Yeniyetmə
taekvandoçuların uğurları
Azərbaycanda idmanın sürətli inkişafı dövlət siysətinin prioritet istiqamtlərindəndir. Uğurlu idman siyasətinin nəticəsi olaraq idmançılarımız olimpiadalarda, dünya və Avropa çempionatlarında böyük qələbələr qazanır, müstəqil Azərbaycanımızın üçrəngli milli bayrağı dünyanın ən mötəbər yarışlarında daha tez–tez göylərə ucalır, milli himnimiz qürurla səslənir. Əminliklə deyə bilərik ki, Azərbaycan sözün həqiqi mənasında böyük idman ölkəsinə çevrilib.
Təbii ki, bütün sahələrdə olduğu kimi, idmanın da bu günü və gələcəyi uşaq və yeniyetmələrin, gənclərin peşəkar hazırlığından və ustalığından çox asılıdır. Burada əsas rol məhz uşaq–gənclər idman klublarının üzərinə düşür. Onların içərisində 2006–cı ildə yaradılmış “Qala” taekvando klubunun özünəməxsus yeri və rolu var. “Qala” klubunda uşaq, yeniyetmə və gənclər bu olimpiya idman növünün sirlərinə dərindən yiyələnir və sağlam böyüyürlər.
Klubun direktoru, beynəlxalq dərəcəli həkim Elşad Məmmədov dövlətimizin başçısının idmanın inkişafına, xüsusən də uşaq və gənclərin yüksək səviyyədə hazırlığına böyük qayğı göstərdiyini önə çəkərək klubda əsas diqqətin yüksək potensiala malik teakvandoçuların hazırlığına yönəldiyini bildirdi. Peşəkar idmançıların hazırlanmasında dəfələrlə ölkə çempionu olmuş, dünya və Avropa yarışlarında uğurla çıxış etmiş məşqçi Ramil Həsənovun böyük əməyi vardır. Ölkəmizdə bu olimpiya idman növünün inkişafına, kütləviliyinə və təbliğinə, uşaq yeniyetmə və gənclərin sağlam ruhda, peşəkar idmançı kimi yetişməsinə nail olmaq üçün əlindən gələni əsirgəmir. Məhz bunun sayəsində “Qala” klubunda məşğul olan idmançılar istər respublika səviyyəli yarışlarda, istərsə də beynəlxalq turnirlərdə fərqlənir, uğurlu nəticələrə imza atırlar. Məsələn, Fatimə İbrahimova yeniyetmələr arasında Avropa çempionu adını qazanıb.
Bu yaxınlarda “Qala” taekvando klubunun idmançıları Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi ilə əlaqədar Tovuz rayonunda keçirilən respublika yarışlarında da yaxşı nəticələr əldə etmişlər. Fərəhli haldır ki, bu yarışda “Qala” klubunun təcrübəli taekvandoçuları ilə yanaşı, belə turnirlərdə ilk dəfə çıxış edən Cavid Əhmədov da böyük ustalıq nümayiş etdirərək bürünc medala layiq görülüb. Bu yeniyetmə və gənclərimizə qarşıdakı yarışlarda daha böyük uğurlar arzulayırıq.
X.Cabbarov
Respublika.- 2013.- 7 iyul.- S. 8.