POLİS İŞÇİLƏRİNİN PEŞƏ BAYRAMI QEYD OLUNMUŞDUR

 

Lənkəran

 

Lənkəran polisi ölkəmizin daxili işlər orqanlarının qabaqcıl dəstələrindən biridir. Lənkəran şəhər–rayon polis şöbəsinin kollektivi sabitliyin, əmin–amanlığın, ictimai asayişin nümunəvi şəkildə qorunması sahəsində qarşıya qoyulmuş vəzifələri peşəkarlıqla, yüksək işgüzarlıqla yerinə yetirir. Rayonun polis işçiləri peşə bayramını xidməti sahədə qazandıqları uğurlarla qeyd etmişlər.

Polis günü münasibətilə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, rayonun hüquq–mühafizə orqanlarının rəhbərləri, şəhər–rayon polis şöbəsinin şəxsi heyəti Heydər Əliyev xatirə parkına gələrək ümummilli liderin abidəsi önünə gül dəstələri qoymuş, ulu öndərin xatirəsini ehtiramla yad etmişlər.

Bayram tədbiri Lənkəran şəhər–rayon polis şöbəsində davam etdirilmişdir. Əvvəl Azərbaycan Respublikasının Daxili İşlər naziri, polis generalpolkovniki Ramil Usubovun şəxsi heyətə ünvanladığı təbrik məktubu oxunmuşdur.

Sonra Lənkəran şəhər–rayon polis şöbəsinin rəisi, polis polkovniki Möhübbət Hüseynovun məruzəsi dinlənilmişdir. O, Azərbaycan polisinin 1918–ci ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradıldığını, Azərbaycan polisinin 95 il ərzində çox çətin və şərəfli bir yol keçdiyini, 15 il əvvəl ulu öndər Heydər Əliyevin sərəncamı ilə polis işçilərinin peşə bayramı gününün təsis edildiyini, Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyilə daxili işlər orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində uğurlu islahatların aparıldığını, cənab Prezidentin polis işçilərinin gərgin və şərəfli əməyini daim yüksək qiymətləndirdiyini qeyd etmişdir.

Polis rəisi M. Hüseynov rayonda baş vermiş cinayətlərin isti izlərlə açılmasında, ictimai qaydanın və təhlükəsizliyin təmin olunmasında şəxsi heyətin rolundan, ilin birinci yarısında qazanılmış uğurlardan danışmışdır.

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov kollektivi bayram münasibətilə təbrik edərək ümummilli lider Heydər Əliyevin Azərbaycan polisinin inkişafına göstərdiyi yüksək diqqət və qayğıdan, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin bu siyasəti uğurla davam etdirməsindən danışmışdır. İcra başçısı qeyd etmişdir ki, xalqımız Azərbaycan polisinə böyük inam bəsləyir, dövlətçiliyin möhkəmləndirilməsində, milli maraqların qorunmasında polisin xidmətləri çoxdur.

Rayonda ictimaisiyasi sabitliyin qorunmasında, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsində, polis–vətəndaş münasibətlərinin sivil qaydada qurulmasında Lənkəran şəhər–rayon polis şöbəsinin nümunəvi işini qeyd edən icra başçısı kollektivə ən səmimi və xoş arzularını söyləmiş, xidməti vəzifələrin icrasında onlara uğurlar arzulamışdır.

Lənkəran rayon prokuroru Natiq Abdullayev, rayon məhkəməsinin sədri Elçin Kazımov, Lənkəran ağır cinayətlər məhkəməsinin sədri Natiq Əliyev, Milli Təhlükəsizlik Nazirliyi Lənkəran şəhər şöbəsinin rəisi Aydın Piriyev və başqaları tədbirdə çıxış edərək şəxsi heyətə təbriklərini, ürək sözlərini söyləmiş, kollektivə şərəfli fəaliyyətində yeni uğurlar arzulamışlar.

Tədbirdə polis orqanlarında səmərəli fəaliyyətinə görə şöbənin bir qrup əməkdaşına Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Fəxri fərmanları, pul mükafatları təqdim olunmuş, şöbənin maliyyə bölməsinin rəisi Azad Abdullayevə polkovnikleytenant rütbəsinin verilməsi barədə Daxili İşlər naziri R.Usubovun əmri oxunmuşdur.

 

Yardımlı

 

Yardımlı ölkəmizin cənub sərhədində yerləşir. Rayonda sabitliyin, ictimai asayişin yüksək səviyyədə qorunmasında polis şöbəsinin kollektivinin böyük zəhməti vardır. Kriminogen durum daim nəzarət altındadır, cinayətkarlığa qarşı mübarizə sahəsində ardıcıl tədbirlər görülür. Polis işçilərinin peşə bayramı gününə həsr olunmuş ümumrayon tədbirində də polisin şərəfli və gərgin işindən, qazanılmış uğurlardan ətraflı söhbət açılmışdır.

Bayram tədbirinə rayon icra hakimiyyətinin, hüquq–mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, polis şöbəsinin şəxsi heyəti, ictimaiyyətin nümayəndələri toplaşmışdılar. Tədbir iştirakçıları əvvəl ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzmüş, ulu öndərin parlaq xatirəsini ehtiramla yad etmişlər.

Şəhərin Nizami adına kinoteatrında keçirilən bayram tədbirində Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov təbrik nitqi söyləmişdir. İcra başçısı bildirmişdir ki, Azərbaycan polisi dövlətin ən mühüm dayaqlarından biridir. Daxili işlər orqanları Azərbaycan dövlətinin, xalqının keşiyində fədakarlıqla dayanaraq möhtərəm Prezidentimiz cənab İlham Əliyevin inkişaf strategiyasının uğurla həyata keçirilməsinə, ictimaisiyasi sabitliyin etibarlı şəkildə qorunmasına layiqli töhfələr verirlər. Rayon polis şöbəsinin kollektivi ictimaisiyasi sabitliyin qorunması, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, polis–vətəndaş münasibətlərinin möhkəmləndirilməsi istiqamətində işgüzarlıqla çalışır, vəzifə borcunu məsuliyyətlə yerinə yetirir.

İcra başçısı peşə bayramı münasibətilə şəxsi heyəti təbrik etmiş, şərəfli və məsuliyyətli fəaliyyətlərində kollektivə uğurlar arzulamışdır.

Yardımlı rayon polis şöbəsinin rəisi, polis polkovnik–leytenantı Fəqan Azadəliyev Azərbaycan polisinin keçdiyi 95 illik tarixi yol barədə məruzə etmişdir. Bildirmişdir ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş inkişaf strategiyası Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyilə uğurla davam etdirilir. Bütün sahələrdə inkişaf, tərəqqi təmin olunmuşdur. Möhtərəm Prezidentimizin qeyd etdiyi kimi, sabitlikictimai təhlükəsizlik mövcud olmasaydı, onda hazırkı milli tərəqqidən söhbət gedə bilməzdi. Bu sahədə daxili işlər orqanlarının mühüm xidmətləri vardır. Azərbaycan polisi respublika Daxili İşlər naziri, polis generalpolkovniki hörmətli Ramil Usubovun rəhbərliyilə inkişafının və təkmilləşməsinin yeni mərhələsini yaşayır. Yardımlı rayon polis şöbəsinin kollektivi Azərbaycan Prezidentinin fərman və sərəncamlarından, Daxili İşlər Nazirinin əmr və göstərişlərindən irəli gələn vəzifələrin yerinə yetirilməsində, ictimai qaydanın təmin olunmaslnda mühüm tədbirlər həyata keçirir. Əməliyyat şəraiti daim nəzarətdə saxlanılır, yaranan problemlər vaxtında aşkarlanıb həll olunur.

Rayon veteranlar şurasının sədri Şahbaz Hüseynov, təqaüdçü müəllim Hüseyn Vəliyev, Pirembel kəndinin ağsaqqalı Mirhəqiqət Həsənov, rayon təhsil şöbəsinin müdiri Manaf Balışov, gənclər və idman idarəsinin rəisi Rövşən Süleymanov, polis veteranı Əlövsət Mirzəyev çıxışlarında dövlətimiz tərəfindən daxili işlər orqanlarının inkişafına yüksək qayğı göstərildiyini, xalqın polisə böyük inam bəslədiyini vurğulamış, peşə bayramı münasibətilə rayonun polis işçilərini təbrik etmişlər.

Tədbirdə xidməti işində fərqləndiklərinə görə bir qrup polis əməkdaşına Yardımlı Rayon İcra Hakimiyyəti başçısının Fəxri fərmanları, pul mükafatları və rayon polis şöbəsinin hədiyyələri təqdim olunmuşdur.

 

Əlisəfa Həsənov

 

Respublika.- 2013.- 4 iyul.- S. 5.