AZƏRBAYCAN ELMİNİN ÖN SIRALARINDA

 

İnformasiya texnologiyalarının cəmiyyətin inkişafında əvəzsiz rol oynaması danılmazdır. Planetimiz, məcazi mənada, informasiya–kommunikasiya texnologiyaları üzərində fırlanır desək, yanılmarıq. Dünyanın inkişaf mexanizmi də məhz elmi–texniki tərəqqi üzərində köklənib. Hazırda köklü və dinamik tərəqqiyə nail olmaq üçün rəqabət şərtlərindən biri məhz elmin bu istiqamətinin inkişafında irəli getməkdir. Bu böyük missiyanın ölkəmizdə əsas daşıyıcısı Azərbaycan Milli Elmlər Akademiyası İnformasiya Texnologiyaları İnstitutudur (AMEA İTİ). Elmi qurumun direktoru, AMEA–nın akademik–katibi və müxbir üzvü, professor Rasim Əliquliyevlə müsahibəni oxuculara təqdim edirik.

—Rasim müəllim, söhbətimizə İnformasiya Texnologiyaları İnstitutunun yaranma tarixindən başlamaq maraqlı olardı…

—İnstitutun əsasını 1971–ci ildə AMEA Kibernetika İnstitutunun nəzdində yaradılmış Avtomatlaşdırılmış İdarəetmə Sistemləri Şöbəsi (AİS Şöbəsi) təşkil edir. 1997–ci ildə AİS Şöbəsinin əsasında İnformasiya–Telekommunikasiya Elmi Mərkəzi (İTEM), 21 may 2002–ci ildə isə İTEM–in əsasında İnformasiya Texnologiyaları İnstitutu yaradılmışdır. Yarandığı zamandan etibarən institut informasiya cəmiyyətinin bərqərar olması istiqamətində qəbul olunmuş dövlət proqramlarının qarşıya qoyduğu vəzifələrin həyata keçirilməsində bilavasitə iştirak edir.

Son illər institutun tarixi mühüm, yaddaqalan hadisələrlə zəngin olmuşdur. Bu illər ərzində institutda olduqca mühüm dövlət əhəmiyyətli layihələr həyata keçirilmiş, uğurlu nəticələr əldə edilmişdir. Eyni zamanda, dövlət tərəfindən elmi müəssisələrə göstərilən diqqət və qayğı nəticəsində institutda beynəlxalq tələblərə cavab verən təmir–tikinti işləri aparılmış, ən yeni texniki avadanlıqlarla təchiz olunmuşdur.

Yeni Tədris–İnnovasiya Mərkəzi istismara verilmiş, onun fəaliyyəti müasir standartlara müvafiq yüksək səviyyəyə çatdırılmış, bu mərkəzin nəzdində Distant Tədris və Olimpiya mərkəzləri, Gənc Proqramçılar Məktəbi yaradılmışdır.

Bundan əlavə, institutda AMEA–nm bütün elmi müəssisələrinin keyfiyyətli şəbəkə ilə təmin olunması, beynəlxalq elmi məkana inteqrasiyanı bərqərar etmək məqsədilə AzScienceNet Elm Kompyuter Şəbəkəsi, Verilənlərin Emalı Mərkəzi yaradılaraq istifadəyə verilmişdir. Hazırda tədris prosesinin keyfiyyətinin daha da təkmilləşdirilməsi istiqamətində AzScienceNet şəbəkəsinin resursları əsasında layihələr həyata keçirilir.

Müasir dövrün tələbi olan əməyin stimullaşdırılması istiqamətində də institutda məqsədyönlü işlər görülür, əməyin qiymətləndirilməsi üçün yeni sistem – innovativ mükafatlandırına sistemi işlənərək həyata keçirilir.

—İTİ informasiya–kommunikasiya texnologiyaları elminin hansı istiqamətlərində tədqiqatlar aparır?

—İTİ–də əsasən 2 elmi istiqamət – informasiya texnologiyaları sahəsinin bütün seqmentləri və informasiya cəmiyyətinin problemləri üzrə fundamental elmi–tədqiqatlar aparılır. İnstitutda hər iki istiqamət üzrə aparılan elmi–tədqiqaflar ölkə başçısının gələcəklə bağlı əhəmiyyətli çağırışları, respublikamızda biliyin ön plana keçməsi, əmək fəaliyyətinin İKT–nin imkanlarından istifadə etməklə daha yüksək səviyyədə qurulmasına elmi dəstək verilməsi məqsədini daşıyır. Əsasən insan resurslarının, elm və texnologiyanın iqtisadi inkişafda həlledici rol oynadığı müasir dövrdə aktual olan mövzular üzrə elmi tədqiqatlar aparılır. Azərbaycanda formalaşan texnokratik cəmiyyətə, biliklər iqtisadiyyatının bərqərar olmasına nail olmaq məqsədilə elmi araşdırmalar aparılır, bu sahədə böyük nüfuza malik ölkələrin təcrübəsi öyrənilir. İnformasiya və bilik bazarının formalaşmasına və inkişaf etdirilməsinə, cəmiyyətin informasiya–kommunikasiya infrastrukturunun yaradılmasına, İKT xidmətlərinin genişləndirilməsinə elmi dəstək verilir.

—İnstitutun əldə etdiyi elmi nailiyyətlər hansılardır?

—Respublikada ilk dəfə olaraq lokal, qlobal şəbəkə texnologiyaları, korporativ şəbəkə, elektron rəqəm imzası, elektron dövriyyə sistemi və s. məhz AMEA İnformasiya Texnologiyaları İnstitutunda işlənmiş və həyata keçirilmişdir. Bundan əlavə, respublikanın müdafiə qüdrətinin yüksəldilməsi istiqamətində bir sıra dövlət əhəmiyyətli işlər də institutun alim və mütəxəssisləri tərəfindən həyata keçirilmişdir.

Ölkəmizdə informasiya texnologiyaları sahəsində bir çox elmi nailiyyətlər əldə etmiş institut veb–texnologiyaların işlənməsinə də öz töhfəsini vermiş və ölkəmizdə ilk dəfə olaraq, alim və mütəxəssislərimiz tərəfindən 1995–ci ildə AMEA–ya məxsus www.ab.az saytı yaradılmışdır. 2003–cü ilin sentyabr ayından etibarən sayt www.science.az portalı kimi fəaliyyətini davam etdirir.

AMEA–nın bütün institut və təşkilatlarını, onların şöbə və laboratoriyalarını əhatə edən, eyni zamanda İnternetə çıxış imkanı verən intellektual xüsusiyyətlərə malik İntranet şəbəkəsi də İTİ–də yaradılmış və fasiləsiz olaraq istismara verilmişdir. Akademik Əli Abbasovun rəhbərliyi ilə institutun alim və mütəxəssisləri tərəfindən Azərbaycanda ilk dəfə olaraq İnternetin milli infrastrukturu yaradılmışdır. AMEA İnternet şəbəkəsinin yaradılması və təşəkkülündə AMEA İnformasiya Texnologiyaları İnstitutu ilk günlərdən bilavasitə iştirak etmiş, bu sahədə əsas təşəbbüslərin müəllifi olmuşdur. Hazırda AMEA–nın bütün əməkdaşlarının İnternetdən mütəmadi istifadə etmək imkanları vardır.

Bununla yanaşı, respublikada ilk dəfə İnternet üzərində audio–videokonfranslar da alim və mütəxəssislərimiz tərəfindən təşkil olunmuşdur. Bakı Metropolitenində xüsusi texnoloji təyinatlı korporativ audioinformasiya şəbəkəsi işlənmiş və istismara verilmişdir. İnstitutun əməkdaşları “Virtual İpək Yolu” layihəsinin işə salınmasını həyata keçirmişlər. Bir sıra dövlət təşkilatları üçün statistik məlumatların toplanması və emalı işlərini həyata keçirməyə imkan verən korporativ informasiya sistemi və şəbəkəsi yaradılaraq istismara verilmişdir.

Ümumiyyətlə, institutda əldə edilmiş nailiyyətlər yeni inkişaf mərhələsinə qədəm qoyan Azərbaycanda elmi–texniki sahənin innovativ tərəqqisinə, biliklər iqtisadiyyatına inteqrasiya proseslərinin vüsət almasına xidmət etmişdir.

—Azərbaycanda İKT sahəsi ilə bağlı bir sıra sərəncamlar imzalanıb, islahatlar həyata keçirilir. Şübhəsiz ki, AMEA, xüsusilə də İTİ bu işlərdə yaxından iştirak edir və hökumətə yardımçı olmağa çalışır…

—Azərbaycan elminin beynəlxalq elmi mühitə inteqrasiyasının təmin olunmasını sürətləndirmək məqsədi ilə respublika Prezidenti cənab İlham Əliyevin imzaladığı sərəncam və fərmanlar, o cümlədən “Azərbaycan Respublikasında 2009–2015–ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı”nda qeyd olunmuş bir çox tələblər elmdə aparılan islahatlar çərçivəsində elmi fəaliyyətin müasir İKT əsasında yenidən qurulması və inkişaf etdirilməsi məsələsini zəruri etmişdir. Bu istiqamətdə Azərbaycan Milli Elmlər Akademiyasının müvafiq qurumlarında, eləcə də İnformasiya Texnologiyaları İnstitutunda məqsədyönlü işlər həvata kecirilir.

İnstitut dövlət başçısının rəhbərliyi ilə respublikada elm sahəsində həyata keçirilən uğurlu islahatların – AR–in inkişafı naminə İKT üzrə Milli Strategiya (2003–2012–ci illər), “Elektron Azərbaycan” Dövlət Proqramı, AR–də “Elektron hökumət”in formalaşdırılması üzrə Fəaliyyət Proqramı, AR–də 2009–2015–ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı görülən işlərin fəal iştirakçısıdır. Mütəxəssislərimiz tərəfindən bu istiqamətdə aktual elmi–nəzəri və texnoloji problemlər araşdırılır.

Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramından irəli gələn məsələlər hər zaman diqqət mərkəzindədir. İnstitutun Elmi Şurasının mütəmadi olaraq keçirilən bütün iclaslarında bu məsələlər müzakirə olunur, dünya təcrübəsi öyrənilir, vəzifə və perspektivlər müəyyən edilir.

Cari ilin respublikada İKT ili elan edilməsi, bu istiqamətdə bir sıra mühüm dövlət proqramlarının qəbul olunması AMEA–nın müvafiq qurumları qarşısında konkret vəzifələr qoyur. Dövlət başçısı tərəfindən təhsilin, elmin və yüksək texnologiyaların strateji istiqamətlər və dövlət siyasətinin ən mühüm məsələsi kimi bəyan edilməsi AMEA–nın digər institut və təşkilatları kimi, İnformasiya Texnologiyaları İnstitutunun da qarşısında konkret vəzifələr qoyur. Azərbaycanda informasiya cəmiyyətinin formalaşması prosesinin uğurla inkişaf etdirilməsinə, Prezident cənab İlham Əliyev tərəfindən irəli sürülən mühüm ideyanın – Azərbaycanın qara qızılının yüksək intellektli insan resurslarına çevrilməsi prosesinin həyata keçirilməsinə institut tərəfindən elmi dəstək verilir.

Bünövrəsi ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycan Respublikasının inkişafı naminə İKT üzrə Milli Strategiyanın reallaşdırılması sahəsində uğurlara imza atan ölkəmizdə informasiya cəmiyyətinin formalaşması istiqamətində həyata keçirilən layihələrdə yaxından iştirak edən institut akademik Əli Abbasovun rəhbərliyi altında Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə əməkdaşlıq çərçivəsində öz töhfələrini verməkdədir.

Respublikamızda informasiya cəmiyyətinin qurulması ilə əlaqədar milli inkişaf modeli formalaşır. İntellektual əməyə əsaslanan cəmiyyətə keçidin elm və təhsil sahəsində bütün ənənəvi modellərin transformasiyasını gündəmə gətirir ki, bu məsələ də alim və mütəxəssislərimizin diqqət mərkəzindədir. E–təhsil və e–elmin inteqrasiyası, beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsi elm və təhsil sahəsinin inkişafında əhəmiyyətli irəliləyişlərin əldə olunmasını, bilik və təcrübə mübadiləsinin aparılmasını sürətləndirən amil kimi dəyərləndirilir.

Elmi qurumlarda aparılan elmi–tədqiqat işlərinin səmərəliliyini yüksəltmək, onların fəaliyyətini əlaqələndirmək, o cümlədən ümumdünya elektron informasiya məkanına inteqrasiya məqsədilə elmi fəaliyyətin müasir tələblərə uyğun yenidən qurulması aktual məsələ kimi qarşıda durur.

Ölkəmizdə elmi–texniki infrastrukturun modernləşdirilməsi, dünyaya inteqrasiyasının təmin edilməsi istiqamətində məqsədyönlü işlər görülür, müxtəlif layihələr həyata keçirilir. Bu layihələrdən biri olan e–elm AMEA institut və təşkilatlarının, eləcə də respublikanın digər elmi qurumlarının fəaliyyətinin səmərəliliyini yüksəltmək məqsədi daşıyaraq müasir İKT–nin tətbiqi ilə yenidən qurulması və vahid bir onlayn elmi infrastrukturun formalaşdırılması üçün nəzərdə tutulur. İnformasiya cəmiyyətinin əsas tələblərindən olan və elmi innovasiya siyasətinin həyata keçirilməsində əhəmiyyətli rol oynayan elektron elm siyasətinin ölkədə bərqərar olması, onun inkişaf perspektivləri institutun üzərinə düşən əsas vəzifələrdəndir.

Elmi qurumlarda e–elm infrastrukturunun formalaşması proseslərində qarşıya çıxan müəyyən nəzəri–praktiki problemlər təhlil olunur. Bu problemləri müzakirə etmək, səmərəli yollar axtarmaq, təcrübə mübadiləsi aparmaq, elm və təhsil ocaqlarında, eləcə də dövlət təşkilatlarında gedən informasiyalaşdırma proseslərinə dəstək vermək məqsədilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə Elektron elm problemləri üzrə ümumrespublika elmi–praktiki konfransı keçirilmişdir.

Respublikamızda ilk dəfə keçirilən elektron elm problemlərinə həsr olunmuş konfransın nəticələri çox əhəmiyyətli olmuş və ölkəmizdə uğurla formalaşan Elektron Azərbaycanın inkişafına mühüm töhfə vermişdir. Gələcəkdə bu istiqamətdə konfransların müntəzəm olaraq təşkil edilməsi, meydana çıxacaq problemlərin vaxtında müzakirə olunması planlaşdırılır. Bu istiqamətdə həm ölkədaxili, həm də beynəlxalq səviyyədə münasibətlərin inkişaf etdirilməsi nəzərdə tutulub.

Bir sözlə, Azərbaycanda formalaşan informasiya cəmiyyətinə elmi dəstək verilməsi, e–elmin məqsəd, vəzifə və inkişaf perspektivlərinin müəyyən olunması, elmi qurumların fəaliyyətində informasiya texnologiyalarının geniş tətbiqi problemlərinin müzakirəsi və həlli yollarının tədqiqi də institutun əsas hədəflərindəndir.

İnstitut E–Azərbaycan Dövlət Proqramı çərçivəsində elektron elm layihəsini həyata keçirməklə respublikamızda informasiya cəmiyyətinin formalaşmasına elmi dəstək verir.

“Azərbaycan Respublikasında 2009–2015–ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı” və “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişaf üzrə 2010–2012–ci illər üçün Dövlət Proqramı (Elektron Azərbaycan)”ndan irəli gələn tapşırıqların həlli çərçivəsində AMEA–nın AzScienceNet Elm Kompyuter Şəbəkəsinin yaradılması, istismarı, idarə olunması və inkişaf etdirilməsi AMEA İnformasiya Texnologiyaları İnstitutu tərəfindən həyata keçirilir. Milli elektron elmi resursların yaradılması və inkişaf etdirilməsi üçün institutda fəaliyyət göstərən AzScienceNet şəbəkəsinin potensial imkanlarının artırılması istiqamətində məqsədyönlü işlər aparılır.

—Azərbaycanda İKT–nin inkişafı istiqamətində nə kimi uğurlar gözlənilir?

—Bilirsiniz ki, Azərbaycan artıq İKT dəhlizi olmaqla yeni layihələrin iştirakçısıdır. Yəni bir sıra beynəlxalq səviyyəli böyük İKT layihələri Azərbaycanın üzərindən keçir. Gələcəkdə nəzərdə tutulan başqa İKT layihələri də var ki, ölkəmiz həmin layihələr üçün dəhliz rolunu oynayacaq. Bu da ölkəmizin İKT sahəsində daha da inkişafına böyük təkan verəcək. Ona görə də dövlətimizin başçısının bu istiqamətdəki strateji fəaliyyəti öz bəhrəsini verməkdədir. İlk telekommunikasiya peykimizin orbitə çıxarılması bu faktı təsdiq edir.

Çox az sayda dövlətlərdə kosmik sənaye formalaşıb. Azərbaycanda kosmik sənayenin formalaşması üçün alimlərimizin qarşısında böyük vəzifələr dayanır. Yəni peyklər telekommunikasiya funksiyaları həyata keçirməklə yanaşı, digər tərəfdən Azərbaycan ərazisində bütün yer səthi üzərində olan prosesləri, məsələn, kənd təsərrüfatı sahəsinin hansı vəziyyətdə olmasını, onun məhsuldarlığının nəzarətdə saxlanılmasını, hansısa fövqəladə hal baş verərsə, onun vaxtında aşkarlanmasını təmin edə biləcəklər. Bütövlükdə, yer üzərindəki prosesləri vaxtlı–vaxtında monitorinq etmək, məlumatları analiz etmək, elmi nəticələr əldə etmək, ölkənin geostrateji məkanda daha da yuksək səviyyədə müdafiə qabiliyyətini gücləndirmək işində kosmik sənayenin inkişafının əhəmiyyətli rolu olacaq.

Bundan əlavə, dağlıq zonalardakı məktəblərdə İnternetə çıxış imkanlarının artırılması da baş verəcək. Çünki dövlət başçısı informasiya cəmiyyətinin inkişafında əsas hədəf kimi gəncləri götürüb. Gəncləri yetişdirmək, onlara İKT–ni dərindən öyrətmək lazımdır. Bu məqsədlə ölkə başçısı bütün təhsil müəssisələrində İKT–nin geniş tətbiq olunması üçün büdcədən böyük dəstək verir. Ölkəmizdə bu proses sürətlə inkişaf edir. Bununla da Azərbaycan təkcə özünün deyil, dünya miqyasında bütöv bir regionun yükünü öz üzərinə götürmüş olur.

Bir sözlə, yaxın gələcəkdə Azərbaycanda kosmik sənayenin, yerüstü və simsiz rabitə şəbəkəsinin, elektron hökumətin və kibercinayətkarlıqla mübarizənin inkişaf etdiriləcəyi gözlənilir. Təbii–ekoloji və digər proseslərin monitorinqinin aparılması, təbii fəlakətlərə müdaxilənin effektivliyinin artması və ümumiyyətlə, Azərbaycanda elmi tutumlu texnologiyaların inkişafi üçün zəmin yaranacaq.

—Əsasən hansı beynəlxalq təşkilatlarla elmi əməkdaşlıq əlaqələri qurmusunuz?

—Aparıcı ölkələrin iqtisadi inkişafının başlıca olaraq, texnoloji nailiyyətlərə əsaslanması, bu uğurların qazanılmasında elmi innovasiyaların əhəmiyyətli rolu, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında İKT sahəsində aparılan dövlət siyasətini rəhbər tutaraq beynəlxalq elmi əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi istiqamətində mühüm islər həyata keçiririk.

Azərbaycan elminin dünya elminə inteqrasiyası, alim və tədqiqatçıların beynəlxalq səviyyədə layiqincə təmsil olunması institutun əsas hədəflərindəndir. İnstitutun TERENA, IEEE, ACM, YUNESKO kimi nüfuzlu təşkilatlarla əməkdaşlığı bu məqsədlərin həyata keçirilməsi istiqamətində əhəmiyyətli rola malikdir. Artıq 10 ildən çoxdur ki, YUNESKO ilə birgə layihələrin iştirakçısına çevrilmişik. Bu istiqamətdə həyata keçirilən layihələrdən biri də həmin qurumun təşəbbüsü ilə 1989–cu ildən başlayaraq hər il keçirilən məktəblilər arasında Beynəlxalq İnformatika Olimpiadasına hazırlıq prosesinin 2007–ci ildən etibarən institutun Tədris–İnnovasiya Mərkəzində həyata keçirilməsidir.

Bundan əlavə, 2003–2005–ci illərdə ITU, UNESCO, UNCTAD və UNDP tərəfindən təşkil edilmiş İnformasiya Cəmiyyəti üzrə Dünya Sammitinin hazırlıq komitəsinin iclaslarında, 2005–ci ildə Tunisdə keçirilmiş İnformasiya Cəmiyyəti üzrə Dünya Sammitində, 2007–ci ildə YUNESKO–nun təşkilatçılığı ilə Pekində keçirilən elektron elm problemlərinə həsr edilmiş konfransda və digər nüfuzlu beynəlxalq tədbirlərdə ölkəmizi təmsil etmişik.

Bununla yanaşı, İTİ–də YUNESKO–nun və bir sıra beynəlxalq təşkilatların rəsmiləri ilə görüşlər keçirilmişdir, YUNESKO tərəfindən təsis edilən 10 noyabr – Beynəlxalq Elm Gününə həsr olunmuş tədbirdə də institutumuzun alim və mütəxəssisləri fəal iştirak etmişlər. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Təhsil Nazirliyi, YUNESKO–nun Təhsildə İnformasiya Texnologiyalarının Tətbiqi İnstitutu, IEEE, Qafqaz Universiteti ilə birgə təşkilatçılıq çərçivəsində silsilə xarakterli elmi konfranslar keçirmişik.

Nüfuzlu elmi bazalarla əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və birgə layihələrin təşkili də İnformasiya Texnologiyaları İnstitutunun prioritet istiqamətlərindəndir. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının əsas hədəflərindən birinin dünyanın qabaqcıl ölkələri, nüfuzlu beynəlxalq elmi təşkilat və qurumlarla səmərəli əməkdaşlığı həyata keçirməklə strateji məqsədlərə nail olmaqdan ibarət olduğunu rəhbər tutaraq ölkəmizdə innovativ inkişafın əldə olunması, aparılan elmi tədqiqatların dünya elmi ictimaiyyətinə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edən beynəlxalq elmi bazalara diqqətin artırılması istiqamətində məqsədyönlü işlər həyata keçiririk. Bu istiqamətdə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, innovativ elmi nəticələrin əldə olunması məqsədilə bilik və təcrübə mübadiləsinin, səmərəli elmi axtarışların, dünya səviyyəsində araşdırmaların aparılması və digər məsələlər daim diqqət mərkəzində saxlanılır. Belə tədbirlərdən biri də “Springer”, “Elsevier”, IEEE, “Tomson Reuters” kimi nüfuzlu təşkilatlarla əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsidir. Elmi tədqiqatçılar üçün dəyərli informasiya mənbəyi olan bu bazaların resurslarından səmərəli istifadə etmək və həmin nəşrlərdə məqalələrə qoyulan tələblərin və s. öyrənilməsi məqsədilə institutda mütəmadi olaraq treninq və seminarlar keçirilir. Əməkdaşlıq əlaqələri çərçivəsində beynəlxalq elmi bazaların rəsmiləri ilə görüşlər, seminar və treninqlər təşkil edilərək zəngin informasiya mənbəyi olan sözügedən bazaların üstünlüklərindən, yaratdığı geniş imkanlardan söhbət açılır.

Elm və təhsil müəssisələrinin beynəlxalq elmi bazaların resurslarından səmərəli istifadə etməsi məqsədilə mütəmadi olaraq keçirilən treninq və seminarlara AMEA–nın elmi qurumları cəlb edilir. Sözügedən bazalardan biri də hazırda dünya üzrə elm, texnologiya və tibb sahəsində ən çox kitab yayımlayan nəşriyyat evi – “Springer”dir. Burada hər il təxminən 2000 jurnal və 7000–dən artıq yeni kitab nəşr olunur. Əməkdaşlığımızın əsas hədəfi AMEA–nın institut və təşkilatlarının, eləcə də digər müvafiq qurumların “Springer”in və digər beynəlxalq elmi bazaların bütün arxiv və nəşrlərinə on–layn çıxışı və onlardan səmərəli istifadəsinin təmin olunmasıdır.

—İnformasiya–kommunikasiya texnologiyaları gənc nəslin çox geniş istifadə etdiyi imkanlardır. Bəs gəncləri İKT elminə cəlb etmək üçün hansı yolları təklif edirsiniz?

—Bilirsiniz ki, ümumiyyətlə, gənclərin elmə cəlb edilməsi bütün dünyada, o cümlədən respublikamızda ən aktual məsələdir. Əlbəttə ki, bizim də prioritet istiqamətimiz Azərbaycan elminin dünya eim məkanına inteqrasiyası, respublikamızın beynəlxalq aləmdə layiqli təmsil olunması baxımından mühüm əhəmiyyət kəsb edən İKT üzrə innovativ təfəkkürə malik istedadlı gənclərin seçilməsi və onların ölkəmizdə müvafiq sahədə həyata keçirilən layihələrə cəlb edilməsidir. Ölkəmizdə həyata keçirilən gənclər siyasətini rəhbər tutan institutumuzda elmi innovativ fəaliyyətin yüksək səviyyədə təşkilində aparıcı qüvvələrdən olan gənc alim və tədqiqatçılara xüsusi diqqət və qayğı göstərilir. Gənclərin əldə etdivi elmi nəticələri sınaqdan keçirmək məqsədilə geniş imkanlar yaradılmışdır.

İnnovativ elmi nəticələrin əldə edilməsi, istedadlı, kreativ təfəkkürlü gənc kadrların elmi–tədqiqat müəssisəsinə cəlb edilməsi istiqamətində mühüm işlər aparırıq. İKT biliklərinə malik innovativ təfəkkürlü elmi kadrların hazırlanması da əsas hədəfimizdir. Yüksək səviyyəli elmi–texniki kadrların yetişdirilməsi və onların cəmiyyətə inteqrasiyası proseslərinin sürətləndirilməsi üçün institutda hər bir şərait yaradılmışdır. İnstitut əməkdaşlarının yarıdan çoxunu yüksək bilik və bacarıq nümayiş etdirən, mükəmməl xarici dil qabiliyyətinə malik gənclər təşkil edir. Gənc kadrlarımız elmi–texniki sahədə innovativ ideyaların yaranması baxımından əhəmiyyətli olan beynəlxalq və respublika konfranslarında innovasiya, qrant və digər layihələrdə fəal iştirak edirlər.

Məsələn, ötən ilin noyabr ayında BMT–nin səlahiyyətli nümayəndələrinin, Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi Hamadun Turenin və müxtəlif ölkələrin İKT üzrə səlahiyyətli nümayəndələrinin iştirakı ilə keçirilən və ölkəmizin ev sahibliyi etdiyi VII İnternet İdarəçiliyi Forumunda institutun 130–dan artıq alim və mütəxəssisi iştirak etmişdir ki, onların da əksəriyyəti gənclər idi. Əsasən, davamlı inkişafa nail olmaq və bu istiqamətdə əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi məqsədini daşıyan, dünyada böyük nüfuz qazanmış forumda institutun gənc kadrları yüksək fəallıq nümayiş etdirərək İnternet idarəçiliyi aspektlərinin müzakirəsinə qatılmışlar. İnstitutun gənc kadrları İKT üzrə bütün tədbirlərin treninq, seminar və forumların ən fəal iştirakçısıdır.

Ölkəmizdə dövlət başçısının rəhbərliyi altında hazırlanmış İKT ili ilə bağlı Tədbirlər Planında nəzərdə tutulmuş informasiya texnologiyaları üzrə milli kadrların hazırlanmasında və elmi–tədqiqatlarda innovasiyaların geniş tətbiqi ilə bağlı məqsədyönlü siyasətin həyata keçirilməsində dəyərli töhfələrini verən institut gənclərin yeni elmi biliklərə cəlb edilməsi, kadr hazırlığı səviyyəsinin artırılması məqsədilə müxtəlif səpkili müsabiqə, viktorina və olimpiadalara ev sahibliyi edir. Burada informatika üzrə yarışlarda iştirak edən istedadlı gənclərin seçilməsinə və onların ölkəmizi beynəlxalq yarışlarda layiqincə təmsil etməsinə imkan yaradan və final mərhələsinin hər il institututda keçirildiyi ali məktəb tələbələri arasında informatika üzrə ümumrespublika olimpiadasını da qeyd edə bilərəm. İnstitut 2007–ci ildən etibarən keçirilən informatika üzrə ümumrespublika olimpiadalarının təşkilatçılarındandır. İnstitutun Tədris–İnnovasiya Mərkəzinin nəzdində bu sahənin inkişafı məqsədlərinə xidmət edən Olimpiya Mərkəzi fəaliyyət göstərir. Mərkəz informatika və proqramlaşdırma sahəsində istedadlı gənclərin sayının getdikcə artmasında da böyük rol oynayır. Ölkəmizin yaxın gələcəkdə beynəlxalq intellektual yarışlarda layiqincə təmsil olunması məqsədilə informatika fənni üzrə respublika olimpiadasının beynəlxalq yarışlara yüksək səviyyədə hazırlıq prosesi Tədris–İnnovasiya Mərkəzinə cəlb olunan müvafiq sahə üzrə respublika, eləcə də xarici ölkə mütəxəssisləri tərəfindən innovativ biliklərin tədrisi ilə həyata keçirilir. Hazırda Olimpiya Mərkəzinin fəaliyyətinin gücləndirilməsi istiqamətində də məqsədyönlü işlər aparılır.

 

Söhbəti qələmə aldı:

Xatirə Cabbarzadə,

Səid Hüseynov.

 

Respublika.-2013.-2 iyun.-S.5.