Azərbaycan və Avropa İttifaqı arasında münasibətlər genişlənir

 

Azərbaycanın Avropa İttifaqı ilə ildən–ilə artan əlaqələri göstərir ki, ölkəmiz Avropa təsisatları ilə əməkdaşlığın inkişafında maraqlıdır. Azərbaycan bu günədək Avropa Şurasının 60–a yaxın sənədinə qoşulmuşdur. Azərbaycan bu təşkilat qarşısında götürdüyü öhdəliklərə daim hörmətlə yanaşmış və onları ardıcıl olaraq həyata keçirmişdir. Bu gün Azərbaycan Avropa İttifaqının və Avropa Şurasının həyata keçirdiyi layihələrdə, o cümlədən Tviiq, TAIEX və Şərq tərəfdaşlığı layihələrində fəal iştirak edir. Azərbaycan Prezidenti İlham Əliyevin Belçika Krallığına yüksək səviyyədə keçən işgüzar səfəri bir daha təsdiq edir ki, ölkəmiz bu əlaqələrin gələcəkdə daha da inkişaf etməsinə böyük önəm verir.

Brüsseldə Azərbaycan və Avropa İttifaqı münasibətlərinə aid mühüm məsələlərin müzakirəsinin əlaqələrimizin gələcək inkişafı üçün çox vacib olduğunu vurğulayan Prezident İlham Əliyev bildirib ki, Azərbaycan Avropaya mümkün qədər yaxın olmaq arzusundadır: “Azərbaycan “Şərq tərəfdaşlığı” proqramının fəal iştirakçısıdır. Avropaya nə qədər yazın olsaq, bir o qədər inkişaf, demokratik inkişaf üçün imkanlarımız çox olar. Biz bu sahədə əməkdaşlığa görə Avropa təsisatlarına olduqca minnətdarıq. Hesab edirəm ki, demokratikləşmə, insan hüquqları kimi sahələrdə inkişaf Azərbaycana öz siyasi islahatlarını ən yüksək beynəlxalq standartlara uyğun həyata keçirməsində yaradım edir…. Biz birmənalı olaraq bu sahələrdə əməkdaşlığı davam etdirəcəyik”.

Avropa İttifaqı Şurasının prezidenti Herman Van Rompuyun Azərbaycanın dövlət başçısı cənab İlham Əliyevlə səmimi, genişkonstruktiv müzakirələri qarşılıqlı maraq doğuran sahələri əhatə edib, o cümlədən hər iki tərəf üçün vacib strateji layihə olan “Cənub” qaz dəhlizində əldə edilən əhəmiyyətli nailiyyətlərlə bağlı razılıq ifadə olunub.

Hazırda Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm tərəfdaşlardan biridir. Avropa İttifaqına üzv olan bəzi ölkələrin enerji balansında Azərbaycan neftinin payı 35–40 faizə yaxındır. TransAnadolu qaz kəməri layihəsi isə işə salındıqdan sonra ölkəmiz Avropanın qaz bazarında da önəmli yer tutacaqdır. Xatırladaq ki, ötən ilin iyun ayında Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri zamanı TANAP layihəsi ilə bağlı Türkiyə ilə Azərbaycan arasında razılaşma imzalandı. Artıq bəzi ölkələr TANAP–da iştirak etmək niyyətlərini ortaya qoyublar və onların tərəfdaş kimi bu layihəyə cəlb edilməsi istisna olunmur. Məlumat üçün bildirək ki, TransAnadolu qaz kəməri (TANAP) layihəsi üzrə işlər plana uyğun şəkildə aparılır. Artıq TANAP şirkəti yaradılmışdır. Kəmərin keçəcəyi torpaqların müəyyənlişdirilməsi prosesi gedir və layihənin ekoloji təsirilə bağlı hesabatı hazırlanır. Azərbaycanın “Şahdəniz–2″ layihəsi üzrə tərəfdaşlarından bu StatoilTotal şirkətləri də layihəyə maraq göstərirlər. Beş il ərzində reallaşması nəzərdə tutulan layihə 7 milyard ABŞ dollarına başa gələcəkdir. Dörd mərhələdə həyata keçiriləcək layihənin ilk mərhələsi 2018–ci ildə başa çatacaq, 2020–ci ildə kəmərin buraxılış qabiliyyəti ildə 16 milyard kubmetrə, 2023– ildə 23 milyard kubmetrə, 2026–cı ildə 31 milyard kubmetrə çatdırılacaqdır. İlk dövrdə TANAP kəməri ilə nəql olunacaq 16 milyard kubmetr Azərbaycan qazının 10 milyard kubmetri Avropaya, 6 milyard kubmetri isə Türkiyəyə satılacaqdır. Avropa üçün nəzərdə tutulan qaz Türkiyə–Bolqarıstan və ya Türkiyə–Yunanıstan sərhədində təhvil verələcəkdir. TANAP layihəsində ARDNŞ 80 faiz, Türkiyənin BOTAŞ və TPAO şirkətləri isə birlikdə 20 faiz paya malikdirlər.

Azərbaycanın energetika məsələlərində iştirak edən əhəmiyyətli bir ölkə və Avropa İttifaqı (Aİ) üçün mühüm tərəfdaş olduğunu öz bəyanatlarında vurğulayan Avropa İttifaqının energetika məsələləri üzrə komissarı Günter Ottinqer demişdir ki, Aİ Azərbaycan ilə əməkdaşlığı möhkəm zəmin və birgə aydın maraqlar üzərində qurmuşdur. Onun fikrincə, Azərbaycanın Aİ–nin “Şərq tərəfdaşlığı” proqramında iştirakı tarixi bir mərhələdir. Azərbaycan “Cənub” qaz dəhlizi haqqında bəyannaməni imzalamaqla enerjinin nəql edilməsində mühüm rol oynadığını və öz fəaliyyəti ilə Avropa İttifaqına daha da yaxınlaşdığını təsdiq etmişdir.

Cənab İlham Əliyev Brüsseldə yüksək səviyyədə keçən Avropa İttifaqı rəsmiləri ilə görüşlərində həmçinin enerji təhlükəsizliyi məsələlərinin geniş şəkildə müzakirə edildiyini bildirib. Dövlət başçısı vurğulayıb ki, Azərbaycan enerji təhlükəsizliyi sahəsində artıq Avropa təsisatlarının mühüm tərəfdaşı hesab olunur: “TANAP layihəsinin elan edilməsi “Cənub” qaz dəhlizi layihəsinin uğurla həyata keçirilməsi üçün əlavə imkanlar yaradacaqdır. Ümidvarıq ki, bu yaxınlarda qəbul olunacaq qərarlar Avropanın enerji xəritəsini tamamilə dəyişəcək, belə bir mühüm enerji layihəsinin həyata keçirilməsi üçün əlavə şəraitlər yaradacaqdır. Bu halda bütün tərəflər udur. Azərbaycan Avropada uzunmüddətli proqnozlaşdırılan qaz bazarını özü üçün müəyyən edəcəkdir. Avropa isə uzun müddət, on illiklər ərzində Azərbaycanın alternativ qaz təchizatı mənbəyindən yaradılacaqdır. Bu sahədə sıx tərəfdaşlıq xüsusən də “Cənub” qaz dəhlizinin yaradıldığı bir vaxtda atılan addımlar bu layihənin uğurlu reallaşması üçün çox vacibdir”.

Dövlətimizin başçısı Avropa İttifaqı Şurasının prezidenti ilə müzakirələrdə Dağlıq Qarabağ münaqişəsinin həlli yolları ətrafında da fikir mübadiləsi aparıb. Avropa İttifaqı hesab edir ki, Dağlıq Qarabağ münaqişəsi ədalətli şəkildə həll edilmədən Cənubi Qafqazda sabitliyə nail oluna bilməz. Münaqişənin həlli məsləsinə xüsusi olaraq toxunulduğunu vurğulayan cənab İlham Əliyev bəyan edib ki, biz ATƏT–in Minsk qrupuna həmsədrlik edən ölkələrin prezidentlərinin verdiyi bəyanatı yüksək dəyərləndiririk: Biz onlara minnətdarıq ki, Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllini gündəliyin əsas hissəsində saxlayırlar və onlar “səkkizlər” qrupu kimi mötəbər forumdan öz münasibətlərini və narahatlıqlarını bildirmək üçün istifadə etdilər. Biz onların münaqişənin mümkün qədər tez həllinə nail olmaq üçün bütün lazımi addımların atılmasına dair verdikləri şərhləri tam dəstəkləyirik”.

Azərbaycan Prezidenti İlham Əliyevin Belçika Krallığına yüksək səviyyədə keçən işgüzar səfərinin müsbət nəticələri təsdiq edir ki, tərəflər uğurlu əməkdaşlığı daha da inkişaf etdirmək əzmindədir.

 

Şükür ƏLİZADƏ

 

Respublika.- 2013.- 30 iyun.- S. 1.