Azərbaycan hərbi
qüdrəti artır
Azərbaycan
Silahlı Qüvvələri hər an torpaqlarımızı
işğaldan azad etməyə qadirdir
“Azərbaycanın
artıq güclü ordusu vardır. Bütün silahlı
qüvvələr bu gün istənilən vəzifəni—ölkəmizin
bütün maraqlarını müdafiə etmək
üçün hazırdırlar, buna qadirdilər.
Dağlıq Qarabağda və işğal edilmiş
torpaqlarda Azərbaycanın suverenliyini bərpa etməyə
hazırdırlar. Sadəcə olaraq biz istəyirik ki, bunu qan
tökülmədən, sülh, danışıqlar yolu ilə
edək və hər an, hər gün biz qələbəyə
yaxınlaşırıq. Hər gün Ermənistan daha da
böyük tənəzzülə uğrayır. Azərbaycan
daha da güclənir. Biz hər gün qələbə
gününü yaxınlaşdırırıq. Gün gələcək
Azərbaycan bayrağı Xankəndidə və Şuşada
dalğalancaqdır”.
İlham Əliyev,
Azərbaycan Respublikasının
Prezidenti.
Bu gün Azərbaycan Silahlı Qüvvələrinin
yaradılmasının 95–ci ildönümüdür. 1918–ci il
iyunun 26–da yaradılmış Azərbaycan Silahlı Qüvvələrinin
şanlı tarixi var. Müstəqillik illərində
1993–cü ildən başlayaraq ulu öndər Heydər
Əliyevin böyük səyləri sayəsində Azərbaycan
ordusunun müasirləşdirilməsi, inkişafı istiqamətində
çox mühüm işlər
görülmüşdür. Hazırda Azərbaycan
Prezidenti İlham Əliyev ordumuzun daha da güclənməsinə
böyük diqqət və qayğı göstərir.
Azərbaycanın müdafiə qabiliyyəti ölkənin
milli maraqlarının təmin edilməsində əsas amillərdən
biridir. Azərbaycan
Respublikasının Silahlı Qüvvələri ölkənin
müdafiə qabiliyyətinin əsasını
təşkil edir, Azərbaycanın milli müdafiə siyasətinin
əsas istiqamətləri—bütün ölkələrlə
dinc yanaşı yaşama, digər dövlətlərin
süverenliyinə və müstəqilliyinə hörmət
və onların daxili işlərinə qarışmama,
mövcud dövlət sərhədlərinin
bütövlüyü və onların dəyişməzliyi,
beynəlxalq təhlükəsizliyin möhkəmləndirilməsi
və hərbi quruculuqda konkret qüvvələr nisbətini nəzərə
almaqla zəruri müdafiə qabiliyyətinin təmin
olunmasıdır.
Tarixi
keçmişini, təhlükəsizlik vəziyyətini,
demokratik dövlət quruculuğunun əsas vəzifələrini
və ərazisinin bir hissəsinin Ermənistan tərəfindən
işğal olunması faktını nəzərə alan Azərbaycanın
apardığı milli müdafiə siyasətinin əsas məqsədləri
ölkəmizin müstəqilliyinin və suverenliyinin
qorunması, ərazi bütövlüyünün bərpa
edilməsi və bütün əraziləri üzərində
nəzarətin təmin olunması, xarici hərbi təcavüzün
qarşısının alınması və dəf edilməsi
üçün Azərbaycan Respublikası Silahlı Qüvvələrinin
döyüşə və səfərbərliyə
hazırlıq səviyyəsində saxlanılması, NATO–nun
“Sülh naminə tərəfdaşlıq” Proqramının
müvafiq mexanizmlərində iştirakının davam
etdirilməsi, NATO dövlətləri və digər tərəfdaş
ölkələrlə qarşılıqlı faydalı əsaslara
söykənən ikitərəfli və çoxtərəfli
hərbi əməkdaşlığın həyata
keçirilməsi, ölkəmizin müdafiə sahəsində
öz üzərinə götürdüyü beynəlxalq
hüquq öhdəliklərinin yerinə yetirilməsi, eləcə
də müvafiq tədbirlərin həyata keçirilməsi
yolu ilə beynəlxalq təhlükəsizliyə töhfə
verməkdən ibarətdir.
Hərbi
sahədə milli təhlükəsizliyin etibarlı təmin
edilməsi məqsədilə müdafiə sahəsində
dövlətin praktiki fəaliyyəti mühüm hərbi vəzifələri,
ehtimal olunan müharibə və hərbi münaqişələrinin
xüsusiyyət və məqsədlərin qiymətləndirilməsi,
mümkün təhlükənin miqyası, ölkənin hərbi
sahədə təhlükəsizliyinə təhdid olan hərbi
və siyasi qüvvələrin və digər amillərin
yeri, silahlı qüvvələrin təşkili prinsipləri
və s. müəyyən edilmişdir.
Müstəqil Azərbaycan dövlətinin hərtərəfli
və sürətli inkişafını müəyyən edən
amillər içərisində möhkəm iqtisadi potensial,
insanların yaxşı şəraitdə yaşaması və
güclü ordunun mövcudluğu prioritet məsələlərdir. Müasir milli
ordumuz həm də müstəqilliyimizin qorunmasında və
möhkəmlənməsində, ölkəmizin bölgədə
geopolitik güc mərkəzi kimi özünü təsdiqləməsində
önəmli rol oynayır. XX əsrin
60–cı illərinin sonlarından başlayaraq Azərbaycanda
milli ordu quruculuğu prosesi, onun formalaşması və
inkişafı dünya şöhrətli siyasətçi və
dövlət xadimi, müasir dövlətimizin banisi ulu öndərimiz
Heydər Əliyevin adı və misilsiz fəaliyyəti ilə
bağlıdır. Xalqımızın
ümummilli lideri Heydər Əliyev Azərbaycana rəhbərlik
etdiyi bütün dövrlərdə ordu quruculuğu, milli
zabit kadrlarının hazırlığı məsələlərini
daim önə çəkib.
Ötən əsrdə iki dəfə müstəqilliyini
əldə etmiş Azərbaycanda milli ordu quruculuğu prosesi
çox çətin və mürəkkəb mərhələlərdən
keçib. Hələ Xalq Cümhuriyyətinin mövcud
olduğu 1918–1920–ci illərdə Azərbaycanın görkəmli
generalları və peşəkar hərbçilərinin rəhbərliyi
altında yüksək intizama və hərbi
hazırlığa malik ordu hissələri
formalaşdırılıb. Lakin Azərbaycanın
1920–ci ildə bolşeviklər tərəfindən
işğalından sonra müstəqilliyin ən mühüm
atributu olan milli ordu hissələri ləğv edilib və azərbaycanlılar
Sovet silahlı qüvvələri sıralarında xidmətə
cəlb ediliblər. Azərbaycan
keçmiş İttifaqın tərkibində olduğu illərdə
isə milli zabit korpusunun formalaşmasına, azərbaycanlıların
yüksək hərbi vəzifələrə irəli çəkilməsinə
daim müxtəlif süni maneələr yaradılıb.
Yalnız 1969–cu ildə xalqımızın böyük
oğlu Heydər Əliyevin Azərbaycanda rəhbərliyə
gəlişindən sonra, bütün sahələrdə
olduğu kimi, bu mühüm sahədə də ciddi
dönüş yaranıb, yeni inkişaf mərhələsi
başlanıb. Həqiqətən də, istər
keçmiş İttifaq dönəmində, istərsə də
müstəqil dövlətimizin milli ordusunun
formalaşması, yüksək hərbi hazırlığa
malik olmasında ulu öndərimizin xidmətləri
danılmazdır. Məhz ötən əsrin 70–ci illərində
ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü
və gərgin səyləri nəticəsində Azərbaycanda
ilk milli hərbi kadrlar yetişdirən C.Naxçıvanski adına Hərbi Məktəb fəaliyyətə
başlayıb. Sevindirici haldır ki, bu hərbi
məktəbin yetirmələri bu gün Azərbaycanın
milli ordusunda peşəkar zabitlər kimi çox şərəflə
və ləyaqətlə xidmət edirlər.
Təsadüfi deyil ki, 1993–cü ilin iyununda
xalqımızın təkidi və xahişi ilə yenidən
Azərbaycan rəhbərliyinə qayıdan Heydər
Əliyev, ilk növbədə ordu quruculuğu ilə məşğul
olmağa başladı. Həmin vaxt erməni
işğalçılarının yeni–yeni ərazilərimizi
zəbt etmək cəhdləri Azərbaycanın müstəqilliyinə
ən böyük təhlükə idi. Ümummilli
liderimizin səyi nəticəsində bu cəhdlərin,
ölkəmizin ərazi bütövlüyünə
qarşı yönəlmiş məkrli planların
qarşısı qətiyyətlə alındı, Azərbaycan
həqiqətləri dünya ölkələri və ictimaiyyətinə
çatdırıldı. Azərbaycan
ordusu NATO standartları səviyyəsində yenidən quruldu
və ən yeni hərbi texnologiyalarla təchiz edildi. Ulu
öndərimiz Heydər Əliyevin 22 may 1998–ci il
tarixli sərəncamına əsasən, Əlahiddə Azərbaycan
Korpusunun yarandığı gün —26 iyun Azərbaycan
Respublikasının Silahlı Qüvvələr Günü
elan olundu və hər il bu tarix rəsmi dövlət
bayramı kimi qeyd edilir.
Hazırda ulu öndərimizin siyasi kursu onun ən layiqli
siyasi varisi, Prezident İlham Əliyev tərəfindən
qloballaşan dünyanın tələbinə uyğun olaraq
yeni məzmun və keyfiyyətdə uğurla davam etdirilir. Azərbaycanın
hərbi qüdrətinin və müdafiə qabiliyyətinin
gücləndirilməsi dövlətimizin
başçısının xüsusi diqqət və
qayğısı ilə əhatə olunub. Qısa müddətdə ölkəmizdə ordu
quruculuğu və müdafiə sənayesinin
inkişafında ciddi dönüş yaranıb. Hazırda ölkəmizin hərtərəfli
inkişafı naminə konkret Dövlət proqramları,
irimiqyaslı infrastruktur layihələri uğurla
reallaşdırılır. Azərbaycan son illər
öz iqtisadi gücünü böyük dərəcədə
artıra bilib və bu proses bütün sahələri əhatə
etməkdədir. Daim artan iqtisadi qüdrətimiz
indiki halda ölkəmiz üçün çox vacib olan hərbi
sənayemizin inkişafına da güclü təkan verib.
Azərbaycanda ordu quruculuğu və müdafiə sənayesi
sahəsində işlərin uğurla davam etdirildiyini önə
çəkən Prezident İlham Əliyev deyib: “Ölkəmizdə
hərbi sənaye potensialı sürətlə inkişaf
edir. Mən bu sahəni xüsusilə qeyd etmək
istəyirəm. Çünki bu, həm sənaye
sahəsidir, eyni zamanda, xüsusi bir sahədir. Burada hər iki məqsəd güdülür.
Biz, ilk növbədə, Azərbaycanın hərbi
potensialını daxili imkanlar hesabına gücləndirməliyik.
Vaxtilə Müdafiə Sənayesi Nazirliyi məhz
bu məqsədlə yaradılmışdır. Digər tərəfdən, bu, yeni bir sənaye sahəsidir.
Minlərlə yeni iş yeri açılmışdır,
yüksək maaşlar verilir və Azərbaycanda müasir hərbi
sənaye məhsulları istehsal olunur. Hazırda
Azərbaycanda 430 adda məhsul istehsal edilir. Məqsədimiz ondan ibarətdir ki, biz bu sahədəki
işləri ən müasir texnologiyalar əsasında quraq.
Mən onların arasında pilotsuz təyyarələrin
istehsalını xüsusi qeyd etmək istəyirəm. Bu, ən inkişaf etmiş ölkələrə
xas olan istehsal sahələridir. Azərbaycan
artıq öz imkanları ilə pilotsuz təyyarələrin
ən yüksək səviyyədə istehsalına
başlamışdır və bu, bizim hərbi
gücümüzü böyük dərəcədə
artıracaqdır”.
Regionun lider dövlətinə çevrilən Azərbaycanın
qarşısında duran yeganə problem Ermənistan–Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsidir. Bu məsələdə
ölkəmizin mövqeyi həmişə konstruktiv olub və
danışıqlar prosesinə sadiqik. Bunun
əksinə olaraq, Ermənistan öz təcavüzkar siyasətini
yeritməkdə, Azərbaycan torpaqlarını hələ də
işğal altında saxlamaqdadır. Bütün
dünyaya məlumdur ki, sülh danışıqları məhz
Ermənistanın qeyri–konstruktiv mövqeyi üzündən
heç bir nəticə vermir. Təcavüzkar
Ermənistan BMT–nin məlum qətnamələrini, beynəlxalq
təşkilatların təkliflərini də qulaqardına
vurur və bununla da bütün dünyaya meydan oxuyur. Artıq BMT də, Avropa Birliyi və Avropa
Şurası da Ermənistanı rəsmi şəkildə təcavüzkar
dövlət kimi tanıyıb. Bununla belə, beynəlxalq
təşkilatların reallığı, ədaləti, beynəlxalq
hüquq norma və prinsiplərini əks
etdirən qərarları, qətnamələri icra olunmur.
Prezident İlham Əliyev dəfələrlə bəyan edib
ki, biz bu vəziyyətlə, torpaqlarımızın itirilməsi
ilə heç vaxt barışa bilmərik: “Dağlıq
Qarabağın Azərbaycandan ayrılmasına heç vaxt
icazə vermərik və bu, danışıqlar mövzusu
deyildir…
Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın
ayrılmaz hissəsi kimi tanıyır və eyni zamnada, tarixi,
hüquqi, siyasi baxımdan, bütün başqa tərəflərdən
də bu, belədir. Ona görə danışıqlar predmeti
yalnız və yalnız Azərbaycanın ərazi
bütövlüyünün bərpası olmalıdır.
Bölgədə yaşayan bütün
xalqların təhlükəsizliyinin təmin edilməsi
olmalıdır. Bundan kənarda heç
bir razılaşma mümkün deyildir”.
Təbii ki, Ermənistanın tutduğu qeyri–konstruktiv
mövqe Azərbaycanı öz siyasətinə müəyyən
düzəlişlər etməyə vadar edir. Dövlətimizin
başçısının dəfələrlə
vurğuladığı kimi, bizim səbrimiz tükənməz
deyildir. Azərbaycan ya sülh yolu ilə,
ya da hərbi yolla öz ərazi bütövlüyünü
bərpa edəcəkdir. Bu gün Ermənistan
istər iqtisadi, istər siyasi, istərsə də hərbi cəhətdən
Azərbaycanla rəqabət aparmaq iqtidarında deyil. Azərbaycan inkişaf etdikcə, bu fərq daha da
artır və artacaqdır. Çünki
Ermənistanın inkişaf etməsi üçün
heç bir imkanı yoxdur. Onlar
bütün beynəlxalq regional layihələrdən təcrid
olunmuşlar. Əhali Ermənsitanı tərk
edir, canlı qüvvəsi
çatşımadığından hətta təmas xəttinin
qorunmasında da çətinlik çəkirlər. Tam müstəqil siyasət yürüdən Azərbaycan
isə dünyanın ən aparıcı, qüdrətli
dövlətlərindən birinə çevrilib. Bütün bunlar ölkəmizin hər cəhətdən
üstün olduğunun əyani təsdiqidir.
Azərbaycanda
bu gün ən müasir silahlar, döyüş
sürsatları və hərbi texnika istehsal olunur və proses
daim təkmilləşdirilməkdədir. Azərbaycan
istehsalı olan “İstiqlal” tipli snayper tüfəngi,
atıcı silahlar üçün müxtəlif növ
döyüş sursatları, artilleriya minaları və optik
cihazlar xarici ölkələrin hərbi mütəxəssislərində
belə xüsusi maraq doğurmuşdur.
Bu gün Qafqazda ən müasir ordu hesab olunan Azərbaycan
Milli Ordusu Hərbi Hava və Hava Hücumundan Müdafiə, Hərbi
Dəniz və Quru qoşunlarından ibarətdir. Bu qoşun
növləri potensial rəqiblə effektiv mübarizə
aparmaq iqtidarındadır. MDB çərçivəsində
Azərbaycan hava hücumundan müdafiə qüvvələrinə
malik ən güclü ölkələrdən sayılır.
Büdcə vəsaiti ildən–ilə
artırılan Azərbaycan Silahlı Qüvvələrinin
buna müvafiq olaraq hərbi imkanları da genişlənir.
Təsadüfi deyil ki, bu gün Azərbaycanın
hərbi xərcləri Ermənsitanın dövlət büdcəsini
ikiqat üstələyir. Bununla bərabər,
Azərbaycanın özünün silah, sursat və müasir
hərbi texnika istehsal etməyi ölkəmizin hərbi və
döyüş gücünü daha da artırır. Ermənistan nəhayət başa düşməlidir
ki, o bizimlə hərbi sahədə də duruş gətirməyə
qadir deyil. Bakıda keçirilən və
müstəqilliyimizin 20–ci ildönümünə həsr
olunmuş hərbi parad Azərbaycanın hərbi
gücünü və müdafiə potensialını
bütün dünyaya nümayiş etdirdi. Silahlı
Qüvvələrin 93–cü ildönümü münasibəti
ilə Bakıda keçirilən təntənəli hərbi
paraddakı nitqində Prezident İlham Əliyev ordumuzun
maddi–texniki bazasının möhkəmləndirilməsi sahəsində
böyük işər görüldüyünü xüsusi
vurğulayıb: “Bu gün keçirilən paradda hərbi
potensialımızın kiçik bir hissəsi nümayiş
etdiriləcəkdir. Biz müasir silahlar, sursatlar, hərbi
texnika alırıq və bu proses davam etdiriləcəkdir. Son illər ərzində hərbi potensialımız
yüksək dərəcədə artmışdır. Biz müasir tipli döyüş təyyarələri,
döyüş və hərbi nəqliyyat helikopterlərii
alırıq. Artilleriya qurğuları, zirehli texnika,
rabitə vasitələri, pilotsuz təyyarələr
alınır və ordumuzun hərbi gücü artır… Güclü dövlətin güclü ordusu
olmalıdır. Azərbaycan güclü dövlətdir
və Azərbaycanın güclü ordusu vardır!.
Hazırda Azərbaycanda çox güclü ordu
yaradılmışdır və bu ordu qarşıda duran
bütün məsələlri həll etməyə qadirdir. Ordumuzun
maddi–texniki bazası möhkəmlənmiş, əsgər və
zabitlərin peşəkarlığı artmışdır.
Ölkəmizin Silahlı Qüvvələri regionun ən
güclü ordusu olmaqla yanaşı, NATO standartlarına
uyğun inkişaf edir. 95 yaşı olan Azərbaycan ordusu bu
gün öz gücü və hərbi qüdrəti ilə
seçilir.
Preziednt
İlham Əliyev ölkəmizdə ordu quruculuğu prosesinə
daim böyük diqqət yetirildiyini önə çəkərək
deyib: “Ordunun möhkəmləndirilməsi hər bir vətəndaşın
borcudur. İlk növbədə, dövlət
öz diqqətini əsirgəməməlidir. Biz
bütün sahələrdə orduda gedən proseslərin
inkişafına çalışırıq…
Son illər ərzində maddi–texniki bazanın möhkəmləndirilməsində
böyük işlər görülmüşdür,
çoxlu texniki avadanlıq, müasir silahlar
alınmışdır və beləliklə, Azərbaycan
ordusu xeyli dərəcədə güclənmişdir. Biz bu prosesi
davam etdirəcəyik”. Bu gun Bakıda keçirilən hərbi
parad Azərbaycanın hərbi gücünün və ən
müasir texnikasının parlaq nümayişi olacaqdır.
Xəlil CABBAROV
Respublika.- 2013.- 26 iyun.- S. 6.