Azərbaycan biologiya elminin korifeyi 85
Foto“Görkəmli
şəxsiyyətlər xalqın zəkasını, elmini, mədəniyyətini, mənəviyyatını
dünyaya nümayiş
etdirirlər”.
Heydər
Əliyev.
Azərbaycan
Milli Elmlər Akademiyasının akademiki, Rusiya Kənd Təsərrüfatı
Elmləri Akademiyasının, Ukrayna və Belarus Aqrar Elmlər
akademiyalarının xarici üzvü, UNESCO yanında Bioetika,
Elmi Biliklərin və Texnologiyaların Etikası üzrə
Azərbaycan Milli Komitəsinin, Azərbaycan
Biokimyaçılar və Molekulyar Bioloqlar Elmi Cəmiyyətinin
sədri, Bitkilərin Molekulyar Biologiyası üzrə Beynəlxalq
Cəmiyyətin, Amerikanın Bitki Bioloqları Cəmiyyətinin,
Fotosintez Tədqiqatları üzrə Beynəlxalq Cəmiyyətin,
Hüceyrə Stresi üzrə Beynəlxalq Cəmiyyətin,
Beynəlxalq Bitki Genetik Ehtiyatları İnstitutunun
üzvü, “Azərbaycanda biologiya elminin yeni sahələrinin
inkişafı” Fondunun prezidenti, Əməkdar Elm Xadimi,
biologiya elmləri doktoru, professor, “İstiqlal” ordenli Cəlal
Əlirza oğlu Əliyevin 85 illik yubiley təntənəsini
yaşayırıq.
85 hər ömrə nur çələngidir,
Zəhmətdən su içər gülü, çiçəyi.
Mətin iradəniz bir Günəş kimi,
İşığa qərq edər xoş gələcəyi.
***
Vətən torpağına bərəkət yağar,
Sizin zəkanızdan, qüdrətinizdən.
Susar önünüzdə yadlar–yağılar,
El–oba danışar şöhrətinizdən.
***
Qoşa qanadındır elmin, zəhmətin—
Bir ömür yaşadın müqəddəs, halal.
Həmişə mərdanə, həmişə mətin,
Min yaşa, min yaşa, əzizim Cəlal.
H əyatın yaranması, üzvi aləmin əmələ gəlməsi, təbiətin əsrarəngiz və əvəzolunmaz inkişafı fotosintez hadisəsi ilə bağlıdır. Ona görə də fotosintez prosesinin öyrənilməsi uzun müddət biologiya elminin ən mühüm problemlərindən biri kimi dünya alimlərinin diqqət mərkəzində olmuşdur. Təsadüfi deyildir ki, tək bu sahədə əldə edilmiş nailiyyətlərə və kəşflərə görə indiyə kimi 5 alim Nobel mükafatına layiq görülmüşdür.
Azərbaycan elmi tarixində isə ilk dəfə fotosintez prosesinin əsaslı şəkildə öyrənilməsinə hazırda respublikanın elmi ictimaiyyəti tərəfindən 85 illik yubileyi təntənə ilə qeyd edilən böyük alim, ictimai xadim, biologiya elmləri doktoru, professor, akademik Cəlal Əlirza oğlu Əliyev ciddi maraq göstərmiş və bu sahə onun elmi yaradıcılığının fundamental tədqiqat obyektinə çevrilmişdir. Cəlal Əliyev alim ömrünün əhəmiyyətli bir hissəsini kənd təsərrüfatı bitkilərində, xüsusən də dənli bitkilərdə gedən fizioloji və biokimyəvi proseslərin xüsusiyyətlərinin, fotosintez hadisəsinə xarici mühit amillərinin təsirinin öyrənilməsinə həsr etmişdir. Görkəmli alim həmçinin, fotosintez prosesinin müxtəlif tədqiqat istiqamətlərinin inteqrasiyası hesabına “yaxşı” fotosintez haqqında təsəvvür yaratmış, kənd təsərrüfatı bitkilərindən yüksək və keyfiyyətli məhsul əldə edilməsi üçün prosesin optimallaşdırılması məsələlərini araşdırmışdır.
Hamıya məlumdur ki, bütün dünyada olduğu kimi Azərbaycanda da dövlətin taxıl ehtiyatı ölkənin ərzaq və deməli, iqtisadi təhlükəsizliyinin bazisi, çörək isə əsas qida mənbəyidir. Millətini, vətənini canı qədər əziz tutan, sevən Cəlal Əliyev hələ tələbəlik illərindən (1946–1951) bunu yaxşı bilirdi və ona görə də bütün taleyini, alim ömrünü şüurlu surətdə bu sahəyə bağlamağı, xalqın gələcək rifahına, yüksəlişinə öz alim töhfəsini verməyi qərara almışdı. Bəlkə də məhz bu səbəbdən akademik Cəlal Əliyevin uğurlu elmi yaradıcılığının əhəmiyyətli hissəsi, əsasən, Azərbaycanda taxılçılığın inkişafına yönəlmişdir.
Mübaliğəsiz demək olar ki, bitki seleksiyası sahəsində ölkədə qabaqcıl mövqeyi ilə seçilən Cəlal Əliyev məktəbi formalaşmışdır. Digər seleksiyaçı alimlər də öz tədqiqat işlərində daima Cəlal müəllimin elmi yaradıcılığından, uzaqgörən məsləhətlərindən bəhrələnmişlər.
1954–cü ildə Əkinçilik İnstitutunda kiçik elmi işçi kimi əmək fəaliyyətinə başlayan bu böyük alimin seleksiyaçı intuisiyası, dərin nəzəri bilikləri, innovativ ideyaları, gərgin və məqsədyönlü əməyi yeni intensiv tipli taxıl sortlarının yaradılmasında öz səmərəsini verməyə bilməzdi. Ölkəmizin buğda əkin sahələrinin əsas hissəsini təşkil edən, Gürcüstanda, Orta Asiya respublikalarında, xüsusən Türkmənistan və Özbəkistanda da becərilərək yüksək nəticələr verən “Qaraqılçıq–2″, “Mirbəşir–50″, “Vüqar”, “Şiraslan–23″, “Tərtər”, “Bərəkətli–95″, “Əlincə–84″, “Ruzi–84″ və başqa bu kimi bərk buğda (Triticum durum L.) sortları ilə böyük alim öz adını Azərbaycanın əkinçilik tarixinə qızıl hərflərlə yazmışdır. Cəlal müəllimin yaratdığı yumşaq buğda (Triticumaestivum L.) sortu “Qiymətli–2/17″ yüksək məhsuldarlığına, əla çörək keyfiyyətinə, güclü şaxtaya və xəstəliklərə davamlılığına görə dünyanın tanınmış seleksiyaçı alimləri tərəfindən “möcüzə sort” adlandırılmışdır. Fermerlərin dili ilə desək, “Cəlal Əliyevin sortları” respublikanın müxtəlif aqroiqlim bölgələrinin yerli şəraitinə uyğun olmaqla və dəyişən ekoloji amillərin təsirinə qarşı öz adaptiv xüsusiyyətlərini qorumaq qabiliyyəti göstərməklə, yüksək məhsuldarlıq və keyfiyyət göstəriciləri ilə seçilirlər. Bu gün fermerlər tərəfindən, həmçinin iri təsərrüfatlarda geniş şəkildə becərilən yeni “Tale–38″, “Əzəmətli–95″, “Qobustan” yumşaq buğda sortlarını bu mənada xüsusi olaraq qeyd etmək lazımdır.
Elmi ictimaiyyətə yaxşı məlumdur ki, biologiyanın müasir istiqamətlərindən olan molekulyar biologiya, molekulyar genetika, riyazi biologiya, bioinformatika, gen və hüceyrə biotexnologiyası, gen mühəndisliyi sahələri Azərbaycan elmində ilk dəfə olaraq məhz Cəlal Əlirza oğlu Əliyevin uzaqgörənliyi, təşəbbüskarlığı, milli təəssübkeşliyi, novator–alim mövqeyi nəticəsində inkişaf etdirilmiş, onun rəhbərliyi ilə bu elmlərin kadr bazası formalaşdırılmışdır. Onun rəhbərliyi ilə respublikamızda ilk dəfə biologiya və kənd təsərrüfatının bir çox nəzəri və praktiki məsələlərinin həllində riyazi metodlardan və kompüter texnologiyasından istifadə etmək mümkün olmuşdur. Bununla əlaqədar Moskva, Sankt–Peterburq, Novosibirsk, Kiyev və s. şəhərlərin aparıcı elmi–tədqiqat institutları və böyük alimləri ilə elmi əlaqələrin yaranmasını və genişlənməsini xüsusi olaraq qeyd etmək lazımdır. Təkcə onu demək kifayətdir ki, bu gün Azərbaycan bioinformatika sahəsində dünya üzrə ən qabaqcıl mövqelərdən birini tutur, yaxın regionlarda isə birincidir, halbuki bir vaxtlar Cəlal müəllimin bu sahənin inkişafı üçün bütün qüvvəsini sərf etməsi müxtəlif dairələrdə bir az istehza, bir az təəccüb, bir az da qısqanclıqla qarşılanırdı. Lakin həyat onun nə qədər haqlı olduğunu sübut etdi.
Akademik Cəlal Əliyev fitri istedadı, uzun illərə söykənən zəngin təcrübəsi, orijinal və bənzərsiz elmi yaradıcılığı sayəsində Azərbaycanda kənd təsərrüfatı bitkilərinə və onların yabanı əcdadlarına aid 40 minə yaxın nümunədən ibarət bitki genofondunun istifadəsi əsasında 60–dan çox yeni, müasir tələblərə cavab verə bilən buğda sortu yaratmağa nail olmuşdur ki, bu da tək–tək elm adamının taleyinə düşən böyük Allah vergisi hesab edilə bilər.
Akademik Cəlal Əliyevi yaxından tanıyanlar yaxşı bilirlər ki, o, taleyini təkcə elmi yaradıcılığa həsr etməklə kifayətlənməmişdir. C.Əliyev həmçinin Azərbaycan elmində nüfuzlu bir mövqe qazanmış böyük bir elmi məktəbin yaradıcısı və rəhbəridir. Cəlal müəllim həmişə gənc alimlərə arxa–dayaq, böyük məsləhətçi olmuşdur. Məhz elə bunun nəticəsidir ki, indiyə kimi onun ustad himayəsi, müəllim qayğısı və şəxsi təşəbbüsü ilə 300–ə yaxın gənc istedad dissertasiya müdafiə edərək alim adını qazanmışdır. Cəlal müəllim onlardan 80–dən çoxunun namizədlik, 11–nin doktorluq dissertasiyasının bilavasitə elmi rəhbəri olmuşdur. Əməkdar Elm Xadimi Cəlal Əliyevin elmi məktəbinin yetirmələrinin səs–sorağı bu gün ABŞ, Kanada, İsveç, Böyük Britaniya, Yaponiya, Cənubi Koreya, Avstraliya, Rusiya və onlarca digər qabaqcıl ölkələrin tanınmış universitetlərindən, elmi–tədqiqat müəssisələrindən, beynəlxalq mərkəzlərdən gəlir.
Akademik Cəlal Əliyevin elmi yaradıcılığını qarşısına qoyduğu məqsədlər, fundamental nəzəri və praktiki nəticələrinin ümummilli və bəşəri əhəmiyyəti, mövzu yeniliyi, orijinallığı baxımından əsasən iki mərhələyə bölmək olar:
1–ci mərhələ – 1950–1970–ci illəri əhatə edən dövr. Bu mərhələdə geniş miqyaslı və təcrübi şəkildə kənd təsərrüfatı bitkilərində (xüsusilə, dənli bitkilərdə) gedən fizioloji və biokimyəvi proseslərin xüsusiyyətləri, bu bitkilərin məhsuldarlığına mikroelementlərin təsiri, bu amillərin fotosintez prosesi ilə qarşılıqlı əlaqəsi, fotosintez prosesinə xarici mühit amillərinin təsiri, habelə kənd təsərrüfatı bitkilərindən yüksək və keyfiyyətli məhsul alınmasında günəş enerjisinin faydalı iş əmsalını nəzərə almaqla bu prosesin optimallaşdırılması öyrənilmişdir. Uğurlu elmi tədqiqatın nəticələri alimin 1971–ci ildə biologiya elmləri doktoru elmi dərəcəsi almaq üçün “Bitkilərin fotosintez fəaliyyəti, mineral elementlərlə qidalanması və məhsuldarlığı” mövzusunda müdafiə etdiyi dissertasiyasında mükəmməl və ətraflı olaraq öz ifadəsini tapmışdır.
2–ci mərhələ 1970–ci ildən bu günədək olan dövrü əhatə edir. Bu dövr Cəlal müəllimin elmi yaradıcılığı öz zənginliyi, fundamental yeniliyi, yeni bioloji elmi istiqamətlərin (biotexnologiya, gen mühəndisliyi, hüceyrə seleksiyası, molekulyar biologiya, riyazi metodların, kompüter texnikasının və informasiya texnologiyalarının biologiyada tətbiqi və s.) yaranması, bu istiqamətdə dünyəvi əlaqələrin inkişafı ilə seçilir. Məhz bu dövrdə o, tanınmış alim kimi böyük şöhrət qazanmış, 1976–cı ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 1980–ci ildə isə həqiqi üzvü seçilmişdir. 1981–1990–cı illərdə Azərbaycan Elmlər Akademiyasının Biologiya Elmləri Bölməsinin akademik–katibi vəzifəsində işləmişdir.
1970–ci ildən başlayaraq Cəlal Əliyevin rəhbərlik etdiyi laboratoriyalarda aparılan kompleks tədqiqat işlərinin istiqaməti tədricən kənd təsərrüfatı bitkilərinin potensial məhsuldarlığını reallaşdıran fizioloji–genetik əsasların öyrənilməsinə yönəldilmişdir. Bu, müasir intensiv sortların seleksiyası üçün öyrənilməsi zəruri olan aktual bir məsələ idi.
Bu dövr həmçinin intensiv sortların yaradılmasında və yaxşılaşdırılmasında ümdə şərtlərdən birinə – fotosintez əlamətləri və məhsuldarlığı ilə bir–birindən kəskin fərqlənən formalardan ibarət zəngin buğda genefondunun yaradılmasına həsr edilmişdir. Cəlal müəllim tərəfindən Azərbaycanda kənd təsərrüfatı biologiyası və bitkilərin seleksiyası sahəsində müasir elmi nəzəriyyənin formalaşdırılması məhz bu dövrə təsadüf edir. O, bu nəzəriyyədən faydalanmaqla ilk dəfə təcrübi yolla yeni intensiv tipli sortların yaradılmasına və tətbiqinə nail olmuş, fundamental elmlə istehsal–sahə tədqiqatlarının yeni formada vəhdətini, inteqrasiyasını yaratmışdır. Qiymətli fotosintez əlamətlərinin irsən keçməsinin və ümumiyyətlə, irsiyyətin öyrənilməsi, genotiplərin donor xüsusiyyətlərinin aşkar olunması və ən başlıcası – “ideal” tipə yaxın sortların yaradılması üzrə məqsədyönlü seleksiya işlərinin kompleks şəkildə həyata keçirilməsi onun adı ilə sıx bağlıdır.
Cəlal Əliyevin seleksiya proqramı çoxcəhətli və hərtərəflidir. Bu proqram daima fəaliyyətdə və inkişafda olan, təkrarolunmaz, hissələri bir–birini tamamlayan, dayandırılması və ya zəiflədilməsi mümkün olmayan bir mexanizm, bir sistemdir. 80–ci illərin sonu, 90–cı illərin əvvəllərində bu sistemi pozmağa bir çox ciddi cəhdlər edilmiş, Əkinçilik İnstitutunun rəhbərliyi dəyişdirilmiş, seleksiyaçı alimlər başqa işə keçirilmiş, məqsədyönlü elmi seleksiya işlərinin aparılmasına lazımi şərait yaradılmamışdı. Həmin illər məlum Qarabağ müharibəsi nəticəsində erməni işğalçıları tərəfindən Elmlər Akademiyasının Qarabağ seleksiya bazası dağıdılmış, Tərtər Bölgə Təcrübə Stansiyasında işlər zəifləmişdi. Digər bir problem ondan ibarət idi ki, zəngin milli buğda genefondu sovetlər dövründə Ümumrusiya Bitkiçilik İnstitutunda (Sankt–Peterburq) saxlanıldığından müstəqillik əldə edildikdən sonra seleksiyaçı alimlərin bu fonddan istifadə etməsi xeyli çətinləşmişdi.
Məhz bu mürəkkəb illərdə akademik C.Əliyev hər cür təqib və təzyiqlərə baxmayaraq, Əkinçilik İnstitutunda başladığı seleksiya proqramını həyata keçirmək üçün alim kollektivini öz ətrafında sıx birləşdirərək, ruhdan düşməyə qoymamışdır. Respublikanın taxıla olan tələbatının durmadan artması və bu illərdə süni surətdə yaradılmış blokada akademik C.Əliyevi yeni seleksiya proqramları hazırlayıb həyata keçirməyə təşviq edirdi. Lazımi dəstək görməsə də, respublikada yeni məhsuldar və keyfiyyətli buğda sortlarının yaradılması onun və rəhbərlik etdiyi bir qrup əməkdaşın öhdəsinə düşmüşdü. Çətinliklərə baxmayaraq, həmin illər aparılan seleksiya işləri nəticəsində yüksək məhsuldar “Qaraqılçıq–2″, “Mirbəşir–50″, “Tərtər” və “Vüqar” bərk buğda sortları yaradıldı və rayonlaşdırıldı.
Mürəkkəb torpaq–iqlim şəraiti olan Azərbaycanın müxtəlif bölgələrinə uyğun buğda sortlarının yaradılması zərurəti müstəqillik illərində daha da aktuallaşmışdı. Bu tip sortlar yüksək məhsuldar, quraqlığa, şaxtaya, xəstəlik və zərərvericilərə davamlı, şoran və şorəkət torpaqlarda da nisbətən yüksək məhsul vermək qabiliyyətinə malik olmalı idi. Akademik Cəlal Əliyev son onillikdə seleksiya proqramında məhz bu istiqamətlərə xüsusi diqqət yetirmişdir. Bunun üçün o, hibrid nəsillərin alınmasında yerli buğda sortlarından istifadə olunmasına böyük üstünlük vermişdir. Xalq seleksiyası tərəfindən seçilmiş, Azərbaycanda uzun müddət əkilən, üstəlik təbii seçmə nəticəsində yerli şəraitə uyğunlaşan davamlı “Sarı buğda”, “Ağ buğda”, “Qırmızı buğda”, “Qara qılçıq” və başqa buğda genotipləri müasir intensiv sortlarla hibridləşdirilərək yeni nəsillər yaradılmışdır. Bunlardan perspektivli hesab olunan formaların ekstremal amillərə davamlılığı Əkinçilik İnstitutunda fəaliyyət göstərən fitotronda – süni iqlim kameralarında öyrənilərək, tezliklə tarla şəraitində sınaqdan keçirilmiş və həyata vəsiqə qazanmışdır.
İlkin seleksiya nailiyyətlərinin təsərrüfata sürətlə tətbiqini təşkil etmək üçün 1993–cü ildən Əkinçilik İnstitutunda akademik C.Əliyevin təşəbbüsü və kollektivin iştirakı ilə elmlə istehsalatın sıx əlaqəsinin yaradılması istiqamətində addımlar atılmış və bu, öz bəhrəsini vermişdir. Əkinçilik İnstitutu ilə respublikanın toxumçuluq təsərrüfatları arasında əlaqələrin bir mərkəzdən idarə edilməsi nəticəsində toxum istehsalı sürətlə artmış, yaradılmış yeni buğda sortlarının toxumçuluğunun yüksək səviyyədə təşkili və təsərrüfatlara tətbiqi mümkün olmuşdur. Məhz bunun nəticəsidir ki, əgər əvvəllər Azərbaycana xarici ölkələrdən hər il 20–25 min ton taxıl toxumu gətirilirdisə, 1996–cı ilin payızından etibarən buna ehtiyac duyulmamışdır. Bu da respublika büdcəsində külli miqdarda valyutaya qənaət olunmasına imkan yaratmışdır.
Akademik Cəlal Əliyevin bioloji müxtəlifliyin mühafizəsi və səmərəli istifadəsi sahəsində də fəaliyyətləri təqdirəlayiqdir. O, bu müxtəlifliyə seleksiya üçün tükənməz mənbə kimi baxır. Akademik “Bioloji müxtəliflik bəşəriyyətin sərvətidir” məqaləsində göstərir: “Dünyada 15 milyondan çox canlı mövcuddur və hər gün onların 100–ə yaxını məhv olur. Lakin onların məhv olması bir çox hallarda hiss edilmir. Bəşəriyyət isə belə itkilərdən olduqca böyük ziyan çəkir. Təxminən 265 min bitki növündən yalnız 5 mini ərzaq məhsulları üçün becərilir… Elmi seleksiyada yüksək məhsuldar sortların yaradılmasında xəstəlik və zərərvericilərə azdavamlı formaların nəzərə alınmaması kənd təsərrüfatı bitkilərinin genetik ehtiyatlarını məhdudlaşdırmışdır. Yabanı formalardan daha davamlı genləri köçürməklə itirilmiş əlamətləri bərpa etmək olar”.
Bir uzaqgörən elm xadimi olaraq Cəlal Əliyev həmişə yeni buğda sortlarının yaradılmasında, seleksiya prosesinin qısaldılmasında və səmərəliliyinin artırılmasında seleksiyaçılarla bərabər fizioloqların, kimyaçıların, fitopatoloqların, entomoloqların birgə fəaliyyət göstərmələrini məsləhət bilmişdir. Onun fikrincə, hüceyrə seleksiyası metodu ilə yeni regeneratlar yaradıla bilər. Cəlal müəllim bütün sadalanan elm sahələri üzrə, xüsusən biotexnologiya və gen mühəndisliyi sahəsində kadr hazırlığına böyük diqqət vermişdir. Məhz qeyd edilən məqsədlərlə bağlı olaraq, Azərbaycan Elmi–Tədqiqat Əkinçilik İnstitutunun bazasında Seleksiya Mərkəzi təşkil edilmişdir.
Buğdanın seleksiyasında əsaslı nailiyyətlərin əldə edilməsi üçün nəzəri tədqiqatların aparılmasının vacibliyini qabaqcadan görən akademik Cəlal Əliyev bu istiqamətdə tədqiqatlar aparmış, Azərbaycanda biologiya elminin müasir istiqamətlərinin inkişafının əsasını qoymuşdur. Akademik buğdanın fotosintez fəaliyyətinin sirlərini aydınlaşdırmaqla prosesi arzu olunan istiqamətə yönəltmək üçün genetik seleksiyadan istifadə etmişdir. Məhz Cəlal müəllimin rəhbərliyi ilə aparılan molekulyar tədqiqatlar əsasında uyğun fermentlər vasitəsilə buğda bitkisinin genom kitabxanası yaradılmış, sintez olunmuş plazmidlərin köməyi ilə genlərin köçürülməsi nəticəsində davamlılıq geni daşıyan bitki regenerantları alınmışdır.
Keçmiş Sovetlər Birliyində buğdanın seleksiyası ilə məşğul olan institutlardan müxtəlif morfofizioloji əlamətlərə malik zəngin buğda genefondu – gen bankı yaradılmışdı. Cəlal Əliyevin rəhbərliyi ilə Əkinçilik İnstitutunun Bitki fiziologiyası şöbəsində elmi əsaslarla yaradılmış sortlar da bu gen bankının mühüm tərkib hissəsidir.
Dünya şöhrətli seleksiyaçı alim, Azərbaycanın biologiya elminin qürur mənbəyi hesab edilən, bu günlərdə anadan olmasının 85 illiyini fərəhlə qeyd etdiyimiz akademik Cəlal Əliyevin elmi uğurları beynəlxalq təşkilatlar, dünyanın ən böyük elm xadimləri tərəfindən yüksək qiymətləndirilməkdədir. Onun elmi fəaliyyəti haqqında ən yüksək kürsülərdən deyilmiş ürək sözlərini toplasaq, bir neçə iri həcmli kitaba sığışdırmaq mümkün olmaz. Burada yalnız bir neçə nümunə göstərmək istərdik. “Cəlal Əliyev Azərbaycanda “yaşıl inqilab” yaratmışdır” – bu sözləri Rusiya Kənd Təsərrüfatı Elmlər Akademiyasının prezidenti, akademik G.Romanenko, Qarğıdalı və Buğda Sortlarının Yaxşılaşdırılması üzrə Beynəlxalq Mərkəzin (CIMMYT) bərk buğda seleksiyası proqramının rəhbəri doktor F.Pfeyfer və bir çox digər məşhur seleksiyaçı alim Cəlal Əliyevin yetişdirdiyi məhsuldar buğda sortları və bu sortların əkin sahələri ilə tanış olduqdan sonra söyləmişlər. Bundan başqa, CIMMYT–nin regional təmsilçisi doktor A.Morqunov yazır ki, Azərbaycan Elmi–Tədqiqat Əkinçilik İnstitutunda aparılan nəzəri tədqiqatların təcrübi seleksiyaya tətbiqi yaradılan sortların ekoloji sınağından və ilkin toxumçuluqdan tutmuş sürətlə artırılaraq fermer təsərrüfatlarında yayılmasına qədər analoqu olmayan ən ideal modeldir.
Tatarıstan Elmlər Akademiyasının həqiqi üzvü, SSRİ Elmlər Akademiyasının akademiki İ.A.Tarçeviski öz dostu Cəlal Əliyevi belə xarakterizə edir: “Mən Cəlal Əliyevi, demək olar ki, yarım əsrdir tanıyıram. Onun bitkilərin fotosintezi və yeni buğda sortlarının yaradılması ilə bağlı araşdırmaların nəticələri haqqında etdiyi çıxışlarını beynəlxalq və ümumittifaq konfranslarda dinləmişəm. Bundan başqa, mən onun doktorluq dissertasiya işi və müəllif materialları ilə də yaxından tanışam. Nə vaxtsa bu insanın doktorluq dissertasiyasına, demək olar ki, özü ilə hələ tanış olmadığım bir vaxtda müsbət rəy vermişdim”. Bütün bu fikirlər onu deməyə imkan verir ki, Azərbaycan xalqı öz böyük alimi ilə öyünməkdə həmişə haqlı olmuşdur.
Akademik Cəlal Əliyev təkcə alim kimi deyil, həm də bir insan, bir dost olaraq insanlığın zirvəsində dayanmaqdadır. Azərbaycan elminin təəssübkeşi öz böyük nüfuzundan istifadə etməklə bir çox hallarda haqsızlıqlarla üzləşən elm fədailərinə arxa, dayaq olmuş, hər cür yardım göstərmiş, ancaq heç vaxt yaxşılıqlarını dilə gətirməmiş, üzə vurmamışdır. Bu xarakterin özü də məhz böyük ürəkli insanlara xas olan əlamətlərdən biridir.
Azərbaycan xalqı inanır ki, 85 illik yubileyini keçirdiyimiz, hələ gənclik eşqi ilə qurub–yaradan, millət vəkili olaraq illərdən bəri Azərbaycan xalqının ürək sözlərini möhtəşəm tribunalardan cəsarətlə söyləməyi bacaran Cəlal Əlirza oğlu Əliyev Azərbaycan elmini inkişaf etdirərək dövlətin ərzaq təhlükəsizliyinin təmin olunmasına real töhfələr verməkdə davam edəcəkdir.
Əhliman
ƏMİRASLANOV,
akademik
Qərib
MƏMMƏDOV,
akademik
Respublika.- 2013.- 5 iyun.- S. 5.