RESPUBLİKA GÜNÜ QEYD OLUNMUŞDUR

 

Şəhərin Bayraq Meydanı bayramsayağı bəzədilmişdi. Respublika Gününə həsr edilmiş tədbirin iştirakçıları meydana toplaşmışdılar. Burada əsl qələbəlik hökm sürürdü. Üzlərdə sevinc, xoş təbəssüm hiss olunurdu.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, rayonun hüquq–mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, ictimaiyyətin nümayəndələri, rayon sakinləri əvvəl ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzmüş, ulu öndərin parlaq xatirəsini ehtiramla yad etmişlər.

Tədbir Bayraq Meydanında davam etdirilmişdir. Rayonun tanınmış ziyalısı, respublikanın əməkdar müəllimi, tarixçi–etnoqraf Musarza Mirzəyev 28 may – Respublika Günü haqqında məruzə etmişdir.

Natiq bildirmişdir ki, Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın dövlətçilk tarixində parlaq səhifələrdən biri olmuş, Şərqdə ilk demokratik respublika kimi tanınmışdır. Cəmi 23 ay yaşamasına baxmayaraq, müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması, gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etmişdir.

XX əsrin sonunda ikinci dəfə müstəqilliyini əldə etmiş Azərbaycan ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində suverenliyini, dövlətçiliyini qoruyub saxlamışdır. Müstəqil Azərbaycanın ulu öndərimizin şah əsəri olduğunu vurğulayan natiq dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyilə ölkəmizin dünyada analoqu olmayan bir sürətlə inkişaf etdiyini söyləmişdir.

Regionların sosial–iqtisadi inkişafına göstərilən dövlət qayğısı sayəsində bölgələrdə tikinti, abadlıq, quruculuq işləri geniş vüsət almışdır. Son illər Masallı rayonunda da irimiqyaslı layihələrin həyata keçirilməsinə diqqət daha da artırılmış, iqtisadiyyatın bütün sahələrində yüksək nailiyyətlər əldə olunmuşdur. Masallılılar görülmüş işləri yüksək qiymətləndirir.

Bayram tədbirində rayon mədəniyyət turizm şöbəsinin özfəaliyyət kollektivləri konsert proqramı ilə çıxış etmişlər.

 

Əlisəfa HƏSƏNOV,

 

Respublika.-2013.-1 iyun.-S.9.