Qeyri–neft sektorunun inkişafı prioritet məsələdir

 

Ümummilli lider Heydər Əliyev 29 dekabr 2000–ci ildə “Yeni əsr və üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciət”ində qeyd edirdi: “Müstəqil Azərbaycanın neft strategiyasını ardıcıl həyata keçirərək biz böyük uğurlara nail olmuşuq. Gələcəkdə isə bu uğurlar daha da artacaqdır…Təbii ki, neft özlüyündə bizim üçün heç də məqsəd deyildir. O, Azərbaycan Respublikasının müstəqilliyinin, iqtisadiyyatın digər sahələrinin inkişaf etdirilməsi, yeni sahələrin yaradılması, xalqın rifah halının yüksəldilməsi kimi ali məqsədlərimizin uğurla həyata keçirilməsi üçün güclü bir vasitədir, əlverişli bir mənbədir. Tam qətiyyətlə demək olar ki, bu vasitədən səmərəli və məqsədyönlü istifadə etməklə, bu mənbədən lazımınca bəhrələnməklə biz yaxın gələcəkdə Azərbaycanı ən yüksək həyat səviyyəli ölkələrdən birinə çevirə biləcəyik”.

Heydər Əliyevin bu sözləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu siyasəti nəticəsində bu gün artıq reallığa çevrilmişdir. Azərbaycan uzunmüddətli və davamlı iqtisadi inkişafa nail olmaq üçün özünün zəngin neft–qaz ehtiyatlarından istifadə edərək “qara qızıl”ın qeyri–neft sektorunun inkişafı üçün aparıcı qüvvə olan insan kapitalına çevrilməsi, gələcəkdə neft–qaz gəlirlərindən asılı olmayan güclü, rəqabətədavamlı iqtisadiyyat qurulması strategiyasını uğurla həyata keçirir.

Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strategiya və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurlu iqtisadi siyasəti nəticəsində, dünyada baş verən qlobal iqtisadi böhran şəraitində Azərbaycan iqtisadiyyatı mənfi xarici iqtisadi təsirlərə dayanıqlılıq nümayiş etdirmiş, iqtisadi artımın davamlılığı təmin edilmişdir. Makroiqtisadi sabitliyi qoruyub saxlamaq, iqtisadiyyatın şaxələndirilməsi, qeyri–neft sektoru və regionların inkşafının sürətləndirilməsi, sahibkarlığı inkişaf etdirmək və ona dövlət dəstəyini gücləndirmək, özəl bölmənin inkişafı üçün azad rəqabət və münbit investisiya mühiti yaratmaq bu mərhələdə həyata keçirilən iqtisadi siyasətin səciyyəvi xüsusiyyətlərindən olmuşdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hələ bir neçə il əvvəl qeyd edirdi: “Azərbaycanda iqtisadi inkişafın istiqamətləri çoxşaxəlidir və biz bu gün qeyri–neft sektorunun inkişafına üstünlük veririk. Bu bizim prioritet məsələmizdir”.

Respublikamızda bu istiqamətdə həyata keçirilən tədbirlər qısa müddətdə kifayət qədər uğurlu nailiyyətlər əldə etməyə imkan vermişdir. Artıq 2013–cü ildə Bakıda keçirilən Dünya İqtisadi Forumunun açılışında ölkə Prezidenti qeyd edir ki, “son 10 il ərzində əsas məqsədimiz iqtisadiyyatın şaxələndirilməsi olmuşdur. Əgər Azərbaycanın iqtisadi inkişafına nəzər yetirsəniz, görərsiniz ki, iqtisadiyyatımız son 10 ildə dünyada ən sürətlə inkişaf edən iqtisadiyyatlardan biri olmuşdur”.

Son 10 ildə Azərbaycanda real ÜDM–in həcmi 3 dəfədən çox artmış, respublikamız Cənubi Qafqaz üzrə yaradılan əlavə dəyərin 70 faizindən çox hissəsinə sahib olmaqla regionun lider dövləti kimi mövqeyini gücləndirmişdir. Neft gəlirlərinin qeyri–neft sektoruna yönəldilməsi ilə bu sahənin inkişafında ciddi nailiyyətlər qazanılmışdır. Qeyri–neft sektorunda yeni istehsal sahələrinin açılması və yeni iş yerlərinin yaradılması, istehsal, nəqliyyat və kommunal infrastrukturun misli görünməmiş miqyasda inkişaf etdirilməsi, müasir sosial infrastruktur müəssisələrinin yaradılması bu dövrdə bütövlükdə ölkəmizin dinamik və dayanıqlı yüksəlişinin əsasını təşkil etmiş, Azərbaycanda iqtisadiyyatın ağırlıq mərkəzinin artıq qeyri–neft sektorunun üzərinə keçirilməsinə imkan vermişdir ki, bu da qeyri–neft sektorunun dinamik inkişafına, ölkə iqtisadiyyatının diversifikasiyasına yönəldilmiş siyasətin nəticəsidir.

Qeyd edək ki, əvvəllər respublikamızda ÜDM istehsalında qeyri–neft sektorunun nisbi üstünlüyü olsa da, 2006–ci ildən bu nisbət neft–qaz sektorunun xeyrinə dəyişmişdi. Neft–qaz sektorundakı bu üstünlük 2012–ci ilə qədər davam etmişdir. Doğrudur, 2009–cu ildə qeyri–neft sektorunda ÜDM istehsalı az fərqlə də olsa, neft–qaz sektorundakı istehsalı qabaqlamışdı. Lakin bu, böhranın əlaməti olduğundan mövqe dəyişikliyi dayanıqlı olmadı və 2010–2011–ci illərdə neft–qaz sektorunda yenidən daha çox ÜDM istehsal edildi. Lakin artıq 2012–ci ildə qeyri–neft sektorunda ÜDM istehsalı neft–qaz sektorunu yenidən ötdü. 2012–ci ildə ümumi daxili məhsulun artımı, 2,2 faiz, onun adambaşına düşən həcmi 5884,5 manat (7490,5 ABŞ dolları) təşkil etmiş, ÜDM–in artımı qeyri–neft sektoru hesabına təmin olunmuşdur. Ötən il qeyri–neft sektoru üzrə artım 9,7 faiz olmuş və bu sahənin ÜDM–də payı artaraq 52,7 faizə çatmışdır. Təhlillər göstərir ki, bu yerdəyişmə artıq dayanıqlı olacaq və gələcək illərdə qeyri–neft sektorunda artım templərin ümumi iqtisadiyyatdakı artım templərini qabaqlaması davam edəcək və nəticədə ÜDM–də qeyri–neft sektorunun payı daha da artacaqdır.

2012–ci ildə ölkədə sənaye müəssisələri tərəfindən 33945.6 milyon manatlıq məhsul istehsal olunmuşdur ki, bunun da 75,4 faizi mədənçıxarma, 18,9 faizi emal, 5,1 faiz, elektrik enerjisi, qaz və buxar istehsalı bölüşdürülməsi və təchizatı, 0,6 faizi, su təchizatı, tullantıların təmizlənməsi və emalı sahələrində istehsal edilmişdir. Sənayenin ümumi buraxılışında qeyr–neft sənayesinin xüsusi çəkisi 19,2 faiz təşkil etmişdir. Emal sənayesində 2011–ci ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 5,4 faiz çox məhsul istehsal olunmuş, sənayenin bu növündə qeyri–neft məhsulları istehsalının xüsusi çəkisi 69,2 faiz olmuşdur. Emal sənayesində məhsul buraxılışının strukturunda ən yükək xüsusi çəkiyə qida məhsullarının istehsalı (38,6 faiz), neft məhsullarının istehsalı (30,8 faiz), metallurgiya sənayesi (5 faiz), tikinti məmulatlarının istehsalı (4,9 faiz), elektrik avadanlıqlarının istehsalı (3,8 faiz), içki istehsalı (2,5 faiz), kimya sənayesi (2,4 faiz), maşın və avadanlıqların istehsalı (2,1 faiz) sahələri malik olmuş, digər 16 alt sahənin birgə xüsusi çəkisi isə 9,9 faiz təşkil etmişdir.

2012–ci ildə ölkənin qeyri–neft sektorunda 28474.9 milyon manatlıq əlavə dəyər yaradılmış və ümumilikdə onun 56,5 faizdən çoxu sosial və digər xidmətlər, ticarət, nəqliyyat vasitələrinin təmiri və tikinti sahələrinin payına düşmüşdür. Ölkə iqtisadiyyatının qeyri–neft sektorunda yaradılan əlavə dəyəri 2011–ci ilin müvafiq dövrü ilə müqayisədə 9,7 faiz çox olmuşdur. Qeyri–neft sənayesində 6510.4 milyon manatlıq məhsul istehsal edilmişdir ki, bu da ölkə üzrə bütün sənaye məhsullarının 19,2 faizini təşkil etməklə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə onun payı 2,5 faiz artıqdır.

2012–ci il üzrə ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 15338,5 milyon manat vəsait yönəldilmişdir. Əvvəlki illə müqayisədə əsas kapitala yönəldilmiş vəsaitin həcmi 18 faiz artmışdır. 78,8 faizini daxili investisiyalar təşkil edən bu vəsaitin 11690.5 milyon manatı (76,2 faizi) qeyri–neft sektorunun inkişafında istifadə edilmişdir.

Qeyri–neft sektorunun davamlı inkişafı istiqamətində aparılan sənayeləşmə siyasəti nəticəsində qeyri–neft sənayesində 7,8 faiz illik artıma nail olunmuşdur. İl ərzində Sumqayıt Texnologiyalar Parkında ağır maşınqayırma və dəqiq emal mərkəzləri zavodları, Gəncədə alüminium, Naxçıvan və Qaradağda sement zavodları, bərk məişət tullantılarının çeşidlənməsi və yandırılması zavodları da daxil olmaqla, 100–dək sənaye müəssisəsinin istifadəyə verilməsi, 90–dan artıq sənaye müəssisəsinin inşasının davam etdirilməsi qeyri–neft sektorunun inkişafında mühüm rol oynayır.

Dövlət büdcəsinin daha etibarlı formalaşmasında da qeyri–neft sektorunun rolu əhəmiyyətli dərəcədə artmışdır. Qeyri–neft sektoru 2012–ci ilin sonunda neft–qaz sektorunu məhsul istehsalında qabaqlasa da hələ dövlət büdcəsinin gəlirlər hissəsinin formalaşmasında eyni mövqeyi təmin edə bilməmişdir. Bununla belə büdcənin gəlirlər hissəsi üçün daha böyük əhəmiyyət daşıyan vergi daxilolmalarında qeyri–neft sektoru liderliyi ələ ala bilmişdir. Vergilər Nazirliyi tərəfindən dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 5634629,6 min manat təşkil etmişdir. Bunun da 3021641,7 min manatı və ya 53,7 faizi qeyri–neft sektoru üzrə təmin olunmuşdur ki, bu da 2011–ci ilin müvafiq dövrü ilə müqaisədə 13,9 faiz çoxdur.

Qeyri–neft sektorunun inkişafı ilk növbədə sahibkarlığın inkişafı ilə bağlıdır. Neft–qaz sektorundan fərqli olaraq burada yaradılan əlavə dəyər daha çox sayda sahibkarlıq subyekti və işçi qüvvəsi hesabına təmin olunur. Bu gün Azərbaycan iqtisadiyyatının qeyri–neft sektorundakı 470 mindən çox sahibkarlıq subyektində 3 milyondan artıq insan çalışır ki, bu da respublikamızda işsizlik problemlərinin həlli baxımından çox böyük əhəmiyyətə malikdir. Bu mənada əvvəlki illərdə olduğu kimi, 2012–ci ildə də sahibkarlığın inkişafı iqtisadi siyasətin prioritet istiqamətlərindən olmuşdur. Ötən il sahibkarlıq fəaliyyətinin daha da genişləndirilməsi, özəl sektora dövlət dəstəyinin artırılması, sahibkarların hüquqlarının müdafiəsi və sahibkarlığa əsasız müdaxilələrin aradan qaldırılması istiqamətində işlər davam etdirilmişdir. Sahibkarlığın maliyyə təminatı yaxşılaşmış, güzəştli kreditlərin həcmi artmışdır. Qeyri–neft sektorunun inkişafında özəl sektora verilən kreditlər çox böyük rol oynayır. Məhz həmin kreditlərin nəticəsidir ki, son illər ərzində bəzi bölgələrdə ÜDM 3–4 dəfə artıb. Burada Sahibkarlığa Kömək Milli Fondunun ayırdığı kreditlərin də rolu böyükdür. 2012–ci ildə Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına 2419 sahibkarlıq subyektinə, 218 milyon manat güzəştli kredit verilmişdir ki, bunun da 68 faizi aqrar sektorun, 32 faizi isə sənaye və turizmin inkişafına ayrılmışdır. Verilmiş kreditlərin 83 faizi regionların payına düşmüşdür. Bu kreditlər hesabına 9100–dək yeni iş yerinin yaradılması nəzərdə tutulur. 2012–ci ildə yeni texnologiyalara əsaslanan 88 layihəyə 188 milyon manat güzəştli kredit verilmişdir.

Ümumilikdə, 2012–ci il ərzində fond tərəfindən maliyyələşdirilmiş 94 istehsal, emal və infrastruktur müəssisəsi fəaliyyətə başlamışdır ki, bunun da 84–ü aqrar sənaye kompleksləri, 10–u isə digər sənaye sahələri–metal konstruksiyalar zavodu, toxuculuq, parça boyama, tikiş, kağız və karton məhsulları istehsalı müəssisələridir.

Ölkədə istehsal olunan rəqabətqabiliyyətli qeyri–neft məhsullarının mövcud və potensial xarici bazarlara ixrac imkanlarının daha da genişləndirilməsi məqsədi ilə ötən il yerli və xarici iş adamlarının və beynəlxalq tərəfdaşların iştirakı ilə 107–si xaricdə, 201–i isə daxildə olmaqla 308 tədbir keçirilmişdir.

Qeyri–neft sektorunun inkişafında “Azərbaycan Respublikasının regionlarının 2009–2013–cü illərdə sosial–iqtisadi inkişafı Dövlət Proqramı” ilə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsinin, o cümlədən regionlarda istehsal və xidmət müəssisələrinin istifadəyə verilməsinin böyük rolu olmuşdur. Ekspertlər qeyd edir ki, regionların inkişafı artıq Azərbaycanın qeyri–neft sektorunun ixrac potensialının, Azərbaycan biznesində payının artmasına gətirib çıxarmışdır. Ümumiyyətlə, son illərdə regionlarda istifadəyə verilən müəssisələrin istehsal gücünü artırması və yeni rəqabətqabiliyyəti məhsulların buraxılışı sənaye sektorunun ümumi daxili məhsulda xüsusi çəkisinin artmasına səbəb olmuşdur.

Dövlət proqramları çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində regionlarda rəqabət qabiliyyətli və ixrac yönümlü məhsullar istehsal edən müəssisələr yaradılmış, bir çox məhsullarımız artıq Avropa və Amerika bazarlarına da ixrac olunaraq, qeyri–neft ixracını artırmışdır. Belə ki, 2010–cu ildə Azərbaycan biznesinin cəmi 5 faizi regionların payına düşürdüsə, artıq bu rəqəm 10 faizə yaxınlaşıb. Əgər 2010–cu ildə büdcə gəlirlərinin 4 faizi regionların payına düşürdüsə, bu rəqəm artıq 10 faizə yaxınlaşıb ki, bu da qeyri–neft sektorunun inkişafı hesabına əldə olunub. Sənaye məhsulunun ümumi buraxılışının 88.1 faizi Bakı şəhərində, 11.9 faizi isə digər iqtisadi rayonlarda istehsal olunmuşdur. Rəsmi statistikaya görə, 2003–cü ildən indiyədək ölkədə 2000–ə qədər istehsal təyinatlı obyekt istifadəyə verilmişdir. Hazırda regionlarda 200–dən çox müəssisə, o cümlədən 70–dən çox sənaye müəssisəsinin tikintisi davam etdirilir, 75 istehsal–emal müəssisəsinin istifadəyə verilməsi gözlənilir. Bu istehsal–emal müəssisələri Sahibkarlığa Kömək Milli Fondunun güzəştli hesabına tikilir.

Bütövlükdə, 2012–ci ildə regionlarda 44500 və ya 2011–ci ildəkindən 17 faiz çox vergi ödəyicisi qeydiyyatdan keçmiş, regionlar üzrə vergi dajilolmaları 4,8 faiz artmış, 410–dan çox sənaye, kənd təsərrüfatı, xidmət və ticarət müəssisəsi fəaliyyətə başlamış 400–dən çox müəssisənin isə tikintisi davam etdirilmişdir.

Bütün bunlar xarici ekspertlər tərəfindən də xüsusi qeyd olunmuş, Azərbaycanın dünya iqtisadiyyatlarının rəqabətlik reytinqində öz mövqeyini əhəmiyyətli dərəcədə yaxşılaşdırmasına imkan vermişdir. 2012–2013–cü illər üçün dünya iqtisadiyyatlarının rəqabətlik reytinqində respublikamız dünyanın 50 ən rəqabətli iqtisadiyyatları qrupuna daxil olmuş və 144 ölkə arasında 46–cı olmuş və 2011–ci illə müqayisədə öz mövqeyini 9 pillə yaxşılaşdırmışdır. Makroiqtisadi sabitlik göstəricisinə görə Azərbaycan 18–ci yerdə olmaqla ilk iyirmilikdə qərarlaşmışdır.

2011–ci illə müqayisədə ən böyük artım (19 pillə) “Əmtəə bazarının səmərəliliyi” göstəricisi üzrə əldə edilmişdir. Azərbaycan “İnnovasiya potensialı” göstəricisi üzrə 14 pillə, “Texnoloji səviyyə” göstəricisi üzrə 13 pillə, institutların keyfiyyəti göstəricisi üzrə isə 5 pillə irəliləmişdir. Rəqabətlilik indeksinə görə Azərbaycan artıq 4 ildir ki, MDB məkanında liderdir.

Hazırkı mərhələdə qarşıda duran əsas vəzifə iqtisadiyyatın şaxələndirilməsini sürətləndirmək, qeyri–neft sektorunun yüksək inkişaf tempini gələcək illərdə də qoruyub saxlamaq və onun ixrac imkanlarını genişləndirməkdən ibarətdir. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında ixrac yönümlü iqtisadi model əsas götürülmüşdür və nəzərdə tutulr ki, iqtisadiyyatın rəqabət qabiliyyətinin yüksəldilməsi və strukturunun təkmilləşdirilməsi qeyri–neft ixracının artımına səbəb olacaqdır. Qeyri–neft sənayesinin sürətli inkişafı ilə yanaşı, innovasiya fəaliyyətinin təşviqi və genişləndirilməsi ölkədə biliyə əsaslanan iqtisadiyyatın formalaşması üçün əlverişli zəmin yaradacaqdır.

İqtisadi İnkişaf Nazirliyinin proqnozlarına görə, Azərbaycanda növbəti üç ildə qeyri–neft ÜDM–inin artımı orta hesabla 8 faiz təşkil edəcək, diversifikasiya üzrə aparılan uğurlu iqtisadi siyasət 2015–ci ildə qeyri–neft sektorunun ÜDM–də payının artaraq 61,3 faizə çatmasına gətirib çıxaracaqdır. Ölkə Prezidentinin 2012–ci ilin əvvəllərində hökumət qarşısında qoyduğu yeni vəzifəyə əsasən 2004–cü ildən bu yana 300 faizdən çox artan Ümumi Daxili Məhsul (ÜDM) qarşıdakı 10 ildə daha iki dəfə artmalıdır. Lakin bu artım əsasən qeyri–neft sektorunun hesabına baş verməlidir. Dünya Bankının proqnozlarında da deyilir ki, Azərbaycan iqtisadiyyatının yaxın və orta pesrpektivlərdə inkişafı məhz qeyri–neft sektoru hesabına baş verməlidir.

Ekspertlərin fikrincə, Azərbaycanda qeyri–neft iqtsadiyyatının ortamüddətli inkişafını təmin etmək üçün maliyyə sektorunun çevikliyinin artırılması və ölkəyə yeni kapitalın cəlb edilməsi baxımından kapital bazarlarının inkişaf etdirilməsi çox vacibdir. Biznes mühitinin, rəqabət qanunvericiliyi və siyasətinin daha da yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilməli, investorların hüquqlarının qorunması mexanizmləri təkmilləşdirilməli, qanunların davamlı və ədalətli tətbiqi və hüququn aliliyinin işlək sisteminin formalaşdırılması diqqət mərkəzində saxlanılmalıdır.

“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında qeyd edilir ki, qeyri–neft sektorunun gələcək inkişafını təmin etmək üçün xarici ticarət prosedurlarının sadələşdirilməsi və təkmilləşdirilməsi, beynəlxalq bazarlara çıxışda və xarici bazarlarda rəqabət gücünün artırılmasında sahibkarlara göstərilən dövlət dəstəyinin artırılması istiqamətində tədbirlər həyata keçiriləcəkdir. Kiçik və orta sahibkarlıq subyektlərinin ixrac qabiliyyətini artırmaq məqsədi ilə təşviqedici tədbirlər həyata keçiriləcək, sahibkarlıq subyektlərinin dövlət tərəfindən güzəştli kreditlərlə təminat səviyyəsi yüksəldiləcək, daxili bazarın haqsız rəqabətdən qorunması üçün beynəlxalq təcrübədə qəbul olunmuş antidempinq və digər qoruyucu tədbirlər həyata keçiriləcəkdir.

Eyni zamanda gömrük və miqrasiya prosedurlarının təkmilləşdirilməsi, həmçinin investorları yerli bazarlara daxil olmaqdan çəkindirən amillərin aradan qaldırılması üçün səylər səfərbər ediləcəkdir. Ümumdünya Ticarət Təşkilatına (ÜTT) daxil olmaq üçün beynəlxalq ticarət sisteminə uyğun islahatların həyata keçirilməsi, qanunların dünya ticarət sistemində tətbiq edilən praktikaya uyğunlaşdırılması son nəticə olaraq yerli şirkətlərin və bütövlükdə ölkə iqtisadiyyatının inkişafına yeni imkanlar açacaqdır.

Qeyri–neft sənayesinin inkişaf etdirilməsi məqsədilə ölkənin malik olduğu təbii və iqtisadi resursların təsərrüfat dövriyyəsinə cəlb edilməsi genişləndiriləcək və onlardan istifadənin səmərəliliyi yüksəldiləcəkdir.

Konsepsiyanın əhatə etdiyi dövr ərzində alternativ enerji mənbələrindən istifadənin sürətləndirilməsi məqsədilə stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi, institusional mühitin inkişaf etdirilməsi, elmi–texniki potensialın gücləndirilməsi, mütəxəssis hazırlığının davam etdirilməsi və enerji istehlakçılarının maarifləndirilməsi istiqamətində işlərin aparılması planlaşdırılır.

Qeyri–neft sektorunun inkişafına xidmət edən və müasir tələblərə cavab verən istehsal, sosial və bazar infrastrukturu şəbəkəsi yaradılacaq, təsərrüfatçılığın və idarəçiliyin mütərəqqi formalarından istifadə genişləndiriləcəkdir.

Bölgələrdə yerli xammala əsaslanan sənaye müəssisələrinin fəaliyyətinin keyfiyyətcə müasir səviyyədə qurulması və yeni müəssisələrin yaradılması istiqamətində tədbirlər həyata keçiriləcəkdir. Sənaye müəssisələrində innovasiya yönümlü texnologiyaların tətbiqi stimullaşdırılacaq, ixtisaslaşmış və ümumi təyinatlı sənaye şəhərcikləri yaradılacaqdır. İqtisadi rayonlar üzrə sənaye şəhərciyi infrastrukturun formalaşdırılması qeyri–neft emal sənayesinin inkişaf etdirilməsi ilə bağlı dövlət investisiya siyasətində əsas istiqamət olacaqdır. Bu baxımdan hər bir iqtisadi rayonun potensialı nəzərə alınmaqla xüsusi iqtisadi zonalarının yaradılması və sənaye şəhərciklərinin (o cümlədən Sumqayıtda neft–kimya məhsullarının emalı, Balaxanıda məişət tullantılarının emalı və Gəncədə metal (alüminium) məmulatların istehsalı üzrə sənaye şəhərcikləri) qurulması mühüm addımlardır. Qarşıdakı onillikdə respublikamızda 500–dən artıq yeni sənaye müəssisəsinin yaradılması nəzərdə tutulur. Onların əsas hissəsi iri sənaye mərkəzləri olmaqla iqtisadiyyatın inkişafında xüsusi rol oynayacaq. Xüsusilə də sənaye texnoparklarının ərazisində yaradılacaq bu müəssisələrin əsas profili ixracyönümlü iqtisadiyyatın stimullaşdırılmasına xidmət edir. Bu məqsədlə yeni sənaye mərkəzlərinə investorların cəlb olunması üçün ölkədə daha əlverişli biznes imkanları yaradılacaq.

Qeyri–neft sənayesinin ənənəvi istehsal sahələrinin (kimya sənayesi, metallurgiya, maşınqayırma, elektrotexnika, edektronika, yüngül sənaye, yeyinti sənayesi və s.) inkişaf etdirilməsi və ixrac imkanlarının artırılması ilə yanaşı, rəqabətəqabiləyyətli yeni istehsal sahələrinin yaradılması da dəstəklənəcəkdir. Ölkənin qeyri–neft sektoruna yerli və xarici investisiyaların cəlb edilməsinin intensivləşdirilməsi məqsədilə stimullaşdırıcı mexanizmlər tətbiq ediləcək, ixrac yönümlü qeyri–neft sektorunun inkişafı məqsədilə dövlət və özəl sektorun investisiya əməkdaşlığı inkişaf etdiriləcəkdir. Qeyri–neft sənayesinin inkişafı və ərzaq təhlükəsizliyi baxımından xüsusi əhəmiyyət kəsb edən sahələrdən biri kimi, kənd təsərrüfatı məhsullarının istehsalı və emalına xüsusi diqqət yetiriləcək, müasir texnologiyaların tətbiqi yolu ilə mövcud aqroemal müəssissəlirinin istehsal gücünün artırılması və yeni belə müəssilərinin yaradılması istiqamətində kompleks tədbirlər həyata keçiriləcəkdir.

Beləliklə, hesab edirik ki, ümummilli lider Heydər Əlyievin müəyyənləşdirdiyi və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən yaradıcılıqla davam etdirilən sosial–iqtisadi siyasətin strateji məqsədlərinin reallaşdırılması ölkədə rəqabətədavamlı və özünüinkişaf qabiliyyətinə malik sosialyönümlü, diversifikasiya olunmuş milli iqtisadiyyatın formalaşdırılması və dünya təsərrüfat sisteminə inteqrasiyasının başa çatdırılmasını, respublikamızda davamlı inkişaf üçnü əlverişli şəraitin yaradılmasını təmin edəcəkdir.

 

Rəşad ƏSGƏROV

 

Respublika.- 2013.- 25 iyun.- S. 6.