İdmanımızın da öz cəfakeşləri və xeyirxahları var

 

Dostum, xeyirxah insan, həyatını Azərbaycan idmanının tarixinə həsr etmiş alim həmkarım Eldar Acalov idman ictimaiyyətində yaxşı tanınan şəxsiyyət olmaqla yanaşı, həm də gözəl ailə başçısı idi. Pedaqogika üzrə fəlsəfə doktoru, professor Eldar Acalov elmdə və təhsildə olduğu kimi, həyatda da 61 illik şərəfli ömür yolu keçmiş, gözəl alim, cəfakeş müəllim, ziyalı kimi həmkarlarının, tələbələrinin, yetirmələrinin qəlbində özünə əbədi məskən salmış, daim minnətdarlıqla xatırlanan insanlardan birinə çevrilmişdir.

Professor Eldar Acalov ölkəmizdə idman tarixinin inkişafı istiqamətində tədqiqat aparan yaradıcı alimlərdən biri idi. Yüksək ixtisaslı mütəxəssis və alim kimi uzun müddət Respublika Təhsil Nazirliyində işləmiş, ixtisası üzrə pedaqoji kadrların hazırlanmasında yaxından iştirak etmiş, Azərbaycanda bədən tərbiyəsi və idmanın inkişafı, tarixi haqqında yazan ilk və görkəmli tədqiqatçı alim kimi özünün nəyə qadir olduğunu təsdiq etmişdir.

Son dərəcə səmimi, genişürəkli, insanpərvər və müdrik insan olan Eldar müəllimi istər elmdə, istər təhsil sistemində, istərsə də həyatda çoxları əsl ziyalı, peşəkar idmançı, qabaqcıl maarifçi kimi tanıyırdı. Onda Azərbaycanın klassik müəllim obrazına xas olan səmimiyyət və doğmalıq, ədəb–ərkan, səliqə–sahman, yüksək səviyyəli davranış və ünsiyyət mədəniyyəti cəmləşmişdi. Onu bizlərə və həmkarlarına sevdirən də məhz bu yüksək insani keyfiyyətlər idi.

Dostum Eldarı anarkən istər–istəməz xatirələrimi çözələyib bir az keçmişə qayıtdım. Yadımdadır, SSRİ dövründə mən “Məhsul” İdman Cəmiyyətində sərbəst güləş üzrə baş məşqçi işləyirdim. O, bizim ümumi dostumuz olan, keçmiş bədən tərbiyəsi texnikumunun təsərrüfat işləri üzrə direktor müavini Şahəddin Məmmədovun qardaşı Sücəddin Səfərovun mənim yanımda sərbəst güləşlə məşğul olmasını məsləhət bilmişdi. Elə həmin illərdə, sonralar SSRİ çempionu olmuş Muxtar Novruzov, Həsrət Məmmədyarov, dəfələrlə respublika çempionu olmuş Əli Orucov, sonradan gənclər arasında Avropa çempionu olmuş Azər İsayev və başqa tanınmış idmançılar mənim rəhbərliyimlə güləşin sirlərinə yiyələnirdilər. Nəhayət, müəyyən müddət keçdikdən sonra, 1979–cu ildə kənd idmançıları arasında UGİM SSRİ birinciliyində Eldar müəllimin yanıma göndərdiyi Sücəddin Səfərov SSRİ çempionu oldu. Elə o vaxtdan Eldar müəllim gənclərin, ümumiyyətlə, idman mütəxəssislərinin və idmançı kadrların qayğısına qalan bir insan kimi məhəbbətimi qazandı.

1984–cü ildə SSRİ çempionatında 2 nəfər idmançımızın—Muxtar Novruzov və Həsrət Məmmədyarovun çempion olmaları Eldar müəllimlə tanışlığımızın tədricən dostluğa çevrilməsinə səbəb oldu. O, mənə Lenin adına Pedaqoji İnstitutun nəzdində ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə yeni açılan ibtidai hərbi və fiziki tərbiyə fakültəsində gənc mütəxəssis kimi işləməyi məsləhət gördü və dedi: “Əgər razı olsan, mən təhsil naziri ilə sənin haqqında danışıb, institutun rektoruna bir məktub yazarıq”. Mən də Eldar müəllimin səmimiyyətinə və müdrikliyinə tam arxayın şəkildə inanıb, fikirləşmədən bu təklifi qəbul etdim. Elə həmin gündən də mənim taleyimdə və gələcəyimdə böyük dönüş başladı.

Eldar müəllimlə aramızda yaxın dostluq münasibəti yarandı. Artıq həmkarına çevrildiyim bu şəxsiyyəti bir daha özüm üçün kəşf etdim. Ətrafımda elə bir insan yox idi ki, onun haqqında xoş sözlər danışmasın. 1997–ci ildə elmlər namizədi alimlik dərəcəsi adı almaq üçün elmi işimin müdafiəsinə Eldar müəllimi də dəvət etməyi özümə borc bildim. Pedaqoji fəaliyyətə keçməyimin səbəbkarı olan bu insanın sevinci yerə–göyə sığmırdı. Hamıdan qabaqda oturub diqqətlə məni dinləyirdi. Mənim də ilk minnətdarlığım elə ona oldu…

2000–ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi Akademiyasında keçirilən Milli Olimpiya Akademiyasının beynəlxalq konfransında bizim bölməyə Eldar müəllim sədrlik edirdi. Mənim çıxışımdan sonra gözlərində sonsuz sevinc hissi parlayan alim dostum səmimi təbrikdən sonra mənə dedi: “Bax, mən sənə bu günü arzulayırdım. İndi bir daha arxayın oldum ki, səhv etməmişəm. Səninlə fəxr edə bilərəm, çünki bu səviyyəyə yüksəlməyində azacıq da olsa payım var…”

1997–ci ildə Azərbaycan idmanının təəssübkeşlərindən biri olan Eldar müəllimin sədrliyi ilə keçirilən Azərbaycan Milli Olimpiya Komitəsinin seçki konfransında Prezidentimiz cənab İlham Əliyev MOK–un prezidenti və Respublika Milli Olimpiya Akademiyasının ilk prezidenti seçildi. Bu bir daha sübut etdi ki, Eldar müəlim əsl ziyalı, mütəxəssis və hansı işin xeyirli olduğunu bilən insandır. Çünki cənab İlham Əliyevin MOK–un prezidenti seçildiyi gündən Azərbaycanın Olimpiya hərəkatında Eldar Acalov kimi idman cəfakeşlərinin arzuladığı yeni dövr başlayır, bədən tərbiyəsi və idman daha da inkişaf edir. Nəticələr isə göz qabağındadır. Azərbaycanın təkcə sonuncu, Londonda keçirilən Yay Olimpiya oyunlarında əldə etdiyi 2 qızıl, 2 gümüş və 6 bürünc medalı, 205 ölkə arasında 30–cu və Avropa ölkələri arasında 15–ci, MDB dövlətləri arasında 5–ci yer tutması görülən işlərin çox cüzi bir hissəsidir.

Mən tam əminəm ki, dostum, unudulmaz həmkarım Eldar Acalov yaşasaydı, 1997–ci ildən sonra idmanımızdakı uğurları görüb təkrar–təkrar fəxrlə mənə dediyi sözləri böyük sevinclə yenə söyləyərdi: “Əli, indi gördün biz o vaxt nə qədər doğru seçim edib tarixi bir qərar verdik…”

 

Əli MEHDİYEV,

 

Azərbaycan Dövlət Pedaqoji

Universitetinin Bədən tərbiyəsi və idman kafedrasının müdiri,

pedaqogika üzrə fəlsəfə

doktoru, professor,

Azərbaycan Milli Olimpiya

Akademiyasının üzvü,

Azərbaycanın əməkdar

məşqçisi, SSRİ idman ustası

və respublika dərəcəli hakim

 

Respublika.- 2013.- 23 iyun.- S. 4.