Estafeti birincilər
qəbul etdi
Dünyada hər şey ilkdən başlayır. İlkinlik böyük bir yolun başlanğıcı həm də nəyinsə sonudur. Məktəb illərinin də ilki, sonu var. Bu gün son zəngdir. Son zəng isə müstəqil həyatın başlanğıcıdır. Xətai rayonundakı 245 saylı tam orta məktəbin həyəti bayramsayağı bəzədilmişdi. Məktəbin pedaqoji kollektivi bu tədbirə ciddi hazırlaşmış, ətrafda hər kəsin zövqünü oxşayan gözəl bir mənzərə yaranmışdı. Bu gün çoxlarının həyatında əlamətdar bir hadisə kimi yaddaşlarda qalacaqdı. Saniyələr ötür, həyəcan artırdı. Araya sükut çökür, himnimizin əzəmətli sədası yavaş–yavaş ətrafa yayılır, üçrəngli bayrağımız vüqarla dalğalanırdı.
Tədbir açıq elan edildi. Aparıcılar bu il həm də öz 45 illiyini qeyd edən məktəbin ötən illərdəki uğurlarından söz açıb təlim–tərbiyə sahəsində əldə olunan nailiyyətlərdən danışdılar. Sonra söz tədbirin qonaqlarına verildi.
Xətai Rayon İcra Hakimiyyəti başçısının müavini Xeyrulla Hüseynli builki məzunları təbrik edərək deyir: “Rayonumuzun təhsil sahəsində uğurları çoxdur. Hər il ali və orta ixtisas məktəblərinə qəbulun nəticələrinə görə respublikada ilk yerlərdən birini tutan rayonun təhsil işçiləri öz üzərlərinə düşən vəzifəni şərəflə yerinə yetirmək üçün əllərindən gələni edirlər. Bu il 245 saylı məktəbi 181 məzun bitirir. Onları qarşıda böyük sınaqlar gözləyir. Mən hər bir məzuna gələcək həyatlarında uğurlar arzulayıram”.
Bakı şəhəri üzrə Təhsil İdarəsinin Xətai rayonu üzrə kuratoru Uğurlu Abbasov milli təhsilimizin inkişafı, onun dünya təhsil sisteminə inteqrasiyası istiqamətində həyata keçirilən tədbirlərin nəticələrindən, dövlət əhəmiyyətli layihələrin reallaşdırılmasında fəal iştirak edən ümumtəhsil müəssisələrinin fəaliyyətindən danışaraq dedi ki, təhsil sahəsində öz ənənələri olan məktəblərdən biri də 245 saylı tam orta məktəbdir. Məktəbə yeni direktorun təyin olunması pedaqoji kollektivin işində böyük dönüş yaradıb, nizam–intizam artıb, tədrisin səviyyəsi yüksəlib. O, çıxışına davam edərək deyir: “Son zəng hər bir insanın həyatında yalnız bir dəfə səslənir. Odur ki, orta məktəblər bu tədbirin rəngarəng, maraqlı keçirilməsinə çalışırlar. Bu gün burada gördüklərim, ümumi tərtibat yüksək təşkilatçılıq qabiliyyətindən xəbər verir.
Mən məktəbin direktoru Vüsalə Məcidovaya, bu işdə əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm. Qoy, hər bir məzun gələcəkdə harada çalışmasından asılı olmayaraq Vətəninə, xalqına ləyaqətlə xidmət etsin.”
Daha sonra onbirincilər söz alır. Sinif rəhbərlərinin
ardınca məzunların
hər biri mikrofona yaxınlaşıb
öz ürək sözlərini söyləyir,
on bir il
onların əziyyətlərini
çəkib, qayğılarına
qalan sevimli müəllimlərinə öz
ehtiramlarını bildirirlər.
Hamıdan çox həyəcan keçirən isə valideynlərdir. Tədbirin yüksək səviyyədə
təşkilindən məmnun
görünən valideynlərdən
biri, Gülayə Aydəmirova həyəcanını
bir qədər özündən uzaqlaşdıraraq
danışmağa başlayır:
“Mənim övladlarım
Sənan və Kənan əkizdirlər. Orta məktəbi bu il başa vururlar. İdman üzrə nailiyyətləri çoxdur,
ona görə də bu sahə
üzrə ali
təhsil almaq arzusundadırlar. Böyük övladlarım da
bu məktəbin məzunlarıdır. Builki son zəng
tədbiri çox yüksək səviyədə
təşkil olunub.
Bir valideyn kimi məktəbin
rəhbərliyinə təşəkkür
edirəm.”
Məktəbin keçənilki məzunu,
Azərbaycan Tibb Universitetinin I kurs tələbəsi Zəhra
Orucovanın çıxışı
da maraqla qarşılanır: “Əziz
məzunlar, bir il öncə mən də indi sizin tutduğunuz
o yerdə dayanmışdım.
İndi isə müəllimlərim
qarışında tələbə
kimi çıxış
edirəm. Hər birinizə
uğurlar arzulayıram.
Sözün düzü, mən
müəyyən mənada
sizə bir qədər qibtə də etdim, çünki biz məzunlar
son zəngimizi bu qədər təmtəraqlı
keçirə bilməmişdik.
Mən yüksək səviyyəli
tədbirə və burada iştirak etmək üçün dəvət aldığıma
görə məktəbin
direktoru Vüsalə Məcidovaya minnətdaram.”
Son zəng həm
də estafetin birindən digərinə ötürülməsi ilə
əlamətdardır. Elə bugünkü
tədbirin məzunları
da ənənəyə
sadiq qalaraq estafeti birincilərə ötürdülər, biliklərin
rəmzi açarı
onlara təqdim edildi.
Son sözü isə məktəbin direktoru Vüsalə Məcidova söylədi: “Burada hər kəsin üzündə bir həyəcan görünür,
mənim həyəcanım
isə daha çoxdur. Biz var
gücümüzlə çalışmışıq
ki, son zəng sizin hər birinizin yaddaşında əbədi qalsın.
Mən bu işdə əmək sərf edən hər kəsə təşəkkür
edirəm. Bizim hələ
görüləcək işlərimiz
çoxdur. İnanıram ki, rəhbərlik etdiyim kollektivin hər bir üzvü
bunun üçün
qüvvə və bacarığını əsirgəməyəcəkdir.
Mən hər bir məzunu
təbrik edir, ona layiqli vətəndaş
olmağı arzulayıram”.
Nəhayət ən həyəcanlı an gəlib çatdı. Son zəngi çalmaq missiyasını isə onbirincilər Rövşən və Əvəz, birincilər Məltəm və Elvin yerinə yetirməli oldu. Bu zəng sabaha çağırış, müstəqil həyatın ilkidir. Həm də böyük bir yolun başlanğıcıdır. Yolunuz uğurlu olsun, məzunlar!..
Zümrüd QURBANQIZI,
Respublika.-2013.-1 iyun.-S.10.