“Adlı, ünvanlı misralar”

 

FotoBu günlərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində vətənpərvər, şair, ADPU–nun dosenti, Beynəlxalq Rəsul Rza mükafatçısı, respublikanın əməkdar müəllimi Oqtay Rzanın yenicə çapdan çıxmış “Adlı, ünvanlı misralar” kitabının və bədii yaradıcılığının 60 illiyi ilə əlaqədar tədbir keçirilmişdir. Universitetin professor, müəllim və tələbə kollektivinin, şair və yazıçıların, media nümayəndələrinin, bədii qiraətçilərin iştirakı ilə keçirilmiş tədbiri ADPU–nun filologiya fakültəsinin dekanı, professor, tanınmış dilçi alim Buludxan Xəlilov açmış, Oqtay Rzanın geniş yaradıcılığından ətraflı danışmışdır:

—Oqtay Rzanın atası Məhərrəm Rzazadə ali təhsilli ədəbiyyat müəllimi işləmiş, 1937–ci illərdə siyasi repressiyanın qurbanı olmuş və cəmi 32 il ömür sürmüşdür. Oqtay çox erkən yaşlarında istehsalatda çalışmış, Bakıya gələrək neftçi işləmişdir. Hələ orta məktəbdə oxuyarkən şeirləri çap olunan O.Rza Azərbaycan Sənaye İnstitutunun geoloji kəşfiyyat fakültəsinə daxil olmuş, gənc şair kimi 1500 tələbənin içərisində fərqlənərək “Stalin” təqaüdçüsü olmuşdur.

Oqtay Rza heç kimin köməyinə sığınmayıb. Yarım əsrdir ki, tələbələrə dərs deməklə yanaşı, bədii yaradıcılığını da davam etdirir. 30–a yaxın kitabın müəllifidir. Onlardan 25–i şeirlər kitabı, 5–i isə dərs vəsaiti və dərslik kitablarıdır.

ADPU–nun professoru Əzizxan Tanrıverdi bildirmişdir ki, “Adlı, ünvanlı misralar” kitabında O.Rza klassiklərimizlə yanaşı hazırda yazıb yaradan şair, yazıçılara şeirlər ünvanlamış, eyni zamanda 20 Yanvar və Qarabağ şəhidlərinin bədii portretini yaratmaqla şəhid ölməzliyini xüsusi olaraq vurğulayır, qəmi, kədəri, xüsusən də Qarabağ işğalını qəbul edə bilmir. Azərbaycan oğullarını qələbəyə çağırır:

Sevinirəm tarixinə varanda

Şah İsmayıl, Həzi, Gəray ruhlusan.

Qələbə çal, qələbə çal həmişə,

Milli ordu qüdrətli ol həmişə!

Cəbhə bölgələrində əsgərlərlə tez–tez görüşlər keçirən Oqtay Rza saatlarla vətənpərvər ruhlu şeirlər söyləyir və alovlu çıxışı alqışlarla qarşılanır.

Şair Ramiz Məmmədzadə demişdir:

—Oqtay Rza 1949–51–ci illərdə Ağacavad Əlizadə, Xəlil Rza, Əliağa Kürçaylı ilə birlikdə ədəbiyyat dərnəyinin üzvü olmuş və şeirləri maraqla qarşılanmışdır.

Tanınmış şair, Prezident təqaüdçüsü İlyas Tapdıq, AYB–nin Qarabağ bölməsinin sədri Ənvər Əhməd, professor, şair Zahid Xəlil, Qəşəm İsabəyli və başqaları Oqtay Rzanın bədii yaradıcılığı ilə yanaşı, insani keyfiyyətlərindən söhbət açmışlar.

Bədii qiraət ustaları Ağalar Bayramov və Müdhət Aydın, universitetin tələbələri Aysel Musalı, Səbinə Mirbağırqızı, Aynur Əmirli, Əsmət Qasımlı, Reyhan Manaflı, Əsmər Əliyeva, Hökümə Dadaşlı Oqtay Rzanın şeirlərini özünəməxsus tərzdə söyləmişlər. İncəsənət ustaları Zəka Vilayətoğlu, Zakir Əli Sabiroğlu, Əbülfət Oğuz şairin şeirlərinə bəstələnmiş mahnılar ifa etmişlər.

Sonda Oqtay Rza çıxış edərək yaradıcılığına və pedaqoji elmi fəaliyyətinə xüsusi diqqət yetirdiyinə görə universitetin rəhbərliyinə və tədbir iştirakçılarına təşəkkürünü bildirmiş və yeni şeirlərini söyləmişdir.

 

Rauf İlyasoğlu

 

Respublika.- 2013.- 4 iyul.- S. 7.