“Erməni vandalizminin iç üzü”

 

Bu günlərdə “Qarabağ Həqiqətlərini Beynəlxalq Aləmə Tanıtma” İctimai Birliyinin təşkilatçılığı ilə Qarabağ döyüşçüsü Əlövsət Qasımovun Qarabağ müharibəsi illərində çəkdiyi fotolardan ibarət “Erməni vandalizminin iç üzü” adlı fotosərginin açılış mərasimi keçirilmişdir.

Tədbiri ictimai birliyin həmtəsisçisi Lida Əhmədova açmış və Qarabağ müharibəsi illərində Əlövsət Qasımovun xidmətlərindən danışmışdır.

ADU–nun professoru Məhəmməd Teymurlu respublikamızda şəhidlərimizin xatirəsini yad etmək üçün muzeyin yaradılmasının vacibliyindən danışmış və əminliklə bildirmişdir ki, tezliklə işğal olunmuş torpaqlarımız yağı düşmənlərdən azad olunacaqdır.

Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin sədri Füzuli Rzaquliyev çıxışında vurğuladı ki, biz müharibə veteranları işğal olunmuş torpaqlarımızı hər zaman azad etməyə hazırıq. Polis mayoru, şairə Aidə Şirin Əlövsət Qasımovun keçdiyi döyüş yolundan, onun əks etdirdiyi fotoların əhəmiyyətindən, erməni vəhşiliyindən danışmışdır. Sonra o, “Şəhidlər qayıtmaq istəyir” şeirini söylədi.

“Gənclik” nəşriyyatının direktoru, ADMİU –nun müəllimi Adil Abdullayev, Azərbaycanın Milli Qəhrəmanı Sahib Məmmədov şəhidlərimizin xatirəsinin hər zaman əziz tutulduğunu qeyd etdi və dövlətimizin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan danışdı. Abşeron rayonu Masazır Kənd Ağsaqqallar Şurasının sədri Hacı Rasim, AMEA–nın Babək Xalis türk Qafqaz Media ictimai birliyinin sədri Azadə Hüseynova, “Uşaq gənclər” İctimai Birliyinin sədri Bəxtimşah Tağıyeva, şairə Sara Çıldaq və başqaları çıxış edərək yeni yaradılmış muzeyin əhəmiyyətindən və gələcəkdə bu sərgilərin xarici ölkələrdə keçirilməsinin vacibliyindən danışmışlar. “Zəngəzurun səsi” qəzetinin baş redaktoru Mədinə Nuriyeva Qarabağ döyüşçüsü Əlövsət Qasımovun fədakarlığından təşkilatın sədri kimi müasir dövrdə həyata keçirdiyi tədbirlərdən danışmış və yüzlərlə şəhidimizin cəsədinin ailələrinə qaytarılmasında onun xidmətlərindən söhbət açmışdır.

M.Nuriyeva qəzetin təsis etdiyi Fəxri diplomu Əlövsət Qasımova təqdim etdi. Sonda Əlövsət Qasımov iştirakçılara təşəkkürünü bildirdi və qeyd etdi ki, erməni vəhşiliklərini əks etdirən fotolardan ibarət sərgi daim fəaliyyət göstərəcəkdir.

 

Yavər Nuriyev

 

Respublika.- 2013.- 25 iyun.- S. 7.