LƏNKƏRANDA
DÖVLƏT QULLUQÇULARI GÜNÜ
Lənkəranda dövlət qulluqçularının peşə bayramını xoş ovqatla, yüksək əhval–ruhiyyə içində qeyd etmişlər. Tədbir iştirakçıları əvvəl Heydər Əliyev xatirə parkında ümummilli liderin abidəsinin önünə gül dəstələri düzmüş və ulu öndərin parlaq xatirəsinə dərin ehtiramlarını bildirmişlər.
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov tədbiri giriş sözü ilə açaraq ölkəmizdə müasir dövlət qulluğu sisteminin formalaşdırılması və inkişafının xalqımızın böyük oğlu, görkəmli dövlət xadimi Heydər Əliyevin adı ilə bağlı olduğunu, müdrik rəhbərin 1993–cü ilin iyununda ali hakimiyyətə qayıdışından sonra müstəqil Azərbaycanda dövlət intizamının və sabit dövlət idarəçiliyinin bərpa olunduğunu, dövlət idarəçilik sistemində uğurlu islahatların aparıldığını bildirmişdir.
2000–ci il iyulun 21–də respublikamızda ilk dəfə olaraq “Dövlət qulluğu haqqında” Qanunun qəbul olunduğunu diqqətə çatdıran icra başçısı möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə son illər dövlət idarəetmə orqanlarının işinin dövrün tələblərinə uyğun yenidən qurulması, bacarıqlı kadr korpusunun yaradılması istiqamətində ardıcıl tədbirlərin görüldüyünü, dövlətçiliyin möhkəmləndirilməsində, sosial–iqtisadi proqramların həyata keçirilməsində dövlət qulluqçularının fəal mövqe nümayiş etdirdiklərini, Vətənə və xalqa layiqincə xidmət göstərdiklərini bildirmişdir.
Sonra Lənkəran Şəhər İcra Hakimiyyətinin ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Əlimərdan Əliyevin məruzəsi dinlənilmişdir.
Lənkəran Şəhər İcra Hakimiyyətinin həmkarlar təşkilatının sədri, “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunmuş Əzizulla Hüseynov, Lənkəran Dövlət Universitetinin əməkdaşı Vaqif Abdullayev, Dövlət Sosial Müdafiə Fondu Lənkəran şəhər şöbəsinin aparıcı məsləhətçisi Anar Əliyev çıxışlarında Azərbaycan Prezidenti cənab İlham Əliyevin dövlət qulluqçularına daim diqqət və qayğı göstərdiyini, dövlətimizin başçısı tərəfindən onların əməyinin yüksək qiymətləndirildiyini minnətdarlıqla qeyd etmişlər. Qarşıdakı prezident seçkilərində rayonun dövlət qulluqçularının dövlətimizin başçısı cənab İlham Əliyevin namizədliyini müdafiə edəcəklərini, ümummilli lider Heydər Əliyevin siyasi kursunun davamçısına yekdilliklə səs verəcəklərini söyləmişlər.
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov tədbiri yekunlaşdıraraq rayonda aparılan genişmiqyaslı tikinti, abadlıq və quruculuq işlərindən danışmış, Lənkəranın sosial–iqtisadi inkişafının sürətləndirilməsinə göstərdiyi yüksək qayğıya görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə dövlət qulluqçuları adından minnətdarlığını bildirmişdir.
Tədbirin sonunda dövlət qulluğunda fərqlənənlərin bir qrupuna Lənkəran Şəhər İcra Hakimiyyətinin fəxri fərmanları və qiymətli hədiyyələr təqdim olunmuşdur.
Əlisəfa Həsənov
Respublika.- 2013.- 26 iyun.- S. 8.