C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasında təlim keçirilib

 

Ölkə Prezidentinin 2008–ci il 6 oktyabr tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kitabxana–informasiya sahəsinin 2008–2013–cü illərdə inkişafı üzrə Dövlət Proqramı”nın və 16 yanvar 2013–cü il tarixli “2013–cü ilin Azərbaycan Respublikasında “İnformasiya–Kommunikasiya texnologiyalar ili” elan edilməsi haqqında” sərəncamının icrası ilə əlaqədar şəhər və rayon mərkəzi kitabxanalarında fəaliyyət göstərən mövcud elektron kataloq və elektron kitabxanaların fəaliyyəti müasir tələblərə cavab verməlidir.

27 may–1 iyun 2013–cü il tarixdə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “Şəhər (rayon) mərkəzi kitabxanalarının Elektron kataloq və Elektron kitabxanlarında əlavə və dəyişikliklərin edilməsi” ilə əlaqədar təlim keçirilmişdir.

Mədəniyyət və Turizm Nazirliyinin kitabxana sektorunun rəhbərliyinin, respublikamızın 15 rayon kitabxanasından gəlmiş mütəxəssislərin iştirakı ilə keçirilmiş təlimi C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının direktoru Tahir Sadıqov açmış və qeyd etmişdir ki, kitabxanamız qəbul edilmiş Dövlət Proqramı və onun respublikada həyata keçirilməsi istiqamətində kitabxana–biblioqrafiya proseslərinin avtomatlaşdırılması, elektron kataloqun yaradılması və istifadəçilərə fasiləsiz on–line xidmətlərin göstərilməsi, informasiya mərkəzinin yaradılması və digər həlli vacib məsələləri yerinə yetirmişdir. Dünya kitabxanalarının qabaqcıl təcrübəsindən bəhrələnmək, kitabxanada tətbiq etmək qarşıda duran başlıca məsələlərdəndir. Odur ki, kitabxanada ümumrespublika əhəmiyyətli Azərbaycan Milli Kitabxana İnformasiya “Azlib Net” mərkəzi yaradılmışdır. Mərkəzdə VEB mərkəz və Elektron toplu–kataloq sistemləri fəaliyyət göstərir. VEB mərkəz bütün kitabxanaların elektron kataloqlarının fasiləsiz işləməsini təmin edir. Bura İRBİS–64 sisteminin istifadəçisi olan şəhər və rayon kitabxanaları daxildir.

Mədəniyyət və Turizm Nazirliyinin kitabxana işi sektorunun müdiri, YUNESKO–nun “İnformasiya hamı üçün” proqramının Azərbaycan komitəsinin sədri Lətifə Məmmədova təlimin məqsəd və vəzifələrindən danışaraq demişdir ki, “Azlib Net” mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin kitabxanalarının bazasında ölkəmizdə ilk dəfə olaraq milli resurslar əsasında respublika kitabxanalarını tam əhatə edən unikal bir sistem korporotiv toplu–kataloq sistemi yaradılmışdır. Beynəlxalq standartları qəbul edən və bu standartlarla işləyən, istər Azərbaycan kitabxanaları, istərsə də xarici ölkələrin kitabxanaları bu toplu–kataloqdan istifadə etmək imkanına malikdir.

“Azlib Net” mərkəzinin yaradılması, kitabxanalarda kitab təsvirinin mərkəzləşməsini, vaxta və vəsaitə qənaət, dünya standartları səviyyəsində təsnifləşdirmənin həyata keçirilməsi, MKS elektron resursların vahid mərkəzdən idarə olunması, onların təhlükəsizliyini, biblioqrafik yazının tətbiqinə nöqsan və təkrarçılığın aradan qaldırılmasını, eləcə də Elektron Resursların fasiləsiz və operativ olaraq təqdim edilməsini təmin edəcəkdir. Artıq kitabxanalar komplektləşdirdiyi hər bir kitab hazır təsvirini əldə edəcək, bir başa kataloquna yükləyəcəkdir.

5 gün davam edən təlimdə mövzu ilə bağlı çıxışlar olmuş və fikir mübadiləsi edilmişdir.

 

Rauf İLYASOĞLU

 

Respublika.- 2013.- 4 iyun.- S. 7.