Sənət inciləri
yaradan sənətkar
Tanınmış tişə ustası, Azərbaycan heykəltəraşlıq sənətinin ən görkəmli nümayəndələrindən seçilib–sayılan, özünün yüksək yaradıcılıq aləmi ilə sənətsevərlərin dərin məhəbbətini qazanmış Tokay Həbib oğlu Məmmədov bu gün də müasirimizdir. Ölməz əsərləri ilə əbədiyaşardır.
Hər bir yaradıcı insanın fəaliyyətində fantaziya–təxəyyül xüsusi rol oynayır. Onları digər adamlardan fərqləndirən cəhətlərdən biri də odur ki, hər hansı bir həyat həqiqətini xüsusi təsvirlə işıqlandıra bilir.
Yazıçı, şair, rəssam, heykəltəraş təxəyyülü əyaniliyi, obrazlılığı ilə başqalarından çox fərqlənir. Yaradıcı insanın həyata gətirəcəyi sənət əsəri onun qəlbində, ruhunda hazırlanır.
Azərbaycan heykəltəraşlıq sənətinin inkişafına uğurlu töhfələr vermiş xalq rəssamı Tokay Məmmədov bütün janrlarda yaratdığı monumental abidələri, portretləri, demək olar ki, klassik ruhda işləyib ərsəyə gətirib.
Tokay Məmmədov Azərbaycan heykəltəraşlıq məktəbinə 1950–ci ildə gəlib. Bakıda ziyalı ailəsində doğulub boya–başa çatıb. Atası Həbib Məmmədov texnika elmləri doktoru, professor, anası Zivər xanım Azərbaycanın ilk qadın heykəltəraşı olmuşdur.
Tokay Məmmədovun ilk sənət müəllimi anası heykəltəraş qadın Zivər xanım olub. Tokay Məmmədov Bakı rəssamlıq məktəbinin nəzdində heykəltəraşlıq şöbəsində oxuyub, təhsil alıb. O zamanlar məktəbdə F.Əbdürrəhmanov, C.Qaryağdı, P.Sabsay kimi görkəmli heykəltəraşlar dərs deyib.
Tokay Məmmədov ilk milli heykəltəraşımız F.Əbdürrəhmanovdan dərs alıb, sənətin incəliklərinə yiyələnib.
Tokay Məmmədov təhsilini davam etdirmək üçün Leninqrad şəhərində (indiki Sankt–Peterburq) L.E.Repin adına Rəssamlıq Akademiyasının heykəltəraşlıq fakültəsinə qəbul olur. Görkəmli rus sənətkarları V.Senayski, A.Matveyev və M.Kerezindən dərs alaraq heykəltəraşlıq sahəsində öz dəst–xəttinə sahib olub.
Heykəltəraşlıq sənəti Azərbaycan incəsənətinin ən önəmli sahələrindən biri sayılır.
Memorial xatirə heykəltəraşlıq əsərləri monumental heykəltəraşlığın mühüm və maraqlı janrlarından biridir. Müxtəlif abidələrin qoyulması sahəsində hər bir xalqın özünəməxsus ənənələri olub. Hər hansı qəhrəmanın, görkəmli xadimlərin və ya ailə üzvlərinin əzizlərinin xatirəsini əbədiləşdirmək üçün qoyulan abidələr əsrlər boyu davam edərək dövrün ictimai və ideoloji xüsusiyytələrini estetik cəhətdən özündə əks etdirib.
XX əsrdən başlayaraq Azərbaycanda monumental xatirə abidələri ucaldılmağa başlanmışdır. Bu janr 2–ci Dünya müharibəsindən sonrakı illərdə sürətlə inkişaf etməyə başlamışdır. Elə ona görə də bir çox heykəltəraşların yaradıcılığında memarlıq nümunələri daha çox mövcuddur.
Tokay Məmmədovun yaradıcılığında XIX əsr Azərbaycanın görkəmli elm, incəsənət, mədəniyyət, siyasət xadimlərinin və xalq qəhrəmanlarının xatirəsi əbədiləşdirilmişdir. “Məclisi fəramüşan” və “musiqiçilər” məclisinin yaradıcısı olmuş Mir Möhsün Nəvvabın Şuşa şəhərində Cıdır düzü qəbiristanlığındakı qəbirüstü abidəsinin memar R.Əbdürrəhmanovla birlikdə çox sadə tərzdə işləyib hazırladığı bu möhtəşəm sənət əsəri hazırda düşmən tapdağı altında qalmışdır.
Tokay Məmmədov İkinci Dünya müharibəsində həlak olmuş həmyerlilərimizin xatirəsini əbədiləşdirmək üçün əbədi xatirə kompleksi işləyib hazırlamışdı. Cəlilabad şəhərində ucaldılan əbədi xatirə kompleksinin mərkəzində ana heykəli ucaldılıb, onun qarşısında əbədi məşəl yanır. Qürurlu, məğlubedilməz, əyilməz ana vətənin azadlığı yolunda öz övladlarını qurban verməyə hazırdır.
Tokay Məmmədov vokal sənətinin görkəmli nümayəndəsi Murtuza Məmmədovun (el arasında Bülbülün), eləcə də atası professor Həbib Məmmədovun, anası Azərbaycanın ilk heykəltəraş qadını Zivər xanımın abidəsini çox böyük bir məhəbbətlə işləmişdir.
XIX əsr Azərbaycan mütərəqqi romantizminin banilərindən klassik Azərbaycan ədəbiyyatının ən yaxşı ənənələrini inkişaf etdirən, lirik şeirlərin, lirik–epik poemaların, ilk mənzum faciə və dramların müəllifi olmuş Hüseyn Cavidin xatirə lövhəsi ədibin yaşadığı evin qarşısında həkk olunmuşdur. Eləcə də Tokay Məmmədovun işləyib hazırladığı Azərbaycanın görkəmli ictimai–siyasi dövlət xadimi, yazıçı, publisist, həkim Nəriman Nərimanovun xatirə lövhəsi isə Moskva şəhərində vaxtilə yaşadığı binanın qarşısında həkk olunub. Tokay Məmmədovun portretlər qalereyasında görkəmli elm xadimləri, tanınmış yazıçı, şair, rəssam, bəstəkar və digər sənət nümayəndələrinin portretləri yaddaqalan obraz kimi nümayiş etdirilib.
Tişə ustasının maraqlı əsərlərindən biri də keçmiş Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin portretidir. Burada “partizan Mixaylo” obrazı maraqlı kompozisiyası, eləcə də bədii təsvir gücü bir anlığa tamaşaçının marağına səbəb olur.
Heykəltəraş, xalq şairi Səməb Vurğunun obrazına iki dəfə müraciət edib. Vurğun yaradıcılığının, vətənin, xalqın taleyi ilə yaşayan şairin qürurunu onun obrazında canlandırıb.
Görkəmli vətənpərvər şair Səməd Vurğunun abidəsi qarşısında şairin yaradıcılığının şah misrası yada düşür:
El bilir ki, sən
mənimsən,
Yurdum, yuvam məskənimsən.
Anam doğma vətənimsən,
Ayrılarmı könül candan?
Azərbaycan, Azərbaycan.
Tokay Məmmədovun yaradıcılığında
söz sənətinin
ən layiqli varisi yaradıcılığı
ilə şeirə yeni ruh verməklə,
onu sarayların məngənəsindən qurtararaq,
xalqın sərvətinə
çevirmiş dahi Azərbaycan şair və mütəfəkkiri
Nizami Gəncəvinin
obrazında —
Hər kim öyrənməyi
bilməyirsə ar,
Sudan dür, daşdan
da gövhər çıxarar.
Ancaq öyrənməyi ar bilən insan
Məhrumdur dünyada bilik almaqdan.
Şair sanki bu misralarla
insanları elmə, həyata səsləyir.
Çox uğurlu portretlər müəllifi olan Tokay Məmmədov dəzgah heykəltəraşlığı ilə də bir çox əsərlər işləmişdir. Xalçaçılıq
sənətinin görkəmli
nümayəndəsi “Lətif
Kərimov”, “Şərqşünas
alim Mirzə Kazımbəy”, “Rəssam
Qəzənfər Xalıqov”,
“Mirzə Fətəli
Axundov”, əvəzsiz
dirijor, SSRİ xalq artisti, Sosialist Əməyi Qəhrəmanı,
SSRİ Dövlət mükafatı
laureatı, Beynəlxalq
Nehru mükafatı laureatı
“Mayestro Niyazi”, “Görkəmli bəstəkar
Üzeyir Hacıbəyov”,
dahi şəxsiyyət,
filosof, astronom, riyaziyyatçı, tarixçi
və hüquqşünas
“Nəsirəddin Tusi”,
xalq yazıçısı
“Süleyman Rəhimov”
və başqaları.
Şərqdə böyük əks–səda
doğuran “Molla Nəsrəddin” jurnalının
yaradıcısı və
redaktoru, Azərbaycan ədəbiyyatının ən
görkəmli nümayəndəsi,
dram və nəsr əsərlərində təbliğ
etdiyi dərin demokratizm və azadlıq ideyaları ilə böyük nüfuz qazanan Cəlil Məmmədquluzadənin
abidəsi də heykəltəraşın uğurlu
işlərindən biridir.
Görkəmli dramaturq, Azərbaycan
kino sənətində
öz dəst–xətti
olan, qısa, lakin çox mənalı ömür yaşamış Cəfər
Cabbarlının abidəsini
seyr etdikcə ölməz şairimiz Səməd Vurğunun bir beyti yada
düşür.
Ölüm sevinməsin qoy,
Ömrünü verməz bada
El qədrini canından daha artıq
sevənlər
Şirin
bir xatirə tək qalacaqdır
dünyada
Sevərək yaşayanlar, sevilərək
ölənlər.
Görkəmli heykəltəraşımız Tokay Məmmədov monumental heykəltəraşlıq
sahəsində də
çox böyük işlər görmüşdür. Onun heykəltəraş
həmkarları ilə
birgə işlədiyi
monumental sənət əsərləri
ölkənin sənət
nümunələri kimi
qiymətləndirilib. Tokay Məmmədov memar Q.Muxtarovla birgə işlədiyi ilk opera sənətinin
banisi, Azərbaycanın
dahi bəstəkarı
“Üzeyir bəy Hacıbəyov”un abidəsi yaddaqalan surəti tamaşaçını
özünə cəlb
etməklə ən uğurlu heykəllərdən
biridir.
Tokay Məmmədovla Ömər
Eldarov təxəyyülünün
məhsulu olan Azərbaycanın görkəmli
filosof şairi Məhəmməd Füzulinin
şərq geyimində
düşünən və
düşündürən təsviri heykəlin postamentində şairin məşhur “Leyli və Məcnun” əsərində obrazların
surətləri səhra
fonunda təsviri, vəhşi heyvan fiqurlarının təsviri,
qranit üzərində
xüsusi məharətlə
işlənmişdir.
Tokay Məmmədov xalq rəssamı İbrahim Zeynalovla birgə müəllifi olduğu
Məndə sığar iki
cahan
Mən bu cahana sığmazam
—deyən ümumdünya şöhrəti qazanmış
humanist və mütəfəkkir
Azərbaycan şairi İmadəddin Nəsiminin
heykəlindəki əzəmətli
surətə tamaşa
etdikcə qulaqlarımızda
şairin bu misrası səslənir.
Zahidin bir barmağın kəssən,
dönüb haqdan qaçar
Gör bu miskin aşiqi
sərpa
Soyarlar, ağrımaz.
İncəsənətin bir çox sahələrini incəliklərinə
qədər daxilində
yaşadan, duyduğu,
düşünüb–düşündürdüyü
həyat fəlsəfəsinin
yaratdığı əsərlər
təkcə vətəndə
deyil, həm də xarici ölkələrdə nümayiş
etdirilib.
Tokay Məmmədovun əsərləri
milli sənətimizin
müasir təbəqəsinin
səciyyəvi modellərindəndir
desək, heç də yanılmarıq.
Şərq xalqlarının epik ədəbiyyatının görkəmli
abidəsi “Koroğlu”dur. Onun əsas
hissəsi XVI əsrin
sonu XVII əsrin əvvəllərində Azərbaycanda
yaranmışdır. Bu
eposda Azərbaycan xalqının xarici işğalçılara qarşı
mübarizəsi öz
əksini tapmışdır.
Qorxmaz döyüşçü və
gözəl aşıq
olan Koroğlu Qafqazda və Kürdüstanda azadlıq
hərəkatına başçılıq
edib.
“Koroğlu” eposu
təkcə Azərbaycanda
geniş yayılmaqla,
o həm də Orta Asiyadan Balkanlaradək
böyük bir ərazidə şöhrət
qazanmışdı. Bu eposa türkmənlərdə,
türklərdə, özbəklərdə,
qazaxlarda, qaraqalpaqlarda,
taciklərdə, gürcülərdə
və kürdlərdə
də rast gəlinir.
Hələ XVIII əsrdən başlayaraq dastanın ayrı–ayrı
fraqmentləri xarici səyyahlar tərəfindən
yazıya alınmışdır. “Koroğlu” eposunun əsas süjet özəyini XVI–XVIII əsrlərdə
Cənubi Azərbaycanda
baş verən hadisələr təşkil
edir. Bu regionun
müxtəlif tayfalarının
üsyanlarda fəal iştirak etməsi Şərqin bir çox xalqları arasında Koroğlu haqqında mahnı, əfsanə, rəvayətlərin
tez yayılmasına kömək etmişdir, bu da sonradan
epik hekayət forması almışdır.
Tokay Məmmədov “Koroğlu”
eposuna öz yaradıcılığında çox böyük yer verərək Koroğlunun abidəsini ucaltdı.
Tokay Məmmədov dəzgah
və monumental heykəltəraşlıq
sahəsində indiyədək
bir çox yaddaqalan əsərlər
yaradıb ərsəyə
gətirib. Heykəltəraşın
əsərləri Azərbaycan
Milli İncəsənət
Muzeyi və Nizami adına
Azərbaycan Dövlət
Ədəbiyyat Muzeyində
saxlanılır. Onun yaratdığı
monumental heykəllər Bakının
görkəmli yerlərində,
eləcə də respublikanın müxtəlif
bölgələrində ucaldılıb.
Görkəmli heykəltəraş, tişə
ustası sərbəst
fəaliyyətini davam
etdirərək böyük
enerji ilə məhsuldar bədii yaradıcılıqla məşğul
olur.
Tokay Məmmədov sənətsevərlərə
daha maraqlı işlər təqdim etmək üçün daim çalışır
və bu istiqamətdə geniş yaradıcılıq işləri
görür.
Heykəltəraşın yaradıcılığı dövlət
tərəfindən layiqli
qiymətini alıb. O, Azərbaycanın
xalq rəssamı, əməkdar incəsənət
xadimi, SSRİ Rəssamlar
Akademiyasının müxbir
üzvi, professor, Azərbaycan
Dövlət mükafatı
laureatı, akademik Yusif Məmmədəliyev
adına medalı və ən öncəsi ulu öndərimiz Heydər Əliyevin sərəncamı
ilə 2002–ci ildə
“Şöhrət ordeni”nə
layiq görülüb.
Heykəltəraş Tokay Məmmədov heykəltəraşlıqla
yanaşı, pedaqoji fəaliyyətini də davam etdirir. Azərbaycan Dövlət
Rəssamlıq Akademiyasında
dərs dediyi tələbələrlə məşğul
olduğu sənətin
incəliklərini tədris
edir. Bu tədris
ocağında rəhbərlik
etdiyi yaradıcılıq
emalatxanasında yaradıcı
işlərin incəliklərini
tələbələrinə öyrədir, tövsiyə
edir. Onu da yazmaq yerinə düşərdi.
Tokay Məmmədovun sənət aləmində
yetişdirdiyi tələbələrinin
sayı–hesabı yoxdur.
Onun tələbələri dövrünün
sənətkarları kimi
ölkəmizi beynəlxalq
aləmdə də təmsil edirlər.
Orijinal istedada,
yüksək yaradıcılıq
qabiliyyətinə, dərin
erudisiya, güclü iradəyə sahib olan
Tokay Məmmədov dünya
incəsənətində müəllifi
olduğu bir çox əsərlərin,
klassik sənət inciləri ilə incəsənət tariximizə
əbədi daxil olub.
Sənətində qurub–yaratdığı sənət
incilərini həqiqətin
işığında canlandıran
tişə ustası,
görkəmli heykəltəraş
Tokay Məmmədov yaradıcılığı
ilə əsərlərini
təfəkkür süzgəcindən
keçirməklə böyük
sənətkar ömrünü
yaşayır və yaşayacaqdır.
Rəfiqə Məsud,
kinossenarist, publisist, əməkdar
mədəniyyət işçisi
Respublika.- 2013.- 29 iyun.- S. 7.