Həqiqət
axtarışında
Görkəmli şair, publisist, əməkdar jurnalist Eldar İsmayıl həmişə olduğu kimi indi də oxucularının görüşünə gəlibdir. Həmişə olduğu kimi, indi də gerçək tarixi faktlara istinad etməklə dəyərli bir əsər yazıbdır. Onun yazdığı bu əsər bir daha təsdiq edir ki, Eldar İsmayılın vətənə, torpağa, xalqa bağlılığı və sevgisi necə böyükdür.
Əslində bu mövzuda əsərləri yazmaq üçün millətin ağrılarını, dərdlərini duymaq və onu ifadə etməyi bacarmaq lazımdır. Məhz Eldar İsmayıl dərdləri duyan, ağrıları yaşamağı bacaran, bu yükləri çəkmək gücündə olan istedadlı sənətkardır. Onun belə bir mövzuya müraciəti həm də yazıçı istedadından qaynaqlanır. Hiss edirsən ki, onun yazıçı istedadı xalqına, millətinə, torpağına olan məhəbbətə, sevgiyə xidmət edir. Belə olanda sənətkarın vətəndaşlıq mövqeyi çox aydın bir şəkildə görünür. Təsadüfi deyildir ki, Eldar İsmayılın vətəndaşlıq mövqeyi hər bir insanı, o cümlədən oxucunu özünə çəkir. Hər dəfə onun müraciət etdiyi mövzular oxucunun qəlbindən tikan çıxarır. O, hədəfləri o qədər düzgün və dəqiq seçir ki, istər–istəməz oxucunun ürəyindən xəbər verir, oxucunun qəlbinə yol tapır. Eldar İsmayıl bu dəfə də oxucularının görüşünə belə bir əhval–ruhiyyədə gəlmiş, qələmini belə bir ovqatla kökləmişdir. Adətən bu qəbildən olan tarixi mövzulara müraciət etmək o qədər də asan deyildir. Ən azı ona görə ki, tarixi mövzulara müraciət edən kəs tarixi dərindən bilməli, zərgər dəqiqliyi ilə tarixə qiymət verməyi bacarmalıdır. Eyni zamanda tarixiliklə müasirliyin vəhdətini görmək, bu istiqamətdə təhlil aparmaq səviyyəsinə qadir olmalıdır. Məhz Eldar İsmayıl şairliyindən başqa, “Göyçənin qisası qalır”, “Səttar oğlu” tarixi romanları ilə ədəbi ictimaiyyətə çox şey dedi. Ədəbi ictimaiyyət onun yazdıqlarından belə bir qənaətə gəldi ki, Eldar İsmayıl tarixi mövzulara müraciət etməyi bacarır, tarixiliklə müasirliyin vəhdətini yazıçı təfəkkürü və təxəyyülü ilə təsvir edə bilir. Bu bilik və təcrübə imkan verir ki, Eldar İsmayıl öz istedadını üzə çıxara bilsin, yaradıcılığında dərdlərimizi dilləndirsin.
Eldar İsmayıl tarixi mövzuda roman yazmaq təcrübəsini bu romanda da uğurla nümayiş etdiribdir. Romanın mövzusu xəyanətkar ermənilərin azərbaycanlılara olan münasibətlərindən, törətdikləri olmazın oyunlardan bəhs edir. Hadisələr Göyçədə və onun ətraf ərazilərində cərəyan edir.
Yazıçı İsmayıl adlı bir igidin qorxmazlığını, cəsarətini, yenilməzliyini oxucuya çatdırır, İsmayıl Göyçənin Ağbulaq ərazisində azərbaycanlılara qarşı azğınlıq edən erməni quldur dəstələrini, erməni işğalçıların yerində oturdur. 1919–cu ildə İsmayıl ailəsi ilə birlikdə Şəmkirin Düyərli kəndində məskunlaşmalı olur. Sovet hakimiyyəti qurulduqdan sonra qaçqınların böyük əksəriyyəti kimi İsmayıl da öz doğma vətəninə qayıdır. Qayıtdıqdan sonra onu Çəmbərəkdə həbs edib zindana salırlar. O, zindandan qaçır, yenidən Şəmkirin Düyərli kəndinə gəlir. İki dəfə həbs olunur və həbsdən öz qəhrəmanlığı və şücaəti ilə azad olur: birində qaçır, birində isə atamanı vurduğunu siyasi baxımdan əsaslandırdığı üçün azad edilir.
Əsərdə İsmayılın qəhrəmanlığı ilə bağlı xeyli süjetlər vardır. Məsələn, süjetlərin birində Krasnoselo rayonunda raykom katibi Martirosyan soyadlı erməninin özbaşınalığına və kobudluğuna İsmayılın cavabı olduqca orijinaldır. İsmayıl kobud, sərt raykom katibinin (Martirosyanın) yekəbaşlığına dözmür, ona kəskin cavab verir: “–Katib, sən niyə burdakı işlərin gedişatı ilə maraqlanmırsan, atmacalar atmaqla məşğulsan? Bu, raykom katibinə yaraşırmı? “Nəhayət İsmayılın mərdliyi, kişiliyi qarşısında Martirosyan aciz bir vəziyyətə düşür, İsmayılın əlini sıxaraq deyir: – Siz türklərin bir atalar sözü var, çox gözəldi: “Kösöv yana–yana gödələr”.
Eldar İsmayıl Martirosyan obrazı ilə oxucuya çatdırır ki, erməninin vəzifəsi olsa da, O, kölədir, qorxaqdır, çünki ermənidir. Hiss edirsən ki, Eldar İsmayıl Martirosyan obrazının milli kimliyini oxucuya çatdıran zaman erməni barədə Əmir Teymurun, A.S.Puşkinin, Aleksandr Dümanın, Sədi Şirazinin, Vilsonun və digərlərinin dediklərini dəfələrlə oxumuş və təcrübədən keçirmişdir.
Əsərdə tarixi faktlar yazıçı təxəyyülü ilə yazıçı üslubunun vəhdətində bədii bir formaya salınır və oxucuya çatdırılır. Məsələn, 1828–ci ildə İrəvan torpaqlarının və onun ətraf mahallarının çar Rusiyası tərəfindən işğalı, bu ərazilərə İrandan, Türkiyədən ermənilərin köçürülməsi, türklərin (yerli əhalinin, azərbaycanlıların) sıxışdırılması bədii cəhətdən çox təsirli və oxucunun əsəri oxumağa sövq edəndir.
Əsərdəki obrazların hər biri – Telli Cəmil, Məşədi Səməd, Hacı Sadıq, Kalva Aslan, Seyid Əhməd ağa, Hacı Kazım, Kalvayı Nəsib, Kalvayı Rza, Ağakişi oğlu Bayraməli, Camal oğlu İbrahim, Ələkbər oğlu Allahverdi, Kalva Abbas oğlu Yolçu, Kalvayı Bayram, Məşədi Məcid və digərləri əsl azərbaycanlı – türk kişisinin xarakterini açan, oxucuya əsl kişilərin simasını təqdim edən obrazlardır. Bu obrazlar vasitəsilə Eldar İsmayıl öz əsərində azərbaycanlıların milli–psixoloji xüsusiyyətlərini, mərdliyini, vətənə, yurda, torpağa bağlılığını, qeyrətini və digər məsələləri aydın bir üslubda oxucuya çatdırır.
Eldar İsmayıl cərəyan edən hadisələrin coğrafiyasını da çəkir və bu da tarixi torpaqlarımızın dünəni barədə oxucuda (xüsusilə gənc oxuuclarda) geniş təsəvvür yaradır. Məsələn, Ağbulaq, Çəmbərək, Göyçə, Toxluca, Ardanış, Cil, Babacan, Bala Məzrə, Basarkeçər, Pəmbək, Böyük Məzrə, Qanlı, Kərkibaş və s.
Çox istərdim ki, belə əsərlər dünyanın beynəlxalq dillərinə tərcümə olunsun. İngilis, fransız, alman, ispan, ərəb, rus və s. dillərdə işıq üzü görsün. Ona görə ki, dünya ictimaiyyəti, dünyanın oxucu auditoriyası ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri cinayətlərdən çox az məlumatları var. Belə əsərlər beynəlxalq dillərdə çap olunmaqla kimin kim olduğunu dünyaya tanıtmaqda böyük yardımçı ola bilər.
İnanıram ki, Eldar İsmayıl bu mövzuda yeni–yeni əsərlər yazacaq, başımıza ermənilər tərəfindən gələn minbir bəlanı oxuculara çatdıracaqdır. Eldar İsmayılın yaradıcılığı barədə vaxtilə söylədiyim bir fikir yenə də qüvvəsindədir. O, həqiqət axtarışındadır. Həqiqəti tapmaq yolunda qələmini süngüyə çeviribdir.
Buludxan
XƏLİLOV,
filologiya elmləri
doktoru, professor
Respublika.- 2013.- 23 iyun.- S. 4.