Azərbaycan Xalq Cümhuriyyətinin fədailərindən biri

 

FotoAzərbaycanın müstəqil dövlət elan edilməsi haqqında Tiflis şəhərində keçirilmiş 28 may 1918–ci il tarixli iclasda qəbul olunmuş bəyannaməyə imzalarını qoymuş Milli Şura üzvlərinin siyahısını nəzərdən keçirirəm. Siyahıda Həsən bəy Ağayev, Fətəlixan Xoyski, Nəsib bəy Yusifbəyli, Rəhim bəy Vəkilov, Xəlil bəy Xasməmmədov, Şəfi bəy Rüstəmbəyli, Musa Rəfiyev və başqaları ilə yanaşı Cavad bəy Məlikyeqanovun da adı var idi. Zaqafqaziya seymi müsəlman fraksiyasının və Azərbaycan Milli Şurasının protokollarına imza atan bir çox şəxslərin sonrakı həyatı haqqında müəyyən bilgiyə malik olsam da, Xalq Cümhuriyyətinin Həmkarlar İttifaqı təşkilatının yaradıcısı, görkəmli ictimai xadim Cavad bəy Məlikyeqanovun sonrakı dövrlərdəki həyatı haqqında yetərincə məlumatlı deyildim.

Repressiyaya məruz qalmış insanlar haqqında Milli Təhlükəsizlik Nazirliyində (MTN) məlumat topladığım zaman, Cavad bəyin istintaq işi qarşıma gətirilənə qədər bu şəxs barəsində hər hansı bir sənədlə üzləşəcəyimə əmin deyildim.

Bu təsadüfə sevinsəm də, vərəqləri çevirdikcə həyəcanımın durmadan artdığını hiss edirdim. Vaxtilə repressiyaya məruz qalmış insanlar haqqında nəşr etdirdiyim kitabdakı ah–nalələri bir daha eşitməmək üçün bu mövzudan uzaq olmaq qərarına gəlmişdim. Lakin oxucuların təkidli müraciətləri, repressiyaya məruz qalmış şəxslərin ruhu məni rahat buraxmırdı. Onlar bu mövzunu davam etdirib sona çatdırmağı məndən xahiş edirdilər…

Xalq Cümhuriyyəti süqut etdikdən sonra Azərbaycanda müstəqilliyin qurulmasında xidmətləri olmuş Cavad bəy Məlikyeqanova qarşı təqiblər durmadan davam edirdi. Bu illər ərzində heç bir sübut göstərilmədən o, dəfələrlə həbsə məruz qalmışdı.

Qeyd edək ki, Cavad bəy ilk dəfə 1909–cu ildə inqilabi fəaliyyətinə görə Bakı generalqubernatoru R.Martınovun əmrilə həbs olunub. Həbsdən azad olunduqdan sonra Cavad bəy doğma kəndinə qayıdır və Baxşəli bəy Məlik–Aslanovun qızı Rəna xanımla ailə həyatı qurur. Bu izdivacdan oğlu Ənvər, qızı Tamara dünyaya gəlir. Lakin tale Cavad bəydən bir müddət “üz çevirir”. O iki yaşlı oğlu Ənvəri, sonra isə gənc həyat yoldaşı Rəna xanımı itirir. Bu ayrılığa dözə bilməyən Cavad bəy yeganə qalmış qızını anası Mina xanımın yanında qoyub yenidən Bakıya gəlir və burada milyonçu Şibayevin mədənlərində işləməyə başlayır. 1917–ci ildə M.Ə.Rəsulzadənin tövsiyəsi ilə “Müsavat” partiyasının üzvlüyünə qəbul edilir.

Bolşeviklər Azərbaycanda hakimiyyəti ələ keçirdikdən sonra qısa müddət ərzində Cavad bəy yenidən həbs edilir, lakin ay yarım saxladıqdan sonra ittiham aktı sübuta yetirilmədiyindən onu azad etməyə məcbur olurlar. Növbəti dəfə Cavad bəy 19 sentyabr 1920–ci ildə komissar Nersesovun əmri ilə nəzarət altına alınır və bir neçə ay saxlandıqdan sonra 1921–ci ilin əvvəllərində həbsdən azad edilir. Dövlət çevrilişi ilə hakimiyyəti zəbt etmiş bolşeviklər tərəfindən C.Məlikyeqanov 6 dəfə həbsə məhkum olunmuşdur. Bu müddət ərzində yalnız 1923– ildə Cavad bəyin adına 779 saylı istintaq anketi yazılıb.

C.Məlikyeqanov həm çar Rusiyası dövründə, həm də Sovet hakimiyyəti zamanı dəfələrlə həbs edilmişdir. Cavad bəy 1920–1922–ci illərdə Azərbaycan Fövqəladə Komissarlığının əməkdaşı R.Martınov tərəfindən inzibati yolla məsuliyyətə cəlb olunmuş və mühakimə edilmişdi. Bir qədər sonra azad edilərək sərbəst buraxılmışdır.

Lakin bu azadlıq da çox uzun sürməmişdir. C.Məlikyeqanov 21 iyun 1923– il tarixdə 230 saylı orderlə növbəti dəfə həbs edilir və 40 gündən sonra yenidən azad edilir. Bu barədə N PR 1806 saylı arayışda oxuyuruq:

“3700 saylı istintaq işi ilə əlaqədar Məlikyeqanov Cavad bəy Rza bəy oğlu haqqında istintaqla əlaqədar dayandırılsın və 29 iyul 1923– il tarixdən mühafizə üzərindən götürülsün”.

Cavad bəy Rza bəy oğlu Məlikyeqanovun bu istintaq materiallarını nəzərdən keçirərkən məlum olur ki, o, Azərbaycan Fövqəladə Komissarlığı tərəfindən verilən orderə əsasən həbs edilib. Ona qarşı həbs qətiimkan tədbiri seçilməsinə səbəb “Müsavat” partiyasının üzvü və həmçinin bir qrup qeyrileqal təşkilatlarla əlbirliyində günahlandırılması olub.

Onun əleyhinə sənədlər toplanılırdı. Həmçinin agenturanın 09.06.1923– il tarixli məlumatına görə bolşevik hökumətinin Cavad bəy Məlikyeqanovu günahlandırmaqda məqsədi onun keçmiş müsavatçı kimi 1919–cu ildə Lənkəranda generalqubernator olması idi.

C.Məlikyeqanov 1920–1922–ci illərdə Azərbaycan Fövqəladə Komissarlığı tərəfindən həbs edilir. Onun yazılı izahatından məlum olur ki, 1920–ci ilin may ayından “Xüsusi İdarə tərəfindən “Müsavat” partiyasının keçmiş üzvü kimi saxlanılsa da, lakin işində cinayət tərkibi olmadığından həbsdən azad olunur. Protokollarda da heç bir şahid ifadələrinə rast gəlinmir.

Azərbaycan Fövqəladə Komissarlığının əməkdaşlarından Şaxverdiyanın, Qamayakın imzaları ilə tərtib edilən izahat 10.07.1923– il tarixli qovluğun 12–ci səhifəsinin aşağı hissəsinə tikilir.

C.Məlikyeqanova qarşı uzunmüddətli təqiblər, əsassız həbslər olmasına baxmayaraq, yenə də o, bir çox məsul vəzifələrdə çalışmışdı. Bu da yeni qurulmuş dövlətin Cavad bəy kimi kadrlara ehtiyacı olduğundan bir müddət ondan “istifadə” etmişlər. O, Azərbaycan Xalq Cümhuriyyəti (AXC) dövründə Lənkəranda idarə rəisi, generalqubernator, Sovet hakimiyyəti illərində tikinti trestində, əmək birjasında işləmişdi. Respublika Əmək Xalq Komissarlığında qaçqınlar şöbəsinin, neft məhsulları satışı idarəsinin rəisi və digər dövlət idarələrində məsul vəzifələrdə çalışmışdır. Çox təəssüf ki, ona özünün bilik və bacarığını lazımi qədər istifadə etməyə imkan verilməmiş və hər addımda təqiblərlə üzləşmişdir.

Bu azmış kimi M.C.Bağırov 1933– ildə respublikanın birinci katibi təyin olunandan sonra—1937–ci ildə Cavad bəyin həyat yoldaşı Məryəm xanımı həbs etdirmiş, qardaşı Bəhram bəy isə onun “fəaliyyətinin” qurbanı olmuşdur.

C.Məlikyeqanov hələ Azərbaycan Xalq Cümhuriyyəti dövründə Lənkəranda işləyərkən Azərbaycanın ilk folklorşünas alimi, maarifpərvər Teymur bəy Bayraməlibəyovla tanış olur. O, 1918–ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin xarici işlər naziri təyin olunması ilə əlaqədar ailəsi ilə Bakıya köçür. Cavad Məlikyeqanov 1923– ildə müqəddəs “Nina” məktəbini qızıl medalla bitirmiş, sonralar bir çox məsul vəzifələrdə çalışmış, Teymur bəyin qızı Məryəm xanımla ikinci dəfə ailə həyatı qurmuşdur. Bu izdivacdan 1923– ildə Azarə, 1926–cı ildə Taliyə, 1929–cu ildə isə Asiman adlı üç qızı olur. Xoşbəxt günlər bu ailə üçün çox sürmür. Cavad bəy həbs ediləndən sonra nəinki həyat yoldaşı Məryəm xanım, hətta bütün ailə üzvləri təqiblərlə üzləşirlər.

Azərbaycan SSR Dövlət Siyasi İdarəsinin təhlükəsizlik üzrə əməkdaşı A.Quliyev tərəfindən təqdim olunan 10 iyun 1930–cu il tarixli qərarda bildirilir ki, guya Cavad bəy Rza bəy oğlu Məlikyeqanov vaxtilə qeyrileqal antisovet qrupu ilə sıx əlaqə yaratmış, həmin təşkilatla birgə fəaliyyətdə olmuşdu. Ona görə də o, Azərbaycan SSR cinayət məcəlləsinin müxtəlif maddələri ilə təqsirli bilinir:

Cavad bəy Rza bəy oğlu Məlikyeqanov Azərbaycan SSR cinayət məcəlləsinin 66, 72–ci maddələri ilə təqsirli bilinsin və Azərbaycan SSR Dövlət Siyasi İdarəsinin nəzərinə çatdırılsın”.

Əməliyatçı: Quliyev şöbə rəisi: Borşev

Az. DSİ–nin rəisi: Nevernov

Artıq 11 fevral 1930–cu ildə Azərbaycan SSR Dövlət Siyasi İdarəsi tərəfindən Cavad bəy Məlikyeqanovun evində axtarış aparılması və onun həbs edilməsi üçün 129 saylı order yazılır. Bundan sonra təhlükəsizlik üzrə müstəntiq A.Quliyevin aşağıdakı təqdimatı XDİK–in rəhbərliyinə ünvanlanır:

Mən, A.Quliyev əməliyyatçı kimi Cavad bəy Məlikyeqanov haqqında kifayət qədər materiallar toplamış, dindirilərkən hazırkı quruluşa qarşı təşkilatlanaraq antisovet fəaliyyət apardığını müəyyən etmiş və nəticədə onu Azərbaycan SSR c/min 73– maddəsi ilə təqsirli bilirəm.

C.Məlikyeqanov 1917–1920–ci illərdə parlamentə seçilib, 1920–1927–ci illərdə Əmək Komissarlığında, 1927–ci ildən həbs olunana qədər Bakı İcra Komissarlığı idarəsində rəis müavini işləyib. 08.02.1930–cu il tarixdə Bakıda Azərbaycan Dövlət Siyasi İdarəsi tərəfindən həbs edilsə də, lakin onun həbs olunması tarixi nədənsə 14 fevral 1930–cu il göstərilib.

Sənədlərlə tanış olanda daha bir qanunsuzluqla üzləşdik. Bu da Cavad bəyin hansı partiyanın üzvü olmasına münasibət idi. Qeyd edək ki, Azərbaycanda bolşeviklərin nifrət etdiyi partiyalardan biri də “Müsavatidi ki, onun üzvləri ya güllələnir, ya Rusiyanın insan ayağı dəyməyən şaxtalı çöllərinə sürgünə göndərilir, ən yaxşı halda isə vətəndən didərgin salınırdı.

1930–cu ildə sonuncu dəfə həbs edilən Cavad bəy Məlikyeqanovun ittihamnaməsi aşağıdakı şəkildə tərtib edilir:

1882–ci ildə (1883—A.K.) Azərbaycanın Şuşa şəhərində anadan olmuş, türk. 1002 saylı istintaq işi ilə təqsirli bilinən Məlikyeqanov Cavad bəy Rza bəy oğlu, qulluqçu, təhsili aliorta, 1912–ci ildən (1917—A.K.) keçmişMüsavat” partiyası parlamentinin, Zaqafqaziya seyminin müsəlman fraksiyasının üzvüdir. Xüsusi olaraq onun Müsavat hökuməti tərəfindən Lənkəran uyezdində qeyrileqal fəaliyyəti və Sovet dövlətinə qarşı antisovet təşkilatlarına kömək göstərməklə yanaşı, bir çox cinayətə yol verdiyinə görə, Azərbaycan SSR cinayət məcəlləsinin 72 və 66 maddələri ilə təqsirli bilinərək 08.02.1930–cu ildə həbs olunur.

Mən, Azərbaycan SSR Dövlət Siyasi İdarəsinin Şərq şöbəsinin səlahiyyətçisi A.Quliyev Məlikyeqanov Cavad bəy Rza bəy oğlunun 1002 saylı istintaq işi ilə tanış olub, bu qənaətə gəldim:

Azərbaycan SSR üzrə antisovet ünsürlərin aradan qaldırılması məqsədilə bu ilin fevral ayında Azərbaycan DSİ–nin (Dövlət Siyasi İdarəsi) materialları əsasında C.Məlikyeqanov həbs edilib. Azərbaycan DSİ–nin materiallarından məlum olur ki, C.Məlikyeqanov uzun müddət müsavatçılarla əlaqədə olmuş, bu qanunsuz təşkilatın işində əsas rol oynamışdır. O, Müsavatın məsləhətçisi kimi bir çoxlarını bu qanunsuz təşkilatın təsiri altında saxlamaq istəyib. Məlum olub ki, C.Məlikyeqanov 1920–ci ilə qədər Müsavat partiyasının qurucularından biri kimi tanınmış, qabaqcıl və öndə gedən partiya işçisi olmuşdur. O, “Müsavat” partiyasının aktiv fəaliyyəti dövründə Azərbaycanda sovetləşmədən sonra bir neçə dəfə həbs edilmişdi.

O, “Müsavat”ın Münsif təşkilatının işi ilə əlaqədar təqsirli bilinib istintaqa cəlb edilib. C.Məlikyeqanov bu partiyanın köhnə bir üzvü kimi bir çox müsavatçılarla vaxtaşırı əlaqədə olmuş, “Müsavat” partiyasının lideri M.Ə.Rəsulzadənin ailəsinə kömək göstərmişdir.

Müsavatın “Münsif” təşkilatının üzvlərindən Rzayev dindirilərkən qeyd edir ki, onların ən fəal üzvlərindən biri olan Böyükağa Axundov Məlikyeqanovla yaxın əlaqədə olduğu üçün həmin təşkilatın rəhbərləri haqqında məlumata malik idi. Təşkilatın hazırkı rəhbər işçiləri Böyükağa Axundovun vaxtaşarı yanına gedər, BAKTOP–da xidmət edən, həmin idarənin rəis müavini Məlikyeqanov da “Münsif”lə əlaqədə olurdu. RzayevMünsif” təşkilatın işi ilə bağlı günahlandırılan Böyükağa Axundov Məlikyeqanovla əlaqədə olduğunu gizlətmir. Eyni zamanda Cavad Məlikyeqanovun “Münsif” təşkilatının üzvü olduğunu da etiraf edir.

Təhlükəsizlik Nazirliyində saxlanılan başqa bir sənəddə göstərilir ki, C.Məlikyeqanovun guya nəinki Azərbaycanın daxilində, hətta xaricdəki fəaliyyəti, orada olan mühacirlərin müxtəlif sənədlərlə təmin olunmasında fəal iştirakı agenturaya məlumdur. O, müsavatçı mühacirləri şəxsən tanıyırdı, onun xaricdə nəşr olunan ədəbiyyatlarından xəbəri var idi və onların yayılmasında xüsusi təşəbbüs göstərirdi.

Bundan əlavə, istintaqın və agenturanın əlində olan məlumata görə, QPU—DSİ (Dövlət Siyasi İdarə—A.K.) müəyyən edib ki, əksinqilabi təşkilatda günahkar bilinən C.Məlikyeqanov və inqilabi xarakterli təşkilatın rəhbəri Kudayev öz xidməti vəzifələrindən istifadə edərək onlara hər cür köməkliklər göstərmiş və həmçinin Kabardin əksinqilabi təşkilatının fəaliyyətindən də xəbərdar idilər.

İstintaq materiallarından bir daha aydın olur ki, Kudayevin BAKTOP–da ağac emalı vəzifəsində işləməsinə zəmanəti məhz C.Məlikyeqanov vermişdi. C.Məlikyeqanov iki dəfə Kudayevlə birlikdə Şimali Qafqazdan 7–8 kilometr aralı Murtuzo inqilabi hərəkat rayonuna səfər etmiş və kənddə qardaşının evində qalmış və kabardinlərlə görüşüb söhbət aparmışdır.

Dövlət Siyasi İdarəsinin Şərq şöbəsinin səlahiyyətçisinin bu nəticəyə gəlməsinin nəticəsi idi ki, C.Məlikyeqanov 10 iyul 1930–cu il tarixli istintaqda deyir ki, kənd təsərrüfatında kollektivləşmədə metod və sürətə qarşıdır. Müəyyən müddətə qədər xırda mülkiyyətçiliyin saxlanılmasına tərəfdardır. Bundan başqa, o bildirir ki, az torpağı olan Qarabağ kəndlilərini Muğana köçürtmək olar. Lakin Azərbaycan türk kəndlilərini RSFSR–in başqa vilayətlərinə köçürülməsinin əleyhinəyəm.

Uzun, cansıxıcı dindirilmələr, işgəncələrdən sonra C.Məlikyeqanovun işində cinayət tərkibi kifayət qədər sübut olunmadığı üçün onun 1002 saylı istintaq işi dayandırılmış və Azərbaycan Dövlət Siyasi İdarəsinin əməkdaşlarının birgə iclasında qərara alınmışdı:

Arayış: Müqəssir Az.DSİnin həbs evi

ndə saxlanılır. Maddi sübut olmadığı üçün 17.07.1930–cu il tarixdə işə xüsusi iclasda baxılsın.

Sual olunur: əgər C.Məlikyeqanovun təqsiri barəsində kifayət qədər maddi sübut yoxsa, nə səbəbdən arayışa o, “müqəssir” kimi daxil edilir. C.Məlikyeqanovun işində təqsirini sübut edəcək dəlil yoxsa, o həbsdən azad olacağı halda, nə səbəbdən “müqəssir”in işi yenidən xüsusi iclasa göndərilir.

Yenidən işi xüsusi idarəyə göndərməkdə məqsəd “səhvlərə” bəraət qazandırmaqla yanaşı, bolşeviklərin ziyalılara qarşı mübarizəsi idi. Məhz bunun nəticəsi idi ki, istintaq işində heç bir maddi sübut olmasına baxmayaraq beş il müddətinə azadlıqdan məhrum edilən C.Məlikyeqanova iki ay yarımdan sonra—8 yanvar 1931–ci ildə Dövlət Siyasi İdarəsi kollegiyasının qərarı ilə isə yenidən baxılmış və 10 il müddətinə azadlıqdan məhrum edilərək, o, Kareliyanın Keme şəhərinə sürgün edilir.

Bundan sonra da Cavad bəyin ailəsinə qarşı hücumlar səngimək bilmir. İlk növbədə həyat yoldaşı Məryəm xanıma qarşı böyük haqsızlıqlar edilir. O, 1931–ci ildə universitetin hüquq fakültəsini müvəffəqiyyətlə bitirib işləməsinə baxmayaraq, təqiblərlə üzləşmiş və nəticədə işlədiyi idarəni tərk edib, yenidən müəllimlik peşəsinə qayıtmalı olmuşdu.

Məryəm xanım ona və ailəsinə qarşı törədilən bu haqsızlığa dözməyərək 1937–ci ildə Mərkəzi İcraiyyə Komitəsinin sədri M.İ.Kalininə məktub yazmalı olur. Məktuba müsbət cavab gözləmək ümidi ilə yaşayan Məryəm xanıma qarşı Azərbaycan Dövlət Siyasi İdarəsi tərəfindən 14 noyabr 1937–ci il tarixdə evində axtarış aparılması və həbs edilməsi üçün 2677 saylı order yazılır.

Məhbusun anketindən

Bayraməlibəyli, o həmçinin Məlikyeqanova Məryəm Teymur bəy qızı 22 dekabr 1892–ci (1898–ci ildə—A.K.) ildə Azərbaycanın Lənkəran şəhərində anadan olmuşdu.

Qulluqçu ailəsindəndir. 18 nömrəli məktəbdə müəllim işləyir. Atası Teymur bəy Məlikyeqanov xalq müəllimi olub.

Məryəm Məlikyeqanova 1922–ci ildə Azərbaycan Dövlət Siyasi İdarəsi tərəfindən 1 aylıq istintaqda saxlanılıb. 14 noyabr 1937–ci ildə Azərbaycan SSR XDİK tərəfindən həbs edilib.

Az.XDİK–idarəsinin III şöbə, VII bölmənin rəisi, baş təhlükəsizlik leytenantı Markaryanın xidməti qeydlərində bildirilir ki, vətəndaş Bayraməlibəyovadan o həmçinin Məlikyeqanova Məryəm xanımdan 5X7=35 rub. həcmində 7 qızıl yarım imperial götürülüb.

7 dekabr 1937–ci il tarixli ittihamnamədən: Bakı istintaq qrupunun əməkdaşı Patkin tərəfindən tərtib edilmiş, Markaryan tərəfindən təsdiq edilmiş Bayraməlibəyova—Məlikyeqanova Məryəm xanım Teymur qızının 86, 92 saylı işi ilə əlaqədar bildirilir ki, 1922–ci ildə “Müsavat” partiyasında gizli fəaliyyətinə görə təhlükəsizlik idarəsi tərəfindən (Fövqəladə Komissarlıq) həbs edilmişdir. O, “Müsavat” partiyasının fəal üzvü kimi həbs edilənə qədər bu təşkilatda çalışmışdır.

Bayraməlibəyova Məryəm xanım “Müsavat” partiyasının ən köhnə üzvü kimi həbs edilənə qədər əksinqilabi fəaliyyəti aşağıdakılardır:

“1919–cu ildə Lənkəranda yerli qadınları “Müsavat” təşkilatına cəlb edirdi. 1921–ci ildə onun təşəbbüsü ilə Masallı və Lənkəran rayonlarında gizli olaraq əksinqilabi “Müsavat” təşkilatı yaranmış, lakin 1927–ci ildə ləğv edilmişdir. Həbs olunana qədər böhtan dolu fikirlərilə sistemli şəkildə Sovet hökumətinə qarşı çıxış edirdi. 15 noyabr 1937–ci ildən Bakı Bayıl həbsxanasında saxlanılır”.

Sonradan Məryəm xanım Məlikyeqanova Arxangelskə sürgün edilir. Burada iki gözü tutulur. Bir müddət Moskvada məhbusların xəstəxanasında müalicə olunub. Sonra Qazaxıstana yollayırlar. 1948–ci ildə 10 illik həbs cəzasını çəkəndən sonra Bakıya qayıdır. Lakin iki gözündən kor olmasına baxmayaraq, Bakıda indiki Azadlıq prospektindəki ata evində yaşamağa qoymurlaro, Gəncədə məskunlaşmağa məcbur olur.

Məryəm xanımın qızı Taliyə xanım Tibb institutunu bitirdikdən sonra təyinatı o zaman bağlı şəhər sayılan Daşkəsənə verilir. Orada Fərrux adlı bir mühəndislə ailə həyatı qurur. Lipetskdən Voronej vilayətinə işləməyə gedəndə Fərrux Məryəm xanımı özləri ilə aparmağı Taliyə xanıma məsləhət bilir.

1956–cı ildə Azərbaycan SSR Ali Məhkəməsi üzrə məhkəmə kollegiyasından İmanov, Quliyev, Musayevprokuror Hacıyevin imzası ilə Məryəm xanım Bayraməlibəyova—Məlikyeqanova, həyat yoldaşı Cavad bəy Rza oğlu Məlikyeqanova Kareliya MSSR Ali Məhkəmə tərəfindən bəraət verilir.

Məryəm xanıma bəraət veriləndən sonra Bakıya gəlir və ömrünün sonuna qədər övladlarının yanında yaşayır və 1987–ci ildə 89 yaşında dünyasını dəyişir.

 

Aslan KƏNAN

 

Respublika.- 2013.- 25 iyun.- S. 5.