İLMƏ–İLMƏ
TOXUNDUQ, DİYAR–DİYAR DOLAŞDIQ
Bakıda başlanan Xalça turu Şamaxı, Qəbələ, Şəki
və Qubada davam etdirilib
Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin, “Azərbaycan Xalçaçıları” İctimai Birliyinin və İCOC–un üzvü Stefano İoneskonun təşkilatçılığı ilə xalça turu keçirildi. Xalça Turunun elmi məsləhətçisi İCOC–un Akademik Komitəsinin sədri Alberto Boralevi olmuşdur.
Turda 15 nəfər xarici ölkə (ABŞ, Almaniya, İtaliya) nümayəndəsi, o cümlədən İtaliyadan İCOC (Şərq Xalçaları üzrə Konfrans) Akademik Komitəsinin sədri Alberto Boralevi, İCOC–un üzvləri Stefano İonesko və Mişel Buddeberq, “CARPET XL” jurnalının redaktoru Tim Steynert, xalça kolleksiyaçıları Cüzeppe Moresçini və Koos de Conq iştirak etmişlər.
İCOC 1976–cı ildən Şərq xalçalarını təbliğ və tədqiq edir, müntəzəm surətdə konfranslar keçirir. L.Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi 30 ildən artıqdır ki, bu təşkilatla əməkdaşlıq edir.
Tur çərçivəsində “Azərbaycan Xalçaçıları” İctimai Birliyi tərəfindən qonaqların yerli xalq sənətkarları ilə görüşləri təşkil olunmuşdur.
İştirakçılar Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində “Azərbaycanın əjdahalı xalçaları Böyük İpək Yolunda” adlı sərgi ilə tanış olmuşlar. Sərgidə XIX–XX əsrə aid Azərbaycanın müxtəlif məktəblərində toxunan əjdahalı xalçalar təqdim olunmuşdur. Sərgidə həmçinin ABŞ–ın Şərq xalçası və tekstili üzrə Çikaqo Cəmiyyətinin üzvü mərhum Qrover Şiltsin xanımı Beverli Şilts onun kolleksiyasından muzeyə hədiyyə etdiyi iki ədəd qədim Azərbaycan xalçasının (“Əjdahalı”, Qarabağ, XVII əsrin sonu və “Səlyan Xiləsi” Şirvan, XIX əsr) təqdimat mərasimi keçirilmişdir. Sərgidə mövzu ilə bağlı videoçarx və nəfis kataloq da təqdim olunmuşdur.
AMEA Milli Azərbaycan Tarixi Muzeyində “Tarixdə Azərbaycan xalçaları” sərgisi XVIII–XX əsr Azərbaycan xalçaları və xalça məmulatları, həmçinin toxucu dəzgahı, qədim xalçaçılıq alətləri, muzeyin daimi ekspozisiyası, həmçinin H.Z.Tağıyevin ev–muzeyi qonaqların marağına səbəb olmuşdur.
Qədim xalça sənətimizlə bir vəhdət təşkil edən İçərişəhərdə xalçaçı–rəssam Eldar Mikayılzadənin emalatxanasında görüş keçirilmişdir. Burada tur iştirakçıları xalça toxuma prosesi ilə yaxından tanış olub xalçaçı–rəssamlarla, toxucularla söhbətlər edib, maraqlı fikir mübadiləsi etmişlər. Xalçaçı–rəssam Eldar Mikayılzadə kamançada xalq mahnılarımızı və müğamlarımızı ifa etməklə xalçanın və musiqinin bir–birinə nə dərəcədə bağlı olduğunu göz önündə canlandırmışdır.
Qonaqlar daha sonra “Azərxalça” Elmi İstehsalat Birliyi, Kamil Əliyevin fərdi yaradıcılıq muzeyi və Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin Dənizkənarı Milli Parkda inşa olunan, sorağı artıq dünyanın hər yerinə yayılan yeni, əzəmətli “Uçan Xalça” binası ilə tanış olmuşlar. Qeyd edək ki, yeni bina ilə tanışlıq qonaqların öz arzularına əsasən turun proqramına salınmışdır.
Şamaxıya səfər zamanı qonaqlar “Yeddi Gümbəz”, “Diri–baba” ziyarətgahları, “Cümə” məscidi ilə, tarixi–memarlıq abidələri ilə tanış olmuşlar.
Daha sonra Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Muzeyinin “Azərbaycanın əjdahalı xalçaları Böyük İpək Yolunda” sərgisindən təəssüratlanan qonaqlar 2400 illik tarixi olan qədim “İpək yolu”nun üstündə yerləşən Qəbələyə səfər etmişlər.
Qəbələdə xalçaçılıq, misgərlik və digər sənətkarlıq sahələri hələ qədim zamanlardan mövcud olmuşdur. Zəngin, maraqlı kompozisiyalara, rəngarəng naxışlara malik “Qəbələ, Ağaclı” və s. kimi xovlu, xovsuz xalça və xalça məmulatları öz dəst–xətti ilə həmişə diqqəti cəlb edib.
Bu səbəbdəndir ki, Qəbələnin Vəndam qəsəbəsində xalçaçılıq sexində toxunan xalçalar qonaqların marağına səbəb olmuşdur.
Şəkidən Bakıya qayıdarkən qonaqlar yol üstü Bakının Suraxanı qəsəbəsində “Atəşgah” məbədini də ziyarət etmişlər.
Qubada qonaqlara Quba xalçaları nümayiş etdirilmişdir. Quba xalçalarının bəzəyini həndəsi naxışlardan ibarət ornamentlərin stilizə edilmiş nəbati, bəzən isə heyvan motivləri təşkil edir. Bu məktəbin xalçalarında medalyonlu çeşni üslubu da geniş yayılmışdır. Quba xalçalarının ən parlaq kompozisiyaları “Qədim–Minarə”, “Qımıl”, “Alpan”, “Qollu–çiçi”, “Pirəbədil”, “Hacıqayıb”, “Qırız”, “Cek” və s.dir. Bu zonada toxunan “Çiçi”, “Sirt Çiçi”, “Qımıl”, “Cimi”, “Yerfi” və s. xalçaları dünyanın bir sıra muzeylərinin və şəxsi kolleksiyaların bəzəyidir.
Qonaqlar Qubanın görməli yerləri ilə bərabər “Qırmızı qəsəbə”də və “Aygün” xalçaçılıq mərkəzində də olmuşlar.
Samir Zeynalov
Respublika.- 2013.- 30
iyun.- S. 4.