Qabaqcıl incəsənət məktəbi

 

Respublikamızın ən fəal incəsənət təmayüllü məktəblərindən biri də Suraxanı rayonundakı 3 saylı Uşaq İncəsənət məktəbidir. Bu qədim tarixə malik incəsənət məktəbi 1935–ci ildən musiqi cəmiyyətinin nəzdində yaradılan 12 musiqi məktəbindən biri olmuş, 1940–cı ildə müstəqil musiqi məktəbi kimi fəaliyyətə başlamışdır. 2006–ci ildən Dəyanət Quliyevin rəhbərlik etdiyi bu məktəb sözün əsl mənasında öz intibah dövrünü keçirir.

Bu incəsənət ocağı hazırda respublikamızın ən fəal tədris ocaqlarından biridir. Paytaxtın qədim tarixə malik olan bu incəsənət məktəbini onlarca tanınmış incəsənət xadimi bitirmişdir. Respublikanın xalq artistləri Ağasəlim Abdullayev, Ağaxan Abdullayev, əməkdar incəsənət xadimi, bəstəkar Məmmədağa Umudov, əməkdar rəssam Qəyyur Yunis, əməkdar mədəniyyət işçisi Elçin Abbasov, pedaqoji elmlər doktoru, professor Tamilla Bağırova və başqaları bu məktəbin məzunu olmuşlar.

Fərəhləndirici haldır ki, incəsənət təmayüllü məktəblər arasında bu məktəbin yetirmələri daha çox ixtisas üzrə ortaali təhsil məktəblərinə qəbul olunurlar. 2006–cı ildə 20, 2008–2009–cu illərdə 26, 2010–2011–ci il buraxılışında 25, 2011–2012–ci il buraxılışında isə 18 nəfər məzun öz təhsilini incəsənət, ələlxüsus musiqi incəsənəti sahəsində davam etdirmişdir. Məktəbin müəllimlərindən 66 nəfəri bu təhsil ocağının məzunlarıdır.

Dəyanət müəllimin prisipial fəaliyyəti nəticəsində məktəbdə bir çox ixtisaslar üzrə dərslər tədris olunur. Hazırda məktəbdə fortopiano, skripka, klarnet, truba, tar, kamança, qarmon, nağara, xanəndə, vokal, rəsm, rəqs, qaboy, fleyta, kanon, balaban, sintizator ixtisasları tədris olunur. Məktəbin rəsm sinfində kompyuter qrafikası fənni də keçirilir.

Kollektiv nəinki respublika müsabiqəsində, eyni zamanda Beynəlxalq müsabiqələrdə də daim uğurlar qazanır.

2007–ci ildə Polşada, 2008–ci ildə SanktPeterburqda, Misirdə, 2011–ci ildə Qırğızıstanda, Türkiyədə qazanılan nailiyyətlər buna bariz nümunədir.

Fərəhlə qeyd edilməlidir ki, 2012–ci ildə Şimali Osetiyada keçirilən II Beynəlxalq rəqs müsabiqəsində məktəbin “Şənlik” rəqs kollektivi III yeri tutmuş, 2012–ci ildə Türkiyədə keçirilən VI Beynəlxalq “TV–STAR” müsabiqəsində İbrahim Nəsrullayev isə QranPri mükafatına layiq görülmüşdür.

3 saylı Uşaq İncəsənət Məktəbi 2012–ci ilin nəticəsinə görə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi tərəfindən “İlin ən fəal məktəbi” mükafatına layiq görülmüşdür.

 

Zabit CAVADOV

 

Respublika.- 2013.-  5 iyul.-S. 7.