ULU ÖNDƏRİMİZİN STRATEJİ İNKİŞAF KURSU UĞURLA DAVAM VƏ İNKİŞAF ETDİRİLİR

 

Prezident İlham Əliyevin müəllifliyi ilə tariximizin yeni parlaq səhifələri yazılır

 

Müstəqil Azərbaycan dövləti yeni minilliyin başlanğıcında ulu öndərimizin ən layiqli davamçısı Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə uğurlu gələcəyə doğru inamla irəliləyir. Bu gün Azərbaycan dünya miqyasında səciyyələndirilərkən ilk növbədə, sabitlik, sıçrayışlı inkişaf və demokratikləşmə ön plana çəkilir. Ölkəmiz sabit iqtisadiyyata və mühüm geostrateji mövqeyə malik olan, qlobal enerji təhlükəsizliyinin təminatında getdikcə vacib rol oynayan bir dövlət kimi xarakterizə olunur. Cənubi Qafqazın lideri statusunu daşıyan Azərbaycan artıq mövcud olduğu regionda hadisələrin inkişaf istiqamətini müəyyənləşdirən aparıcı rola malikdir və təsadüfi deyil ki, bölgəyə iqtisadi, siyasi maraq göstərən dünya dövlətləri, beynəlxalq təşkilatlar, ilk növbədə, ölkəmizin mövqeyini nəzərə alır, onunla hesablaşırlar. Bütün bunlar bir daha ölkədə həyata keçirilən daxili və xarici siyasətin uğurlu olduğunu, onun praqmatizm üzərində qurulduğunu, milli maraqların müdafiəsinə yönəldiyini əyani surətdə təsdiqləyir.

Müstəqil dövlətçiliyimizin güclənməsi və qüdrətlənməsi, sosial–iqtisadi inkişafın sürətlənməsi və dünyada analoqu olmayan bir səviyyəyə çatması, əhalinin rifahının yüksəlməsi, demokratikləşmə prosesinin dərinləşməsi ilə səciyyələnən bu dövrün bütün uğur və nailiyyətlərinin möhkəm bünövrəsi vardır. Bu bünövrə Azərbaycanın müasir tarixinin bütöv bir qərinəsində möhtəşəm dövlətçilik fəaliyyəti ilə xalqımızın taleyini müəyyənləşdirən ulu öndərimiz tərəfindən qoyulmuşdur. Uğurlarımızın əsasında məhz dünya şöhrətli siyasətçi və dövlət başçısı, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin işləyib hazırladığı və mərhələ–mərhələ həyata keçirdiyi müdrik siyasi kurs, strateji proqramlar, konsepsiyalar və islahatlar dayanır. Alternativi olmayan bu siyasi kurs Azərbaycanın çox qısa zaman kəsiyində dinamik inkişaf yoluna çıxmasına səbəb olub.

Hər bir millətin taleyini müəyyən ziddiyyətli və mürəkkəb mərhələdə düzgün tarixi seçim şərtləndirir. Məhz belə anlarda liderlər xalqın əsrlər boyu formalaşan milli ənənələri əsasında özlərinin mükəmməl dövlətçilik konsepsiyasını ortaya qoyur, ölkənin inkişaf strategiyasını formalaşdırırlar. Ulu öndərimiz, dahi şəxsiyyət Heydər Əliyev də belə dahi şəxiyyətlərdən olaraq siyasi fəaliyyətinin bütün mərhələlərində Azərbaycan xalqına və dövlətinə sonsuz məhəbbət və sədaqət hissi ilə xidmət etmişdir.

Heydər Əliyev özünün zəngin və mənalı həyatı boyu daim xalqını, doğma vətənini düşünmüş, Azərbaycanın ən çətin məqamlarında onu üzləşdiyi faciələrdən, çətinlikliklərdən xilas etmək üçün misilsiz fədakarlıqlar göstərmiş, fitri istedadı sayəsində tarixi hadisələrin inkişaf məcrasını qabaqcadan müəyyənləşdirə bilmişdir. Azərbaycan dövlətçiliyinin inkişafında misilsiz xidmətləri olan ümummilli lider, müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin həyatı, siyasi və dövlətçilik fəaliyyəti tariximizdə müstəsna yer tutur. Yüksək insani kefiyyətlərinə, dövləti idarəetmə bacarığına görə Heydər Əliyev nadir tarixi şəxsiyyətlər sırasındadır. Dünyanın tanınmış dövlət rəhbərləri, siyasi xadimləri Heydər Əliyevi böyük dövlət xadimi, siyasət nəhəngi adlandırmışlar. Görkəmli ictimai xadim İhsan Doğramacı ulu öndərimiz haqqında demişdir: “Heydər Əliyev zəmanəmizin yetişdirdiyi nadir dövlət xadimlərindəndir. Azərbaycanın ən çətin anlarında vətəni xilas etmək üçün misilsiz fədakarlıqlar göstərmişdir. Ölkəsini bəlalardan qurtaran dövlət başçısıdır”.

Ulu öndərimiz, milyonların qəlbini fəth edən Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrdə ölkənin həyatında, xalqın taleyində elə bir əzəmətli rol oynayıb ki, əsrlər boyu unudulmayacaq. Bu gün ölkəmizin hər bir yerində Heydər Əliyevin quruculuq fəaliyyətinin silinməz izləri var. Heydər Əliyev həmişə xalqa arxalanırdı: “Mənim həyat amalım, bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olub. Bu yolda bütün gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlər də yalnız və yalnız xalqıma arxalanmışam. Bu da mənə dözüm, iradə verib və bütün uğurlarımı təmin edib”.

Ulu öndərimiz Heydər Əliyevin 1969–cu il iyulun 14–də Azərbaycanda hakimiyyətə gəldiyi və Azərbaycan KP MK–nın birinci katibi təyin olunduğu gün həyatımızın olduqca mühüm tarixi hadisəsi kimi yaddaşlarda əbədi qalıb. Dövlətçilik tariximizdə dinamik, hərtərəfli inkişaf və intibah epoxasının başlanğıcını qoyub. Belə ki, ötən əsrin 60–cı illərinin sonunda respublikamız əsas sosial–iqtisadi göstəricilərə görə İttifaqda sonuncu yerlərdən birini tuturdu və nüfuzu get–gedə aşağı düşürdü. İkinci Dünya müharibəsi dövründə öz neftilə nəinki SSRİ–də, hətta xaricdə də hamının diqqət mərkəzində olan Azərbaycan neft istehsalında da tənəzzülə doğru gedirdi. Ölkə iqtisadiyyatının ən mühüm sahələrində—sənayedə və kənd təsərrüfatında mənfi meyillər az qala hər addımda özünü göstərirdi. İnkişafın ləngiməsi, iqtisadi geriləmə, təbii ki, ən əvvəl insanların sosial vəziyyətinə təsir göstərirdi. Azərbaycan istehsal səviyyəsinə və milli gəlirin həcminə görə İttifaq səviyyəsindən geri qalırdı. Elmi–texniki tərəqqi, demək olar ki, istehsalatın heç bir sahəsində tətbiq olunmurdu.

1969–cu ilin iyul ayının 14–də ölkə rəhbərliyinə gələn ulu öndər qısa müddətdə respublikanı geriləmələrdən xilas etmək, iqtisadiyyatı inkişaf etdirmək, elmi–texniki tərəqqinin ən yeni nailiyyətlərini istehsalatda tətbiq etmək, ümumiyyətlə, respublikanın hərtərəfli inkişafına nail olmaq üçün mühüm konsepsiya hazırladı. Həmin il ulu öndərimiz tarixi 5 avqust plenumunda əvvəlki Azərbaycanı xarakterizə edərək demişdi: “Qətiyyətlə söyləmək olar ki, 60–cı illərdə respublika iqtisadiyyatı bütövlükdə dərin və uzunmüddətli böhran mərhələsinə qədəm qoymuşdu. Yaranmış ağır vəziyyətdən çıxış yolu tapılmalı, iqtisadiyyatın inkişafı üçün prinsipial cəhətdən yeni konseptual yanaşma yolları işlənilib hazırlanmalı, xalq təsərrüfatında köklü struktur dəyişiklikləri aparılmalı, təsərrüfatçılıq və iqtisadi həvəsləndirmə işində təzə metodlar tətbiq edilməli idi”. Ulu öndərin qeyd etdiyi bu vəzifələrin həyata keçirilməsi üçün ilk addımlar məhz 5 avqust plenumunda atılmışdı.

Ulu öndər əsl liderə məxsus olan keyfiyyətlərindən bacarıqla istifadə edərək Azərbaycanı inkişaf yoluna çıxartdı. Sənaye və kənd təsərrüfatı məhsulları istehsalındakı mövcud gerilik tədricən aradan qaldırıldı. Cəmi bir neçə il ərzində respublikamızda yeni tipli sənaye müəssisələri, istehsal sahələri açıldı, maddi–texniki səviyyə yüksəldi.

1976–1980–ci illərdə Azərbaycan sənayedə məhsul istehsalının artımına görə SSRİ–də birinci yerə çıxdı. XX əsrin 70–ci illəri Azərbaycanın tarixinə, sözün əsl mənasında, sənayenin intibah dövrü kimi daxil oldu. Respublika iqtisadiyyatının səmərəlilik göstəricilərinin yaxşılaşması sahəsində böyük işlər görüldü. Bu dövrdə həm də ölkənin elmi–texniki potensialının xeyli dərəcədə möhkəmləndirilməsi təmin olundu. Bütün İttifaqın ən nüfuzlu ali məktəblərində oxuyan tələbələrin sayı ildən–ilə artdı. Dahi şəxsiyyət Heydər Əliyev SSRİ rəhbərliyində ən yüksək vəzifələrdən birini tutduğu dövrdə də daim Azərbaycana qayğı və diqqət göstərmişdir.

Əgər biz yaxın tariximizə bir daha nəzər salsaq, onun hər hansı dövrünü vərəqləsək, görərik ki, Heydər Əliyev sözün əsl mənasında ümumxalq məhəbbəti qazanan müdrik el ağsaqqalı olub. Bu dahi şəxsiyyətin xalqımızın qatı düşməni olan ermənipərəst M.Qorbaçovun səyi ilə siyasi hakimiyyətdən uzaqlaşdırıldığı dövr–80–ci illərin sonu, 90–cı illərin əvvəlləri, xüsusən də müstəqilliyimizin ilk illəri başımıza gələn müsibətlər insanların yaxşı yadındadır. Ölkə od tutub yanırdı. Bir tərəfdə Ermənistanla müharibədəki ağır məğlubiyyət, digər tərəfdə isə xaos, hərc–mərclik, hakimiyyət və kreslo uğrunda çəkişmələr Azərbaycanı məhvə, uçuruma sürükləyirdi. O çətin, ağır dövrlərdə də xalqımız həmişə öz böyük və fədakar oğlu Heydər Əliyevi arzulayıb, təkidlə onu hakimiyyətə çağırıb.

Ensiklopedik biliyə, güclü iradəyə və milli ruha malik olan Heydər Əliyev Azərbaycan xalqının azadlığının, müstəqil dövlətçiliyinin müqəddəratının həll edildiyi ən ağır günlərdə öz xalqının iradəsinə, təkidli xahişlərinə tabe olaraq 1993–cü ildə ölkə rəhbərliyinə qayıtmaqla respublikamızın dərin ictimai–siyasi və iqtisadi böhrandan çıxarılmasına, vətandaş müharibəsinin qarşısının alınmasına, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin qorunmasına və möhkəmləndirilməsinə, dövlətimizin beynəlxalq aləmdə uğurlar qazanmasına nail olmuşdur. Bu, sözün əsl mənasında “ömrümün qalan hissəsini də xalqıma qurban verirəm”,—deyib, meydana atılan böyük ürəkli Vətən oğlunun öz xalqı, öz Vətəni qarşısında misilsiz fədakarlığı idi. Bu tarixi anlarda ulu öndərimiz deyirdi: “Belə bir yüksək və məsuliyyətli vəzifəni öz üzərimə götürərkən, birinci növbədə Azərbaycan xalqının zəkasına, müdrikliyinə, qüdrətinə güvənirəm, arxalanıram”. Tarix sübut etdi ki, dünya şöhrətli dövlət xadimi və mahir siyasətçi Heydər Əliyevin güvəndiyi, arxalandığı bu yenilməz qüvvə qarşıya çıxan neçə–neçə qorxunc təhlükəni sovuşdurmağa, keçilməz maneələri belə dəf etməyə, həqiqətən də, qadirdir. Məhz xalqın öz dahi lideri ilə birliyi, həmrəyliyi sayəsində müstəqilliyimiz əbədi prosesə çevrildi və ölkəmiz davamlı inkişaf magistralına çıxdı.

Öz polad iradəsi, sarsılmaz qətiyyəti, bənzərsiz idarəçiliyi, yüksək təşkilatçılığı və dərin yaddaşı ilə fərqlənən, bütün ömrünü doğma xalqının, ana Vətəninin tərəqqisi naminə sərf edən Heydər Əliyev ölkəmizin ictimai–siyasi, sosial–iqtisadi, mədəni həyatına böyük dəyişikliklər, yeniliklər, inkişaf gətirmiş, milli dövlətçiliyimizin və mənəvi dəyərlərimizin yenilməz qarantı olmuşdur. Heydər Əliyev qısa müddət ərzində Azərbaycanı öz vətəndaşları üçün sakitliyin, vətəndaş həmrəyliyinin, əmin–amanlığın hökm sürdüyü, demokratik təsisatların fəaliyyəti üçün geniş şərait yaradıldığı bir ölkəyə, xarici və daxili investorlar üçün isə əlverişli imkanlar açan, səmərəli əməkdaşlığa hazır olan bir tərəfdaşa çevirmişdir.

Ulu öndərimiz Heydər Əliyev müasir Azərbaycan dövlətinin qurucusu və banisidir. Bu gün müstəqil siyasət yürüdən, dünya arenasında öz siyasi və iqtisadi çəkisinə görə önəmli rol oynayan Azərbaycan dövləti ümummilli liderimizin şah əsəri, xalqımıza yadigarıdır. Heydər Əliyevin idarəçilik məharəti, şəxsi keyfiyyətləri və iş üslubu hamımız üçün böyük həyat məktəbi olub. Azərbaycanda müstəqil dövlət təsisatlarının yaradılması, beynəlxalq normalara əsaslanan demokratik, hüquqi dövlət quruculuğunun əzmlə həyata keçirilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması, milli təhlükəsizliyin təminatı və yeni iqtisadi kursun müəyyənləşdirilməsi şəxsən Heydər Əliyevin xalqı qarşısındakı əvəzsiz xidmətləridir. Heydər Əliyev nəinki müstəqilliyimizi qoruyub saxladı, onu əbədi və dönməz etdi. Zamanın bu dahi şəxsiyyətə, onun dərin zəkasına, polad iradəsinə, zəngin təcrübəsinə və hədsiz vətən sevgisinə etibar etdiyi tarixi missiyanı layiqincə yerinə yetirməyə müvəffəq oldu. Ulu öndərimizin müstəqil Azərbaycanın prezidenti kimi on illik fəaliyyəti özünün əzəmətli ifadəsini öncə ölkəmizin və xalqımızın nicata qovuşmasında, geniş mənada isə müasir dövlət quruculuğu siyasətinin həyatımızın bütün sahə və istiqamətlərini əhatə etməsində, heç kimdən və heç bir ölkədən asılı olmayan, müstəqil siyasət yürüdən qüdrətli Azərbaycanın təşəkkülündə, zamanın yeni çağırışlarının müvəffəqiyyətlə həll edilməsində tapır.

Heydər Əliyevin gərgin və məqsədyönlü fəaliyyəti nəticəsində 1993–cü ilin ikinci yarısından başlayaraq Azərbaycanda cinayətkarlıq və hüquq pozuntularına qarşı ciddi mübarizə başlanıb. Bütün hüquq–mühafizə orqanlarının fəaliyyəti ilk növbədə mütəşəkkil cinayətkarlığa, korrupsiyaya və terrorizmə, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı səfərbər edilib. Heydər Əliyevin “Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi haqqında” 9 avqust 1994–cü il tarixli fərmanı ilə cinayətkarlığa qarşı mübarizə tədbirləri daha da güclənib. Hüquq–mühafizə orqanlarının bu istiqamətdə uzunmüddətli dövr üçün fəaliyyət proqramı müəyyənləşdirilib. O dövr üçün səciyyəvi olan bir sıra neqativ hallar fərmanda geniş əksini tapmış, onların aradan qaldırılması üçün Daxili İşlər, Milli Təhlükəsizlik və Prokurorluq orqanlarının qarşısına mühüm vəzifələr qoyulmuş, habelə cinayətkarlıqla mübarizənin təkmilləşdirilməsi məqsədilə yeni strukturların yaradılması önə çəkilmişdi.

Ulu öndər Heydər Əliyevin siyasi uzaqgörənliyinin, qətiyyətliliyinin, prinsipiallığının və siyasi iradəsinin məntiqi nəticəsi olaraq 1994–cü ildə “Əsrin müqaviləsi”nin reallığa çevrilməsi ölkə iqtisadiyyatının bütün strateji əhəmiyyətli sahələrinin inkişafına güclü təkan verdi. Azərbaycanda hüquqi islahatların daha sürətlə aparılmasına geniş imkanlar açıldı.

Ulu öndərimiz Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biri də müstəqil respublikamızın ilk Konstitusiyasının yüksək demokratik meyarlar əsasında hazırlanması və ümumxalq səsverməsi yolu ilə qəbul edilməsi olmuşdur. 1995–ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirməklə yanaşı, insan hüquq və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi önə çəkmişdir.

Hər bir xalqın və dövlətin taleyində, xüsusilə də onun çətinlikləri arxada qoyaraq inkişaf mərhələsinə qədəm qoyduğu bir mərhələdə böyük nüfuza malik, qloballaşan dünyadakı proseslərə təsir etmək iqtidarında olan liderə böyük ehtiyac duyulur. Müstəqil dövlət kimi çox gənc olan Azərbaycanın bu sarıdan da bəxti gətirib. Ulu öndərimiz Heydər Əliyevdən sonra onun ideyalarını yaşadan, siyasi kursunu yeni dövrün tələblərinə uyğun yeni keyfiyyətdə uğurla davam etdirən möhtərəm İlham Əliyevin simasında Azərbaycanın və regionun yeni lideri, müasir ruhlu, praqmatik düşüncəli rəhbəri yetişib. Təsadüfi deyil ki, 2003–cü il prezident seçkilərindən başlanan dövr müasir tariximizə yeni epoxa, möhtəşəm abadlıq və quruculuq, hərtərəfli inkişaf illəri kimi daxil olub. Müstəqil Azərbaycan dünya ailəsinin ən önəmli və dəyərli üzvlərindən birinə çevrilib.

Bütün bunlar bir daha ölkədə həyata keçirilən daxili və xarici siyasətin uğurlu olduğunu, onun praqmatizm üzərində qurulduğunu, milli maraqların müdafiəsinə yönəldiyini əyani surətdə təsdiqləyir. Bu illər ərzində Prezident İlham Əliyev Azərbaycanın dünya arenasında nüfuzunu daha da yüksəklərə qaldırıb, xalqın əsl liderinə çevrilib, onun sonsuz məhəbbət və etimadını qazanıb. Bu on il ilk növbədə, ulu öndərimiz Heydər Əliyevin ideyalarının əbədiyaşarlığının, müəyyənləşdirdiyi siyasi kursun alternativsizliyinin təsdiqi, xalqın tarixi seçiminin düzgünlüyü, müstəqilliyimizin daha da möhkəmləndirilməsi və inkisafı, Azərbaycanın dünya üçün önəminin daha da artması ilə əlamətdar olub. Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımız çox böyük nailiyyətlər əldə edib, öz inkişafının keyfiyyətcə daha yüksək mərhələsinə qədəm qoyub. Bu dövr həm də onunla əlamətdardır ki, Prezident İlham Əliyevin simasında bəşəri səviyyəli siyasətçinin, ictimai xadimin, Avrasiya məkanında yeni liderin, yeni parlaq ulduzun parlaması ilə müşayiət olundu. ABŞ prezidentinin milli təhlükəsizlik üzrə keçmiş köməkçisi, görkəmli politoloq Zbiqnev Bjezinskinin dövlətimizin başçısı haqqında söylədiyi fikirlər bu baxımdan səciyyəvidir: “Prezident İlham Əliyev Azərbaycanda bir siyasi davamçı kimi mühüm rol oynayır. Eyni zamanda beynəlxalq səhnədə də onun rolu artmaqdadır. Prezident İlham Əliyev həm Qafqazda, həm də GUAM təşkilatında öz konstruktivliyi ilə seçilir. Mən onu on ildən artıq bir müddətdir ki, tanıyıram. Bu müddət ərzində onun prezident vəzifəsinə kimi yüksələ bilmək qabiliyyəti mənə yaxşı təəssürat bağışlayır. O, enerjili, ağıllı bir gənc idi. İndi isə o özünəinamlı ciddi dövlət adamıdır və Avropanın həmin hissəsində öz mühüm rolu və konstruktiv mövqeyi ilə seçilir”.

Ötən on illik dinamik inkişaf və tərəqqi dövrünün statistikası real həyat həqiqətlərində —sosial problemlərin davamlı həllində, işsizliyin, yoxsulluğun aradan qaldırılmasında, regionların davamlı tərəqqisində, nəhəng infrastruktur və enerji layihələrinin reallaşdırılmasında, cəmiyyətdə işgüzar fəallığın artmasında, mənəvi–psixoloji ovqatın yüksəlməsində intişar tapır. Zaman etibarilə o qədər də böyük olmayan müddətdə ölkə iqtisadiyyatının üç dəfə, dövlət büdcəsinin isə 20 dəfəyə yaxın artımı, yoxsulluğun minumuma enməsi, 1 milyon 200 mindən artıq yeni iş yerinin açılması, insanların real pul gəlirlərinin dəfələrlə yüksəlməsi dinamik inkişafın real mənzərəsini bir daha nümayiş etdirir. Bu nailiyyətlər dövlət başçısının bölgələrə səfərləri zamanı vəziyyətin təhlili əsasında iqtisadiyyatın inkişafı üçün prioritet istiqamətləri müəyyənləşdirməsinin, tarazlı və davamlı regional tərəqqini təmin edən fundamental dövlət proqramlarının hazırlanmasına dair fərman və sərəncamlarının, eləcə də onların həyata keçirilməsi istiqamətindəki əzmkar zəhmətinin bəhrəsidir. Heydər Əliyev mənəvi–siyasi irsinin ən layiqli davamçısı —dövlət başçısı İlham Əliyevin müəllifliyi ilə Azərbaycanın çağdaş tarixinin şanlı səhifələri yazılır. Təsadüfi deyildir ki, bəzi Qərb dövlətlərinin onilliklər boyu adlamış inkişaf yolunu qısa zamanda keçən müstəqil Azərbaycanın iqtisadi yüksəliş və demokratikləşmə sahəsində həlledici nailiyyətlərə imza atması dünyanın ən nüfuzlu politoloq və iqtisadçılarını belə heyran qoyub. Belə ki, Qərb dövlətlərinin bir neçə yüzillikdə keçdiyi inkişaf yolunu respublikamız çox qısa müddətdə başa vurmuş, siyasi mühitin liberallaşması və demokratikləşmə sahəsində həlledici uğurlara imza atmış, Avrostrukturlara inteqrasiya prosesinə inamlı addımlarla qədəm qoymuşdur. Cənab İlham Əliyev özünün praqmatik və rasional addımları ilə respublikada demokratik proseslərə yeni nəfəs vermiş, ölkənin iqtisadi resurslarının bu yöndə səfərbər olunmasına şərait yaratmışdır.

Çalışdığı bütün strateji fəaliyyət sferalarında mühüm uğurlara imza ataraq özünü ciddi siyasətçi kimi təsdiqləmiş, mütərəqqi idarəçilik prinsipləri ilə cəmiyyətdə böyük nüfuz sahibinə çevrilmiş cənab İlham Əliyev dövlət başçısı kimi məsuliyyətli və şərəfli vəzifələrdə də ona bəslənilən ümidləri tam doğrultmuşdur. Yüksək siyasi iradəsi, qətiyyətliliyi məqsədə doğru inamla irəliləməsi, milli maraqlara sadiqliyi, praqmatizmi, təvazökarlığı və sadəliyi cənab İlham Əliyevi dövlət rəhbəri olaraq xalqa sevdirən, şəxsiyyətinə yüksək rəğbət və etimad formalaşdıran xarakterik cizgilər sırasında xüsusi vurğulanmalıdır.

Azərbaycanda bərqərar olan ictimai–siyasi sabitlik, aparılan demokratik islahatların uğurlu nəticələri ölkəmizin beynəlxalq nüfuzunu daha da möhkəmləndirir. Ölkəmizdə asayişin qorunması etibarlı əllərdədir. Bu sahədə daxili işlər naziri, general–polkovnik Ramil Usubovun xidmətləri danılmazdır.

Azərbaycanın iqtisadi qüdrətinin artmasında neft və qaz kimi təbii sərvətlərimizin, ondan ölkəmizin və xalqımızın mənafeyinə uyğun düzgün istifadə olunması mühüm rol oynayır. Milli neft strategiyası ötən əsrin doxsanıncı illərinin ortalarından başlayaraq Azərbaycanın uzunmüddətli uğurlu inkişaf epoxasının təməlini qoyub. Milli neft strategiyası, enerji siyasəti qloballaşan dünyanın tələbinə uyğun olaraq son illər ölkəmizdə daha intensiv aparılır və öz gözəl bəhrəsini verir. Son illər ərzində Azərbaycanın enerji potensialının gücləndirilməsi istiqamətində sözün həqiqi mənasında çox böyük addımlar atılıb, genişmiqyaslı işlər görülüb.

İqtisadiyyatımiz gücləndikcə və sənaye potensialımiz artdıqca, Azərbaycanın bundan sonrakı uzun illər ərzində də dayanıqlı enerji mənbələri ilə təmin edilməsi məsələləri ön plana çıxır. Buna isə həqiqətən də, böyük ehtiyac vardır. Son illər ərzində Azərbaycan öz enerji təhlükəsizliyini tam şəkildə təmin etməsinə və ixrac üçün əlavə potensialın yaradılması kimi məqsədlərə artıq nail ola bilib. Bu gün Azərbaycan qonşu ölkələrə nəinki öz neftini, qazını, neft məhsullarını, eyni zamanda elektrik enerjisini də ixrac edir. Beləliklə, ölkəmiz həm əlavə mənfəət əldə edir, eyni zamanda, Azərbaycanın bu bölgədə önəmi, əhəmiyyəti böyük dərəcədə artır. Məhz bunun sayəsində Azərbaycan iqtisadiyyatının modernləşdirilməsi siyasətində şaxələndirmə prosesi daha da genişlənir və bu, iqtisadiyyatımızın hər hansı bir amildən asılılığını aradan qaldırır. Həyata keçirilən böyük infrastruktur layihələri, abadlıq və quruculuq işləri Azərbaycanı müasirləşdirmək, insanların rahatlığını təmin etmək və sosial problemlərini aradan qaldırmaqla yanaşı, ölkəmizin bütün sahələrinin davamlı inkişafının tam təmin olunması deməkdir.

Ulu öndərimiz Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin ötən illərdəki fəaliyyəti göstərir ki, respublikamız sürətli inkişaf tempini qoruyub saxlamaq üçün bütün imkanlarını səfərbər edir, daha uğurlu nəticələrə doğru inamla irəliləyir.

“Bizim iqtisadi, siyasi gücümüz var, Azərbaycan regionda lider dövlətdir. Bizim iştirakımız olmadan regionda heç bir məsələ həll olunmur və Azərbaycanın çəkisi, önəmi getdikcə artacaqdır”, —deyən Prezident İlham Əliyev sosial–iqtisadi inkişafın keyfiyyətcə yeni mərhələsində məhz insan amilinin yüksəlişini nəzərdə tutan çoxşaxəli siyasət yeridir.

 

Rasim MUSAYEV,

 

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Təhqiqat İdarəsinin rəisi,

polis general-mayoru

 

Respublika.- 2013.- 29 iyun.- S. 6.