Fərəhli bir gün

 

…Qəlbləri oxşayan yaz səhəri. Bakının Nərimanov rayonundakı Toğrul İmanov küçəsində yerləşən 177 saylı tam orta məktəbin geniş və bayramsayağı bəzədilmiş ərazisində yüksək canlanma hiss olunur, milli musiqimiz dalğadalğa ətrafa yayılır, yüksək səviyyədə təşkil olunmuş son zəng tədbiri hamıda xoş ovqat yaradırdı.

Budur, saatın əqrəbləri 10–u göstərir. Mərasim başlamazdan öncə Azərbaycan Respublikasının Dövlət Himni səslənir və daha sonra söz aparıcıya verilir. Son zəng mərasiminə qatılan valideynlər, qonaqlar, KİV nümayəndələri habelə məktəbin müəllim və şagirdləri qızğın salamlanır.

Məktəbin direktoru, Azərbaycan Respublikasının əməkdar müəllimi, zəngin pedaqoji təcrübəyə malik olan Həqiqə Məmmədovaya danışıq üçün söz veriləndə alqış sədaları hər tərəfi bürüdü, ona tər gül–çiçək dəstələri verildi. Həqiqə xanım bayram sevincini mərasim iştirakçıları ilə bölərək dedi:

–Azərbaycanın ümumi təhsil sistemində islahatlar artıq dönməz xarakter almışdır. 1999–cu ildən başlanan islahatlar ümumi təhsilə mühüm dəyişikliklər gətirmişdir. Bu, hər şeydən əvvəl bütövlükdə ümumi təhsilin, eləcə də tədris olunan fənlərin məqsəd və vəzifələrinə, təlim texnologiyalarına şagird nailiyyətlərinin qiymətləndirilməsinə “valideyn, məktəb”, “müəllim–şagird” əməkdaşlığına yeni münasibət formalaşdırmışdır.

Bir sözlə təhsil islahatları zamanın tələbidir. Ulu öndərimiz Heydər Əliyevin belə bir fikrini xatırlamaq yerinə düşərdi:

“Müstəqil Azərbaycanda son illər təhsil sahəsində geniş islahatlar aparılır, təhsilin səviyyəsi daha da təkmilləşdirilir, dünya standartlarına uyğunlaşdırılır.

Vurğulamaq lazımdır ki, həmişə olduğu kimi, yeni dərs ilində də məktəbdə şagirdlərin elmi biliklərə mükəmməl yiyələnmələrinə maksimum səy göstərilmiş və uğurlu nəticələrə imza atılmışdır. Bu gün keçirilən son zəng tədbirlərində məktəbin 40 məzunu yüksək əhval–ruhiyyə ilə iştirak edir. Məzunlardan Qara Bayramov, Viktoriya Sakova, İbrahim İbrahimov və başqaları müxtəlif fənnlər üzrə keçirilən olimpiadalarda mükafatlandırılmışlar.

İctimai işlərdə fəal iştirak etdiklərinə görə şagirdlərdən İlahə İbrahimova, Nərminə Abdullayeva, Əminə Musayeva, Kamran Məmmədov, Cavidan Məstəliyev və başqaları tərifnaməyə layiq görülmüşlər.

Məzunların uğurlu nəticələrə nail olunmasında müəllimlərdən Rəna Musayeva, Bahar Mahmudova, İradə Bayramova və başqalarının yaxşı işi qeyd ounmalıdır.

Qeyd etmək lazımdır ki, məktəbin X sinif şagirdi Məhəmməd Babazadə respublika üzrə keçirilən olimpiadada Azərbaycan dili və ədəbiyyat fənni, Şahnaz İskəndərova kimya fənni, Aysu Əfəndi tarix fənni üzrə qalib tanınmışlar.

Son zəng tədbirində çıxış edən valideynlərdən Sevda İbrahimova, Sevinc İbrahimova, ibtidai sinif müəllimi həqiqət Əhmədova tədbirin yüksək səviyyədə təşkil edilməsinə görə məktəbin pedaqoji kollektivinə minnətdarlıqlarını bildirdilər.

Mərasimin sonunda çıxış edən məktəbin direktoru Həqiqə Məmmədova bildirdi ki, məktəbin şagirdləri bu gün Rusiya Federasiyası, ABŞ, Türkiyə, İngiltərədəki həmkarları ilə sıx dostluq əlaqələri saxlayırlar.

Ən nəhayət son zəngin cingiltili səsi eşidilir. Bu zəng məzunları həm sevindirdi, həm kövrəltdi. Kövrəltdi ona görə ki, onlar on bir ili birilkdə keçirdikləri sinif yoldaşlarından ayrılacaq, şirin arzular hərəni bir yola aparacaqdır

Son zəng tədbirində Nərimanov Rayon İcra Hakimiyyətinin nümayəndəsi Toğrul İmanov iştirak edirdi.

 

Qədir ASLAN,

 

Respublika.-2013.-1 iyun.-S.10.