HEYVANDARLIĞIN
MÜASİR VƏZİYYƏTİ VƏ İNKİŞAF
PERSPEKTİVLƏRİ
Təcrübələr göstərdi ki, aqrar islahatlara hazırlıq görülmədən bir çox mühüm məsələyə başlamaq gözlənilən nəticəni verə bilməz. Çünki kənd təsərrüfatında bazar münasibətlərinin yaradılması respublika şəraitində, hər şeydən əvvəl, mülkiyyət formasının dəyişdirilməsini tələb edir. Eyni zamanda yeni mülkiyyət münasibətlərinə və sahibkarlıq fəaliyyətinə şərait yaradılmadan bazar münasibətlərini inkişaf etdirmək də mümkün deyildi.
İndiyədək bu sahədə işləri tənzimləyən hüquqi–normativ aktlar (qanunlar, fərmanlar, sərəncamlar, qərarlar, əsasnamələr) təsdiq olunmuşdur.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 21 avqust 2008–ci il tarixli “Kənd təsərrüfatı məhsulları istehsalçılarının toxum, gübrə və damazlıq heyvanlar ilə təmin edilməsinə əlavə dəstək verilməsi” və 25 avqust 2008–ci il tarixli “2008–2015–ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramının təsdiq edilməsi haqqında” sərəncamları buna əyani misaldır.
Son 13 ildə (1999–2012) aqrar sahədə aparılan uğurlu islahatlar nəticəsində heyvandarlıq sahəsində nəzərəçarpacaq irəliləyişlərə nail olunmuşdur. Belə ki, 1999–cu ildə respublikamızda təsərrüfatın böyük kateqoriyaları üzrə 1912,2 min baş qaramal, 2276,2 min baş qoyun və keçi və 13873,7 min baş quş olduğu halda, 1 yanvar 2012–cu il tarixdə qaramalın sayı artaraq 2569,6 min baş, qoyun və keçilərin sayı 8276,2 min baş və quşların sayı 22352,9 min baş olmuşdur.
Əsas heyvandarlıq məhsullarının istehsal göstəricilərində də islahat dövründə nəzərəçarpacaq artım tempi müşahidə edilmişdir. Belə ki, 1999–cu ildə kəsilmiş çəkidə 104,6 min ton ət, 993,4 min ton süd, 526,3 milyon ədəd yumurta və 10,5 min ton (fiziki çəkidə) yun istehsal olunduğu halda, 1 yanvar 2012–ci il tarixdə bu göstəricilər müvafiq olaraq 263,7 min ton ət, 1622,3 min ton süd, 1011,0 milyon ədəd yumurta və 16,2 min ton (fiziki çəkidə) yun olmuşdur. Göstərilən nəticələr yalnız aqrar sahədə islahatların aparılması nəticəsində mümkün olmuşdur. İslahatları apararkən məqsədə nail olmaq üçün onun dinamikası və proporsional inkişafının qanunauyğunluqlarını müəyyən etmək, elmi–texniki tərəqqinin istehsalata tətbiqini həyata keçirmək lazımdır.
Elmi–texniki tərəqqinin inkişafı kənd təsərrüfatında ixtisaslaşmanın və təmərküzləşmənin genişlənməsinə kömək edir. Kənd təsərrüfatının ayrı–ayrı sahələrində, ictimai əmək bölgüsünün dərinləşməsi sahəsində, ixtisaslaşmış təsərrüfatlar sistemi yaranır.
İxtisaslaşmış təsərrüfatların əsasında sənaye bünövrəsi üzərində heyvandarlıq məhsulları istehsal edən komplekslər yaradılır. Belə komplekslərin yaradılması heyvandarlıq məhsullarının artırılmasına bir stimul verir. Həmin komplekslər indiki ixtisaslaşmış təsərrüfatlardan təkcə istehsalın geniş təmərküzləşdirilməsi ilə deyil, həm də kompleks mexanikləşdirilmiş və avtomatlaşdırılmış fasiləsiz istehsal proseslərinə əsaslanan tamamilə yeni texnologiya ilə fərqlənir. Bu, məhsuldar qüvvələrin və istehsal münasibətlərinin inkişafından irəli gələn obyektiv prosesdir. Demək, inkişaf etmiş cəmiyyətlərdə olduğu kimi, respublikamızda kənd təsərrüfatı sahələrində məhsul istehsalı elmi–texniki tərəqqinin müasir tələblərinə uyğun şəkildə, yəni intensiv əsaslar üzrə həyata keçirilir.
Elmi–texniki tərəqqi kənd təsərrüfatının intensivləşdirilməsini təmin etməklə məhsul istehsalını artırır, əmək məhsuldarlığını yüksəldir və kənd təsərrüfatında tərəqqinin əsas istiqamətlərini müəyyən edir.
– kənd təsərrüfatının ardıcıl intensivləşdirilməsi və onun müasir sənaye əsası üzərinə keçirilməsi;
– maddi–texniki bazanın möhkəmləndirilməsi, bütün istehsal proseslərinin kompleks mexanikləşdirilməsi və avtomatlaşdırılması məqsədilə maşınlar və mexanizmlər sisteminin yaradılması;
– yüksək məhsuldar kənd təsərrüfatı bitkilərinin və heyvan cinslərinin yaradılması və təkmilləşdirilməsi;
– qarışıq yem ehtiyatı, yem bazasının yaradılması və s. bu istiqamətlərdəndir.
Respublikamızda qeyri–neft sektorunun prioritet sahələrindən olan aqrar sektorun inkişaf etdirilməsi, bu sahə ilə məşğul olan alimlərində qarşısında böyük vəzifələr qoyur. Bu vəzifələri layiqincə yerinə yetirmək üçün alimlər öz sahələri üzrə daha əzmlə çalışmalıdırlar.
Aqrar elmin strateji məqsədi tədqiqatların regionlar üzrə təsərrüfat fəaliyyətinin istiqamətinə uyğunluğunu təmin etmək, mövzu planlarını sahibkarların tələbləri əsasında formalaşdırmaq, tədqiqat nəticələrini tətbiqi və yayılması sistemini təkmilləşdirmək, elmin maddi–texniki bazasını və kadr potensialını gücləndirməkdən ibarətdir. Bununla əlaqədar tədqiqatların planlaşdırılması və maliyyələşdirilməsi sistemi təkmilləşdirilməlidir.
Azərbaycan Respublikası kənd təsərrüfatı naziri İsmət Abasov heyvandarlıq sahəsində: mədəni faunanın genetik ehtiyatlarının toplanması, tədqiqi, qorunub saxlanması və müxtəlif istiqamətdə istifadə metodunun işlənməsi və təkmilləşdirilməsi, yeni cins yaradılması istiqamətində aparılan elmi–tədqiqat işlərinin intensivləşdirilməsi vəzifəsini qoymuşdur. Heyvandarlıqda və quşçuluqda yem bazasının səmərəliliyinin artırılması, yemlərin orqanizmlərin fizioloji və biokimyəvi tələblərinə uyğun genetik göstəriciləri nəzərə alınmaqla səmərəli yemləmə texnologiyalarının elmi əsaslarının işlənməsi, heyvandarlıq məhsulları istehsalı və emalı sahəsində yeni texnologiyalarının elmi əsaslarının işlənməsi və s. işlərin həyata keçirilməsi də qarşıda bir məqsəd kimi durur.
Alimlərin və kənd təsərrüfatı işçilərinin vəzifəsi qarşıya qoyulan məsələləri həll etməkdən ibarətdir.
Respublikamızda maldarlığın daha da inkişaf etdirilməsi, bu sahədə damazlıq işinin keyfiyyətinin yüksəldilməsi və mövcud malın cins tərkibinin yaxşılaşdırılması istiqamətində dövlət tərəfindən çox ciddi tədbirlər görülməkdədir. Bu məqsədlə dövlət başçısının 21 avqust 2008–ci ildə imzaladığı “Kənd təsərrüfatı məhsulları istehsalının toxum, gübrə və damazlıq heyvanları ilə təmin edilməsinə əlavə dəstək verilməsi barədə” sərəncamdan sonra Avropanın inkişaf etmiş dövlətlərindən, Almaniyadan, Avstraliyadan yüksək məhsuldar cins heyvanlar alınıb gətirilməkdədir. Gətirilən heyvanlar yalnız südlük və südlük–ətlik istiqamətli cinslərdir. Bu heyvanların gətirilməsində əsas məqsəd əhalinin südə olan tələbatını ödəməkdən ibarətdir.
Ət məhsuldarlığının artırılması, Azərbaycanda ətlik maldarlığın inkişaf etdirilməsidə çox vacibdir. 1950–ci ildən başlayaraq Azərbaycan zebusu ilə müxtəlif qaramal cinslərinin hibridləşdirmə işi aparılmışdır. Aberdin–Anqus x Zebu hibridləri, Hollavey x Qonur qafqaz mələzlərinin ət məhsuldarlığı öyrənilmişdir. Odur ki, Azərbaycana ətlik istiqamətli cinslərin gətirilməsi işi bərpa edilməlidir. Şarole, Herefort, Aberdin–Anqus, Kalmık, Şorthorn, Hollavey, Limuzin, Santa–Hertruda kimi təmizqanlı ətlik cinslərin respublikamıza gətirilməsi ət məhsulunun artırılmasında böyük rol oynayar. Bu zaman gətirilmiş heyvanların iqlimə uyğunlaşmasına xüsusi fkir verilməlidir. İqlimə uyğunlaşmanın bəzi qanunauyğunluqları mövcuddur. Heyvanların iqlimə uyğunlaşması uzunmüddətli mürəkkəb şəraitdə keçir. Bu prosesdə insan əməyinin rolu böyükdür. Yəni heyvanlar həm təbii iqlim amillərinin, həm də təsərrüfat amilləri (yemin kimyəvi tərkibi, keyfiyyəti, bəsləmə, qulluq, xəstəliklər və onların profilaktikası, damazlıq işi, xüsusilə də süni mayalandırma işinin) təsiri altında olurlar. Demək, xaricdən gətirilmiş mədəni cinslər bioloji–təsərrüfat xüsusiyyətlərinə uyğun rayonlara düzgün yerləşdirilməlidirlər. Belə ki, Abşeron yarımadasında, Şəki–Zaqatala bölgəsində Qara–ala cinsli inəklərin, Gəncə–Qazax bölgəsində Şvis, Muğan–Şirvan bölgəsində Simmental cinsli inəklərin yerləşdirilməsi məqsədəuyğun hesab edilir.
İnək naxırının 46,5 faizi cins və cinsi yaxşılaşmış heyvanlardır. Onların 19,9 faizi təmizqanlı, 26,6 faizi cinsi yaxşılaşmış mal–qaradır. Respublikada 21,6 faizi Qara–ala, 11,8 faizi Holştin–friz, 6,2 faizi Simmental, 5 faizi Şvis cinsləridir. Ölkədə olan inək naxırının 38,7 faizi Aran iqtisadi rayonunun təsərrüfatlarındadır.
İqlimə uyğunlaşma zamanı heyvanların məhsuldarlıq göstəricilərinin qorunub saxlanması üçün həmin cinslər həm təmizlikdə yetişdirilir, həm də iqlimə uyğunlaşmış yerli heyvan cinsləri ilə çarpazlaşdırılır. Bu zaman heyvanların nəinki həyat tərzi, hətta onların orqanizmində morfoloji–fizioloji xüsusiyyətlər də dəyişir. Temperatur, işıq rejimi, rütubətlilik, atmosfer təziqi, günəş işıqı (xüsusilə, ultrabənövşəyi şüa təsiri) və s. amillərin dəyişməsi zamanı heyvanların dözümlülüyü artmış olur. Burada damazlıq işinin də xüsusi yeri vardır. Düzgün damazlıq işi heyvanların bioloji xüsusiyyətlərini və məhsuldarlıq keyfiyyətlərini nəzərə alaraq, müvafiq yemləmə və bəsləmə şəraiti yaratmaq yolu ilə müntəzəm seçmə və taylaşdırma, süni mayalandırma aparmaqla onlarda müsbət keyfiyyətləri möhkəmləndirmək və inkişaf etdirməkdən ibarətdir.
Respublikamızda camışçılıq Azərbaycanın şimal–qərb, şimal–şərq və cənub–qərb bölgələrində, əsasən Ağdaşda, Yevlaxda, Ucarda, Sabirabadda, Şəkidə, Zaqatalada, Bərdədə, İmişlidə geniş yayılmışdır. Respublikada olan camışların 63,5 faizi Aran iqtisadi rayonundadır. Bununla belə, əksər təsərrüfat sahələrindən fərqli olaraq camışçılıq bu gün ölkədə yetərincə inkişaf etdirilməmişdir. Camışçılığın inkişaf etdirilməsi üçün möhkəm yem bazası yaradılmalı, seçmə–seleksiya işləri gücləndirilməli, “Murrah” cinsli yüksək məhsuldar camış törədicilərinin respublikamıza gətirilməsi vacibdir. Eyni zamanda həm maldarlığın, həm də camışçılığın inkişaf etdirilməsində süni mayalandırma işindən geniş istifadə edilməlidir.
Bu məqsədlə Nazirlər Kabineti tərəfindən 14 fevral 2006–cı il tarixli 46 saylı qərar qəbul edilmişdir. “Azərbaycan Respublikasında heyvandarlığın inkişaf etdirilməsinə dair əlavə tədbirlər haqqında” olan bu qərarda heyvandarlıqda damazlıq işinin biotexnologiyalar əsasında qurulması, regionlarda süni mayalandırma məntəqələrinin yaradılması qeyd edilmişdir. Tədbirlər planına uyğun AzETHİ–nin nəzdində Süni Mayalama Mərkəzinin (SMM) tikilməsinə start verildi. 2008–ci ildə Rusiya Federasiyasının Padolski vilayətində yerləşən “Kənd təsərrüfatı heyvanlarının təkrar istehsalı üzrə Baş Mərkəzdən” 5 baş Simmental, 4 baş Şvis və 2 baş Holşten Friz cinsli buğa SMM–ə gətirilmişdir. Eyni zamanda SMM üçün Salyan rayonu “Hacı Camalxan” KFT–dən 3 baş Holşten Friz cinsli buğa və Samux rayonunun fermer təsərrüfatlarından 4 baş “Murrah” cinsli kəl alınmışdır. Bu heyvanlar damazlıq heyvanlar hesab edilir. Özünün yüksək məhsuldarlıq keyfiyyətlərini nəslə verə bilməsi ilə fərqlənirlər. Demək, SMM bir damazlıq ocağıdır. Hazırda mərkəzdə 300 min doza buğa və kəl toxumu poyet sistemində qablaşdırılaraq saxlanılır. Respublikamızda, son 5 ildə 230789 baş iribuynuzlu heyvan süni mayalandırılmış, onlardan 133706 baş bala alınmışdır. Odur ki, bu cür tədbirlərin aparılması onu deməyə əsas verir ki, süni mayalandırma kənd təsərrüfatı heyvanlarının törəyib artırılmasına xidmət edən əsas zootexniki üsuldur. O, nəsil keyfiyyətlərinə görə üstün tutulan damazlıq törədicilərdən intensiv istifadə edilməsi məqsədilə heyvanların cinsinin yaxşılaşdırılması və məhsuldarlıq keyfiyyətlərinin yüksəldilməsi üçün aparılır.
(davamı
növbəti saylarımızda)
Məmməd
BALAKİŞİYEV,
Elmi–Tədqiqat Heyvandarlıq İnstitutunun
direktoru,
aqrar elmlər doktoru.
Yasin GÖZƏLOV,
informasiya və tətbiq
şöbəsinin müdiri
Respublika.- 2013.- 4 iyun.- S. 6.