Şəkidə
“İpək Yolu” IV Beynəlxalq musiqi festivalının açılış
mərasimi olmuşdur
İyunun 29–da Şəkidə XIX əsrə aid tarixi–memarlıq abidəsi olan “Aşağı Karvansaray” kompleksində “İpək Yolu” IV Beynəlxalq musiqi festivalının rəsmi açılış mərasimi keçirilmişdir.Şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov və festivalın bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə Şəkinin yenidən qapılarını növbəti “İpək Yolu” festivalına açdığını bildirmişlər. Qeyd olunmuşdur ki, gözəl bir ənənəyə çevrilən möhtəşəm musiqi bayramı – “İpək Yolu” Beynəlxalq festivalının Şəkidə keçirilməsi heç də təsadüfi deyildir. Əsrlər boyu bu qədim və gözəl şəhər Böyük İpək Yolu üzərində yerləşən mühüm sənət və ticarət mərkəzi olmuşdur. Bu gün Şəki orta əsrin şəhərlərinə məxsus olan şəhərsalma mədəniyyətini özündə qoruyub saxlayan nadir bir yerdir. Şəhərin nadir tarixi memarlıq abidələri – karvansaraylar, məscidlər, minarələr, qala divarları, körpülər Şəkinin qədim memarlıq üslubundan xəbər verir. Musiqi festivalı zamanı konsertlərin tarixi memarlıq abidələri önündə keçirilməsi tədbirin əhəmiyyətini daha da artırır. Bu festivallar həm də xalqımıza xas olan zəngin tarixi mədəni irsi təbliğ etməyə imkan yaradır.
Bildirilmişdir ki, bu gözəl musiqi bayramında Azərbaycan ilə yanaşı Türkiyə, Tacikistan, Rusiya, Koreya Respublikası və ABŞ–ın musiqiləri səsləndiriləcəkdir.
“İpək Yolu” IV Beynəlxalq musiqi festivalı bu dəfə əsl yeniliklə başlanmışdır. İlk dəfə olaraq burada görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin “Yeddi gözəl” baleti nümayiş olunmuşdur.
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının truppasının ifasında “Yeddi gözəl” baleti festivala dəvət olunmuş xarici ölkələrin nümayəndə heyətlərinin üzvləri, fəxri qonaqlar, şəhər ictimaiyyətinin nümayəndələri, teatrsevərlər tərəfindən böyük rəğbətlə qarşılanmışdır.
Xalq Artisti Cavanşir Cəfərovun rəhbərliyi altında Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə nümayiş olunmuş baletin baletmeysteri Vasili Medvedev (Rusiya), quruluşçu rəssam Dmitri Gerbadji (Rusiya), geyim üzrə rəssam Əməkdar Rəssam Tahir Tahirovdur. Səhnə əsərində əsas rolları isə xalq artistləri Kamilla Hüseynova və Gülağası Mirzəyev ifa etmişlər.
Respublika.- 2013.- 2 iyul.- S. 8.