Pambıqçılığın
inkişafı diqqət mərkəzindədir
Azərbaycan Elmi–Tədqiqat Pambıqçılıq İnstitutu (AzETPİ) Respublika Xalq Komissarları Sovetinin qərarı ilə 1925–ci ildə yaradılmış Gəncə seleksiya stansiyasının bazasında yaradılmışdır. 1932–ci ildən həmin stansiya Zaqafqaziya ETPİ–yə çevrilmiş, sonra (1935–ci ildə) AzETPİ adlandırılmışdır.
İnstitutun ilk fəaliyyəti dövründə (1925–1932) alimlik dərəcəsi olan elmi işçilər çatışmırdı. Həmin illərdə Cənubi Qafqaz ETPİ–yə Muğan, Şirvan, Ağstafa təcrübə meliorasiya stansiyaları, Mil və Eçmiədzin təcrübə stansiyaları, Qarayazı və Naxçıvan təcrübə tarlaları, Horaşen, Vaqarşapat, Puşkin, Bərdə, Uluxanlı və Borçalı dayaq məntəqələri daxil idi.
Daha sonralar AzETPİ–yə, AzETPİ–nin Mərkəzi Təcrübə bazası (Gəncə şəhəri), Şirvan Təcrübə stansiyası (Ucar rayonu), Mil Təcrübə stansiyası (Beyləqan rayonu), institutun Muğan seleksiya və aqrotexnika şöbəsi və Salyan rayonunda 2 –li sovxozda təcrübə istehsalat stansiyası daxil idi. Hazırda institutun Ucar və Beyləqan rayonlarında fəaliyyət göstərən təcrübə stansiyaları vardır. İnstitutda 8 şöbə və laboratoriyalar fəaliyyət göstərir.
AzETPİ–nin fəaliyyətinin əsas prioritet istiqaməti sort toxum aqrotexnologiya olmaqla, qarşısında duran əsas məqsəd, pambıqçılığın dinamik inkişafına təminat verən əhatəli və kompleks proqramın işlənib həyata keçirilməsindən, işlənmiş elmi nailiyyətlərin və qabaqcıl təcrübənin istehsalata tətbiqi və geniş yayılması sahəsində kənd təsərrüfatı müəssisələrinə və fermerlərə lazımi elmi metodiki köməklik göstərməkdən ibarət olmuşdur.
Pambıqçılığın inkişafının etibarlı təminatı üçün AzETPİ–nin elmi fəaliyyətinin əsas vəzifələri aşağıdakılardır:
—yüksək məhsuldar və texnoloji keyfiyyətlərə malik, xəstəliklərə, zərərvericilərə, quraqlığa, duza davamlı, yarpaqlarını təbii olaraq tökən, yüksək yağ çıxımına malik, tezyetişən pambıq sortlarının yaradılması;
—yüksək və stabil pambıq məhsulu becərilməsinə zəmin yaradan kompleks aqrotexnologiyaların işlənib hazırlanması;
—pambıqçılıq bölgələrində torpaqların münbitliyini sabit saxlamaq və yüksəltmək, pambıq bitkisi üçün əlverişli sələf bitkiləri seçməklə növbəli əkin sistemlərinin işlənib hazırlanması və səmərəli gübrə normalarının müəyyən edilməsi;
—pambıq toxumçuluğu işinin elmi əsaslarla qurulması, elit toxumu istehsalına elmi metodiki köməyin, rəhbərliyin həyata keçirilməsi;
—elmin nailiyyətlərinin və qabaqcıl təcrübənin ümumiləşdirilməsi və istehsalata tətbiqinə və geniş yayılmasına metodik rəhbərlik və köməklik edilməsi.
Çoxsahəli xalq təsərrüfatı əhəmiyyəti olan pambıqçılığın respublikamızda inkişaf etdirilməsində AzETPİ–nin səmərəli və nəticəli xidmətləri olmuşdur. AzETPİ–nin yetişdirdiyi pambıq sortlarının istehsalata tətbiqi və mexanikləşdirilmiş kompleks tədbirlərin həyata keçirilməsi Azərbaycanda pambığın məhsuldarlığının getdikcə artırılmasını və ümumi məhsul istehsalının yüksəldilməsini təmin etmişdir. Belə ki, 1925–1926–cı illərdə hər hektardan məhsuldarlıq 6–7 sentner, cəmi məhsul isə 58–60 min ton idisə, ulu öndərimizin hakimiyyəti dövründə, 1974–1975–ci illərdə hər hektarın məhsuldarlığı 21,3–25,3 sentnerə, ümumi məhsul istehsalı isə 450–531 min tona çatdırılmışdır.
Böyük Vətən müharibəsindən sonra, xüsusilə də 50–60–cı illərdə respublikamızda pambıqçılığa diqqət olduqca zəifləmişdir. Pambıq istehsalı ildən–ilə azalmağa başlamışdır. Pambığı perspektivsiz bir bitki hesab edirdilər. Hətta Elmi–Tədqiqat Pambıqçılıq İnstitutunun bağlanmaq təhlükəsi var idi.
1969–cu ildə ümummilli liderimiz Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Azərbaycan KP MK–nın plenumlarında əkinçiliyi və heyvandarlığı, birinci növbədə pambaqçılığı inkişaf etdirmək üçün konkret tədbirlər planı işlənib hazırlandı. 1970–ci ildən başlayaraq pambıq istehsalı və dövlətə satış planları artıqlaması ilə yerinə yetirilməyə başladı. 1969–cu ildə 162 min ton pambıq təhvil verildiyi halda, 1976–cı ildə 412 min ton pambıq təhvil verilmişdir.
Ulu öndərimiz tərəfindən pambıqçılığın inkişaf etdirilməsi kolxoz və sovxozların iqtisadiyyatının möhkəmlənməsinə, kənd zəhmətkeşlərinin maddi rifah halının yaxşılaşdırılmasına böyük təsir göstərdi. 1969–cu ildə pambıqçılıqdan 150 milyon manat götürüldüyü halda, 1976–cı ildə bu rəqəm 350 milyon manat olmuşdur. 1970–1976–cı illərdə kolxoz və sovxozlar pambıqdan 2 milyard manat əldə etmişlər.
Elmi fəaliyyəti ərzində institutda yüzlərlə yeni aborigen pambıq sortları yaradılmış, bundan 39 sort respublikamızda rayonlaşdırılmışdır. Rayonlaşan hər bir yeni sort əvvəlki sortlardan, sələflərindən təsərrüfat qiymətli göstəricilərinə görə daha yüksək potensiallı olmaqla məhsuldarlığın və ümumi istehsalın stabil artmasına zəmin yaratmışdır.
Alimlərimizin gərgin əməyi nəticəsində yaradılmış, məhsuldarlığın və məhsulun keyfiyyətinin yüksəlməsində rayonlaşmış və istehsalatda daha çox qalan və əkilən 114, 246, 915, 1298, 2421, 2833, 3038, AzNİXİ–33, Muğan–395 sortlarının geniş tətbiqi və intensiv yayılmasının çox əhəmiyyəti olmuşdur.
Pambıqçılıqda seleksiyaçıların nailiyyətlərindən biri də zərif lifli pambıq sortlarının yaradılmasına aid tədqiqatların uğurlu nəticəsidir. Belə ki, vegetasiya müddətinin uzunluğuna görə bizim iqlim şəraiti üçün əlverişsiz olan pambığın gecyetişən Gos.barbadense L. növü üzrə son 20 ildə aparılan yaradıcı seleksiya tədqiqatları nəticəsində vegetasiya müddətinə görə tezyetişən orta lifli (Gos. hirsutum L.) pambıq sortları ilə eyni yetişkənliyə malik zərif lifli pambıq sortları yaradılmışdır. Hazırda zərif lifli sortlardan Gəncə–46, Gəncə–120, orta lifli sortlardan isə Gəncə–114, Gəncə–132, Gəncə–160, Gəncə–164, Gəncə–170, Gəncə–181 və Gəncə–182 sortları SNS–də və Mühafizəsi üzrə Dövlət Komissiyasında sınaqdan keçirilir.
Azərbaycan Yer kürəsinin pambıqçılıq ölkələrindən biri kimi tarixə düşübdür. Respublikanın pambıqçılıq bölgələrində bu bitkinin becərilməsinə aid yüz illərlə böyük təcrübə toplanmış, yaxşı ənənə yaranmışdır. Belə ki, 1913–cü ildə Azərbaycanda 100 min ha–dan çox sahədə pambıq əkilmiş və 65 min ton pambıq məhsulu istehsal edilmişdir. XX əsrin ikinci yarısından, ulu öndərimiz Heydər Əliyevin rəhbərliyi dövründə respublikamızda pambıqçılıq çox sürətlə inkişaf etdirilmiş, ölkədə illik pambıq istehsalı bir milyon tona çatdırılmışdır. Ölkə büdcəsinin 22–25 faizini pambıqçılıq təmin edirdi. Ümummilli liderimiz pambıqçılığa böyük üstünlük verirdi. O deyirdi: “Pambıqçılıq çox faydalı sahədir, bu sahə yaşamalı və inkişaf etdirilməlidir”. Pambıq aran rayonlarında əhalinin əsas gəlir mənbəyi idi. Bununla bərabər, kəndlərimizdə geniş abadlaşdırma işləri aparılmış, maddi–texniki baza möhkəmlənmiş, əhalinin maddi rifah halı yüksəlmişdir.
İnstitutun elmi nailiyyətləri, yaratdığı yeni sortların, yüksək məhsul yetişdirməyə aid mütərəqqi becərmə texnologiyalarının istehsalata geniş tətbiq olunması dövlət səviyyəsində davamlı dəstəkləndi. Heydər Əliyevin rəhbərliyi dövründə respublikamızda pambıqçılıq sürətlə inkişaf etdirildi, ilk dəfə olaraq ən yüksək məhsuldarlıq və illik ümumi istehsal bu illərdə tarixə düşdü. Həmin illərdə Heydər Əliyev tez–tez pambıq tarlalarında, kənd zəhmətkeşləri arasında olardı və onlara öz tövsiyəsini verərdi. Ulu öndərimiz qabaqcıl pambıqçıların, sürücü–mexaniklərin və digər əməkçilərin əməyini həmişə yüksək qiymətləndirər və onlara ölkənin ali mükafatlarını təqdim edərdi.
Pambıqçılığın dinamik inkişafının elmi əsaslarla nizamlanmasını daim diqqətdə saxlayan ulu öndər bu sahənin inkişafına hər cür qayğı göstərir, pambıqçılıq bölgələrinin hamısında nəticəli fəaliyyət üçün əlverişli mühit yaradırdı. O, alimlərin yaradıcı əməyini də çox yüksək qiymətləndirər, bütün elmi–tədqiqat institutlarının, xüsusilə Pambıqçılıq İnstitutunun məhsuldar elmi fəaliyyəti üçün tələb olunan maddi–texniki bazanın yaradılmasını daim nəzarətdə saxlayırdı. Həmin illərdə digər elmi–tədqiqat institutları ilə müqayisədə Heydər Əliyev tərəfindən Pambıqçılıq İnstitutunun elmi fəaliyyəti daha yüksək qiymətləndirilmiş, yaranmasının və elmi fəaliyyətinin 50 illik nəticələrinə, pambığın seleksiyasını, toxumçuluğu və səmərəli becərmə texnologiyalarının işlənib hazırlanmasındakı xidmətlərinə görə Qırmızı Əmək Bayrağı Ordeni, institutun aparıcı alimlərinin bir qrupu isə fəxri dövlət mükafatları, orden və medallarla təltif olunmuşlar.
Respublikamızda pambıqçılığın inkişafına qayğı göstərən ümummilli liderimiz Heydər Əliyev 25 noyabr 1977–ci ildə bu qocaman, müqəddəs elm ocağında olmuş, Qırmızı Əmək Bayrağı Ordenini, alimlərə layiq görülən fəxri adları, orden və medalları şəxsən özü təqdim etmişdir. Ulu önədrimiz Heydər Əliyev Azərbaycan Elmi–Tədqiqat Pambıqçılıq İnstitutunun 50 illik yubileyində demişdir: “Pambıqçılıq sahəsində aparılan tədqiqatlar məhsulun azı 80–90 faizini sentyabr ayında verən yüksək məhsuldar və tezyetişən sortlar yaradılmasına yönəldilməlidir. Respublikanın pambıq tarlaları seleksiya və aqrotexnika, aqrokimya və fitopotologiya, iqtisad və mexanikləşdirmə, irriqasiya və meşə meliorasiyası alimlərindən səmərəli tədqiqatlar gözləyir. Torpağın münbitliyini yüksəltməkdə birinci söz onlarındır, münbitliyin açarı elmin əlindədir. Elmi surətdə əsaslandırılmış növbəli pambıq–yonca əkininin işlənib hazırlanmasını və tətbiq olunmasını təmin etmək lazımdır. Bu, Azərbaycan şəraitində pambığın məhsuldarlığını 30–40 faiz yüksəltməyə imkan verər. Bu sözləri ümummilli liderimiz sanki bu gün üçün demişdir, bu isə dahi şəxsiyyətin uzaqgörənliyi idi.
Respublikamızda kənd təsərrüfatının bir sahəsi kimi və əsası Heydər Əliyev tərəfindən qoyulmuş pambıqçılığın inkişafına dövlət səviyyəsində göstərilən diqqət, bu gün də cənab Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Belə ki, hörmətli Prezidentimiz cənab İlham Əliyevin “Pambıqçılıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi (14 iyul 2010) və “Pambıqçılıq haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiqi ilə bağlı (3 mart 2011) əlavə tədbirlər barədə verdiyi fərmanlar və ulu öndərimiz Heydər Əliyevin pambıqçılığa o dövrdə yetirdiyi diqqət və verdiyi tövsiyələr, institutun əməkdaşlarında bu sahənin davamlı inkişafında daha fəal iştirak etmək üçün, biz alimlərdən nəticəli tədqiqatlar aparılmasını tələb edir.
Əməkdaşlarımız hörmətli Prezidentimiz İlham Əliyev tərəfindən təsdiq edilmiş dövlət proqramlarının yerinə yetirilməsində də fəal iştirak edirlər. Belə ki, cənab Prezidentin 25 avqust 2008–ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “2008–2015–ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə kompleks tədbirlər planının müvafiq bəndləri tədqiqatlarımızın əsas hissəsini təşkil edir.
Bu gün institutumuzun alimləri yüksək potensiallı, plastik xüsusiyyətli aborigen sortlar yaratmaq, toxumçuluq işini elmi əsaslarla qurmaq, yüksək və keyfiyyətli məhsul yetişdirilməsinə zəmin yaradan kompleks aqrotexnologiyalar hazırlamaq və istehsalata geniş tətbiq etmək istiqamətində ümidverici axtarışlar aparırlar. Elmi nailiyyətlərin, mütərəqqi texnologiyaların istehsalatda geniş yayılması və yenilikləri kəndli–fermerlərin yaxşı mənimsəmələri üçün pambıqçılıq bölgələrində hər il yeni sortların, səmərəli becərmə texnologiyalarının, suya qənaətedici suvarma texnikasının, kiçik pay torpaqlarında münbitliyin yaxşılaşdırılmasına zəmin yaradan qısa rotasiyalı növbəti əkinlərə aid nümayiş əkinləri aparılır, tarla günləri keçirilir, seminarlar təşkil edilir, istehsalat şəraitində toxumçuluq işinin düzgün nizamlanmasına mütəmadi olaraq əməli metodik köməklik göstərilir.
Həsənəli
ASLANOV,
Azərbaycan Elmi-Tədqiqat
Pambıqçılıq
İnstitutunun direktoru, aqrar elmləri doktoru
Respublika.- 2013.- 3 iyul.- S. 7.