyən qüvvələrin iştirakı ilə
planlı və düşünülmüş şəkildə
hazırlanmış, son dərəcə amansızlıqla həyata
keçirilmişdir.
Qarabağda
bir şəhər vardı…
26 fevral
1992–ci il. Bəşər tarixinin ən utancverici və faciəli,
insan qanına boyanmış həmin tarixində erməni hərbi
birləşmələri Xocalı şəhərində
yüzlərlə dinc və əliyalın sakini vəhşicəsinə
qətlə yetirərək bir insan məskənini Yer
üzündən sildilər.
Ötən
yüzilliyin son illərində, çağdaş
dünyanın gözləri önündə gerçəkləşdirilən
bu soyqırımı Birləşmiş Millətlər Təşkilatının
9 dekabr 1948–ci il tarixli “Soyqırımı cinayətlərinin
qarşısının alınması və cəzalandırılması”
haqda 260 saylı qərarına əsasən insanlığa
qarşı işlənmiş ən böyük və dəhşətli
cinayətlər sırasında yer almaqdadır.
Faciədən
keçən 21 ilin dərsləri bir daha isbatlayır ki,
Xocalının xəritədən silinməsi və dinc əhalinin
kütləvi şəkildə məhv edilməsi öncədən
hazırlanmış, eləcə də içində
maraqlı qüvvələrin nəinki “barmağının”,
hətta iştirakının belə olduğu məkrli bir
plan idi.
Heç
şübhəsiz, tarix yerində saymır, zaman sürətlə
irəli şütüyür. Ancaq hər nə qədər
irəli getmiş olsaq da, insanlığa qarşı törədilmiş
bu vəhşi cinayət erməni xalqını və bu
soyqırıma biganə qalanları utandıracaq, tarixin
qanlı bir ləkəsi, Azərbaycan xalqının
gözü qaysaqlanmamış yarası kimi əsrlər boyu
bəşər cəmiyyətini təqib edəcəkdir.
Xocalıdan
öncə azərbaycanlıların tarixən məskunlaşdıqları
İmarət Qərvənd, Tuğ, Salakətin, Xocavənd, Cəmilli,
Nəbilər, Meşəli, Həsənabad, Kərkicahan,
Malıbəyli, Qaradağlı və digər kəndlər də
erməni separatçı qüvvələri tərəfindən
işğal edilmiş, əhalisi qovulmuş, qətlə
yetirilmişdi.
Dağlıq
Qarabağda Şuşadan sonra ikinci ən böyük
yaşayış məntəqəsi Xocalı idi. Ermənistan
Silahlı Qüvvələrinin növbəti hədəflərindən
biri olan bu şəhərdə 7 min nəfərə yaxın
əhali yaşayırdı. Qərbi Azərbaycandakı dədə–baba
torpaqlarından zorla qovulmuş azərbaycanlılarla
yanaşı, 1989–cu ildə Fərqanədən qaçıb
azəri qardaşlarına sığınmış 54 Məhsəti
türk ailəsi də buraya pənah gətirmişdi.
Xocalı
1991–ci ilin noyabr ayından faktiki şəkildə Ermənistan
ordusunun mühasirəsində idi. Fevral ayının
ortalarından isə bu yaşayış məskəninin Azərbaycanla
əlaqələri tamamilə kəsilmişdi. Dinc əhalinin
qorxu və məhrumiyyətlərlə imtahana çəkilmiş
bu zavallı şəhərdən çıxa biləcəyi
bütün yolları erməni silahlı birləşmələri
nəzarətdə saxlayırdılar.
Nəhayət,
fevralın 25–i axşam dişinəcən silahlanmış
Ermənistan hərbi qüvvələri həmləyə
keçərək dinc əhalini xüsusi bir
amansızlıqla, alman faşistlərinin belə “qibtə edə
biləcəyi” qəddarlıqla məhv etməyə
başladılar.
Bu,
müharibə deyildi. Bu, soyqırımı idi.
Bu,
insanlığın faciəsi idi. Bu, bir millətin o birindən
intiqamı, qisası idi.
Bu, tarixin
insanlıq qarşısında utanıb əfv dilədiyi məşum
bir səhnə idi. Həmin vəhşət beynəlxalq təşkilatlardan
Human Rights atch–un məlumatlarında bu cür yer
almışdı:
“1992–ci il
fevralın 25–dən 26–na keçən gecə erməni terror
qrupları, Ermənistan silahlı qüvvələri və
SSRİ–nin 366 saylı motoatıcı alayının
iştirakı ilə şəhər bir neçə saat
içində yerlə–yeksan edildi.
Xocalıda
həmin gecə 106–sı qadın olmaqla 614 nəfər azəri
türkü vəhşicəsinə məhv edildi. Onlardan
62–si uşaq, 70 nəfəri isə yaşlı idi. 59 nəfər
diri–diri yandırılmış, başının dərisi
üzülmüş, başı kəsilmiş, gözləri
oyulmuş, hamilə qadınların qarınları
süngülənmişdi.
1275 nəfərin
əsir alındığı, yüzlərlə
qadının itkin düşdüyü, 487 nəfərin əlil
qaldığı təsbit edilmişdir”.
Bəraətə
yönəlik təbliğat
Soyqırımı
ilə bağlı bütün gerçəklər, təkzibedilməz
faktlar ortada ikən Xocalı şəhərində dinc əhaliyə
qarşı misli görünməmiş cinayətlərə
əl qoymuş erməni əsgərləri və onların əməldaşlarına
bəraət qazandırılması cəhdləri
düşünülmüş bir təbliğat şəklini
almaqdadır. Rəsmi Ermənistanın insan qanına susamış
siyasətini nahaq qandan “təmizləməyə”
çalışan qüvvələr Xocalıya hücumun
şəhərdəki “atəş nöqtələrini”
susdurmaq məqsədi daşıdığını, dinc əhaliyə
qarşı heç bir zor tətbiq edilmədiyini iddia etməkdədirlər.
Həmin fitnəkar təbliğatçıların sözlərinə
görə, Xocalıda azərbaycanlılar əvvəlcə
bir–birilərini, sonra isə özlərini işgəncə
ilə öldürmüşlər. Bir xəstə təfəkkür
bundan “ağıllı” daha nə düşünə, ortaya
qoya bilərdi ki?! Ermənilər bu maniakal tövrlərində
bir qədər də irəli gedərək Xocalı dəhşətlərinin
lentə köçürülmüş həqiqətlərini
öz adlarına çıxaraq guya öldürülənlərin
erməni olduğunu iddia etməkdədirlər.
Ermənilərin
bütün normal təsəvvürləri vurub keçən
bu cür irreal təbliğatı hər il öz
hüdudlarını daha da genişləndirməkdədir.
1915–ci il uydurma erməni soyqırımını
dünyanın bəzi yerlərində tanıda bildiklərinə
rəğmən, erməni şovinistləri növbəti
miflərinin də dünya ictimaiyyəti tərəfindən”udulacağını”
düşünür, Azərbaycan dövlətinə
qarşı haqsız torpaq iddialarını həqiqət kimi
qələmə vermək, hətta bu imkansız arzunu həyata
keçirmək üçün işğal,
soyqırımı və dövlət səviyyəsində
terror siyasətini pərdələmək məqsədilə
hər cür şərəfsiz yola baş vururlar.
Siyasətin
barsız qazancı
Heç
şübhəsiz, nəticəsi bəri başdan məğlubiyyətə
məhkum olan bu cür nadan iddialar bəzilərinin bu oyunda
siyasi qazanc əldə etməsinə hesablanıb. Xocalı
faciəsi kimi gerçək bir soyqırımı aktına
göz yuman bir sıra dövlət məmurlarının,
parlamentarilərin müəyyən təsirlərə uyaraq,
yaxud da siyasi konyunkturun əsirinə çevrilərək “erməni
soyqırımı” uydurmasını mübahisə predmetinə
çevirmək cəhdi gerçəkdən təəssüf
doğurur.
Türk
dünyası Xocalı soyqırımının
unudulmaması və dünya ictimaiyyətinin gözləri
qarşısında beynəlxalq hüquq nöqteyi–nəzərindən
ədalətli həll edilməsinin zəruriliyini həmişə
gündəmdə saxlamalıdır. Həmin faciənin
ideoloqlarının, təşkilatçıları və
icraçılarının haqq etdikləri cəzanı
alması sabahkı sülh üçün çox vacib
şərtdir.
Azərbaycan dövləti Birləşmiş Millətlər Təşkilatına, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına, Avropa Birliyinə, İslam Konfransı Təşkilatına, Müstəqil Dövlətlər Birliyinə, eləcə də diğər beynəlxalq qurumlara, dünya ölkələrinin parlament və hökumətlərinə müraciət edərək Azərbaycan xalqına qarşı törədilmiş Xocalı soyqırımını tanımağa və aqressoru qınamağa, gələcəkdə eyni bəşəri cinayətlərin baş verməməsi üçün önləyici tədbirlər görməyə, Ermənistan–Azərbaycan və Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn ümumtanınmış norma və prinsipləri müstəvisindən, hər bir ölkənin ərazi bütövlüyü və suveren hüquqlarının qorunması şərti ilə sülh yolu ilə həllinə yardım göstərməyə səsləmişdir.
Bugün tərəqqipərvər bəşəriyyət Azərbaycanın işgal edilmiş ərazilərinin dərhal və qeyd–şərtsiz olaraq boşaldılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993–cü il tarixli 822, 853, 874 və 884 saylı qərarlarının dərhal həyata keçirilməsini tələb etməkdədir. ATƏT–in Budapeşt, Lissabon və İstanbul Zirvə toplantılarının qərar və bəyannamələri, Avropa Şurası Parlament Assambleyasının 1416 saylı qərarı Dağlıq Qarabağ probleminin birmənalı və ədalətli həllini dəstəkləməkdədir.
Azərbaycan xalqı 21–ci yüzilin çağırışlarına inanır. Bu əsrdə bəşəriyyətin zordan, savaşdan, silahlanmadan qurtulacağına, ortaq dəyərlərə, rifaha, xoş mərama, anlaşmaya, insan haqlarına önəm verən yeni bir mədəniyyətə qucaq açacağına inanır. Zorən tərəf olduğu bu ədalətsiz münaqişənin masa ətrafında, sülh yolu ilə həllinə çalışan, bu yolda əlindən gələni əsirgəməyən Azərbaycandır. Ermənistan isə insan talelərini şərəfsiz siyasi oyunlarının, xəstə ambisiyalarının əsirinə çevirməklə bu məsələdən müəyyən fayda əldə etmək istəyən tərəfdir. Dünya hələlik sussa da, bu ədalətsizliyi görür.
Bizlərin borcu hər bir zaman və hər bir işdə Azərbaycanın yanında olmaq, apardığı ədalətli mücadilədə onu tək buraxmamaqdır.
Dr. Akkan
Suver,
“Mərmərə Qrupu” Strateji və
Sosial
Araşdırmalar Vəqfinin rəhbəri.
Respublika.- 2013.- 28 fevral.- S. 7.