Unudulmaz ictimai
xadim
FotoXX əsr Azərbaycan ictimai, elmi fikrinin formalaşmasında, inkişaf etməsində mühüm xidmətləri olmuş ziyalılarımızdan biri də professor Rəhim Kazım oğlu Allahverdiyevdir. Onun bütün həyatı, fəaliyyəti xalqımızın, millətimizin tərəqqisinə, onun milli mənliyinin, birliyinin, əsrlər boyu yığıb topladığı maddi–mənəvi sərvətlərinin, elmi–əxlaqi dəyərlərinin, ənənələrinin qorunub saxlanmasına, bədxah qonşuların özününküləşdirmək istədikləri millətimizə məxsus qiymətli dəyərlərin yenidən özümüzə qaytarılmasına həsr olunub.
Rəhim müəllim ictimai–siyasi və dövlət xadimi idi. O bir çox məsul vəzifələrdə çalışmış, deputat seçilmiş, xalqın yüksək etimadını qazanmış, bir ziyalı kimi xalq arasında böyük nüfuza, hörmətə malik insanlardan biri olmuşdur.
Professor Rəhim Allahverdiyevin fəaliyyətinin hər iki istiqaməti, ictimai–siyası, elmi yaradıcılığı bir–birini tamamlayır. Bunların mahiyyəti, kökü bir qayəyə, bir fikrə bağlıdır. Gücü, imkanı daxilində, hətta ondan da artıq, hər vasitə ilə millətini erməni məkrindən, fitnəkarlığından, qəsdlərindən qorumaq, xalqının özünüdərki istiqamətində var gücü ilə çalışmaq olmuşdur.
Təbii ki, bu da içində yaşadığı, sovet ideologiyasının hökmran olduğu qapalı bir cəmiyyətdə olduqca çətin, müşkül məsələ idi. Əlbəttə, belə cəmiyyətdə belə bir mövqeyidə duran, bu cür əqidəyə sahib olan kəs təzyiqlərə də, təqiblərə də məruz qalmağı, hətta sürgün olunmağı da göz önünə almalı idi.
Rəhim müəllim bunların hamısı
ilə üzləşdi. Amma öz əqidəsindən, amalından bir an da olsa dönmədi.
Bu insanın fəaliyyətinin hər iki qolu haqqında
bir qədər ətraflı söz açmaq istərdim. Amma indi
söhbətimizin bu məqamında Rəhim müəllimin həyatının
ilkin çağlarına qisaca nəzər yetirmək yerinə
düşər.
Rəhim Allahverdiyev 1907–ci ildə Qərbi Azərbaycanda,
İrəvan şəhərinə yaxın Artız kəndində
doğulub. Bu kənd özünün mütərəqqi fikirli
insanları, ziyalıları ilə tanınır. Belə insanlardan biri də Rəhim müəllimin
babası Seyid Allahverdi olub. On
yaşında Rəhimin atası və qardaşları erməni
vəhşiliyinin qurbanı olur. Gözlərinin
qabağında atasını, bacı və
qardaşlarını ermənilər güllələyir.
Bu qanlı hadisə 1917–ci ildə baş verir.
Soyqırım siyasəti aparan daşnaklar yerli Azərbaycan
türklərini güllələyir, süngüdən
keçirir, dədə–baba yurdlarından qovur, qədim, əzəli
türk torpaqlarını özününküləşdirirdilər. Nə
yazıq ki, öz havadarlarına arxalanıb bu gün də
öz siyasətlərini yeridir, əzəli–əbədi
torpaqlarımızı işqal altında saxlayırlar.
Həmin ildə digər kəndlər kimi Artız kəndi
də ermənilər tərəfindən
yandırıldı, talan edildi. Camaatın bir qismi
güllələndi, bir gismi də qaçıb canını
qurtarmışdı. Dayısı Məmmədbağır
Rəhimi, anası Güllü xanımla birlikdə İrana
aparır. Onlar 1922–ci ilə qədər
İranda yaşayırlar. Həmin ildə
İrəvana qayıdıb orda məskunlaşırlar.
Rəhim on beş yaşından işləməyə
başlayır. İşləyə–işləyə
də fəhlə fakültəsində təhsil alır.
1929–cu ildə Bakıya gələn Rəhim Azərbaycan
Sənaye institutunun kənd təsərrüfatı fakültəsinə
daxil olur. 1932–ci ildə isə Gəncə Kənd Təsərrüfatı
İnstitutunu fərqlənmə diplomu ilə bitirib aqronom
ixtisası alır.
O, ali təhsilini başa vurub İrəvana
qayıdır. “Ararat trest”in sovxozlarında və
maşın–traktor stansiyasında aqronom kimi işə
başlayır. Rəhim müəllim
1938–ci ildə İrəvan Kənd Təsərrüfatı
İnstitutunun aspiranturasına daxil olur. 1941–ci
ildə İrəvan Dövlət Universtetində dissertasiya
işini uğurla müdafiə edərək biologiya elmləri
namizədi alimlik dərəcəsini alır.
Həyatındakı bu məqam onun fəaliyyətinin
genişlənməsi, inkişaf etməsi, karyerasının
artması istiqamətində yeni, fərqli bir mərhələnin
başlanğıc nöqtəsi olur. Bundan sonra
qarşısında yeni üfüqlər, imkanlar
açılır, karyera pillələri ilə yüksəlir.
O, Ermənistan Xalq Maarif Komisarının müavini vəzifəsinə
təyin edilir. Bir il bu vəzifədə
çalışır. Sonra Ermənistan KP MK
yanında siyasi maarif idarəsinin rəisi vəzifəsinə
köçürülür. 1943–45–ci illərdə
isə o, Ermənistan KP MK–da təbliğatçı–təşviqatçı
vəzifəsində çalışır.
Həm də “Sovet Ermənistanı” qəzetinin baş
redaktoru vəzifəsində işləyir. Ermənistan
SSR Ali Sovetinin deputatı, eləcə də Ermənistan Respublikası
Mərkəzi Seçki Komissiyasının üzvü
seçilir.
Rəhim Allahverdiyevin xalq arasında böyük
nüfuz, hörmət qazandığını, söz sahibi
olduğunu görən daşnaklar ciddi narahat olur, ona bir yerdə
qalıb işləməyə imkan vermirdilər. 1947–ci ildə
Rəhim müəllim Ermənistan KP MK–nın kənd təsərrüfatı
şöbəsinin müdir müavini vəzifəsinə
keçirilir.
Hər
hansı vəzifədə çalışmasından
asılı olmayaraq Rəhim Allahverdiyev həmişə ermənilərin
xalqımızın əleyhinə apardıqları
çirkin siyasətə, törətdikləri fitnəkar əməllərə
qarşı sinə gərərək mərdliklə
mübarizə aparır, onların iç üzünü
açıb göstərir, ifşa edirdi.
1948–ci ildə
Moskvadakı havadarlarının köməkliyi ilə ermənilər
Mircəfər Bağırovun razılığını
alıb Rəhim Allahverdiyevin Bakıya, Azərbaycan KP
MK–nın kənd təsərrüffatı şöbəsinin
müdir müavini vəzifəsinə
köçürülməsinə nail olurlar. Beləliklə,
Rəhim Allahverdiyev, necə deyirlər, dinc yolla, İrəvandan
sürgün edilir.
Deyirlər,
sel axanda əvvəlcə çör–çöpü
götürüb aparır. Ermənilərin Moskvadakı
havadarlarının köməkliyi ilə xalqımıza
qarşı həyata keçirdikləri repressiya öncə
nəhəng ağacları kötükləri ilə birlikdə
qoparıb aparırdı. Əvvəl–əvvəl
sakitcə, heç bir səs küy olmadan. Rəhim Allahverdiyevin Bakıya göndərilməsi
kimi.
Sən demə, bu əməl də erməni siyasətinin
bir tərkib hissəsiymiş. Ermənilər
xalqımızın önündə gedən, erməninin, erməniliyin
nə olduğunu yaxşı bilən Rəhim müəllim
kimi ziyalılarımızı öncə Ermənistandan
uzaqlaşdırmaqla yerli azərbaycanlıları oradan
kütləvi surətdə deportasiya edilməsinə geniş
yol açmaq, bu çirkin əməli xeyli
asanlaşdırmaq istəyirlərmiş.
Rəhim Allahverdiyev Bakıya gəldikdən sonra Azərbaycan
KP MK–da kənd təsərrüfatı şöbəsinin
müdir müavini, sonra kənd təsərrüfatı
nazirinin müavini vəzifəsində
çalışır.
Rəhim müəllim açıq fikirli ziyalı,
böyük zəka sahibi idi. O, dünyanın gedişini də
illər boyu sıralarında çalışdığı
partiya, sovet orqanlarının yeritdiyi siyasəti,
gördüyü işləri də yaxşı bilirdi.
Professor Rəhim
Allahverdiyevin elmi yaradıcılığı Azərbaycanda
üzümçülüyün inkişaf etdirilməsinə,
üzümçülüyün elmi bazasının
yaradılmasına möhkəmləndirilməsinə, sahənin
potensial imkanlarının öyrənilməsinə, müxtəlif
iqlim şəraitində məhsulun yetişdirilməsinə,
məhsuldarlığın artırılmasına,
xalqımızın illərlə, əsrlərlə ərsəyə
gətirdiyi qiymətli üzüm sortlarının qorunub
saxlanılmasına, gələcək nəsillərə
çatdırılmasına həsr edib. Professor
Rəhim Allahverdiyevin elmi işi, elmi
yaradıcılığı Azərbaycan aqrar elminin, xüsusən
də üzümçülük elminin zəngin, qiymətli
səhifələrindən biridir.
Alim ötən əsrin əllinci illərinin əvvəlindən
genişmiqyaslı, çoxistiqamətli tədqiqat işlərinə
başlayır, araşdırmalar aparır. Alimin elmi tədqiqatlarının
ümumxalq əhəmiyyəti, onun aktuallığı bu
gün də özünü qoruyub saxlayır. Rəhim
müəllimin elmi tədqiqatlarının məqsədi Azərbaycanın
rayonlarında yeni üzümçülüklərin
salınması, xüsusilə dağ rayonlarında, dəmyə
torpaqlarda, yamaclarda üzümçülüyün
inkişaf etdirilməsi, belə şəraitdə
üzümün becərilməsinin qanuna
uyğunluqlarının müəyyənləşdirilməsi,
öyrənilməsi, bu planın təcrübədə tətbiqi,
bununlada yüksək elmi və təcrübəyə əsaslanan
nəticələrin əldə edilməsi idi.
Rəhim
Allahverdiyev 1951–ci ildən başlayaraq on il
Azərbaycan Elmi–Tədqiqat Çox İllik Bitkilər
İnstitutuna rəhbərlik edir. Bu da alimə
apardığı elmi işlərin genişləndirilməsində,
təcrübələrin səmərəliliyinin
artırılmasında daha böyük imkanlar əldə etməyə
şərait yaradırdı. 1961–1969–cu illərdə
Böyük Qafqaz və Talış dağlarının ətəklərində,
dəniz səviyyəsindən 400–1450 metr hündürlükdə,
respublikamızın 17 rayonunun 27 təsərrüfatında
yeni üzümlüklər salındı.
Rəhim müəllim öz tədqiqatlarında
üzümçülüyün müxtəlif aspektlərini
dərindən öyrənir. Üzüm
sortlarının biologiyası, texnoloji xüsusiyyətləri
dağlıq dəmyə şəraitində yetişdiriləcək
təsərrüfat əhəmiyyətli, ekoloji şəraitə
uyğun sortların becərilməsi yolları, iqtisadi səmərəliliyi
kimi bir çox məsələlər ətraflı
araşdırılır, tədqiq edilir.
İstər Azərbaycanda, istərsə də
keçmiş İttifaqda Rəhim Allahverdiyevin elmi
yaradıcılığı diqqətlə və maraqla izlənirdi. Onun elmi
müddəaları keçmiş SSRİ–nin görkəmli
alimləri tərəfindən dəstəklənirdi.
Rəhim müəllimin doktorluq işi Azərbaycanda
üzümçülüyün dağlıq dəmyə
şəraitində inkişafına həsr olunub. O, doktorluq
dissertasiyasını Moskvada, akademik Timiryazyev adına
Kənd Təsərrüfatı Akademiyasında uğurla
müdafiə etdi. Onu da deməliyik ki, Rəhim
müəllim bu sahədə respublikamızda ilk elmlər
doktoru, professor idi.
Professor Rəhim Allahverdiyevin elmi
yaradıcılığı Azərbaycan
üzümçülüyünün inkişaf tarixində
mühüm rola, xüsusi əhəmiyyətə malikdir. Bu irs
sürətli inkişafa, məhsul istehsalının
artırılmasına gətirib çıxaran böyük
proqramların həyata keçirilməsinə münbit zəmin
yaradıb.
1958–1964–cü
illərdə, respublikada üzümçülüyün
inkişafı ilə bağlı üç dəfə
partiya və hökumət qərarlarının verilməsinin
əsasında Rəhim müəllimin elmi
yaradıcılığının rolu az
olmamışdır.
Sonralar, 1979–cu ildə ulu öndərimiz Heydər
Əliyevin təşəbbüsü və səyləri nəticəsində
Azərbaycanda üzümçülüyün
inkişafı ilə bağlı Sovet hökumətinin
mühüm qərarı verildi. 1982–ci ildə isə
Azərbaycanda 2 milyon tona yaxın üzüm istehsal edildi.
Bu faktın arxasında xalqın maddi ritah
halının yaxşılaşdırılması ilə
yanaşı, respublikada üzümçülük mədəniyyəti
və yüksək inkişafı da durdu. O vaxtlar
üzümçülükdən gələn gəlir Azərbaycanın
milli gəlirinin 48 faizini təşkil edirdi.
Professor Rəhim Allahverdiyev bu nəticələri, bu
inkişafı hələ çox–çox illər bundan qabaq
proqnozlaşdırmışdı.
Çox təəssüf ki, ötən əsrin səksəninci
illərində gedən tarixi proseslər xalqımızın
həyatında faciələrə səbəb oldu. Bu faciələrin
səbəbkarları isə aqanbekyanların,
şahnazaryanların rəhbərlik etdiyi erməni mafiyası
və onların diqtəsi ilə oturub–duran əli
xalqımızın qanına batmış Mixail Qorbaçov
oldu. Respublikamızda üzümçülüyü
inkişafına mane olmaq üçün antialkoqolizm adı
altında Qorbaçov Azərbaycanda inkişaf yoluna
düşmüş üzümçülüyün məhvinə
yönəlmiş qərar verdi. Bu qərar birbaşa xalqımıza qarşı
yönəlmiş qəsd idi.
Əbədi–əzəli yurdlarımıza,
torpaqlarımıza, yer adlarımıza, milli–mədəni sərvətlərimizə,
incəsənətimizə, musiqimizə,
xalçaçılıq nümunələrimizə qondarma
adlar qoyub dünyaya özlərinki kimi təqdim edən ermənlər
üzümçülüyümüzə də, haram və
murdar əllərini uzadıblar.
Uzun illər, əsrlər boyu xalqımızın
yetişdirdiyi üzüm sortlarının adlarını dəyişdirərək
ermənilər öz adlarına çıxaraq onu dünyaya
erməni millətinin ərsəyə gətirdiyini söyləyiblər. Məsələn,
Azərbaycan türkünün yetişdirdiyi dədə–baba
üzüm sortlarımızdan Hacabaşı–Ararati, Əsgərini–Nazeri,
Mələyini–Areni, Hərnə–Qırnanı–Arevik,
Quşürəyini–Axavnik, Xərçini–Boskehat,
Misqalını–Msxali kimi adlandırmış, bu sortların
guya erməni mənşəli olduğunu sübuta yetirmək
istəmişlər.
Mənşəyi–kökü, əsli–nəcabəti,
torpağı olmayan bir millət həmişə digər
xalqların varidatına əl uzadar, necə deyərlər,
süfrəsinin artığını yeyib, cibinə girər. Ermənilərin iç
üzünə yaxşı bələd olan Rəhim müəllim
belə qənaətə hələ çoxdan gəlmişdi.
Təbii ki, o belə xəyanətə dözə
bilməzdi. O, həmkarları olan digər alimlərimizi–Cahangir
Süleymanovu, Aydın Əsədullayevi öz ətrafına
toplayaraq Azərbaycan üzümçülüyü tarixində
ilk dəfə olaraq “Azərbaycanın ampeloqrafiyası”
adlı fundamental bir əsəri ortaya goydu. Bu əsərdə
Rəhim müəllim 1947–ci ildə nəşr olunmuş
“SSRİ ampeloqrafiyası” əsərinə istinad edərək
ermənilərin öz adlarına çıxdıqları
üzüm sortlarımızın hamısının Azərbaycan
xalqına mənsub olmasını faktlarla sübuta
yetirmişdir.
Rəhim müəllim 1972–ci ildə “Azərbaycanın
amipeloqrafiyası” əsərini rus dilində çap etdirir. Bununla da haqqında bəhs
edilən problemlə digər xalqları da məlumatlandıraraq
ermənilərin iç üzünü açmış
oldu.
Bununla yanaşı, Rəhim müəllim çoxdan bəri
qəlbində dolandırdığı bir ideyanı da qismən
gerçəkləşdirdi. O, 1973–1975–ci illərdə gənc
mütəxəssislərin gücündən istifadə edərək
respublikamızın rayonlarından, kəndlərindən yerli
üzüm sortlarının axtarıb tapılmasına,
onlardan əkin materialı hazırlanmasına və
Abşeronda Mehdiabad üzümçülük sovxozunda xalqımıza
məxsus 100–ə yaxın qədim yerli üzüm
sortlarını toplayıb kolleksiya bağı
yaradılmasına nail oldu.
Daha sonra
ulu öndərimiz Heydər Əliyev 1977–ci ildə Mehdiabad
üzümçülük sovxozunda Azərbaycan Elmi–Tədqiqat
Üzümçülük və Şərabçılıq
İnstitutu yaradılmasına göstəriş verdi.
Amma çox təəssüf ki, Rəhim müəllim
bu institutun açılışını görmədi. O, 1975–ci ildə haqq
dünyasına qovuşdu.
Rəhim
müəllim özündən sonra böyük bir xəzinə,
elmi irs qoyub getdi. Bu irs
Azərbaycanda üzümçülüyü yeni, daha
böyük inkişaf mərhələlərinə
çatdırmaq üçün qiymətli mənbədir, xəzinədir.
R.Allahverdiyevin istedadı, bacarığı onun
övladlarına da, nəvələrində də
özünü göstərir. Onun hər üç
oğlu elmlər doktoru–professor kimi Azərbaycan Milli
Ensiklopediyasında öz təsdiqini tapmışdır.
Böyük oğlu Surxay biologiya, ikinci oğlu
Kərim fizika sahəsində dünya şöhrətli
tanınmış alimlərdir. Kiçik
oğlu Əli tibb elmləri doktoru–professordur. Hazırda AMEA Fiziologiya İnstitutunda kliniki
neyrofiziologiya laboratoriyasının müdiridir. Nəvələrinin biri Aysel xanım tibb elmləri
namizədi gənc tədqiqatçı həkimdir. Digər nəvəsi Arif Moskvada onkologiya sahəsində
maraqlı elmi tədqiqatları ilə məşhur akademik
Davıdovun diqqətini cəlb etmiş, onun rəhbərlik
etdiyi onkoloji mərkəzdə dissertasiya müdafiə edərək
tibb elmləri namizədi alimlik dərəcəsi adı
almış və perspektivli alim kimi orada qalıb işləməsi
üçün ona şərait yaradılmışdır.
Hidayət KAZIMOV
Respublika.- 2013.- 4 iyun.- S. 6.