Azərbaycan
güclü dövlət, etibarlı tərəfdaşdır
Bu gün müstəqil Azərbaycanın həyatının bütün sahələri sürətlə inkişaf edir. 2009–cu ildə beynəlxalq neft bazarında baş verən böhranın dünya ölkələrinin iqtisadiyyatına vurduğu ağır zərbə hələ də aradan qaldırılmayıb. Lakin yeni müstəqillik qazanmış, iqtisadiyyatını dirçəltmiş dövlətimiz nəinki dünya maliyyə və iqtisadi böhranından zərər çəkməmiş, hətta yüksək templi davamlı inkişaf yoluna çıxa bilmişdir. Ulu öndər Heydər Əliyevin başladığı, onun layiqli və müdrik davamçısı ölkə Prezidenti İlham Əliyevin qətiyyət və bacarıqla həyata keçirdiyi strateji siyasi kurs artıq özünün səmərəliliyini isbat edib. Baş verən tərəqqinin əsas məqamlarına diqqət etsək, onun əsas amillərinin mahiyyətini tam aydınlığı ilə görə bilərik. Ölkənin hərtərəfli inkişafının təməlində düşünülmüş və konkret dəqiq mexanizmlərə malik proqramlarla reallaşdırılan düzgün siyasət dayanır.
Diqqət etsək görərik ki, hazırda insanların sosial rifahı bir çox ölkələrin çox ciddi həll olunası problemləri sırasına daxildir. Sosial inkişaf isə iqtisadi tərəqqi olmadan mümkün deyildir. Yüksək iqtisadi inkişaf isə həm də dövlətlər arasında qarşılıqlı səmərəli əməkdaşlıq nəticəsində meydana gələn bir prosesdir. Müasir dövrümüzdə heç bir dövlət təcrid olunmuş şəkildə inkişaf edə bilməz. Beynəlxalq əməkdaşlıq isə düşünülmüş siyasətin, iqtisadi maraqların uzlaşdırılması və təbii ki, milli maraqların qorunmasının vacibliyini önə çəkir. Bu gün Azərbaycanın həyata keçirdiyi xarici siyasəti şəffafdır, açıqdır, səmimidir. Ölkəmiz öz əlaqələrində dünyada sülhün, sabitliyin qorunmasına və sosial–iqtisadi inkişafa, mədəniyyətlərarası dialoqa, multikulturalizm ənənələrinin geniş yayılmasına, bir sözlə, bütün insanların tərəqqisinə cavab verən, dövlətlərin qarşılıqlı mənafelərinə əsaslanan əməkdaşlığın yaradılmasına çalışır. Azərbaycan Prezidenti İlham Əliyev Yeni Azərbaycan Partiyasının V qurultayındakı çıxışında ölkənin yürütdüyü xarici siyasətin mahiyyəti barədə deyib: “Bizim ikitərəfli formatda qurduğumuz xarici siyasət nümunə ola bilər. Bu siyasət bərabərhüquqlu, qarşılıqlı surətdə faydalı, hörmət və bir–birinin işinə qarışmamaq prinsiplərinin üzərində qurulubdur. Bu bizim yanaşmamızdır. Biz heç bir ölkənin daxili işinə qarışmırıq. Hesab edirəm ki, əgər dünyada bütövlükdə bu meyillər üstünlük təşkil etsə, müharibələr də, qarşıdurmalar da azalar, ümumiyyətlə, dünya daha da çox əməkdaşlıq istiqamətində inkişaf edər. Ona görə həm ikitərəfli formatda, beynəlxalq təşkilatlardakı fəaliyyətimiz, eyni zamanda ümumi xarici siyasətlə bağlı konsepsiyamız təqdirəlayiqdir, dünyada böyük hörmətə malikdir və bizə imkan verir ki, daxildə də uğurlu siyasətimizi aparaq. Çünki hər bir ölkə maraqlı olmalıdır ki, onun ətrafında vəziyyət sabit, sülh, əmin–amanlıq olsun ki, ölkə daxilində proseslər daha da normal şəraitdə getsin. Beləliklə, ölkəmizin daim genişlənən beynəlxalq əməkdaşlığı həm də digər ölkələrin iqtisadi inkişafına, bu da öz növbəsində sosial rifaha və həmin ölkədə siyasi sabitliyə yardım edir.
Xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan şirkətləri də sosial layihələr həyata keçirirlər. Misal üçün, bu yaxınlarda Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (ARDNŞ–SOCAR) ilə Gürcüstanın Əmək, Səhiyyə və Sosial Müdafiə Nazirliyi arasında əməkdaşlığa dair memorandum imzalanıb. Bu sənəd çərçivəsində SOCAR 2013–cü ildə bu ölkədəki bütün uşaq evlərinin qaz və elektrik enerjisi xərclərini öz üzərinə götürüb. Gürcüstanda isə 44 uşaq evi vardır və bu təminat təxminən 115 min ABŞ dolları həcmindədir. SOCAR korporativ sosial məsuliyyət və xeyriyyəçilik sahəsində xüsusilə fərqlənir. 2011–ci ildə imzalanmış analoji memoranduma əsasən ötən il 18 uşaq evinə 55 min ABŞ dolları sərf olunmuşdur. Göründüyü kimi, Azərbaycanın iqtisadi əlaqələri əməkdaşlıq etdiyi ölkələrin də sosial problemlərinin həllinə müəyyən töhfələr verməkdədir.
Azərbaycanda həyata keçən transmilli iqtisadi layihələr təkcə ölkəmizin maraqlarına xidmət etmir. Bu layihələr həm də müvafiq infrastrukturla bağlı neçə–neçə dövlətin iqtisadiyyatının dirçəldilməsinə və yaxud tərəqqisinə yardım edir. Reallaşan layihələr həm sosial–iqtisadi inkişafı təmin edir, həm də həmin dövlətlərlə siyasi əlaqələrin güclənməsinə, sıxlaşmasına və nəhayət, strateji tərəfdaşlığa səbəb olur. Bu siyasi xətt bütün dövlətlərin mənafeyinə uyğundur. Ona görə də Azərbaycan rəhbərliynin regional əməkdaşlığın güclənməsindəki səyini dəstəkləyən dövlətlərin sayı durmadan artır. Dövlət başçısı İlham Əliyev öz çıxışında Azərbaycanın regional əməkdaşlıq prosesində rolunun əhəmiyyəti barədə əminliklə deyib ki, regional əməkdaşlıq, regionda proqnozlaşdırma və birgə fəaliyyət mövcud riskləri azaldacaq və xalqlarımız üçün proqnozlaşdırılan gələcəyi qurmaqda yardım edəcəkdir. Ölkəmizdə başlanmış, uğurla həyata keçirilmiş müxtəlif layihələr olduqca geniş regional əməkdaşlıq üçün artıq möhkəm əsas yaradır.
Dünyanın ən böyük beynəlxalq bazarı —Avropa qitəsinin dövlətləri enerji təhlükəsizliyinin etibarlı təminində çox maraqlıdır. Çünki bu sahədə etibarlı təchizat onların həm iqtisadi, həm sosial inkişaflarına, təbii ki, bu sahələrdəki vəziyyətlə sıx bağlı olan siyasi sabitliyə də demək olar ki, həlledici dərəcədə təsir edən amildir. Bu gün Azərbaycan öz karbohidrogen ehtiyatları ilə Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır və Transanadolu —TANAP layihəsinin reallaşması ilə bu tərəfdaşlıq daha da möhkəmlənəcəkdir. Bundan başqa, Bakı–Tbilisi–Qars dəmiryolunun istismara verilməsi ilə ölkəmiz Avrasiya məkanında mühüm beynəlxalq nəqliyyat qovşağına çevriləcəkdir.
Hazırda Azərbaycan Avropanın enerji dəhlizində etibarlı tərəfdaş, mühüm hasilatçı, tranzit ölkə, həm də gələn gəlirlərin iqtisadiyyatın digər sahələrinə yönəldilməsi ilə çoxşaxəli və dominant inkişafı nümunə olacaq bir dövlətdir. Belə ki, iqtisadiyyatın çoxşaxəli inkişafına çalışan Azərbaycan müxtəlif sahələrə investisiya yatırılması üçün cəlbedici ölkəyə çevrilib. Bu istiqamətdəki fəaliyyəti ilə, yəni real iqtisadiyyatın prioritet elan edilməsi ilə də ölkəmiz Avrasiya məkanında müxtəlif sahələrdə inteqrasiyanın güclənməsinə öz töhfəsini verir. Təsadüfi deyil ki, artıq ümumi daxili məhsulda neft sektorunun payı azlıq təşkil edir.
Azərbaycanın uğurlu beynəlxalq iqtisadi əməkdaşlığı, ölkənin dünya bazarına müvəffəqiyyətlə çıxması, sabit, davamlı inkişafı dünya iqtisadi bazarında ona olan etimadı da möhkəmləndirmişdir. Qlobal iqtisadi və maliyyə böhranının fəsadlarının aradan qalxmadığı bir şəraitdə ölkəmizin kredit reytinqinin artmasının özü mühüm göstəricidir. Artıq bir neçə ildir ki, Azərbaycanın dünyada ən islahatçı və davamlı inkişaf edən ölkə olması nüfuzlu beynəlxalq qurumlar tərəfindən təsdiqlənir. Bu inkişafın təməlində isə beynəlxalq əlaqə və əməkdaşlıqda dövlətin öz siyasi və iqtisadi müstəqilliyini qoruması və milli mənafeyini nəzərə alması əsas şərtdir. Müstəqilliyin əsasında isə aydındır ki, milli iqtisadi qüdrət və yüksək siyasi nüfuz dayanır. Azərbaycan rəhbərliyi buna nail olmaq üçün ilk öncə möhkəm iqtisadi bünövrə kimi ölkənin enerji, ərzaq və nəqliyyat təhlükəsizliyini təmin etmiş, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində etibarlı tərəfdaş olmasını təsdiqləyib, iqtisadiyyatın şaxəliliyinə nail olmaq üçün siyasi, hüquqi və maddi tədbirləri həyata keçirmişdir.
Nəticədə Azərbaycan regionda qüdrətli dövlətə çevrilmiş, beynəlxalq investisiyaların yönəldilməsi üçün ən cəlbedici ölkə səviyyəsini qazanmışdır. Ölkə rəhbəri İlham Əliyev hərtərəfli davamlı inkişafda müstəqillik amilini xüsusi vurğulayıb: “Biz müstəqil ölkə kimi inkişaf edirik. Biz bundan sonra əbədi müstəqil olacağıq. Azərbaycan xalqı dünyaya sübut edib ki, müstəqil dövlətdə yaşaya, müstəqil dövləti qura, müstəqilliyi qoruyub saxlaya bilər. Son 10 il ərzində biz bu yolda böyük uğurlara imza atmışıq. Bu yolda təzyiqlər də, təxribatlar da, təhdidlər də oldu. Azərbaycanın dostları çoxdur, Azərbaycan ilə dostluq etmək istəyən ölkələrin sayı durmadan artır. Bu da təbiidir. Çünki Azərbaycan güclü dövlət, etibarlı tərəfdaş kimi, ədalətli mövqeyinə görə dünya miqyasında böyük şöhrət qazana bilmişdir”.
Ataş
CƏBRAYILOV
Respublika.- 2013.- 4 iyul.- S. 6.