“Xalq Əmanəti” layihəsinin növbəti nəşri geniş ictimaiyyətə təqdim olunmuşdur

 

“Xalq” Bank ASC iyun ayının 4–də “Xalq Əmanəti” layihəsi çərçivəsində görkəmli Azərbaycan şairi Mikayıl Müşfiqin “Seçilmiş əsərlərindən ibarət sayca səkkizinci nəşrinin təqdimat mərasimini keçirmişdir.Təqdimat mərasimini açıq elan edən millət vəkili professor Rafael Hüseynov XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Mikayıl Müşfiqin həyat və fəaliyyətindən, cəmi 29 il ömür sürmüş şairin başına gələn müsibətlərdən söz açmış və bu qısa zaman kəsiyində yazıb–yaratdığı əsərlərin xalqımızın tarixində silinməz izlər buraxmasını diqqətə çatdırmışdır. O, “Xalq Əmanəti” layihəsi çərçivəsində “Xalq” Bankın 2010–cu ildən etibarən həyata keçirdiyi məqsədyönlü fəaliyyətin əhəmiyyətini yüksək dəyərləndirdi və qeyd etdi ki, xalqımızın mədəni irsinin qorunub gələcək nəsillərə ötürülməsi, mənəvi dəyərlərimizin dünyaya tanıdılması baxımından “Xalq” Bankın gördüyü və həyata keçirdiyi tədbirlər alqışa layiqdir.

“Xalq Əmanəti” layihəsi çərçivəsində nəşr olunan kitablar təkcə Azərbaycanda deyil, Azərbaycandan kənarda da fəaliyyət göstərən səfirlik və konsulluqlara və eləcə də sənətsevərlərə pulsuz hədiyyə olunacaqdır.

Bundan başqa, kitablar ölkənin ali, orta təhsil müəssisələrinə, uşaq evləri və kitabxanalara, müxtəlif fondlara, dövlət müəssisələrinə və başqa təşkilatlara da paylanılacaqdır. Burada məqsəd ancaq və ancaq xalqımızın keçmişində iz qoymuş, görkəmli tarixi fəaliyyəti olan şəxslərin kitablarını çap etdirməklə onları gələcək nəsillərə tanıtdırmaq, xalqımızın mədəni irsini qoruyub gələcək nəsillərə ötürülməsinə yardımçı olmaqdır.

Tədbirdə Milli Məclisin üzvləri, tanınmış şair və yazıçılar, rəssamlar, xarici ölkə səfirlik və KİV nümayəndələri iştirak edirdilər.

Mikayıl Müşfiq repressiyalar dövrü yaşamış, həbs olunmuş, 1938–ci il yanvar ayının 6–da güllələnmişdir. İllər sonra tam bəraət almış və reabilitasiya olunmuşdur. Xatirəsini əbədiləşdirmək üçün Bakıda büstü qoyulmuş, qəsəbəyə, məktəbə, küçəyə və meydana adı verilmişdir. Görkəmli bəstəkarlarımız M.Müşfiqin sözlərinə gözəl nəğmələr bəstələmişlər. Şairin “Yenə o bağ olaydı”, “Oxu tar”, “Küləklər”, “Ana” və bir sıra başqa şeirləri dillər əzbəri olaraq Azərbaycan poeziya xəzinəsinin inciləri sırasındadır və bu gün də onun mahnı və şeirləri sevilir və ürəklə dinlənilir. İştirakçılar Mikayıl Müşfiqin 105 illiyinə həsr olunmuş tədbirdən xoş təəssüratla ayrıldılar.

 

Məhəmməd VƏLİYEV

 

Respublika.- 2013.- 5 iyun.- S. 11.