Xəzər dəniz gəmiçilərinin peşə bayramı təntənəli qeyd edildi

 

Fotoİyulun 6–da ənənəvi olaraq Azərbaycan dövlət xəzər dəniz gəmiçiləri öz peşə bayramlarını yüksək ruh yüksəkliyi ilə qeyd etdilər.

Gəmiçilər Fəxri Xiyabanda ulu öndər Heydər Əliyevin və akademik Zərifə Əliyevanın məzarlarını ziyarət edib önünə əklil və gül dəstələri qoyduqdan sonra Dənizçilərin Mədəniyyət Sarayına gəldilər. Əvvəlcə Dövlət Himni səsləndi. Sonra söz Dövlət Xəzər Dəniz Gəmiçiliyinin rəisi Aydın Bəşirova verildi.

Gəmiçiliyin rəisi yığıncaq iştirakçılarını peşə bayramı münasibətilə təbrik etdi və bildirdi ki, 15 nəfər dəniz nəqliyyatı işçisinin “Tərəqqi” medalı ilə təltif olunması haqqında möhtərəm Prezidentimizin sərəncamı bütün dənizçilərə dövlət qayğısının bariz göstəricisidir. Biz cənab İlham Əliyevə dərin təşəkkürümüzü bildiririk. Azərbaycanın bugünkü sürətli inkişafı, dünya birliyində öz sözünü deyə bilən ölkələr sırasında olması məhz cənab Prezidentin adı ilə bağlıdır. Biz dənizçilər daim onu dəstəkləyirik. Qarşıdan gələn prezident seçkilərində dənizçilərin yalnız bir namizədi var və biz hamımız ona səs verəcəyik. Bu, cənab İlham Əliyevdir.

İnanırıq ki, ölkəmizin növbəti uğurları da möhtərəm Prezidentimizin adı ilə bağlı olacaq, kollektivimiz bundan sonra da səmərəli işləyəcək, ümummilli liderimiz Heydər Əliyevin müəyyən etdiyi kursla irəliləyərək, doğma Azərbaycanımızın tərəqqisi naminə var qüvvəsi ilə çalışacaq, ölkə rəhbərliyinin bizə göstərdiyi etimadı döğruldacaqdır.

Bu gün bizim üçün böyük bayramdır, çox əlamətdar gündür. Biz həm peşə bayramının, həm də Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin 155 illik yubileyini qeyd edirik.

Biz əminliklə deyə bilərik ki, ulu öndərimiz Heydər Əliyevin rəhbərliyi dövründə olduğu kimi, bu gün də dəniz nəqliyyatı respublika iqtisadiyyatının strateji sahəsi olaraq qalır. Ölkə rəhbərliyinin həyata keçirdiyi məqsədyönlü layihələr dəniz nəqliyyatının inkişafına da təkan verir, bu sahədə geniş perspektivlər açır. Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi ölkə büdcəsini formalaşdıran 9 iri vergi ödəyicisindən biridir. Təsadüfi deyil ki, Gəmiçilik cari ilin birinci yarsında struktur vahidləri ilə birlikdə ölkə büdcəsinə və Sosial Müdafiə Fonduna ödəmələri vaxtında yerinə yetirərək, dövlət qarşısındakı tədiyə öhdəliyinə layiqincə əməl etmişdir.

Gəmiçiliyimizin son bir ildəki fəaliyyəti bir sıra obyektiv çətinliklərlə yanaşı, əlamətdar hadisələrlə də yadda qalıb.

İlk növbədə nəqliyyat donanmamızın təzələnməsi istiqamətində görülən işləri qeyd etmək istərdim.

Ötən il noyabrın 13–də Xorvatiyanın Ulyanik tərsanəsində inşa edilmiş “Bərdə” və “Balakən” gəmilərini Bakıda qarşıladıq.

Təntənəli mərasimdə möhtərəm Prezidentimiz cənab İlham Əliyev də iştirak etdi, dənizçilərimizə öz xeyir–duasını verdi və uğurlar arzuladı. Bu, bizim işimizə verilən yüksək qiymət idi.

A.Bəşirov qeyd etdi ki, hesabat dövründə Gəmiçilik daha bir nəhəng layihəni həyata keçirdi. Sənaye müəssisələrinin paytaxtın mərkəzindən köçürülməsi haqqında Dövlət Proqramına uyğun olaraq, Paris Kommunası adına gəmi təmiri zavodu və İlham Allahverdiyev adına gəmiqayırma–gəmi təmiri zavodunun bir hissəsi sökülərək, əvəzində Zığ şosesi yaxınlığında yeni müəssisə inşa edildi. Gəmiçiliyin öz qüvvəsi və dövlət vəsaiti hesabına tikilən “Gəmi təmiri və gəmiqayırma” İstehsalat Birliyinin açılış mərasimində də möhtərəm Prezidentimiz iştirak etdi, gəmi təmirçiləri qarşısında yeni vəzifələr qoydu. Hazırda Zakfederasiya adına gəmi təmiri zavodu da köçürülməkdədir. Bu məqsədlə ayrılmış ərazidə inşaat işləri tam sürətlə aparılır. İnanıram ki, kollektivimiz bu məsuliyyətli işin də öhdəsindən bacarıqla gələcəkdir.

Bildiyiniz kimi, gəmi təmirini beynəlxalq standartlar səviyyəsində qurmaq üçün bizə müasir müəssisələrlə yanaşı, yeni gəmiqaldırma vasitələri lazımdır. Odur ki, Rusiyanın Nijni Novqorod vilayətinin Qorodets şəhərindəki Gəmi Təmiri və Gəmiqayırma Korporasiyası ilə imzalanmış müqaviləyə əsəsən üzən dokun birinci bloku ötən il noyabrın 30–da suya buraxıldı. Bu il mayın 28–də ikinci blok suya salındı. Yaxın günlərdə onların yedəkdə Bakıya gətiriləcəyi gözlənilir. Ümumilikdə 6 blokdan ibarət olan 160 metrlik üzən dokun burda yığılacağı və istifadəyə veriləcəyi planlaşdırılır. Düşünürəm ki, yeni dok gəmi təmirini sürətləndirmək, keyfiyyəti qaldırmaq üçün mühüm vasitə olacaq.

Bu yaxınlarda daha bir əlamətdar hadisəni qeyd edəcəyik. Qardaş Türkiyənin Terme tərsanəsində inşa olunmuş “Kapitan Ağasiyev” yedək gəmisinin Bakıya gətiriləcəyi və donanmamızın işinə böyük kömək olacağı gözlənilir.

Bildiyiniz kimi, gəmiçilikdə sosial məsələlərə xüsusi diqqət yetirilir. Neçə illərdir ki, dövlət tapşırığına uyğun olaraq, Goranboyda məskunlaşmış soydaşlarımıza maddi yardım göstəririk. Son bir ildə həmin ünvana 100 min manatlıq ərzaq yardımı çıtdırılıb. Bundan əlavə, erməni işğalçılarına qarşı döyüşlərdə şəhid olan dənizçilərimizin ailələrinə və qarabağ müharibəsindən əlil qayıdan gəmiçilərə 11 min 860, işləməyən pensiyaçılarımıza 18 min 250 manat yardım olunub. Ümumilikdə xeyriyyə tədbirlərinə 130 min 110 manat vəsait ayrılıb.

Son bir ildə biz bütün xalqımız kimi, iki əlamətdar tarixi də qeyd etdik. Ötən ilin noyabrında ümummilli liderimiz Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasının 20 illik, bu il isə ulu öndərimizin anadan olmasının 90 illik yubileylərini təntənə ilə bayram etdik. Gəmiçiliyin kollektivi Heydər Əliyev ideyalarına sadiq qalaraq, həmişə peşə bayramına dəyərli əmək hədiyyəsi ilə gəlir, vətənimizin iqtisadi çiçəklənməsinə xidmət edir.

Gəmiçilin rəisi A.Bəşirov çıxışının sonunda bir daha dənizçiləri və gəmi təmirçilərini peşə bayramı və yubiley münasibətilə təbrik etdi, onlara işlərində uğurlar arzuladı.

Tədbirin sonunda Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin 155 illik yubileyi və gəmiçilik işçilərinin peşə bayramı münasibətilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olundu. Peşə bayramı təntənəli konsert proqramı ilə başa çatdı.

 

Kamal İBADOV

 

Respublika.- 2013.-  7 iyul.- S. 7.