İctimai asayişin keşiyində

 

Ümummilli liderimiz Heydər Əliyev 24 may 1998–ci ildə 2 iyulun Azərbaycan Polisi Günü elan edilməsi haqqında fərman imzalamışdı. Bu tarix təsadüfi seçilməmişdir. Belə ki, 1918–ci ilin 2 iyulunda Azərbaycan Xalq Cümhuriyyətinin ilk milli Daxili İşlər Nazirliyi təsis edilmişdir.

Azərbaycan polisi fəaliyyətinin 95–ci ildönümünü bu il də alnıaçıq, üzüağ qeyd edir. Hər zaman olduğu kimi, bu gün də Azərbaycanda cinayətkarlığa qarşı barışmaz və kəskin mübarizə aparılır. Son dövrlər ölkəmizdə daxili işlər orqanları tərəfindən həyata keçirilən operativ əməliyyat və profilaktik tədbirlər nəticəsində cinayətlərin açılma faizi çoxalmış, ümumən respublika üzrə kriminogen vəziyyət xeyli sabitləşmişdir.

Bu baxımdan ölkə paytaxtı ilə şimaldan həmsərhəd olan Abşeron rayonunda da yüksək nailiyyətlər əldə olunub. Abşeron Rayon Polis Şöbəsi cari ilin altı ayında ictimai asayişin qorunması, cinayətlərin qarşısının alınması və vaxtlı–vaxtında açılması istiqamətində sevindirici göstəricilərə nail olub. Abşeron Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Namiq İsmayılov kollektivin fəaliyyəti haqqında əməkdaşımıza demişdir:

Bugünkü sabit, iqtisadiyyatı sürətlə inkişaf edən qüdrətli Azərbaycan xalqımızın ümummilli lideri Heydər Əliyevin 1993–2003– illərdə həyata keçirdiyi siyasətin uğuru nəticəsində yaranmışdır. Xalqımızın yekdilliklə seçdiyi Prezidenti İlham Əliyev bu gün həmin siyasəti müvəffəqiyyətlə davam etdirdiyindən ölkəmizdə hüquqi, demokratik islahatlar, milli dövlət quruculuğu prosesi dönməz və daimi xarakter almışdır. Dövlətçiliyimizin əsas sütunlarından olan daxili işlər orqanları da bu prosesdə fəal iştirak edərək dövlətin mənafelərinin, hüquqifiziki şəxslərin haqlarının və mülkiyyətinin qanunazidd əməllərdən qorunması, insanların azad, sərbəst yaşaması üçün lazımi şəraitin yaradılması istiqamətində üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirirlər.

Hazırda Daxili İşlər Nazirliyinin qabaqcıl dəstələrindən sayılan Abşeron Rayon Polis Şöbəsi qarşıya qoyulan tələb və vəzifələrin öhdəsindən böyük peşəkarlıqla, əzmkarlıqla gəlir.

Abşeron rayonu bir inzibati vahid kimi hələ 1963– ildə Bakı və Sumqayıt şəhərlərini əsasən kənd təsərrüfatı məhsulları ilə təmin etmək məqsədilə yaradılmışdır. İndi rayon ərazisində olan 20–yə yaxın yaşayış məntəqəsindən yeddisi şəhər tiplidir. Rayon mərkəzi sayılan Xırdalan isə 2006–cı ilin noyabrında dövlət başçısının sərəncamı ilə şəhər statusu almışdır. Bütün bunlar rayonun inkişafına dəlalət edir. Doğrudan da, son zamanlar Abşeron rayonu sözün əsl mənasında, intibah dövrünü yaşayır. Rayon ərazisində yeniyeni binalar inşa edilir, yollar salınır, parkbağlar abadlaşdırılır, məişət və iaşə obyektləri açılır, müxtəlif istehsal sahələri işə düşür. Bu gün Xırdalan şəhəri, rayonun digər kənd və qəsəbələri sakit, əmin–amanlı bir yaşayış məntəqələridir. Burada yaşayan hər bir sakin özünü çox arxayın və sərbəst hiss edir. Sevindiricidir ki, rayonun belə ürəkaçan vəziyyətində bizim polisinrolu az deyil. Bu ilin əvvəlindən aparılan təşkilati işlər və eləcə də şəxsi heyətə cəlb olunan peşəkar əməliyyatçılar rayonda cinayətkarlığa qarşı həyata keçirilən tədbirlərin effektivliyini xeyli artırmışdır. Daha aydın olsun deyə, statistik rəqəmlərə müraciət edək. Belə ki, bu ilin 6 ayında qeydə alınmış 270 cinayətdən 219–u üzrə təqsirləndirilən şəxslər müəyyən olunaraq istintaqa cəlb olunmuşdur. Bu cinayət faktlarının əksəriyyətinin istintaqı tamamlanaraq baxılması üçün məhkəməyə göndərilmişdir.

Cinayət əməli törədib istintaqdan yayındıqlarına görə axtarışda olan şəxslərin yerinin müəyyən edilərək tutulması üçün də tərəfimizdən səmərəli işlər görülmüşdür. Məhz bu cür tədbirlər hesabına cari ildə axtarılan şəxslərin 62,8 faizinin yeri aşkarlanaraq tutulması təmin edilmişdir. Bununla yanaşı, keçmiş illərdən bağlı qalmış 4 cinayət hadisəsi də açılmışdır.

Narkomaniya və narkobiznesə qarşı mübarizə sahəsində də görülən əməliyyat–profilaktik tədbirlər ön planda olmuşdur. Narkomanlığın digər cinayətlərin törədilməsinə rəvac verən amil və ümumiyyətlə, cəmiyyət üçün böyük bəla olduğunu nəzərə alaraq bu sahədə məqsədyönlü tədbirlər həyata keçirmişik. Nəticədə bu ilin 6 ayında narkomaniya ilə bağlı 43 fakt müəyyən edilmişdir. Bunlardan 5 fakt satış, 24–ü isə saxlama olmuşdur.

Ümumiyyətlə, göstərilən dövr ərzində rayonda kriminogen durumu bütövlükdə nəzarətdə saxlamaq üçün ictimaiyyətin rolundan səmərəli istifadə edilmiş, cinayətə meyilli şəxslərin gündəlik fəaliyyətinə diqqət artırılmış, daxil olmuş ərizə, şikayət və əməliyyat xarakterli məlumatların vaxtında yoxlanılması tam təmin edilərək cinayətkarlığa, hər cür hüquqa zidd hərəkətlərə qarşı mübarizə daha da kəsərli olmuşdur. Törədilə biləcək hər hansı xoşagəlməz və neqativ hadisələrin qarşısını almaq məqsədilə tərəfimizdən yerli şəraitə uyğun qabaqlayıcı profilaktik tədbirlər görülmüşdür. Bunlar da öz növbəsində işimizin yekun nəticəsinə müsbət təsirini göstərmişdir. Abşeronu nümunəvi ictimai sabitlik və yüksək əmin–amanlıq rayonuna çevirmək məqsədilə şöbəmiz prokurorluq və digər hüquq–mühafizə orqanları ilə sıx əlaqədə işləmişdir.

Azərbaycan polisi günü–gündən mətinləşir, saflaşır. Bu gün Azərbaycan polisi nazir Ramil Usubovun rəhbərliyi altında Vətənə sədaqəti daha məsuliyyətlə dərk edir. Ulu öndərimiz Heydər Əliyevin 2 iyul 2002–ci ildə Polis Günü ilə əlaqədar keçirilən bayram tədbirində söylədiyi nitqi indi də hər bir polis əməkdaşının yadındadır. Ümummilli liderimiz çıxışında Azərbaycanın polis orqanlarında qanunçuluğun daha da möhkəmləndirilməsinin zəruriliyini vurğulamış, peşəkarlığın artırılmasını ön plana çəkərək, şəxsi heyət arasında əxlaqi dəyərlərə riayət olunmasının vacibliyini tövsiyə etmişdi. Abşeron Rayon Polis Şöbəsi də məhz bu tövsiyələr əsasında işini quraraq, vətəndaşların hüquq və azadlıqlarının təminatı, asayişin qorunması və dövlətçiliyimizin gücləndirilməsi naminə əlindən gələni etməkdədir.

 

Söhrab Səfiyev

 

Respublika.- 2013.- 2 iyul.- S. 6.